01 Iyun 2024 08:00
1038
SİYASƏT
A- A+

İlham Əliyevə qlobal dəstək artır

 

Azərbaycan Prezidentinin COP29-la bağlı təklif və təşəbbüsləri təqdir edilir

 

Azərbaycanın beynəlxalq toplantılara, forumlara, konfranslara, hətta idman yarışlarına yüksəksəviyyəli evsahibliyi dünya tərəfindən hər zaman təqdir edilib. 
Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlara uğurlu sədrlik edən, Avropa Oyunlarının standartlarını müəyyənləşdirən, İslam Həmrəyliyi Oyunlarına, siyasi-iqtisadi beynəlxalq forumlara, konfranslara ən layiqli şəkildə evsahibliyi etməsi ilə qlobal səviyyədə nüfuzunu artıran Azərbaycan indi müstəqillik tarixinin ən böyük tədbirinə - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu qlobal sessiyasına (COP29) hazırlaşır. Əlbəttə ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin üzərinə böyük məsuliyyət qoyur. Ancaq bu sahədəki təcrübə yetərlidir ki, bu beynəlxalq konfransı da ən yüksək səviyyədə keçirə bilək. 
COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir, ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Bu günədək ölkəmizdə bir çox tədbir keçirilsə də, COP29 onlarla müqayisəyə gəlmir. Çünki COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın diqqət mərkəzinə çevriləcək. 
COP29 konfransına evsahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin "yaşıl iqtisadiyyat"a keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.
Prezidentin sərəncamı ilə sammitin keçirilməsi ilə əlaqədar təşkilat komitəsi də yaradılıb. Fevralın 22-də isə bu sənədə dəyişiklik edilməsi ilə bağlı yeni sərəncam imzalanıb. Sənədə əsasən təşkilat komitəsinin tərkibi bir qədər də genişləndirilib.
Əlbəttə ki, COP-29-la bağlı Azərbaycandan böyük gözləntilər var, həm hazırlıq prosesinin, həm tədbirin özünün yüksək səviyyədə təşkili üçün cəmiyyətin müxtəlif seqmentlərinin səfərbər olunması zəruri idi. Bu da təşkilat komitəsinin tərkibinin bir qədər də genişləndirilməsini şərtləndirirdi. Sərəncama nəzər yetirdikdə aydın şəkildə görünür ki, təşkilat komitəsində gender balansı tam təmin olunub ki, bu da Prezidentin qadınların cəmiyyətdəki roluna olan diqqətinin, etimadının və hörmətinin göstəricisidir.
Ümumiyyətlə isə dünyada bu sahədə vətəndaş cəmiyyəti çox aktivdir. Ona görə təşkilat komitəsinə vətəndaş cəmiyyətinin nümayəndələri də daxil edilib ki, bu işə onlar da töhfə verə bilsinlər. COP-29-da müzakirəyə çıxarılacaq müasir çağırışlar, innovasiya məsələlərinin geniş müzakirə olunacağı nəzərə alınaraq, təşkilat komitəsində iqtisadiyyat, innovasiya sahəsində çalışan şəxslər də təmsil olunurlar. 
Göründüyü kimi, Azəbraycan bu beynəlxalq sammitə yüksək səviyyədə evsahibliyi etmək üçün bütün imkanlarını səfərbər edib. Buna beynəlxalq birlik də şahidlik edir və İlham Əliyevin bu istiqamətdə atdığı bütün addımlar təqdir olunur. Bunu 28 May - Müstəqillik Günü ilə bağlı Prezidentə ünvanlanan təbrik məktublarından da görmək mümkündür.   
Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin təbrik məktubunda da qeyd edilir ki, ABŞ regional və qlobal məsələlərdə, o cümlədən iqlim dəyişikliyi və "yaşıl enerji"yə keçid sahəsində Azərbaycanla qarşılıqlı əməkdaşlığı dərinləşdirməyə səy göstərəcək. Ağ Ev noyabrda Bakıda keçiriləcək COP29 çərçivəsində iqlimlə bağlı birgə məqsədlərin irəlilədilməsini arzulayır və tədbirin uğurla reallaşmasında Azərbaycana dəstək verməyə hazırdır.
Kanadanın General-Qubernatoru Meri Saymonun məktubunda deyilir ki, bu ölkə  ilin sonunda Azərbaycanın evsahibliyi edəcəyi COP29 tədbirini səbirsizliklə gözləyir. Kanada Azərbaycanla münasibətlərini daha da inkişaf etdirməyə, həmçinin vətəndaşlarımız üçün daha yaxşı gələcək naminə birgə səy göstərməyə hazırdır.
