Regionlarda mükəmməl idarəetmə prinsipləri əsasında modern infrastruktur yaradılır
Azərbaycanda həyata keçirilən inkişaf proseslərinin özünəməxsusluğu nəzərdə tutulan işlərin paralel şəkildə reallaşdırılması və ölkənin heç bir regionunun bu yüksəliş axarından kənarda qalmamasıdır.
Bu ərəfədə gündəm Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin bir neçə rayonuna səfərləri ilə zəngin oldu. Dövlət rəhbərimiz Qazax, Şəmkir, Samux, Bərdə rayonlarında son aylarda görülən bir çox işlərlə maraqlandı, müvafiq tapşırıq və tövsiyələrini verdi. Bu səfərlər regionların inkişafı ilə bağlı sosial-iqtisadi proqramların uğurla davam etdirildiyini, həyata keçirilən hər bir layihənin Azərbaycan Prezidentinin şəxsi nəzarətində olduğunu, həmçinin ölkəmizin bölgələri arasındakı inkişaf proseslərinin paralel və davamlı şəkildə reallaşdırıldığını bir daha nümayiş etdirdi.
Regionların tarazlı inkişafı təmin olunur
Vətən müharibəsindəki zəfərimizdən sonra Azərbaycan dövləti azad yurdlarımızda - Qarabağda, Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq tədbirləri həyata keçirir. Artıq əzəli-əbədi torpaqlarımıza böyük qayıdış proqramının icrasına başlanılıb. Keçmiş məcburi köçkünlərin bir qrupu illərin həsrətindən sonra öz doğma yerlərində ən müasir şəraitə malik yeni evlərə köçüb. Bu proses mərhələ-mərhələ aparılır.
Bu gün Azərbaycanın işğaldan azad olunmuş məkanlarında həyata keçirdiyi bərpa-quruculuq işlərinin əhatə dairəsini təsəvvür etməkdən ötrü Qarabağın, Şərqi Zəngəzurun ərazisini dünyanın bu miqyasa uyğun hansısa ölkələri ilə müqayisə etmək olar. Azərbaycan dövləti bu qədər böyük bir ərazidə bütün infrastrukturu başlanğıcdan qurur. Çünki təxminən 30 illik işğal dövründə erməni vandalları bu torpaqlarda daşı daş üstündə qoymayıblar. Ona görə də sosial infrastruktur təminatından tarixi-mədəniyyət abidələrinin bərpasına qədər, vətəndaşlarımız üçün hər cür şəraitə malik evlərin tikinti və təchizatından ərazinin təbii landşaftının nizama salınmasına kimi bütün işlər diqqətdən kənarda qalmadan aparılır.
Hazırda resursların mühüm bir qismi məhz Qarabağın, Şərqi Zəngəzurun dirçəlişinə yönəldiyindən belə təsəvvür yarana bilərdi ki, digər regionlarımızda həyata keçirilən sosial-iqtisadi inkişaf layihələrinin icrasında müəyyən səngimə olur. Amma reallıq onu göstərir ki, əsla belə deyil. Qarabağın, Şərqi Zəngəzurun yenidən qurulmasına paralel olaraq Azərbaycanın digər regionlarında da inkişaf layihələri uğurla davam etdirilir. Bölgələrimizin tarazlı inkişafı təmin olunur.
Regionların inkişafı ilə bağlı görülən işlər hələ 2004-cü ildən Azərbaycanda başlanmış böyük bir mərhələ, ən yeni tariximizin möhtəşəm səhifəsidir. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin ilk illərindən müəyyənləşdirdiyi strateji inkişaf xəttinə uyğun olaraq regionların sosial-iqtisadi inkişafı əsas prioritetlərdən elan edildi. 2004-cü ildən başlayaraq bu məqsədlə 4 ardıcıl proqram qəbul olundu. Hazırda Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dördüncü dövlət proqramı icra mərhələsindədir. Bu proqramlar sayəsində ölkəboyu geniş abadlıq-quruculuq tədbirləri həyata keçirilib.
