08 Avqust 2023 09:05
6933
SİYASƏT
A- A+
İlham Əliyev xalqımızın qurucu və sülhsevər olduğunu dünyaya göstərir

İlham Əliyev xalqımızın qurucu və sülhsevər olduğunu dünyaya göstərir

 

Şanlı Zəfərimizin milli qürur nişanəsi

 

44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfər, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası, sadəcə, əlamətdar hadisə deyil, eyni zamanda yeni bir tarixin başlanmasıdır. Azad yurdlarımızda - Qarabağda, Şərqi Zəngəzurda Zəfərimizdən dərhal sonra aparılan və getdikcə daha da geniş miqyas alan bərpa-quruculuq tədbirləri bu tarixin mühüm hissəsidir. 30 illik işğal dövründə Ermənistanın vandalcasına viran qoyduğu, demək olar ki, yer üzündən sildiyi şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz yenidən həyata qaytarılır. Vandalların mədəni irsimizə vurduqları zərbənin nəticələri aradan qaldırılır. Torpağın köksündə gizlədilmiş minalar təmizlənir, bərpa və yenidənqurma işləri sürətlə həyata keçirilir. 

 

Yurda dönüş

 

İllərdən bəri həsrətində olduğumuz böyük köç artıq başlanıb. El yurda dönür. Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasına artıq başlanıb. Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı təmin olunub  və bu istiqamətdə işlər davam etdirilir.
Bütün bunlarla Qarabağdakı, Şərqi Zəngəzurdakı əzəli-əbədi yurdlarımızın özünün də həyatında yeni bir tarix başlanıb. Müzəffər Ali Baş Komandanın qətiyyəti, iradəsi, ordumuzun gücü ilə düşməndən azad edilmiş yurdlarımız məhz Zəfərimizlə bağlı olan, bu möhtəşəmliyi xatırladan, milli qürur nişanəsi kimi nəsillərdən-nəsillərə ötürülən yeni dəyərlər qazanıb. Dövlət rəhbərimizin 31 iyul 2023-cü il tarixli müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi də bu dəyərlərdəndir. 
Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə hər il bu günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq. 26 Avqust - Laçın, 4 Oktyabr - Cəbrayıl, 17 Oktyabr - Füzuli, 20 Oktyabr - Zəngilan, 25 Oktyabr - Qubadlı, 8 Noyabr - Şuşa, 20 Noyabr - Ağdam, 25 Noyabr - Kəlbəcər şəhəri günləri keçiriləcək.
Sərəncamda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri ilə birlikdə bu məsələlərin həlli üçün zəruri tədbirlərin görülməsi tapşırılıb. 

 

Şəhər hekayəsi

 

Şəhər günləri ayrı-ayrı şəhərlərin həyatında xüsusi yer tutan tarixlərin hekayəsini yaşatmaq, təbliğ etmək, mahiyyətini anlatmaq üçün dünyanın müxtəlif ölkələrində istifadə olunan xoş bir ənənədir. Şəhər günlərində, adətən, ayrı-ayrı rəsmi tədbirlər, paradlar, el şənlikləri, sərgi və festivallar, konsertlər, küçə nümayişləri, yarış və müsabiqələr və digər mədəni-kütləvi tədbirlər təşkil olunur. Şəhər günü, əsasən, atəşfəşanlıqla tamamlanır. Azərbaycan Prezidentinin müvafiq sərəncamı əsasında azad şəhərlərimizin hər birinin şəhər gününün keçirilməsi bu şəhərlərin həyatında gözəl bir ənənəyə çevriləcək, azadlıqdan sonra başlanmış yeni tarixində özünəməxsus rol oynayacaq.

 

Qurub-yaratmaq əzmi

 

