21 Oktyabr 2025 08:05
502
SİYASƏT
A- A+
İki dövlət, bir hədəf

İki dövlət, bir hədəf


Azərbaycan-Qazaxıstan iqtisadi münasibətləri bütövlükdə türk dünyasının güclənməsinə xidmət edir


Son illər Azərbaycan və Qazaxıstan arasında iqtisadi münasibətlər daha sürətlə inkişaf edir. Ticarət, enerji və nəqliyyat sahələrində qurulan geniş əməkdaşlıq iki ölkə arasındakı əlaqələrin yeni mərhələyə çatdığını göstərir. 

Təkcə bu ilin birinci yarısında Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə dörd dəfədən çox artaraq 501 milyon dolları keçib. Keçən il isə bu göstərici 50 faiz artımla 470 milyon dollara yüksəlmişdi. Bu yüksəliş həm ikitərəfli əlaqələrin dinamikasını göstərir, həm də bütövlükdə Avrasiya regionunda iqtisadi inteqrasiyanın güclənməsinə əlavə təkan verir. 

Prezident İlham Əliyev oktyabrın 18-də Qazaxıstanın "Kazinform" agentliyinə verdiyi  müsahibəsində iki ölkə arasında nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin "yaşıl enerji" sahəsində birgə işin perspektivlərindən, Türk Dövlətləri Təşkilatı  (TDT) çərçivəsində təşəbbüslərdən söz açaraq deyib: "Bu günə qədər ölkədə Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb. Bu, investisiya mühitinə yüksək etimadı təsdiq edir və  qarşılıqlı iqtisadi fəaliyyətin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildə göstərir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla 547 milyon dollara çatıb. Bu artım Orta dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır". 

Bu gün  iki ölkə arasında təkcə enerji və nəqliyyat deyil, logistika, kənd təsərrüfatı və sənaye sahələrində də əməkdaşlıq önəmli yer tutur. Xəzər dənizi üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri, xüsusən Orta dəhliz layihəsi çərçivəsində birgə fəaliyyət Azərbaycanın və Qazaxıstanın həm  regional, həm də qlobal ticarət sistemindəki rollarını gücləndirir. Azərbaycan və Qazaxıstan arasında birgə iqtisadi komissiyaların fəaliyyəti, sərmayə qoyuluşu, həmçinin  iş adamları arasında əlaqələrin genişləndirilməsi də iqtisadi münasibətlərin davamlı inkişafına xidmət edir. Bunlardan əlavə, nəqliyyat-kommunikasiya xətlərinin genişləndirilməsi, xüsusən 44 günlük Vətən müharibəsindən sonrakı dövrün reallığı olan Zəngəzur dəhlizinin (TRIPP) gündəmə gəlməsi Qazaxıstan üçün strateji baxımdan yeni imkanlar açır. Bu dəhliz regionun birləşdirilməsi və Avrasiya məkanında ticarət, logistika sahəsində canlanma yaratmaq baxımından strateji əhəmiyyətə malikdir. Çox vacib haldır ki, Azərbaycan və Qazaxıstan bu məsələdə ortaq maraqlara malikdir və məqsədləri üst-üstə düşür.

İki ölkənin beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizinə çevrilməsini hədəfləyən böyük layihələrdən biri də "Rəqəmsal İpək yolu"dur. Avropa ilə Asiyanı birləşdirəcək bu təşəbbüs çərçivəsində həyata keçirilən Xəzəraltı fiber-optik kabel magistralının inşası regionun rəqəmsal inteqrasiyasına və informasiya təhlükəsizliyinə mühüm töhfə verəcək. Bu strateji layihə Xəzər dənizinin dibi ilə 380 kilometr uzunluğunda fiber-optik kabel xəttinin tikintisini nəzərdə tutur. Bu xətt Azərbaycanın Sumqayıt və Qazaxıstanın Aktau şəhərlərini birləşdirəcək, yüksəkhəcmli məlumatların ötürülməsini və 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısını təmin edəcək.

Belə mühüm layihədə Azərbaycan və Qazaxıstan birgə  addım atırlar. Xatırladaq ki, 2022-ci il sentyabrın 28-də "AzərTelecom" və "Kazakhtelecom" şirkətləri arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsinə dair strateji tərəfdaşlıq memorandumu imzalanmışdır. Layihə sadəcə iki ölkənin deyil, bütün regionun informasiya və texnologiya sahəsində gələcək inkişaf perspektivlərini müəyyən edir. "AzerTelecom" və "Kazakhtelecom" şirkətləri tikinti işlərini 2026-cı ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırır.

Bütün bunlarla yanaşı, iki ölkə arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam edir. Bu əməkdaşlıq çərçivəsində Qazaxıstan mənşəli xam neft Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə dünya bazarına çatdırılır, Azərbaycanda emal olunur və digər işlər görülür. Yeri gəlmişkən qeyd edək ki, "SOCAR Midstream Operations" MMC 2023-cü ilin martından etibarən Qazaxıstanın Tengiz yatağından ayda 125 min ton həcmində neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinə başlayıb. Sözügedən müsahibədə Prezident İlham Əliyev bu məsələyə də toxunub: "Neft-qaz sektorunda SOCAR və "KazMunayQaz" Milli Şirkəti arasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlı baş saziş imzalanıb. 2024-cü ildə tranzit həcmlərinin mərhələli şəkildə artırılması və tariflərin aşağı salınması haqqında saziş imzalanıb. Aktau və Ələt limanları vasitəsilə daşımaların səmərəliliyini artırmaq üçün infrastrukturun modernləşdirilməsi, qatarların və s. yenilənməsi üzrə həyata keçirilən tədbirlər Orta dəhlizin Avropa ilə Asiya arasında əsas tranzit marşrutu kimi mövqeyinin möhkəmlənməsinə imkan verəcək".

Azərbaycan və Qazaxıstan arasında mövcud olan iqtisadi əməkdaşlıq  bütövlükdə regionun inkişafı və sabitliyi baxımından mühüm əhəmiyyət daşıyır. Energetika sahəsində, xüsusilə neft və qaz layihələri ətrafında əməkdaşlığın güclənməsi, həmçinin nəqliyyat, logistika və kənd təsərrüfatı sahələrində inkişaf edən əlaqələr ikitərəfli münasibətlərin möhkəmlənməsinə və TDT çərçivəsində inteqrasiyanın dərinləşməsinə xidmət edir. Gələcəkdə birgə layihələrin və investisiya təşəbbüslərinin daha da genişlənməsi bu strateji tərəfdaşlığın potensialını tam reallaşdırmağa imkan verəcək.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!