Regionlarda özəl sektorun, sahibkarlıq fəaliyyətinin inkişafına təkan verən, əhalinin məşğulluq səviyyəsini yüksəldən, işsizliyi, yoxsulluğu minimallaşdıran çoxsaylı istehsal-emal müəssisələri yaradılıb. Mərkəzlə şəhərlər arasında tarazlı inkişafın təmin olunması yönündə çox mühüm naliyyətlər əldə olunub. Bütün bu istiqamətdə işlər yenə də davam etdirilməkdədir. Azərbaycan dövləti müasir çağırışlara uyğun şəkildə dayanıqlı inkişaf layihələrini yerinə yetirir. Yerlərdə biznesin inkişafına kömək göstərən, ölkə iqtisadiyyatına dəyər qatan layihələrin icrasına yardımlar olunur. Maliyyə resurslarının, zəruri infrastrukturun iş adamları üçün əlçatanlığı təmin edilir. Ən ucqar regionlarımıza da çəkilən abad yollar, kommunikasiya xətləri, yaradılan şərait, bizines sahəsində tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi yerlərdə inkişaf proseslərinə böyük təkan verir. Ölkənin iqtisadi həyatı öz məcrasında böyüməyə doğru irəliləyir. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, bölgələrimizin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm də ölkəmizi gücləndirir. Dövlət rəhbərimizin bu istiqamətdə həyata keçirdiyi strategiyanın əsas hədəfi vətəndaşlarımızın rifah halının daha da yaxşılaşdırılması, onların həyatının rahatlaşması, paytaxtla bölgələr arasında həyat standartlarının eyniləşməsidir. Bir sözlə, Azərbaycanın heç bir guşəsi ölkə rəhbərliyinin diqqətindən kənarda qalmır. Ötən onilliklər ərzində qurulan infrastruktur daha da inkişaf etdirilir, yurd yerlərimizdə yeni sosial-iqtisadi dəyərlər yaradılır.
Yol mədəniyyətdir
Azərbaycan Prezidentinin bölgələrin inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərdə yol infrastrukturunun inkişafı mühüm yer tutur. Dövlət başçısının rayonlara budəfəki səfər proqramlarında da bu sahə xüsusi diqqətdə oldu. Prezident Qazax rayonunda yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak etdi. Üç yaşayış məntəqəsini birləşdirən bu yol 14 mindən çox əhalinin rahat gediş-gəlişini təmin edib. Elə açılış mərasimi zamanı Prezident İlham Əliyevə Fərəhli avtomobil yolunun əsaslı təmiri layihəsi də təqdim olundu. Ölkə rəhbəri Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak etdi. Son onilliklərdə respublikamızda genişmiqyaslı yol layihələrinin həyata keçirilməsi təsadüfi deyil. Yol vətəndaşlarımızın rahatlığı və təhlükəsizliyi, bölgələrdə həyatın canlanması üçün ən ilkin infrastruktur təminatlarındandır. Rahat yollar regionlarımızda biznesi, sahibkarlığı inkişaf etdirir, bölgələrdə iqtisadi layihələrin gerçəkləşməsinə, istehsal olunan məhsulların, o cümlədən kənd təsərrüfatı məhsullarının böyük bazarlara çıxışına imkan yaradır.
Bu gün Azərbaycan dövləti elə ucqar bölgələrimizə, kəndlərimizə ən müasir standartlara uyğun yollar çəkir ki, sovet dövründə bu yerlərdə heç zaman beləsi olmayıb. Bu, müstəqilliyimizin bizə qazandırdığı imkanlardır, Azərbaycanın iqtisadi gücüdür. Çəkilən yeni yollar ölkənin tranzit, logistika imkanlarını da qat-qat gücləndirir.
Azərbaycan Prezidentinin Qazaxa səfəri zamanı açılışını etdiyi Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu buna nümunədir. Bu yol beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır. Layihə tam reallaşdırıldıqdan sonra şərqdən qərbə və əks istiqamətdə "Böyük İpək yolu"nun Azərbaycandan keçən hissəsi olan bu yol Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.
Yol layihələri ilə yanaşı, Azərbaycan dövləti su təchizatı ilə bağlı tədbirləri də uğurla həyata keçirir. Çünki istənilən regionun inkişafından ötrü ən zəruri şərtlərdən biri məhz su təchizatıdır. Son onilliklərdə bu sahədə çox mühüm uğurlara imza atılır. Eləcə də sudan səmərəli istifadə, su təchizatı və kanalizasiya sistemlərində ən müasir texnologiyaların tətbiqi ilə bağlı lazımi tədbirlər görülür. Azərbaycan Prezidentinin səfəri zamanı Qazax şəhərinin yenilənmiş su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi də bu baxımdan xarakterik idi.
