Son vaxtlar dünyanın iqtisadi, sosial və digər sahələri üzrə inkişaf edən dövlətlərindən olan Azərbaycanda rəqəmsal transformasiyanın daxili proseslərdə həyata keçirilməsi istiqamətində mühüm addımlar atılır. Xüsusən də vətəndaşlar üçün daha rahat, əlçatan olan "mygov" və "mygov Biznes" platformalarının tətbiqi hesabına dövlət ilə cəmiyyət arasında genişmiqyaslı əlaqələr qurulur.
Uğurlu nəticələri daha da dərinləşdirmək üçün Milli Məclis tərəfindən rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya məhsulu, kibertəhlükəsizlik, texnologiya transferi və frilanser fəaliyyəti ilə bağlı qanunlar qəbul edilib. Bu yaxınlarda isə Prezident İlham Əliyevin sərəncamı ilə Rəqəmsal İnkişaf Şurasının yaradılması və "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın təsdiq olunması ölkəmizdə rəqəmsal strategiyanın milli maraqlara əsaslandığını göstərir. Rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritetlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın və rəqəmsal suverenliyin möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuranın yaradılması bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinin və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsinin əsasını təmin edir.
Qlobal miqyaslı işlərin həyata keçirilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rəqəmsal İnkişaf Şurasına rəhbərlik etməsi xüsusi əhəmiyyət daşıyır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən şura dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi və rəqəmsal texnologiyaların cəmiyyət həyatına daha geniş inteqrasiyası baxımından mühüm platforma rolunu oynayır. Mehriban xanım Əliyevanın yüksək idarəetmə qabiliyyəti, dövlətin və xalqın maraqlarının təmin olunmasında hər bir məsələyə həssaslıqla yanaşması, dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməyə çalışması nəzərdə tutulan işlərin uğurlu nəticələr verəcəyinə əminlik yaradır. Artıq qısa müddət ərzində böyük uğurlara imza atılıb. "Mygov" platformasının sürətlə genişləndirilməsi, müxtəlif dövlət qurumlarının elektron xidmətlərinin vahid ekosistemə inteqrasiyası, vətəndaş-məmur təmasının minimuma endirilməsi, proaktiv dövlət xidmətlərinin tətbiqi, "Yalnız bir dəfə" prinsipinin həyata keçirilməsi dövlət idarəçiliyində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır.
"Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası ilə bağlı iyunun 29-da Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi və önəmli məsələlərin müzakirə olunması, qərarların elan olunması ölkəmizdə rəqəmsal transformasiya siyasətinin yüksək səviyyədə koordinasiya olunduğunu təsdiqləyir. Birinci vitse-prezident iclasda çıxışı zamanı rəqəmsal inkişafın dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu və süni intellekt, innovasiya, kibertəhlükəsizlik və rəqəmsal idarəetmə sahələrində görülən işlərin Azərbaycanın milli maraqlarına uyğun şəkildə həyata keçirilməsinin vacibliyini qeyd etdi: "Qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret yol xəritəsi müəyyən olunmuşdur. Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etməkdən ibarətdir".
Mehriban xanım Əliyeva çıxışında onu da bildirdi ki, "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası şuranın əsas fəaliyyət istiqamətidir: "Şuranın prioritetləri dövlət idarəçiliyində rəqəmsallaşmanın, süni intellektin, kibertəhlükəsizliyin və innovasiya ekosisteminin inkişafı, eləcə də investisiyaların və startapların dəstəklənməsidir". Mehriban xanım Əliyeva süni intellektin strateji əhəmiyyətini vurğulayaraq, bütün qərarların Azərbaycanın milli maraqlarına uyğun qəbul edilməsinin vacibliyini bildirib: "Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır".
Bundan sonra "Mygov" platformasında vətəndaşlara 24/7 rejimində xidmət göstərəcək virtual vətəndaş köməkçisinin ilkin versiyası istismara verilib. Bununla yanaşı, səhiyyə, gömrük və təhsil sahələrini əhatə edən, digər dövlət qurumları ilə birgə həyata keçirilməsi nəzərdə tutulan potensial süni intellekt həlləri də müəyyən edilib. Bu yanaşmanın əsas məqsədi dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, bir dövlət qurumunda uğurla tətbiq olunan süni intellekt həllərinin digər dövlət qurumlarında da təkrar istifadəsini təşviq etməkdir.
Hazırda ölkəmizdə süni intellekt ekosisteminin inkişafı üçün zəruri texnoloji infrastrukturun formalaşdırılması istiqamətində mühüm addımlar atılır. Milli hesablama gücünün yaradılması məqsədilə 64 qrafik prosessorun (GPU) təchizatçısının seçimi yekunlaşdırılıb və avadanlıqların ilin sonunadək quraşdırılması nəzərdə tutulur. Cəmi 3 ay ərzində "mygov" istifadəçilərinin sayının 2,7 milyondan 3,5 milyona yüksəlməsi Rəqəmsal İnkişaf Şurasının qısa müddətdə böyük nailiyyətlər əldə etdiyini göstərir. Qısa müddət ərzində həmçinin "e-Sosial", "e-Təbib" və "e-Su" tətbiqləri tam şəkildə "mygov" və "mygov Biznes" platformalarına inteqrasiya olunub. Bundan əlavə, "e-Polis", "Mobil Notariat", "Azərişıq", "Reseptim", "e-Səhiyyə", "MigAz" və "ASAN Müraciət" tətbiqlərinin bir çox xidməti inteqrasiya edilib və 2026-cı ilin sonunadək onların bütün xidmətlərinin tam şəkildə "mygov" üzərindən təqdim edilməsi planlaşdırılır. Bütün təhsil pillələri üzrə məlumatlar isə tam rəqəmsallaşdırılıb. Vətəndaşlara 62 elektron xidmət onlayn təqdim olunur. Onların 8-i "mygov" platformasına inteqrasiya edilib və hər il 320 mindən çox vətəndaş tərəfindən istifadə olunur.
Tətbiq edilən yeni qaydalara görə, yaşa görə əmək pensiyası və uşağın anadan olmasına görə birdəfəlik müavinət təyin olunarkən insanların dövlət qurumlarına müraciət etmələrinə ehtiyac olmayacaq. Müvafiq prosedurlar həyata keçirildikdən sonra pensiya və ya müavinət proaktiv qaydada təyin ediləcək. Yaxın gələcəkdə şəxsiyyət vəsiqəsi, pasport kimi sənədlərin əldə edilməsi və dəyişdirilməsini də "mygov" üzərindən etmək mümkün olacaq. Eyni zamanda vətəndaşlar şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu və ya sürücülük vəsiqəsinin etibarlılıq müddəti başa çatmazdan əvvəl avtomatik şəkildə məlumatlandırılacaqlar. Səfərbərlik üzrə hərbi xidmətə görə tibbi müayinəyə çağırışlar da rəqəmsal formada həyata keçiriləcək.
Göründüyü kimi, ölkəmizdə rəqəmsal inkişaf dövlət siyasətinin strateji istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin bu sahədə sistemli və davamlı siyasəti Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla həyata keçirilir. Bu da Azərbaycanın rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik sahələrində də regionun aparıcı dövlətlərdən biri olmasına imkan verəcək.
Eldar İBRAHİMOV,
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, professor