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin məktubunda isə vurğulanır ki, builki COP29 iqlim konfransına evsahibliyi edən Azərbaycan öz üzərinə xüsusi məsuliyyət götürüb: "Buna görə Sizə və Sizin həmvətənlərinizə təşəkkür etmək və Sizi iddialı iqlim siyasətinə mühüm təkan verməyə təşviq etmək istərdim".
Proseslər həm də onu deməyə əsas verir ki, COP29-da şəxsən iştirak edəcək dövlət başçılarının sayı əvvəlkilərdən xeyli çox ola bilər. Artıq bir neçə dövlət başçısının - Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Finlandiya Prezidenti Aleksandr Stubb, Polşa Prezidenti Ancey Duda, Latviya Prezidenti Edqars Rinkeviçs, İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun COP29-da iştirak edəcəyi təsdiqini tapıb. Əminik ki, getdikcə bu say daha da artacaq. 
Mayın 30-da 14 ölkənin Qeyri-Hökumət Təşkilatları Azərbaycanın COP29 fəaliyyətini alqışlayan bəyanat yayıb. ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Niderland, İtaliya, Macarıstan, Avstraliya, Pakistan, Nigeriya, Əlcəzair, Kamerun, Meksika, Hindistandan olan QHT-lər və ictimai fəallar Azərbaycan Milli QHT Forumuna məktub ünvanlayaraq, COP29-a evsahibliyi edən Azərbaycana güclü dəstək ifadə ediblər. Müraciətdə bildirilir ki, bəyanatda imzası olan vətəndaş cəmiyyəti təşkilatları və ictimai fəallar 2024-cü ilin noyabrında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək COP29-un vacibliyini vurğulayırlar. "Bu tədbir böyük gözləntilər daşıyır. COP29-a evsahibliyi edən Azərbaycan bütün səslərin eşidildiyi, perspektivlərin nəzərdən keçirildiyi və inklüziv nəticələrin təmin edilməsi üçün birgə səylərin səfərbər olunduğu inklüziv mühitin yaradılmasına sadiqlik nümayiş etdirir. İnklüziv və birgə iqlim fəaliyyətinin tərəfdarları kimi biz QHT-lərin COP29-da iştirakının vacib əhəmiyyətinə qəti şəkildə inanırıq. Azərbaycan Milli QHT Forumu ilə, COP29-un sədrliyi və Azərbaycanla planetimiz üçün ümidli gələcəyə dəstək səylərində həmrəy olduğumuzu bəyan edirik", - bəyanatda qeyd edilib.
Bütün bunlar İlham Əliyevin COP29-la bağlı təşəbbüslərinə birmənalı dəstəyin ifadəsidir. Ancaq dövlət başçısı həm də hesab edir ki, əsas məsələ toplantıya yüksək səviyyədə evsahibliyi ilə yekunlaşmır. Eyni zamanda nəticə də önəmlidir. ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışı zamanı İlham Əliyev bunu xüsusi olaraq vurğulayıb: "Əlbəttə, bizim üçün COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir".
COP29-a hazırlıqlar, aparılan müzakirələr, görülən işlərlə bağlı isə dövlət başçısı  "Euronews" telekanalına müsahibəsində çox maraqlı fikirlər səsləndirib və COP üçün yenilik ola biləcək "üçlük" təşəbbüsündən danışıb. İlham Əliyev vurğulayıb ki, əgər "yaşıl dünya"ya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq: "COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Beləliklə, biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə "siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız" deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Beləliklə, bu, diplomatiyadır, siyasətdir, maliyyədir və əlbəttə ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir platforma yarada bilərik".
Bir sözlə, bu sammit Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, "yaşıl iqtisadiyyat"ı nə dərəcədə prioritet sahə kimi gördüyünü dünyaya sübut edəcək. Bu konfrans Azərbaycanın nüfuzunun daha da yüksəlməsinə mühüm təkan olacaq, ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa çatdırılmasına müsbət impuls verəcək.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video