Özəl sektora dəstək
Azərbaycan dövlətinin həyata keçirdiyi infrastruktur layihələri bölgələrimizdə sahibkarlığı, biznesi gücləndirir. Əhalinin məşğulluğunda, maddi rifah halının yüksəlməsində çox mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə fəaliyyət göstərən iş adamlarına daimi dəstəyi, diqqət və qayğısı, onların fəaliyyətini asanlaşdıran qərarları ilə sahibkarların ən böyük hamisinə çevrilib. Azərbaycan Prezidenti rayonlara hər səfərində özəl biznes müəssisələrinə də baş çəkir, sahibkarların həyata keçirdikləri yeni layihələrlə tanış olur, iş adamlarının istək və arzularını dinləyir, ölkəmizdə biznes mühitinin daha da yaxşılaşması üçün ardıcıl addımlar atır. Qazaxa səfəri zamanı da ölkə rəhbəri rayonda yeni yaradılmış "Venzana" Mebel Fabrikinin açılışında iştirak etdi. "Saloğlu" Mebel Fabrikinin tərkibində yaradılmış, istehsal sahəsi 18 min kvadratmetr, investisiya dəyəri 30 milyon manat olan bu yeni müəssisə il ərzində 12 min dəst yataq, 6 min dəst qonaq otağı mebeli istehsal etmək gücündədir. Burada istehsal olunan mebellərin daxili bazarla yanaşı, Rusiya, Qazaxıstan, Gürcüstan, Almaniya və digər ölkələrə ixracı da nəzərdə tutulur. Fabrik işə düşdükdən sonra "Saloğlu" fərdi firmasında ümumilikdə 600 işçi çalışacaq.
Ucqar bölgələrimizdə bu cür müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın regionlarında biznes fəaliyyəti üçün böyük imkanların olduğunu göstərir. Bu cür müəssisələr ölkəmizdə sənayenin inkişafına, daxili bazarın tələbatının ödənilməsinə, eyni zamanda ixrac üçün böyük potensialın formalaşmasına, qeyri-neft sektorunun şaxələndirilməsinə, əhalinin işlə təminatına müstəsna töhfələr verir. Pandemiyanın yenicə başa çatdığı, dünyada hökm sürən iqtisadi böhranın hələ aradan qalxmadığı dövrdə ölkəmizin paytaxtdan uzaq bölgələrində belə yeni müəssisələrin fəaliyyətə başlaması həm də Azərbaycan dövlətinin biznesə dəstəyinin, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərin yüksək səmərəsini, uğurlu nəticəsini göstərir.
Vətəndaşlara sosial qayğı
Prezident İlham Əliyev respublikanın rayonlarına səfəri zamanı Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qazax" Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə də tanış oldu. Burada xidmətin yüksək səviyyədə aparılması, şəxsi heyətin döyüş qabiliyyətinin təkmilləşdirilməsi, peşəkar vərdişlərinin daha da inkişaf etdirilməsi üçün hərtərəfli şərait yaradılıb. Dövlət rəhbərimizə "Qazax" Əlahiddə Sərhəd Diviziyasının xidməti istifadəsinə verilmiş silah arsenalı, döyüş texnikaları, yüksəkkeçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası, tibb avtomobilləri nümayiş etdirildi. Kompleksdə mövcud olan şərait Azərbaycan dövlətinin ordu quruculuğuna, müdafiə potensialının artırılmasına nə qədər həssaslıqla yanaşmasının əyani təsdiqidir. Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra ölkəmizin müdafiə potensialı daha da güclənib. Müzəffər Ali Baş Komandan bu məsələyə davamlı strateji istiqamət kimi yanaşır və dövlətimizin hərbi qüdrəti üçün ardıcıl tədbirlər həyata keçirir.
Regionlarımızın inkişafı ilə bağlı ən mühüm istiqamətlərdən biri də yüksəkkeyfiyyətli təhsil və səhiyyə xidmətlərinin vətəndaşlarımız üçün əlçatanlığının təmin olunmasıdır. Bu məqsədlə Azərbaycanın müxtəlif bölgələrində müasir standartlara uyğun təhsil, səhiyyə müəssisələri yaradılır. Bu müəssisələrə peşəkar kadrların cəlbi üçün müxtəlif stimullaşdırıcı tədbirlər görülür. Beləliklə, təhsil və səhiyyə xidmətlərinin keyfiyyətində mərkəzlə əyalətlər arasındakı fərq ortadan qalxır. Azərbaycan Prezidentinin Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin, eləcə də Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində Samuxda inşa olunmuş Sərkar Kənd Uşaq Musiqi Məktəbinin yeni binasının açılışında iştirakı, Bərdədə Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi ilə tanışlığı dövlət rəhbərimizin gənc nəslin təlim-tərbiyəsinə, müasir dövrümüzün bilik və bacarıqlarına yiyələnməsinə nə qədər böyük diqqət və qayğı ilə yanaşdığını göstərir. Eyni yanaşmanı əhalinin keyfiyyətli tibb xidmətləri ilə təmin olunması üçün Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında da görürük. Burada yaradılan şərait bir daha göstərir ki, vətəndaşlarımızın hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlət başçısının daim diqqət və nəzarətindədir.