Azərbaycan Prezidenti ordumuzun gücü ilə azad etdiyi torpaqlarımızı öz iqtisadiyyatımızın gücü ilə dirçəldir. Həm də bu torpaqlarda həyata keçirilən tədbirlər, sadəcə, evlərin, infrastruktur obyektlərinin bərpası, yaşamaq üçün minimal şəraitin yaradılması xatirinə aparılmır. Azərbaycan Prezidenti azad şəhərlərimizi dünyanın ən gözəl, ən müasir yaşayış məskənləri timsalında başdan qurub-yaradır. Bu gün keçmiş məcburi köçkünlərimizin yurda dönüb yaşamağa başladıqları Laçın şəhəri, Ağalı kəndi, Talış kəndi gözəlliyinə, səliqə-səhmanına, infrastruktur imkanlarına görə dünyanın ən müasir yaşayış məntəqələri sırasındadır. Azərbaycan Prezidenti azad yurdlarımızda həyata keçirilən tədbirlərin hər addımını nəzarətində saxlayır. Az qala hər bir daşın-kərpicin də yerli-yerində olmasına diqqət yetirir. Çünki bu gün Qarabağda, Şərqi Zəngəzurda qoyulan hər daş, hər kərpic, sadəcə, tikinti elementi deyil, möhtəşəm bir tarixin parçasıdır, simvoludur, rəmzi anlam daşıyır. Azad yurdlarımızda görülən hər iş, həyata keçirilən hər tədbir dövlətimizin gücünü, qüdrətini, müstəqil həyatında qazandığı zəngin təcrübəni ifadə edir. Bütün bu işlər azad yurdlarımızda qurulan Azərbaycandır, Vətənin böyük bir parçasının uzun illərin ayrılığından, möhnətindən sonra yenidən inkişaf axarına qovuşmasıdır. Ona görə də bütün işlərin qüsursuz həyata keçirilməsi, nümunə yaratması əsas şərtdir. 
Mühüm məqamlardan biri də budur ki, Qarabağda, Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq tədbirlərini Azərbaycan heç kimin yardımına, maddi vəsaitinə ehtiyac duymadan yalnız öz resursları hesabına həyata keçirir. Qısa müddətdə bərpa olunan, qurulan şəhərlərimizin yeni siması müstəqil Azərbaycanın nə qədər böyük gücə sahib olduğunu göstərir.     

 

İbrət dərsi

 

"Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun".
Prezident İlham Əliyevin bu ilin 28 mayında Laçında, doğma şəhərə qayıdaraq məskunlaşmış əhali ilə görüşündə səsləndirdiyi bu fikirlər, əslində, işğaldan azad edilmiş yurdlarımızın bütün yaşayış məskənlərinə aiddir. Dövlətimiz bərpa-quruculuq prosesi ilə bağlı bütün işləri planlı şəkildə, mərhələ-mərhələ həyata keçirir. İnsanlara bu torpaqlarda təkcə yaşamaq üçün deyil, işləyib firavan güzəranlarını təmin etmək üçün də şərait yaradılır. Ermənilərin 30 il ərzində vəhşi kimi dağıtmaqdan, ələ keçən, gözə görünən nə varsa söküb-satmaqdan, mina basdırmaqdan, kimyəvi tullantılarla zəhərləməkdən başqa heç bir iş görmədikləri bu torpaqlara Azərbaycan həyat gətirir, bu torpaqlarda işğal yaralarını sağaldır, möhtəşəm bir gələcək qurur. Bütün bunlar torpağın əsl sahibinin kim olduğunu bütün dünyaya göstərən görkdür. Ermənilər 30 il ərzində işğal altında saxladıqları torpaqlarda nə özləri yaşaya bilir, nə də bizə yaşamağa imkan verirdilər. Əslində, heç zaman da yaşaya bilməzdilər. Çünki yaşamağı bacarmaqdan ötrü düşüncələrində aydın bir gələcəyin təsviri olmalıdır. Qarşına real məqsədlər qoymalısan. Nə etdiyini, nə edəcəyini bilməlisən. Bu təsviri reallığa çevirməkdən ötrü milli potensial formalaşdırmalısan. Eyni zamanda bu potensial özünün və qonşularının faciələrinə deyil, xoşbəxtliyinə, əməkdaşlığına, insanlıq üçün fayda yaratmaq əzminə xidmət etməlidir.
Ermənilərin isə düşüncələrində əsrlər boyu uydurduqları saxta miflərdən başqa heç nə yox idi. Ona görə də ötən əsrin 90-cı illərinin əvvəllərindəki siyasi təlatümlərdən istifadə edən ermənilər havadarlarının əli ilə torpaqlarımızı işğal etdikdən sonra reallıqla üz-üzə qalarkən hansı addımı atacaqlarının fərqində olmadılar. Saxta miflərin dumanından bir addım irəlini görə bilmədiklərindən başlarını itirdilər. Anladılar ki, Azərbaycan torpaqlarında nəsə sosial-iqtisadi dəyər yaratmaq üçün onlarda nə milli potensial, nə təpər var. Beləliklə, 30 illik işğal dövründə tarixboyu "ən yaxşı bacardıqları" əməllərə - dağıdıcılığa, vandalizmə əl atdılar. Göstərdilər ki, özlərini dünyaya mədəni, sivil millət kimi qələmə verməkdən ötrü əsrlərdir bütün cidd-cəhdlərə rəğmən, ibtidai vəhşi qəbilə təfəkküründən bir addım da irəli gedə bilməyiblər.
Şanlı ordumuzun Zəfəri ermənilərin özləri haqqında uydurduqları bütün mifləri darmadağın etdi. "Dəmir yumruğ"un zərbəsi düşmənin əsrlərdən bəri zəhərli düşüncələrlə doldurulmuş başını əzdi. Bu gün Azərbaycan Qarabağda, Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq, bərpa tədbirləri ilə ermənilərə də, onların beynəlxalq aləmdəki havadarlarına da ibrət dərsi verir. Göstərir ki, inkişaf da, xoşbəxt gələcək də Azərbaycandadır. Müharibə başa çatdıqdan, tarixi ədalət bərpa olunduqdan sonra Azərbaycanın Cənubi Qafqazda əbədi sülh, yaşadığımız regionun inkişaf cənnətinə çevrilməsi üçün xoş məramla uzatdığı güclü əllərindədir. Yenə xəstə xülyalara qapılıb Azərbaycana qarşı revanş düşüncəsi ilə yaşamaqda deyil, bölgənin əsas söz sahibi kimi getdikcə irəli gedən, başqalarına da inkişaf imkanları yaradan bu güclü dövlətlə sıx əməkdaşlığın, qarşılıqlı faydaların yollarını aramaqdır. 

