11 Mart 2026 08:10
139
SİYASƏT
A- A+
İran böhranı

İran böhranı


Azərbaycanın milli təhlükəsizliyi kontekstində


İkinci dünya müharibəsindən sonra qərarlaşmış beynəlxalq hüququn prinsiplərinin de-fakto ciddi aşınmalara məruz qalması dövlətlərarası münasibətlərdə uzağa gedən dəyişikliklərlə müşahidə olunmaqdadır. Yeni gərginlik zonalarının, silahlı toqquşmaların, hərbi müdaxilələrin artması qlobal təhlükəsizliyin yüksək təhdid altında olmağından xəbər verir. 

Azərbaycanın sərhədləri yaxınlığında başlayan və getdikcə dərinləşən İran böhranı Yaxın Şərqdə həyatın ritmini bütünlüklə dəyişdirmiş, regional narahatçılığın və təhlükəsizliyin başlıca mənbəyinə çevrilmişdir. Hərbi toqquşmaların məlum hüdudlar çərçivəsindən kənara çıxmasının, qlobal müharibəyə çevrilməsinin qarşısının alınması region ölkələrinin və qlobal güclərin diplomatik səylərinin başlıca hədəfi olaraq qəbul edilir. 


İran böhranına Azərbaycanın baxışı


İran böhranı və İran ətrafında baş verən qanlı hadisələr Azərbaycanı ciddi şəkildə narahat etdiyindən olayların ölkənin həm əhalisi, həm də müvafiq dövlət qurumları tərəfindən diqqətlə izlənməsi tamamilə təbiidir. İrana qarşı hücumların ilk günündən Xarici İşlər Nazirliyi tərəfindən ifadə olunan rahatsızlıq Azərbaycanın sözügedən münaqişə ilə əlaqədar obyektiv mövqeyini aydın göstərir. Bu, əslində, diplomatiya dilində İrana qarşı hücumların və onların mümkün nəticələrinin arzuolunmazlığına işarə edilməsi kimi qavranılmaqdadır. Ölkəmizin qeyri-bərabər hücuma məruz qalan qonşu dövlətə bundan aydın dəstəyini təsəvvür etmək mümkün deyil. 

İnsanlarımızın artan trayektoriya ilə cərəyan edən hərbi toqquşmalara xüsusi həssaslığının bir sıra səbəblərlə şərtləndiyi qeyd oluna bilər. İlk növbədə İranın Azərbaycanla qonşu olması, 700 kilometrdən çox ortaq sərhədlərimiz, eyni zamanda uzunəsrlik sıx dostluq əlaqələri ölkəmizin münaqişə ilə əlaqədar həssas yanaşmasının əsasında dayanır. Tarixi, mədəni, dini oxşarlıq, çoxşaxəli iqtisadi əlaqələr də öz növbəsində ölkəmizin və onun əhalisinin qonşuluğumuzda baş verən fəlakətə xüsusi diqqət nümayiş etdirməsinin əlavə səbəbləridir. 

Azərbaycanın istər əhalisinin, istərsə də dövlət səviyyəsində İran böhranı ilə əlaqədar mövqeyinin milli təəssüb və həmrəylik kimi dəyərlərə söykənməsi ayrıca vurğulanmağa layiqdir. Bu ölkədə yaşayan insanların təxminən 40 faizi, yəni 40 milyona qədəri mənşəcə etnik azərbaycanlılardır. Azərbaycanın geniş planda nəzərdən keçirilən çoxəsrlik tarixini, mədəniyyətini, xalqımızın özünüdərkini,  dövlətçilik ənənələrini İranda yaşayan soydaşlarımızın  iştirakından ayrılıqda təsəvvür etmək mümkün deyil. 

Min ilə yaxın bir dövrdə, 1925-ci il çevrilişinə qədər, İranı idarə edənlərin Azərbaycan sülalələri olması məlum tarixi faktdır. Onun tarixinin bir çox şanlı səhifəsinin azərbaycanəsilli sərkərdələrin və şahların adı ilə bağlı olması da nəzərdən qaçırıla bilməz. 1979-cu il islam inqilabına qədər, təxminən 500 il ərzində dalğalanan günəş və şir təsvirli İran bayrağının etnik azərbaycanlı Şah Abbas dövründən qalan əmanət olmasını bu ölkənin vətəndaşlarının unutmadığını düşünürəm. 

