23 May 2024 08:00
658
SİYASƏT
A- A+

İqtisadi inkişaf, sosial rifah

 

İlin əvvəlindən ölkə üzrə ÜDM istehsalı 4,3, orta aylıq nominal əməkhaqqı 9,3 faiz artmışdır

 

Dünya qaynayır. Çox vaxt silahlı toqquşma səviyyəsinə çatan qarşıdurmanın biri səngiməmiş, digəri başlayır. 
Heç kim də geri çəkilmək, kompromisə gəlmək, güzəştə getmək istəmir. Nə dünəndən dərs götürürlər, nə də sabahı fikirləşirlər. Adamların ah-naləsi bir yana, Tanrının qəzəbindən də qorxmurlar.
Belə bir vaxtda duruş gətirib cari və qlobal problemləri yoluna qoymaq, dünyanın və regionun siyasi labirintlərindən salamat çıxmaq, hələ üstəlik də inkişaf etmək, qarşıya qoyulan hədəflərə çatmaq heç kimə asan gəlməsin. Xüsusən də Azərbaycan kimi özü kiçik, daşı ağır ölkə üçün. Bəli, bu gün ölkəmiz 2020-ci və 2023-cü illərin zəfərlərindən sonra özünün müstəqillik və dövlətçilik tarixinə yeni səhifələr yazır. Bundan məmnun qalan, sevinən qardaş və dostlarımızla bərabər, təəssüf ki, 2020-ci il sentyabrın 27-dən bəri qazandığımız qələbələri, yumşaq desək, gözü götürməyənlər də var. Onlar hər yolla haqq işimizə kölgə salmağa, inkişafımıza mane olmağa çalışırlar. Ancaq bu zaman unudurlar ki, Azərbaycan həmin qələbələri onların "xeyir-duası" ilə qazanmayıb ki, şər-şəbədələri ilə də itirsin. Bir də yaddan çıxarırlar ki, bu gün ölkəmizin və xalqımızın onların hər addımda korluq çəkdikləri, ehtiyac duyduqları lider problemi yoxdur. Azərbaycan artıq 21 ildir İlham Əliyevin rəhbərliyi ilə inkişaf edərək irəli gedir. Özü də bu inkişaf bütün - siyasi-hərbi və sosial-iqtsadi sahələri əhatə edir.
Bu yerdə cari ilin 4 ayı üzrə makroiqtisadi göstəricilərə nəzər salaq. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ötən bu müddətdə ölkə üzrə 38,2 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 4,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. Əlavə dəyər istehsalı iqtisadiyyatın qeyri-neft-qaz sektorunda 7,7 faiz artmış, neft-qaz sektorunda isə 0,1 faiz azalmışdır. 
DSK-nin hesabatına görə, ilin 4 ayında ÜDM-in 40,3 faizi sənaye, 9,5 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,1 faizi kənd və meşə təsərrüfatları, eləcə də balıqçılıq, 6 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə, 20 faizi digər sahələrdə istehsal olunmuşdur. Məhsula və idxala xalis vergilər ÜDM-in 10,1 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə isə 3748,1 manat əlavə dəyər düşmüşdür.    
Yanvar-aprel aylarında ölkə üzrə 21,1 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir. Ümumilikdə bu dövr məhsul istehsalı sənayenin qeyri-neft-qaz sektorunda 8,7 faiz artmış, neft-qaz sektorunda 0,2 faiz azalmışdır. Sənaye məhsullarının 64,6 faizi mədənçıxarma, 29,3 faizi emal, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilmişdir. Mədənçıxarma sektoru üzrə əmtəəlik neft hasilatı 5,7 faiz azalmış, əmtəəlik qaz hasilatı 4,3 faiz artmışdır. 
Emal sektorunda metallurgiya sənayesi məhsullarının istehsalı 55, mebel istehsalı 36,4, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 25,2, tikinti materiallarının istehsalı 44,6, rezin və plastik kütlə məmulatlarının istehsalı 30,5, içkilərin istehsalı 27,5, geyim istehsalı 19,1, elektrik avadanlıqlarının istehsalı 17,7, kimya sənayesi məhsullarının istehsalı 8,6, tütün məmulatlarının istehsalı 19,2, kompüter, elektron və optik məhsulların istehsalı 31,3, neft məhsullarının istehsalı 5,3, əczaçılıq məhsullarının istehsalı 6,4 faiz artmışdır.
Hesabatda bildirilir ki, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 4,6 faiz azalma,  su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,2 faiz artım qeydə alınmışdır. 
DSK-nin açıqlamasına görə, cari ilin yanvar-aprel aylarında  əsas kapitala 5 milyard 230,4 milyon manat vəsait yönəldilmişdir. Bu, 2023-cü ilin eyni dövründəkindən 11,8 faiz çoxdur. İstifadə olunmuş ümumi vəsaitin 54,1 faizi məhsul istehsalı və 37,8 faizi xidmət obyektlərinin, 8,1 faizi yaşayış evlərinin tikintisinə sərf edilmişdir. 80,5 faizi daxili sərmayələr olan vəsaitin 70,5 faizi bilavasitə tikinti-quraşdırma işlərində xərclənmişdir. Bu dövrdə neft-qaz sektoruna yatırılmış investisiyalar 6,2, qeyri-neft-qaz sektoruna sərf edilən vəsait isə 15,2 faiz artmışdır.   
Sosial sahəyə, daha dəqiq desək, muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqına gəldikdə, DSK-nin məlumatına görə, ölkə üzrə yanvar-mart aylarında bu göstərici 2023-cü ilin eyni dövrünə nisbətən 9,3 faiz artaraq 985,3 manata çatmışdır. Əhalinin ümumi gəlirləri isə yanvar-aprel aylarında 4,3 faiz artaraq 24,6 milyard manat olmuşdur. 
DSK-nin hesabatında həmçinin bildirilir ki, ilin 4 ayında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 16,9 milyard manatlıq məhsul satılmış, 3,8 milyard manatlıq ödənişli xidmətlər göstərilmişdir. 2023-cü ilin eyni dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 3,3, əhaliyə göstərilmiş xidmətlərdən əldə olunan gəlir 6,3 faiz artmışdır. 
Yanvar-aprel aylarının nəticələrinə əsasən, ölkənin informasiya və rabitə müəssisələri tərəfindən ümumilikdə 1 milyard 40,2 milyon manatlıq müxtəlif xidmətlər göstərilmiş və həmin xidmətlərin 75,8 faizindən əhali istifadə etmişdir. 4 ay ərzində bu xidmətlərin həcmi 12,5 faiz artmışdır. Əldə edilmiş gəlirlərin 83,4 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Nəqliyyat sektorunda da göstəricilər müsbətdir: ötən 4 ayda ölkə üzrə 73,8 milyon ton yük, 623,9 milyon nəfərdən çox sərnişin daşınmışdır ki, bu da 2023-cü ilin eyni dövrünə nisbətən yük daşınması üzrə 3,6, sərnişin daşınması üzrə 7,8 faiz çoxdur.   
Sonda istehlak qiymətləri barədə: cari ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə istehlak qiymətləri 100,7, o cümlədən qida məhsulları, içki və tütün məmulatları üzrə 99,3, qeyri-qida malları üzrə 101,3, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 102,4 faiz olmuşdur. 
  
 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video