25 Dekabr 2024 08:30
182
SİYASƏT
A- A+
İlham Əliyev Azərbaycanı qlobal miqyasda söz sahibinə çevirib

İlham Əliyev Azərbaycanı qlobal miqyasda söz sahibinə çevirib


Azərbaycanın inkişafında, gələcəyə əmin addımlarla irəliləməsində lider fenomeni müstəsna rol oynayır. Bu baxımdan əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. 15 oktyabr 2003-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərində seçicilərin 76 faizdən çox səsini toplayaraq inamlı qələbə qazanan cənab İlham Əliyev ötən 21 il ərzində Azərbaycanın qazandığı uğurların müəllifidir. Həmin seçkilərdə xalq öz səsini Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. 

Azərbaycan xalqı İlham Əliyevi prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. 

Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi, həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində reallaşıb. Onun şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. 

Prezident İlham Əliyev öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək bacarığı ilə güclü siyasi Lider olduğunu təsdiqləyib. Məlumdur ki, müstəqil siyasət əsas etibarilə ölkəyə rəhbərlik edən liderin şəxsi keyfiyyətlərindən və effektiv idarəetməsindən, bütövlükdə, onun istinad etdiyi rasional davranış modelindən asılıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ləyaqətli siyasət, kifayət qədər cəsarət və ölkənin gələcəyi üçün aydın strategiya mövcud olduğu halda müstəqil siyasət yeritmək mümkündür. Azərbaycan bu gün də müstəqil siyasət aparır. Bu siyasət ilk növbədə Azərbaycan xalqının iradəsinə əsaslanır. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyini təmin edən əhəmiyyətli strateji faktor kimi çıxış edir. Eyni zamanda mütəmadi surətdə həyata keçirilən islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. 

2018-ci ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı islahatlar daha böyük vüsət aldı. İslahatlar siyasi sferanı da əhatə edir. Bu istiqamətdə uğurlu işlərin nəticəsidir ki, Prezident İlham Əliyev ölkədə yeni siyasi konfiqurasiyanın formalaşdığını bəyan edib. Müxtəlif siyasi partiyalar Milli Məclisdə, həmçinin parlamentin rəhbərliyində təmsil olunurlar. Ölkədə aparılan bu milli vəhdət həm müxalifət-iqtidar münasibətlərində, həm də müxalifət partiyalarının öz aralarında konstruktiv münasibətlərinin yaradılmasına imkan verib. 

Azərbaycanda siyasi münasibətlərin inkişafı, siyasi partiyalar arasında sağlam dialoq mühiti yüksək səviyyədədir. Ölkədə fəaliyyət göstərən siyasi partiyalar ümummilli məsələlərdə vahid mövqedən çıxış edirlər. Biz bunu 44 günlük Vətən müharibəsində də gördük. Belə ki, partiyalar birgə bəyanat imzalayaraq Ali Baş Komandana və Azərbaycan Ordusuna dəstək nümayiş etdirdilər. Müharibənin davam etdiyi günlərdə və ondan sonra da bu tipli birgə bəyanatların şahidi olduq.

Ölkəmizdə siyasi münasibətlərin inkişafından söz düşərkən burada hakim Yeni Azərbaycan Partiyasının rolu xüsusi vurğulanmalıdır. YAP fəaliyyət göstərdiyi dövr ərzində hər zaman ölkədə siyasi qüvvələrin sağlam əlaqələrinin qurulması, ümummilli məsələlərdə vahid mövqedən çıxış edilməsinin təşəbbüskarı olub. Bütövlükdə, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən 32 ildə böyük inkişaf yolu keçib. YAP ölkəmizdə çox ağır və mürəkkəb siyasi proseslər zamanı tarixi zərurətdən yaranmış bir partiya olaraq qısa zamanda xalq arasında böyük nüfuz qazanıb, çünki hər zaman öz fəaliyyətində ümummilli maraqları öndə tutub. Görülmüş işlər və aparılan islahatlar sayəsində Yeni Azərbaycan Partiyası regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilib. 

