26 Yanvar 2022 00:59
972
SİYASƏT
A- A+

İlk Daşaltı əməliyyatı faciə ilə başa çatdı

 

Bu döyüşdə şəhid olan Vətən övladlarının qisası 28 ildən sonra yetərincə alındı

 

1990-cı illərdə sovet imperiyasının silahlandırdığı ermənilər hərbi üstünlüklərindən istifadə edib Dağlıq Qarabağı münaqişə ocağına çevirdilər. Azərbaycanlıların yaşadıqları kəndləri, qəsəbələri, şəhərləri mühasirəyə alıb, dinc əhalini evindən, yurdundan qovmaq üçün qəddarlıqla cinayətlər törətdilər. Erməni vandalizmi nəticəsində azərbaycanlıların yaşadıqları yerlər viranə edildi.

1992-ci ilin də qışı belə dəhşətli, qorxunc xəbərlərlə başlamışdı. Amansız erməni silahlı dəstələrinin Cəmilli, Meşəli kəndlərini və Kərkicahan qəsəbəsini işğal etdikdən sonra azərbaycanlıların hüznü, təşvişi və həyəcanı artırdı. Əsrlər boyu alınmaz qala hesab edilən Şuşanın ətrafında vəziyyət gərginləşirdi. Şuşa şəhəri və yaxınlıqdakı kəndlər, Şuşa-Laçın yolu şəhərin ətrafında ermənilər yaşayan kəndlərdən müntəzəm atəşə tutulurdu. Həmin kəndlər erməni silahlılarının dayaq məntəqəsinə çevrilmişdi. Belə gərgin günlərdə gözlər Daşaltı kəndinə dikildi. Eməni yaraqlıları Şuşadan 3-4 kilometr məsafədə, Şuşa-Laçın magistral yolu boyunca yerləşən həmin kənddəki atəş mövqelərindən Şuşanı, Şuşa-Laçın yolundan ötən nəqliyyat vasitələrini gülləbaran edirdilər. Bununla həm də Şuşada yerləşən Azərbaycan qoşunlarının təchizatında çətinliklər yaradırdılar.

Düşmənin atəş nöqtələrini məhv etmək qərarı verildi. Böyük əhəmiyyət daşıyan bu əməliyyata ovaxtkı müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü rəhbərlik edəcəkdi. O, bu məqsədlə 1992-ci il yanvarın 19-da Şuşaya gəlmişdi.

Əsas zərbələr Daşaltıya və Əsgərana vurulmalı idi. Həmin məntəqələr alındıqdan sonra Qarabağdakı erməni silahlı qüvvələri iki hissəyə bölünəcək, beləcə, düşməni məhv etmək daha asan olacaqdı. Ancaq Daşaltı əməliyyatı zamanı cəbhənin başqa isiqamətlərindən düşmənə zərbə endirilmədi. Şuşaya getməli olan iki ədəd texnika yolda sıradan çıxaraq Laçında, ikisi Qubadlıda qaldı. Şuşaya getməli olan Sabir Cəfərov “yoxa çıxdı”, silah-sursatlar isə əməliyyat başa çatdıqdan iki gün sonra lazımi ünvana yetişdi.

Daşaltı əməliyyatından qabaq Şuşanın müdafiəsi zəif təşkil olunmuşdu. Vahid komandanlıq yox, müxtəlif dəstələr mövcud idi. Təcili keçirilən müşavirədə vahid komandanlıq altında bütün dəstələri birləşdirmək, komendant saatı tətbiq etmək təklifi etirazla qarşılandı. Müşavirədə şəhər ətrafındakı Daşaltı kəndində erməni quldurlarının atəş nöqtələrini məhv etmək üçün əməliyyat aparmaq qərarı qəbul olundu.

İki gün kəşfiyyat aparıldı. Daşaltı kəndində ermənilərin 50-60 nəfərlik silahlı dəstəsi olduğu müəyyənləşdirildi. Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrıldı. Tacəddin Mehdiyev polkovnik Zaur Rzayev, podpolkovnik Nurəddin Abdullayev, MTN və Daxili İşlər Nazirliyi bölmələrinin rəhbərləri və zabitləri arasında  vəzifə bölgüsü apardı. Əməliyyatın keçirilməsi üçün 5 tağım və Müdafiə Nazirliyinin Xüsusi Kəşfiyyat İdarəsinin əməkdaşı Riad Əhmədovun rəhbərliyi altında peşəkar döyüşçülərdən ibarət 10 nəfərlik xüsusi qrup formalaşdırıldı.