Ölkəmizin İran böhranı ilə həssas davranışının digər amilinin regional təhlükəsizlik mülahizələrindən və Prezident İlham Əliyevin sülh təşəbbüslərindən qaynaqlandığı da ayrıca vurğulanmalıdır. Ermənistanın 30 ilə yaxın davam edən işğalının başa çatmasından sonra dövlətimiz Cənubi Qafqazda sülh və əməkdaşlıq təşəbbüsünün müəllifi missiyasını uğurla yerinə yetirməkdədir. Bu səbəbdən çevrəmizdə cərəyan edən istənilən hərbi-siyasi gərginlik, o cümlədən İran böhranı sözügedən missiyanın reallaşmasına əngəl kimi nəzərdən keçirilir. Bütün dünyada sülhsevər dövlət, Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının əsas dayağı kimi mövqeyini ortaya qoyan Azərbaycan, qonşu İranda hərbi toqquşmaları haqlı olaraq regionun sülh təşəbbüslərinə əsaslı təhdid hesab edir.

Beləliklə, İran böhranı ilə əlaqədar Azərbaycanın milli maraqları və rəsmi dövlət siyasəti ən qısa zamanda gərginliyin aradan qaldırılaraq sülhün bərqərar olmasından ibarətdir. Prezident İlham Əliyevin dəfələrlə və qətiyyətlə eyni mövqeyi ifadə etməsi İrana dostluq münasibətinin möhkəm təməli üzərində qərar tutmasından xəbər verir. 


Naxçıvana dron zərbəsi: təsadüf, yoxsa təxribat


Azərbaycanın ərazisinin-Naxçıvanın İran tərəfindən insansız hava uçaqları ilə zərbələrə məruz qalması qonşu ölkəyə qarşı ABŞ-İsrail hücumlarının 2025-ci il yay kampaniyasının və hazırkı mərhələsinin ən gözlənilməz hadisəsi hesab oluna bilər. Doğrudur, ABŞ-İsrail və İran arasında hava müharibəsinin bir sıra qəribəlikləri açıq şəkildə müşahidə olunmaqdadır. Üçüncü tərəfin münaqişəyə cəlb olunmasına yönəlmiş cəhdlərə son qoyulmaması sözügedən qəribəliklərdən yalnız biridir. Bunun nə dərəcədə doğru hərbi taktikası olduğunu zaman göstərəcək. Lakin rasional hərbi taktika baxımından münaqişə iştirakçılarının sıralarının artması İranın maraqlarından daha çox ABŞ-İsrail tandeminin istəklərinə daha uyğunluğu ilə diqqəti cəlb edir. 

Qeyri-bərabər savaşda hücuma məruz qalan tərəfin sərgiləməli olduğu rasional davranış tərzi əleyhdarlarının azalması, tərəfdarlarının və ya heç olmasa neytral mövqe daşıyıcılarının sıralarının isə genişlənməsi kimi hədəfə xidmət göstərməlidir.

Deyilənlərə istinad edərək, sırf hərbi taktika baxımından Naxçıvana dron zərbəsi İrana hər hansı üstünlük vəd etmir. Dəfələrlə ən yüksək səviyyədə Azərbaycanın ərazisindən İrana qarşı heç bir halda istifadə edilməsinə icazə verilməməsi barədə bəyanatların səsləndirilməsi ilə yanaşı sözügedən istifadə üçün hipotetik ehtimalın belə mövcud olmaması dövlətimizin qeyd edilənlərlə əlaqədar siyasətinin tam şəffaflığını sübuta yetirir.

Azərbaycanın İrana dost münasibətinin bütün zamanlarda olduğu kimi, ABŞ-İsrail hücumları dövründə də aydın şəkildə nümayiş etdirilməsi Naxçıvana qarşı təxribata heç bir əsası olmadığını sübuta yetirən əlavə arqument kimi nəzərdən keçirilməlidir. Azərbaycanın ərazisinin dron atəşinə tutulmasından bir gün əvvəl Prezident İlham Əliyevin İranın səfirliyini ziyarət edərək Ayətullah Əli Xameneinin qətlə yetirilməsi ilə əlaqədar başsağlığını ifadə etməsi, ölkənin Prezidenti Məsud Pezeşkiana başsağlığı məktubu imzalaması yuxarıda qeyd edilən münasibətin səmimiliyinə dəlalət edən diqqətçəkən amillərdəndir. 