 

Sülh arzusu

 

Vətən müharibəsindəki Zəfərimizdən sonra daha da gücləndirilən ordumuzla, milli ruhda yetişən vətənpərvər gənc nəslimizlə Azərbaycan bundan sonra bizə kəm baxanları istənilən bəd əməlinə peşman etmək gücündədir. Lakin biz sülh istəyir və buna can atırıq. Çünki müharibə arzusu başqalarının torpaqlarına, resurslarına göz dikən, dolanışığını qandan, ölümdən qazanan yağıların işidir. Torpağın əsl sahibi heç zaman müharibə, qan-qada istəməz. Çünki tarixən sahib olduğun torpaqlarda qurub-yaratmaqdan, xoşbəxt yaşamaqdan ötrü sülhdən mühümü yoxdur. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda, Şərqi Zəngəzurda görülən işlər, eləcə də Ermənistanla daimi sülhün əldə olunması üçün aparılan danışıqlar Azərbaycan xalqının nə qədər qurucu, sülhpərvər xalq olduğunu bütün dünyaya göstərir. 
Ermənistan Azərbaycana qarşı bütün ərazi iddialarından əl çəkdikdən və sülh sazişi imzalandıqdan sonra bu torpaqlarda əbədi sülh mümkün olacaq. Azərbaycanın regionda yaratdığı yeni reallıqla Cənubi Qafqazın həyatında yeni bir başlanğıcın təməli qoyulacaq. Azərbaycanın liderliyi ilə bu region əsl inkişaf, cənnət məkanına çevriləcək. Şanlı Zəfərimizlə bağlı olan şəhər günləri də bundan sonra əsrlər boyu gələcək nəsillərə xalqımızın haqq mübarizəsinin, böyük zəhmət, fədakarlıq bahasına əldə edilmiş nailiyyətlərimizin qürur dolu hekayəsini anladacaq.
 
İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Belarus Prezidenti: Minsk ölkənin qapalı və təcrid olunması barədə Qərbin formalaşdırdığı mifi məhv edib  

19:11
18 Dekabr

Aleksandr Lukaşenko: Dünyada üç güc qütbü var – Çin, Rusiya və ABŞ  

19:03
18 Dekabr

BMT-nin rezident-əlaqələndiricisi minatəmizləmə fəaliyyəti barədə məlumatlandırılıb  

18:59
18 Dekabr

YAP Gənclər Birliyi hesabat verib  

18:51
18 Dekabr

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 74-cü iclası keçirilib  

18:48
18 Dekabr

Kreml Amerika tərəfi ilə Mayamidə görüşə hazırlığı təsdiqləyib  

18:41
18 Dekabr

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  

18:33
18 Dekabr

Ekspert: Azərbaycandan Ermənistana neft yükünün tədarükü Vaşinqtonda sülhə dair əldə edilmiş razılığı təsdiqləyir  

18:23
18 Dekabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Naxçıvanda səfərdədir  

18:18
18 Dekabr

Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modelləri hazırlanıb  

18:02
18 Dekabr

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!