11 Fevral 2024 10:50
849
İQTİSADİYYAT
A- A+

İlham Əliyevin enerji strategiyasının daha bir reallığı - ACE layihəsi

 

"Əsrin müqaviləsi"nin yeni mərhələsi başlayır

 

Azərbaycan iqtisadiyyatı şaxələnərək inkişaf edir. Neft-qaz sənayesi ilə yanaşı, digər sahələrdə də ildən-ilə daha çox irəliləyiş əldə olunur. Bununla belə, karbohidrogenlərin hasilatı və ixracı ölkə iqtisadiyyatının əsas hissəsi olaraq qalır. Bu bir daha təsdiq edir ki, Azərbaycanın təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan yeni neft strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
1994-cü ilin sentyabrında imzalanan, müəllifi Ümummilli Lider olan "Əsrin müqaviləsi" - "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqları üzrə Hasilatın Pay Bölgüsü Sazişi ölkəmizin yüksəlişinə təkan verdi. 2017-ci ilin sentyabrında sazişə dəyişiklik edilərək yenidən işlənməsi və müddətinin 2050-ci ilin əvvəlinədək uzadılması isə "Yeni əsrin müqaviləsi" adını aldı. Bu dəyərli layihə Prezident İlham Əliyevin enerji stategiyasının mühüm bir hissəsinə çevrildi. Belə ki, yenidən işlənmiş saziş AÇG-nin Azərbaycan və səhmdarlar üçün iqtisadi faydasının maksimuma çatdırılmasını nəzərdə tutur.
AÇG Azərbaycanın nəhəng neft yataqları blokudur. Onun uğurla işlənməsi isə yalnız mükəmməl iqtisadi idarəetmə, zəngin bilik və təcrübə, etibarlı tərəfdaşlıq sayəsində mümkün olub.
Son illər Azərbaycan dövləti möhkəm beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq platforması yaradıb. Bu da müxtəlif təyinatlı yeni, daha qlobal layihələrin həyata keçirilməsinə imkan verir. Təbiətin xalqımıza bəxş etdiyi təbii sərvətlərdən böyük səriştə və uzaqgörənliklə istifadə olunur və onların istismarından əldə edilən gəlirlər ölkənin inkişafına, xalqın rifahına yönəldilir. Azərbaycan xalqı qazanılan nailiyyətlərlə fəxr edir və onları daha da artırmağa çalışır. Bir neçə gün əvvəl keçirilən prezident seçkilərində bunu bütün dünya gördü. Xalq hər sahədə onu irəliyə aparan, o cümlədən neft kapitalını insan kapitalına çevirən liderinə səs verdi. 
Qısa arayış: İndiyədək AÇG yataqlarından 4,3 milyard bareldən artıq (581 milyon ton) neft hasil olunub. Neftin əksəriyyəti dünya bazarlarına Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri və Qərb İxrac Boru Kəməri ilə çıxarılır.
2023-cü ilin üçüncü rübünün sonunadək AÇG yataqlar blokunun işlənməsinə ümumilikdə 43 milyard dollardan artıq sərmayə qoyulub. AÇG platformalarından əldə olunan neft və qaz Bakı yaxınlığında quruda yerləşən və dünyanın ən böyük neft-qaz terminallarından olan Səngəçal terminalına ötürülür. 
Blokun işlənməsi mərhələlərlə həyata keçirilib. Belə ki, 1997-ci ilin noyabrında "Çıraq" yatağından hasilat İlk Neft Layihəsi çərçivəsində başlanıb. "Azəri" yatağının işlənməsini nəzərdə tutan Mərhələ 1-də hasilat 2005-ci ildə "Mərkəzi Azəri"dən, Mərhələ 2-də isə 2006-cı ilin yanvar ayında "Qərbi Azəri"dən və həmin ilin oktyabrında "Şərqi Azəri"dən başlanıb. 3-cü mərhələdə "Günəşli" yatağının dərinsulu hissəsindən  hasilat 2008-ci ilin aprelində əldə edilib. Növbəti mərhələdə isə "Qərbi Çıraq" platformasından hasilat 2014-cü ilin yanvarında başlanıb. Ən son mərhələ olan "Azəri Mərkəzi Şərqi" (ACE) layihəsi çərçivəsində isə hasilatın yolunu gözləyirik. 
Zəfər seçkisinin sevincini yaşadığımız bir dövrdə bu bizə əsl müjdə olacaq. Beləliklə, bu il "Azəri Mərkəzi Şərqi" layihəsi çərçivəsində ilk hasilatın əldə olunması nəzərdə tutulub. Ötən ilin dekabrında layihə üzrə eyniadlı platformadan ilk hasilat quyusunun qazılmasına başlanıb. 2019-cu ildə yeni layihə üzrə tikinti işlərinə start verilib. Bununla da AÇG-nin işlənilməsində yeni dövr başlanıb. 
 ACE sazişinin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb. Beynəlxalq tərəfdaş şirkətlər layihənin icrası dövründə Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcəklər. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Bir vacib məqam da odur ki, tərəfdaşların tərkibində dəyişiklik olmayıb. O cümlədən bp şirkəti layihənin operatoru olaraq qalıb. Bu da Prezident İlham Əliyevin yaratdığı beynəlxalq tərəfdaşlıq platformasının daha bir aydın təzahürüdür.
ACE-nin qurğuları gündəlik 100 min barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində 300 milyon barelədək neftin hasil olunacağı proqnozlaşdırılır. İşlərin pik dövründə Azərbaycanda ACE-nin tikinti işlərinə 8500 nəfərdən çox fəhlə, texnik, mütəxəssis cəlb edilmişdi.
Layihənin reallaşması daim dövlət başçısının diqqətində olub. Belə ki, yeni platformanın dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) tikilib və üç il çəkən inşaat işləri 2022-ci ilin sonunda təhlükəsiz şəkildə tamamlanıb. Həmin il dekabrın 13-də Prezident İlham Əliyev BDÖZ sahəsinə baş çəkərək dayaq blokunun dənizə yola salınması prosesinə start verib. Blokun çəkisi 16 min ton, hündürlüyü 153 metrdir. Bu qurğuya biri suvurma, ikincisi neft, sonuncusu qaz ixracı üçün nəzərdə tutulmuş üç dik boru daxildir.
 Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri isə Bibiheybətdəki tikinti-quraşdırma sahəsində aparılıb. Üst modullara neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların layihələndirilmiş çəkisi 19 min 600 tondur.
Bu qurğu "Azfen" şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilib. Quruda aparılması planlaşdırılan əsas istismar sınaqları uğurla yekunlaşıb və STB-1 daşıma barjı qurğunu dənizə - mənzil başına çatdırıb. 2023-cü il aprel ayının 4-də Prezident İlham Əliyev üst modulların inşa edildiyi sahəyə gələrək, tikintisi artıq sona çatmış qurğu dənizə, öz daimi yerinə yola salınmazdan əvvəl onun hazırlıq vəziyyəti ilə tanış olub və öz xeyir-duasını verib.
 Xatırladaq ki, ACE "Azəri-Çıraq-Günəşli"nin yeddinci hasilat platforması olacaq. Hazırda bu yataqlar blokunda "Çıraq", "Mərkəzi Azəri", "Şərqi Azəri", "Qərbi Azəri", "Dərinsulu Günəşli" və "Qərbi Çıraq" platformaları fəaliyyətdədir. Beləliklə, yaxın bir zamanda onların sırasına "Mərkəzi Azəri Şərqi" də qoşulacaq. 

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video