Azərbaycanın daxili və xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Respublikamız xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Eyni zamanda ölkəmizin iqtisadi gücü elə bir səviyyəyə çatıb ki, dünya bazarlarında baş verən kəskin dəyişikliklərin, böhranların ona təsir gücü ən aşağı həddədir. Cənubi Qafqaz iqtisadiyyatının təxminən 80 faizini təşkil edən Azərbaycan iqtisadiyyatı gücünə görə regionda liderdir. Ölkədə həmçinin əhalinin gəlirlərinin stabil artımı həyata keçirilib, sosial-siyasi sabitlik təmin olunub. Prezident İlham Əliyevin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Ümumiyyətlə, dövlətimizin başçısının sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır. Azərbaycanda sürətli inkişaf təbii olaraq dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihədə real əksini tapıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır". Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bundan sonra da böyük nailiyyətlərə imza atacaq. 2003-cü ilin oktyabrında Ulu Öndər Heydər Əliyevin xalqımıza xitabən "Mən İlham Əliyevə özüm qədər inanıram. Mənim axıra çatdıra bilmədiyim işləri sizin dəstəyinizlə İlham Əliyev həyata keçirəcək" fikirlərinə Azərbaycan vətəndaşları sadiq qalaraq son 21 ildə dövlət başçısının siyasətini birmənalı olaraq dəstəkləyib. Bu mənada 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri Zəfər seçkisi idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirildi. Cənab İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. 

Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Bu gün Azərbaycan qlobal əhəmiyyətli təşəbbüslərin müəllifidir. Həyata keçirilən praqmatik xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət edir. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən Prezident İlham Əliyevin beynəlxalq təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ən aktiv və nüfuzlu üzvlərindən biridir. Azərbaycan son illərdə İƏT-in bir neçə konfransına evsahibliyi edib. ICESCO tərəfindən 5 minillik qədim tarixə malik Naxçıvan şəhəri 2018-ci il üçün, Şuşa şəhəri isə 2024-cü il üçün "İslam mədəniyyətinin paytaxtı" seçilib. Azərbaycanın qlobal mədəniyyətlərarası dialoqun ünvanlarından birinə çevrilməsi ölkəmizin beynəlxalq statusunun və beynəlxalq tərəfdaşlarının sayının artmasına səbəb olub. 

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi də Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Bu gün Türk Dövlətləri Təşkilatı beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. 

Bütün bunlarla yanaşı, Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a evsahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. COP29-a 80 dövlət və hökumət başçısı, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçı qatıldı. Karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olundu. Azərbaycanın COP29 sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan etdi. BMT-nin İqlim Sammiti üçün COP29 sədrliyinin əsas prioriteti üzrə əldə olunan uğur əvvəlki 100 milyard ABŞ dolları həcmində iqlim maliyyəsi hədəfindən əhəmiyyətli dərəcədə artım deməkdir və qlobal investisiyaların yeni dalğasına təkan verəcək. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir.

Bu günlərdə Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv qəbul edilməsi isə növbəti tarixi uğur hesab edilir. 2024-cü il 19 dekabr tarixdə Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı təşkilata üzv qəbul edilməsində Azərbaycanın namizədliyinə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeş tərəfindən dəstək göstərilməsi bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir. 

Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022-2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olub. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Azərbaycanda sürətli inkişaf təbii olaraq dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sahəyə ciddi sirayət edib və bir çox sosial proqram və layihədə real əksini tapıb. Ölkəmizin enerji siyasəti bu xüsusda mühüm önəm kəsb edir. Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verib, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaradıb. Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirib, dövlətimizi Cənubi Qafqazın liderinə çevirib. 

Bölgələrin inkişafında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin formalaşdı. Eyni zamanda Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü təsdiqləndi. Yeni bölgüyə əsasən, iqtisadi rayonların sayı 10-dan 14-ə çatdırıldı. Bu bölgü Qarabağ bölgəsinin sürətli inkişafına xidmət edir. Bunun üçün Qarabağ iqtisadi rayonu yaradıldı.

Sözsüz ki, müasir Azərbaycan tarixinin ən böyük qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi uzun müddət həyata keçirilən siyasətin bütün parametrlərinin hərbi, siyasi, diplomatik müstəvidə təsdiqi idi. Məhz Zəfəri reallığa çevirmiş effektiv ordu quruculuğunun nəticəsində Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyini tam təmin etməyə nail oldu. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına qələbəni bəxş etmiş müzəffər orduya çevrilib. 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunub. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəldib. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Noyabrın 9-dan 10-na keçən gecə Ermənistanı məcbur etdi ki,  kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atılmadan, bir şəhid verilmədən geri qaytarıldı. Ölkənin 30 ilə yaxın pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr milli mətbuatımızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. 

Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixdə "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması növbəti uğur idi. Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Beləliklə, 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti,  Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağını qaldırdı. Bu həmin tarixdən 20 il öncə Prezident İlham Əliyevin Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq sözünün yerinə yetirilməsinin bariz nümunəsi idi. Müzəffər Ali Baş Komandanın təşəbbüsü əsasında Vətən müharibəsində qələbə münasibətilə "Zəfər" və "Qarabağ" ordenləri, həmçinin 15 yeni medal təsis olunub. Bu qəhrəman əsgər və zabitlərimizin qəhrəmanlığına verilən ən yüksək qiymət hesab olunur. 

Ərazilərimizin azad edilməsindən sonra Qarabağ və Şərqi Zəngəzurda geniş bərpa-quruculuq işləri icra edilir. Böyük qayıdışa dair dövlət proqramı qəbul edilib. Dövlət proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, dövlət proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Böyük qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevrilməsindən ibarətdir. 2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə toplam 22 milyard manata yaxın vəsait ayrılıb. O cümlədən 2025-ci il dövlət büdcəsindən bu məqsədlə 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Qısa zamanda bölgədə üç hava limanının inşa olunması, 100 kilometrlərlə dəmir yolunun çəkilməsi regionun logistik simasını tamamilə dəyişdirir. 

Prezident İlham Əliyev sevincli günləri həmişə xalqı ilə bölüşüb. Ad günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezident şəhid ailələri üçün inşa edilmiş yeni evlərin təqdimatında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşüb. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident 60 illiyini də Qarabağda - Şuşada keçirib. 2022-ci il 24 dekabr tarixdə cənab Prezident Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. 2023-cu ildə isə ad günündə Prezident İlham Əliyev Ağdama səfər edərək, bir sıra infrastruktur obyektlərinin açılışında iştirak edib və təməlini qoyub. Təbii ki, tarixi qələbə bütün regiona sülh və davamlı inkişaf imkanı qazandırıb. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişib və ölkələrin inkişafı üçün yeni imkanlar açılıb. Münaqişənin həlli regionun təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Ölkəmiz qalib Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı dövrdə daha böyük uğurlara və hədəflərə nail olacaq.


Sevinc HÜSEYNOVA,

Milli Məclisin deputatı, YAP Təftiş komissiyasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstan FHN Aktauda təyyarə qəzası ilə bağlı son məlumatları açıqlayıb

19:49
25 Dekabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025-ci ilin yanvar ayında vətəndaşların qəbulu CƏDVƏLİ

19:42
25 Dekabr

AZAL: İstintaq prosesi başa çatanadək Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reyslər dayandırılır  

19:36
25 Dekabr

Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər YENİLƏNİB 2

18:58
25 Dekabr

TBMM-in sədri təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədrinə başsağlığı verib  

18:47
25 Dekabr

Dekabrın 31-dən yanvarın 2-dək ölkə ərazisində gözlənilən ilkin hava proqnozu  

18:32
25 Dekabr

AZAL təyyarə qəzasında həyatını itirən sərnişinlərin yaxınlarına başsağlığı verib  

17:47
25 Dekabr

Milad günü Norveçdə qatarların hərəkəti dayandırılıb

17:26
25 Dekabr

"İdmançılarımıza ən yüksək qiyməti Prezident İlham Əliyev verib"

17:25
25 Dekabr

Roma Papası Ukrayna və Yaxın Şərqdəki vəziyyəti nizamlamağa çağırıb

17:22
25 Dekabr

Prezident İlham Əliyev: Təyyarə qəzası ilə bağlı məsələ tam araşdırılmalıdır

17:20
25 Dekabr

Təyyarə qəzası ilə bağlı Qazaxıstanda araşdırmalara başlanılıb

17:19
25 Dekabr

Fərid Qayıbov: "Uşaq futboluna sərmayə yatırmalıyıq ki, milli üçün yüksək səviyyəli futbolçular yetişsin"  

17:19
25 Dekabr

Beynəlxalq Multikulturalizm Mərkəzi universitetlərdə monitorinq keçirib

17:01
25 Dekabr

Ən qədim mavi gözlü insan tapılıb

16:45
25 Dekabr

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirib YENİLƏNİB

16:20
25 Dekabr

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

16:05
25 Dekabr

Rusiya Prezidenti MDB sammitinin iştirakçıları adından Aktauda təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib  

16:02
25 Dekabr

“Honor” flaqman smartfonunu təqdim edib  

15:45
25 Dekabr

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında

15:43
25 Dekabr

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında  

15:41
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!