Naxçıvana dalbadal 4 dron zərbəsinin təşkil edilməsi, aeroportun dağıntılara məruz qalması fonunda iki ölkə arasında münasibətlərin gələcək perspektivlərinə ciddi təsir edə biləcək bir suala cavab axtarılması xüsusi aktuallıq kəsb edir: hərbi -taktiki baxımdan İrana heç bir fayda gətirməyən, daha çox münasibətlərin pisləşməsinə xidmət edən dron hücumu bir təsadüfdür, yoxsa təxribat? Bu ehtimalların hər birinin yaşamaq haqqına sahib olduğu düşünülə bilər. Lakin bu başdan etiraf etmək lazım gəlir ki, bir-birinə yaxın məsafələrdə yerləşən konkret hədəflərə istiqamətlənən dalbadal 4 dronun Naxçıvanı vurması hadisənin təsadüfi olmaması ehtimalını ciddi şəkildə azaldır. 

Azərbaycana qarşı törədilən dron hücumunun bir təxribat olması məsələsinə gəldikdə isə, onun araşdırılması İran tərəfinin üzərinə düşür. Prezident Məsud Pezeşkianın üzr istəməsi və bir daha belə hərəkətlərə yol verilməyəcəyi barədə bəyanatı müəyyən gerçəkliklərin üzərinə işıq saçır. Düşünürəm ki,  problemin açıq qalan tərəflərinin ölkələrimiz arasında münasibətlərin gələcəyi naminə səmimiyyətlə araşdırılıb Azərbaycan tərəfinə şəffaf şəkildə təqdim ediləcəyinə artıq heç bir şübhə yeri qalmayıb. 


Qlobal təhdidlər və Azərbaycanın rolu


10 gündən çox davam etməkdə olan İran böhranı, xüsusilə də onun şiddətinin səngiməməsi təkcə regional deyil, eyni zamanda qlobal təhdidlərlə müşayiət edilməkdədir. Yaxın və Orta Şərqdə başlayan bütün qarşıdurmalar tarixən regional hüdudları aşmağa meyilli olub. 2003-cü ildə ABŞ-nin və koalisiya güclərinin İraqa müdaxiləsi zəminində baş tutan müharibə ölkədəki rejimin çökməsinə vəsilə olmaqla yanaşı, islam dövləti adını almış qlobal terror fəlakətinin alovlanmasına gətirib çıxardı. Hərbi müdaxilə və İraqın silahlı qüvvələri ilə müharibə nəticəsində, müxtəlif mənbələrə görə, 150 mindən 1 milyona qədər insan həlak olmuşdur ki, bunun da təxminən 80 faizini mülki əhali təşkil edir. ABŞ silahlı qüvvələri arasında həlak olanların sayı isə 4500 nəfərə çatmışdır. 

2003-cü ilin ABŞ-İraq müharibəsi yaddaşlara müasir tarixin ən çoxsaylı insan tələfatına səbəb olan ədalətsiz müharibəsi kimi həkk olunub. Bir çox ölkə və milyonlarla insan sözügedən fəlakətin təsirini bu gün də yaşamaqdadır. 

Bəşəriyyətin hələ də unuda bilmədiyi ABŞ-İraq müharibəsinin acı təcrübəsi ABŞ-İsrail və İran arasında müharibənin nəzarətdən çıxacağı halda ABŞ-İraq müharibəsindən qat-qat ağır nəticələrə səbəb olacağı ehtimalına heç bir şübhə yeri qoymur. Müharibənin nəzarətdən çıxması ehtimalının proqnozlaşdırılan digər ağır nəticəsi İranın birliyinə arzuolunmaz zərbənin vurulması kimi səciyyələndirilə bilər. Ümumiyyətlə, Yaxın və Orta Şərqin siyasi mənzərəsinin və sərhədlərinin, bəzi maraqlı dairələrin istəyinə uyğun olaraq dəyişdirilməsi həvəsi, heç şübhəsiz, bağışlanmaz səhv, nəticəsi təsəvvür edilməyən fəlakətin başlanğıcı ola bilər. Etiraf etmək lazımdır ki, böhranın coğrafiyasının müşahidə edilən genişlənməsi təsvir edilən ssenarinin ehtimal olunma dərəcəsini xüsusi narahatlıq həddinə çatdırır.