Plan hazırlandı.Və Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi uğrunda 1992-ci il 25 yanvarda axşam saat 20:00-da əməliyyata başlanıldı.

Plan üzrə, birinci taqım Nəbilər kəndinə gələrək 10 nəfərlik patrul dəstəsiylə görüşdü. Onlardan Sığnaxa gedən ən qısa yolu soruşdular. Ancaq bələdçilər həmin yolla irəliləməyin çox təhlükəli olduğunu söylədilər. Birinci taqım daha uzun yolla gedərək 3 kilometr əvəzinə 15 kilometrədək məsafə qət etdilər. Nəticədə lazımi məntəqəyə təyin edilmiş vaxtdan daha gec çatdılar.

O gün hava son dərəcə əlverişsiz idi, güclü şaxta ətrafı bürümüşdü. Dərin qar örtüyü, yüksək dağlar, eləcə də özləri ilə götürdükləri silah-sursat döyüşçülərimizin hərəkətini çətinləşdirirdi.

Mövcud radioaparatlar çox köhnə idi. Ermənilər çox zaman Azərbaycan Ordusunun bölmələri arasındakı danışıqları nəinki eşidirdilər, hətta müdaxilə edirdilər.

Əməliyyat zamanı hərbi əlaqə zəif qurulduğundan komandanlıq əsgərlərinin vəziyyətindən, harada olduqlarından vaxtında xəbər tuta bilmədi. Bir-biri ilə əlaqə saxlamaq imkanından məhrum olduqlarından bölmələrin hərəkətlərində uyğunsuzluq yarandı.

Birinci tağım Sığnax kəndindən Daşaltıya gedən yol boyunca nəzərdə tutulmuş mövqelərə yetişib ayaq saxladılar. Burada dayanmağın əhəmiyyətsizliyinə, Sığnaxdan ermənilərin gəlməyəcəklərinə, Daşaltıya hücum etməyin vacibliyinə bələdçilər taqım komandirini inandırdılar. Daşaltı-Sığnax yolunun ətrafında mövqelərdə taqımın 6 əsgəri qaldı, qalanları mövqeləri tərk edərək Daşaltıya tərəf istiqamət aldılar. Səhər saat altı radələrində Sığnax kəndi tərəfdən erməni əsgərləri ilə dolu “KamAz” yük avtomobili gəldi. Mövqedə qalmış 6 əsgər atəş açaraq erməni əsgərlərini avtomobil qarışıq məhv etdilər. Həmin vaxt düşmən əsgərləriylə dolu başqa bir “KamAz”  yaxınlaşdı. Mövqedə dayanan 6 əsgərimizlə onların arasında döyüş başladı. Əsgərlərimizdən 2-si şəhid oldu, 1-i yaralandı. Sağ qalan 3 əsgərimiz həlak olan və yaralı yoldaşlarını götürüb geri çəkildilər. Sığnaxdakı yolda olan mövqelər erməni silahlı dəstəsinin əlinə keçdi. Onlar 3-cü və 4-cü Azərbaycan taqımlarının  arxa tərəfinə keçdilər.

Şuşakəndə gedən yolu kəsməli olan 2-ci tağım düşmənin pusqusuna düşdü. Tağımdan yalnız iki əsgərimiz yaralı qurtularaq qaça bildi. Onlar taqımı düşmən pusqusuna aparan Maxış adlı bələdçi ilə erməni yaraqlılarının danışıqlarının şahidi olmuşdular. Bələdçi ermənilərdən ona söz verilmiş mükafatı tələb edirdi. Ermənilər isə “get həlak olmuşların avtomatlarını yığ, onları sat, bu da sənin mükafatın olacaq”, - deyə bələdçiyə cavab vermişdilər.

Nəzərdə tutulan yoldan kənara çıxdıqlarına, 2 kilometr daha uzaqda mövqe tutduqlarına görə 3-cü və 4-cü tağımlar Sığnaxda və Şuşakənddə yollarda döyüşən əsgərlərin yardımına yetişə bilmədilər.

