Azərbaycan gəncliyi, idmançısı üzərinə düşən missiyanı, ona həvalə edilən vəzifəni layiqincə yerinə yetirməyə hazırdır.
Çünki ona hərtərəfli qayğı və diqqət göstərilir, idmanın inkişafına ciddi fikir verilir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan azsaylı ölkələrdəndir ki, idman gününü təsis edib. Belə ki, 2005-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 5 mart tarixi ölkəmizdə "Bədən Tərbiyəsi və İdman Günü" kimi qeyd olunur.
Xatırladaq ki, 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev ölkədə bədən tərbiyəsi və idmanın inkişafında yeni bir mərhələnin əsasını qoyaraq, dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüş keçirib və bundan sonra ölkəmizdə İdman Fondu yaradılıb. Bu tarixin əbədiləşdirilməsi məqsədilə Azərbaycanda idman gününün təsis olunması ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.
Sevindirici haldır ki, bu gün Azərbaycan idmanı inkişafının ən yüksək dövrünü yaşayır. Hər il müxtəlif nüfuzlu beynəlxalq yarışların Azərbaycanda keçirilməsi və atletlərimizin turnirlərdə qazandığı yüksək nəticələr ölkəmizə böyük imic qazandırıb. Bu bayram günündə idmanımızın ötən bir ildə keçdiyi yola nəzər salsaq, böyük nailiyyətlər qazanıldığını görərik.
Ümumiyyətlə, 2023-cü il ərzində Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə 1472 medal qazanıblar. İdmançılarımız Avropa Oyunları, MDB Oyunları kimi mötəbər turnirlərdə qüvvələrini sınayıblar. Əsas millilərlə yanaşı, yeniyetmələr, gənclər və veteranlar da beynəlxalq turnirlərdə uğurlu çıxışlarla yadda qalıblar.
Ötən il Azərbaycan 3 dünya çempionatına evsahibliyi edib. Bakıda taekvondo üzrə 26-cı, atıcılıq üzrə 53-cü və hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı təşkil edilib. Həmçinin idman gimnastikası, bədii gimnastika, şahmat üzrə Dünya Kuboku, "Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün idmançılar ölkəmizdə səfərdə olublar.
Yola saldığımız ildə ən yaddaqalan idman hadisələrindən biri Polşada keçirilən III Avropa Oyunları idi. Avropa Oyunlarında Azərbaycanı 86 idmançı 13 növdə təmsil edib. Atletlərimiz 11 medal qazanıblar ki, bunlardan 3-ü qızıl, 2-si gümüş və 6-sı bürünc əyarlıdır.
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Serbiyanın paytaxtı Belqradda reallaşan dünya çempionatında tarixi uğura imza atıb. Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) dünya çempionu olublar, Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) gümüş medal qazanıblar. Həsrət Cəfərov və Sənan Süleymanov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə ediblər. Yığmamız 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olub. Sərbəst güləşçilərdən Osman Nurməhəmmədov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) dünya ikincisi olublar. Maqomedxan Maqomedov həm də olimpiadaya lisenziya əldə edib.
Azərbaycanın qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının qalibi adını qazanıb. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda üç lent və iki topla yarışın qalibi olub. Bundan başqa, böyüklərdən ibarət komandamız çoxnövçülükdə üçüncü yeri tutub. Gimnast Zöhrə Ağamirova isə topla yarışda bürünc mükafata yiyələnib.
Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında Azərbaycan cüdoçuları 2 qızıl medal qazanıblar. Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) öz çəki dərəcələrində birinci yeri tutublar.
Kikboksinq üzrə Azərbaycan millisi Portuqaliyanın Albufeyra şəhərində keçirilən dünya çempionatında 13 medal qazanaraq rekorda imza atıb. Onlardan 6-sı qızıl, 1-i gümüş, 6-sı bürünc mükafat olub. Eduard Məmmədov karyerası ərzində 28-ci dəfə dünya çempionu adını qazanıb.
Azərbaycan dünyanın ən böyük idman tədbirlərindən biri olan "Formula-1" üzrə dünya çempionatına ötən mövsüm 7-ci dəfə evsahibliyi etdi. Azərbaycan Qran-prisi maraqlı və gərgin mübarizə ilə yadda qaldı. 500 milyondan artıq tamaşaçı kütləsinə malik yarışı 60-dan çox ölkədən çoxlu sayda azarkeş paytaxtımızda tribunalardan izlədi.
Ötən il minifutbol üzrə milli komandamızın dünya çempionatında uğurlu çıxışı, "Qarabağ" klubunun isə avrokuboklarda ardıcıl 10-cu dəfə qrup mərhələsinə vəsiqə qazanması, ardınca Avroliqada 1/8 final mərhələsinə yüksəlməsi yaddaqalan idman hadisələri sırasındadır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda geniş abadlıq-quruculuq işləri gedir. Azad edilmiş ərazilərdə müasir tələblərə cavab verən idman infrastrukturunun qurulması da əsas diqqət mərkəzindədir. Heç şübhə yoxdur ki, tezliklə yeni olimpiya idman komplekslərinin, digər idman müəssisələrinin inşa ediləcəyi əsas məkanlardan biri də işğaldan azad edilən ərazilərimiz olacaq. Avarçəkmədən tutmuş güləşə, şahmatdan başlamış müxtəlif digər intellektual və komanda oyunlarına qədər, eləcə də bir çox digər idman növlərində Azərbaycanı layiqincə təmsil edəcək yeni idmançılar nəsli işğaldan azad olunmuş ərazilərimizdə də yetişəcək.
Elçin CƏFƏROV,
"Azərbaycan"