İran böhranı özünün həyəcanlı qlobal təsirini iqtisadi turbulentlikdə artıq aydın göstərməkdədir. Münaqişənin uzanmasının dünya iqtisadiyyatına təhdidlərin getdikcə artması ilə müşayiət olunması şübhə doğurmur. Yeni iqtisadi böhranın yaranması isə heç bir dövlətin, o cümlədən Azərbaycanın marağında deyil.

Möcvud reallıqların heç də tam olmayan təsviri böhranın aradan qaldırılması naminə daha təsirli addımların atılmasını ən ciddi şəkildə diktə edir. Mümkün variantlardan biri kimi neytral beynəlxalq güclərin iştirakı ilə Yaxın Şərq Konfransının təşkili nəzərdən keçirilə bilər. Bunun münaqişəyə cəlb olunan tərəflərin böhrandan çıxmaq istiqamətində qərar qəbul etməsi üçün də təsəlliverici amil baxımından faydalı ola biləcəyini düşünmək mümkündür. 

Azərbaycanın və Türkiyənin həm bölgə dövlətləri, həm də nüfuzlu beynəlxalq aktorlar olaraq İran böhranın çözülməsinə töhfə vermək imkanlarının yüksək səviyyəsi şəksizdir. Ölkəmizin münaqişə çevrəsinə daxil olan ölkələrin, demək olar ki, hamısı ilə pozitiv və qarşılıqlı hörmət əlaqələrinə sahib olması real nəticə əldə etmək şansını xeyli artırır. Prezident İlham Əliyevə bəslənən beynəlxalq etimad və ehtiram öz növbəsində Azərbaycanın barışdırıcı missiyasını yüksək çəkiyə malik təşəbbüs saymağa əsas verir.

Sülhün dəyəri savaş dövründə daha böyük olur. Yaxın Şərqin indi ehtiyac duyduğu ən qiymətli nemət sülh, təhlükəsizlik, əmin-amanlıqdır. Əslində, bütün bunlar indi dünyanın ümdə arzusuna, bəlkə də xəyalına çevrilib. 

Unutmayaq ki, 30 ilə yaxın Azərbaycan xalqı üçün də heç zaman onu tərk etməyən xəyala bənzəyən sülh Prezident İlham Əliyevin müdrik tədbirləri sayəsində həyatımızın başlıca dəyəri kimi qəti və əbədi olaraq qərarlaşıb.


Əli ƏHMƏDOV,

Yeni Azərbaycan Partiyası Sədrinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropada insan alveri qurbanlarının sayı artır

09:25
11 Mart

Yaz allergiyası

09:20
11 Mart

Ədəbiyyatımızda Novruzun tərənnümü

09:15
11 Mart

Yel çərşənbəsi - təbiətin görünməz ruhu

09:10
11 Mart

Tovuzlu əkinçilərin çörəyi "ikinci çörək"dən çıxır

09:05
11 Mart

Pambıqçıların işi qurtaran deyil

09:00
11 Mart

Dəniz sahilində, göydələnlər arasında

08:55
11 Mart

FAO dünya üzrə ərzağın son qiymətləri barədə rəqəmləri açıqlayıb

08:50
11 Mart

"Şahdəniz" Azərbaycan qaz sənayesinin şah damarıdır

08:45
11 Mart

"Dünya hərb sənətinin Nadir şah zirvəsi"

08:40
11 Mart

Azərbaycanın xarici siyasətində Sülh Şurası yeni istiqamət kimi

08:35
11 Mart

Azərbaycanın qətiyyətli diplomatiyası 907-ci düzəlişin ləğvinə də nail olacaq

08:30
11 Mart

Azərbaycan dünya neft bazarında qiymətlərin sabit olmasında maraqlıdır

08:25
11 Mart

İlham Əliyevin sülh strategiyası real nəticələr verir

08:20
11 Mart

Azərbaycan sabitlik və əməkdaşlıq mühitinin güclənməsində maraqlıdır

08:15
11 Mart

İran böhranı

08:10
11 Mart

Humanizm və xeyirxahlıq nümunəsi

08:05
11 Mart

Güclü siyasi iradənin və qətiyyətin təzahürü

08:00
11 Mart

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında

01:03
11 Mart

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi barədə

01:02
11 Mart

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

01:01
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!