Azərbaycan Prezidentinin Bərdəyə səfəri zamanı Qarabağ Regional DOST Mərkəzinin açılışında iştirakı da dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığının, yüksək keyfiyyətinin, vətəndaş məmnunluğunun ölkə rəhbərimiz üçün nə qədər böyük önəm daşıdığını nümayiş etdirir. Ən müasir xidmət standartları əsasında qurulub fəaliyyət göstərən bu cür mərkəzlər vətəndaşlarımızın dövlətimizə olan inam və güvənini daha da yüksəldir. İnsanların sosiallaşmasında, yeni təcrübələr əxz etməsində, maariflənməsində də çox mühüm rol oynayır.
Dəyərlərimizə həssaslıq nümunəsi
Prezident İlham Əliyevin rayonlara səfərlərinin ölkə ictimaiyyətində böyük rəğbət yaradan ən unudulmaz məqamlarından biri də Azərbaycan Prezidentinin Qazax Müəllimlər Seminariyasında ADA Universitetinin Qazax Mərkəzinə getməsi, burada yaradılan şəraitlə tanışlığı oldu. Qazax Müəllimlər Seminariyasının tarixi 1876-cı ildə Qoridə yaradılmış Zaqafqaziya Müəllimlər Seminariyası ilə bağlıdır. Bu seminariyanın Azərbaycanın ictimai fikir tarixində müstəsna yeri və rolu var. Ümumilikdə 250 azərbaycanlı, o cümlədən Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyli Qori Seminariyasını bitiriblər.
1918-ci ildə çar rejiminin dağılmasından sonra Zaqafqaziya Müəllimlər Seminariyası parçalanıb və onun Azərbaycan bölməsinin bazasında Qazax Müəllimlər Seminariyası yaradılıb. Azərbaycan bölməsinin Qoridən yurdumuza köçürülməsini Firidun bəy Köçərli həyata keçirib. Qazax Müəllimlər Seminariyasının təntənəli açılışı 1918-ci il noyabrın 10-da baş tutub. Qazaxlı Məşədi İbrahim 17 otaqlı imarətini təmənnasız olaraq seminariyaya hədiyyə edib. Elə həmin vaxtdan da Firidun bəy Köçərli ilə dostluğu başlayıb. Məşədi İbrahim ömrünün sonuna qədər kimsəsizlərə əl tutub və digər xeyriyyə işləri ilə məşğul olub.
Ümummilli Lider Heydər Əliyev 1999-cu ildə Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinin keçirilməsi haqqında tapşırıq verib və bu məqsədlə təşkil olunmuş ümumrespublika elmi-praktiki konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il noyabrın 3-də Qazax Müəllimlər Seminariyasının 100, 2013-cü il fevralın 14-də isə Firidun bəy Köçərlinin 150 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb.
ADA Universiteti seminariyanın tarixi binasının və onun maarifçi missiyasının bərpası təşəbbüsü ilə çıxış edib. 2021-ci ilin oktyabrında başlanılan bərpa işlərinə Heydər Əliyev Fondu, Azərbaycan Sahibkarlar Konfederasiyası və Amerika Azərbaycan Cəmiyyəti cəlb olunub. Seminariya binasının tarixi əhəmiyyətli obyekt olduğu nəzərə alınaraq, bərpa işləri xüsusi yanaşma ilə aparılıb. Qazax Müəllimlər Seminariyasının tarixi binasında 2022-ci ilin oktyabrından ADA Universiteti Qazax Mərkəzi fəaliyyət göstərir. 2022-2023-cü tədris ilindən mərkəzdə təhsillə bağlı iki magistr proqramı həyata keçirilir.
Mərkəzin nəzdində elmi-tədqiqat şöbəsinin fəaliyyəti və müxtəlif tipli təhsil və mədəniyyətyönlü beynəlxalq tədbirlərin təşkili planlaşdırılır.
Qazax Müəllimlər Seminariyası ilə bağlı həyata keçirilən layihə tarixi dəyərlərimizə sevginin, qayğının təcəssümü, Azərbaycanın möhkəm təməllər, uğurlu ənənələr üzərində gələcəyə doğru inamla irəliləməsi deməkdir. Bu yol inkişaf və tərəqqi yoludur.
İradə ƏLİYEVA,
"Azərbaycan"