Uğursuzluqlar bir-birini əvəz etsə də,  hərbi əməliyyat plan üzrə davam etdirilirdi. Nəbilər kəndindəki dəstəmiz Daşaltıya doğru atəş açdılar, erməni dəstələri eyni qaydada cavab verdi. 3-cü və 4-cü taqımların atəş dəstəyi altında Riad Əhmədovun dəstəsi kəndin içərilərinə doğru irəlilədi. “Kələmlik” deyilən yerin yaxınlığında Qurban adlı bələdçinin satqınlığı nəticəsində dəstə pusquya salındı və bütün üzvləri ermənilər tərəfindən qətlə yetirildi. Riad Əhmədov özü isə itkin düşdü.

Sonra 3-cü və 4-cü taqım kəndin kənarlarından Daşaltıya daxil olub düşmən dəstələri ilə döyüşə başladılar. Həmin vaxt Sığnax yolunda mövqeləri özbaşına tərk etmiş 1-ci taqımın əsgərləri “ura” deyə bağıraraq 3-cü və 4-cü taqımların arxasınca kəndə daxil oldular. Kənddəki azərbaycanlı əsgərlərlə əlaqə olmadığına görə, gələnləri düşmən əsgərləri hesab etdilər. Aralarında atışma başladı və itkilər verdilər. Daşaltı və Sığnax istiqamətindəki mövqelərdən isə erməni dəstələrinin şiddətli atəşinə məruz qaldılar. Bu zaman Sığnax kəndi istiqamətindən gələn erməni dəstəsi Azərbaycan bölmələrinin mövqelərinə arxadan zərbə vurdu. Hər tərəfdən sıxışdırılan, ağır zərbələr alan döyüşçülərimiz Daşaltı əməliyyatında misilsiz igidlik göstərdilər. Qəhrəman Azərbaycan oğulları döyüş meydanından qaçmadılar. Mühasirəyə düşəndə də döyüşə davam etdilər. Çoxu qəddar ermənilərə əsir düşməmək üçün canına qıydı. Ermənilərin əhatəsində qalan Elşən Xəlilov F-1 qumbarasıyla özünü və ətrafındakı erməni əsgərlərini öldürdü, Zaur Cəfərov isə son gülləsini özünə vurdu.

Tacəddin Mehdiyev Xüsusi Təyinatlı Polis Dəstəsinin döyüşçülərindən ibarət 5-ci tağımı Daşaltı kəndindəki döyüşçülərə köməyə göndərdi. Ancaq artıq gec idi. Onlar 500-600 metr irəlilədikdən sonra ermənilərin güclü müqavimətiylə qarşılaşan 5-ci taqım dayanmalı oldu. Tacəddin Mehdiyev güclü dumanın çökməsindən istifadə edərək Şuşaya doğru geri çəkilmək əmrini verdi. 1992-ci il 26 yanvar günü Milli Ordunun sağ qalan döyüşçüləri Daşaltıdan Şuşaya doğru geri çəkilməli oldular.

Sonrakı cəhdlər faydasız oldu, xəyanətkar bələdçilərin heç birini tapa bilmədilər.

Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, onlarla əsgər isə hələ də itkin sayılır. Döyüşdə ermənilərin bir neçə texnikası, 80-ə yaxın canlı qüvvəsi məhv edilib.

Daşaltı əməliyyatı uğurlu olsaydı, müharibənin gedişatı Azərbaycanın xeyrinə dəyişə  bilərdi. Məğlubiyyət döyüşçülərin də, dinc əhalinin də döyüş ruhuna ağır təsir göstərdi. Daşaltı əməliyyatından sonra erməni quldurları daha da azğınlaşdılar. Azərbaycanın şəhər, qəsəbə və kəndlərini bir-birinin ardınca işğal etdilər, yerli əhaliyə divan tutdular.

Uğusuzluqlara baxmayaraq, o gün döyüşçülərimiz öz rəşadətləri ilə nümunə ola bildilər. Daşaltıdakı döyüşdə Azərbaycan oğulları əsrlər boyu danışılacaq, qələmə alınacaq qəhrəmanlıq dastanı yazdılar.

...Bütün bunlar o qanlı döyüş günlərindən sonra tarixin səhifələrinə yazıldı. Qarşıda isə Azərbaycan Ordusunun qalibiyyət bayrağının Şuşada, o cümlədən Daşaltıda da dalğalanması kimi Zəfər günləri var idi. 44 günlük Vətən müharibəsi özünün şanlı tarixində Daşaltı əməliyyatında şəhid olan vətən oğullarının da qisasının alındığını təsdiqlədi... 

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video