Heydər Əlirza oğlu Əliyev XX əsrdə Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi əvəzsiz tarixi şəxsiyyətdir. Bu dahi şəxsiyyət dünyanın ən qüdrətli dövlət xadimləri Franklin Ruzvelt, Şarl De Qoll, Cavahirləl Nehru və Mustafa Kamal Atatürk kimi adını bəşəriyyətin tarixinə qızıl hərflərlə yazdırmışdır.
Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz, birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.
Heydər Əliyev Azərbaycan tarixinin parlaq şəxsiyyətidir. O, gəncliyində Azərbaycan Sənaye İnstitutunun Memarlıq fakültəsinə daxil olmuşdu, memar olmaq istəyirdi. İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməsə də, Heydər Əliyev tarix yaradan şəxsiyyət kimi əvvəlcə sovet dövründə, sonradan isə müstəqillik illərində Azərbaycan dövlətinin memarı oldu.
Müstəqil, suveren dövlətin qurulması və onun inkişafı hər bir xalq üçün ən böyük nailiyyət sayılır. Çünki ərazi, əhali və siyasi hakimiyyət kimi əsas rəmzləri özündə birləşdirən hər hansı siyasi varlığın dövlət olması üçün onun suverenlik, müstəqillik xüsusiyyətinə malik olması vacib şərtdir. Suverenlik isə öz növbəsində istənilən dövlətin mövcud olması və davamlı inkişafı üçün ilkin və əsas şərtdir. Dövlətin suverenliyi üçün isə ilk növbədə hüquqi-siyasi və sosial-iqtisadi bünövrə yaradılmalıdır.
Bizim ölkəyə münasibətdə qeyd edilməlidir ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və xalqımızın minillik arzusunu tarixi reallığa çevirmiş Ulu Öndər Heydər Əliyevin 1969-cu ilin "14" iyulunda Azərbaycan KP MK-nın Birinci katibi vəzifəsinə seçilməsi ilə ölkəmizin intibah dövrünə qədəm qoyması belə bir bünövrə rolunu oynadı.
Heydər Əliyev Azərbaycan Respublikasına iki dəfə rəhbərlik etmişdir. Birinci dəfə 14 iyul 1969-cu ildə, ikinci dəfə isə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən təxminən 1 il 8 ay sonra, yəni 15 iyun 1993-cü ildə. Ulu Öndərin Azərbaycan Respublikasına rəhbərliyə gəldiyi hər iki dövr ölkənin ən ağır və böhranlı vəziyyət keçirdiyi illərə təsadüf etmişdir. Onun Azərbaycana rəhbərliyə gəldiyi birinci dövr respublika iqtisadiyyatının bütünlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoyması ilə, ikinci dövr isə Azərbaycanın tarixində ən ağır, fəlakətli illər ilə üz-üzə qalması ilə səciyyələnirdi. Ulu Öndər Heydər Əliyev hər iki dövrdə Azərbaycan xalqının və dövlətinin maraqlarını, mənafelərini müdafiə və təmin edən düzgün siyasi qərarlar qəbul edib həyata keçirməklə onu düşdüyü ağır vəziyyətdən çıxara bilmişdir. Ulu Öndərin Azərbaycana bilavasitə rəhbərlik etdiyi 23 ilin 13 ili (1969-1982-ci illər) Sovet hakimiyyəti dövrünün, 10 ili (1993-2003-cü illər) isə artıq Azərbaycanın müstəqillik illərinin payına düşür.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə yaradılmış iqtisadi potensial müstəqillik illərində ölkəmizin inkişafında çox mühüm rol oynadı. Dahi şəxsiyyətin həyata keçirdiyi düşünülmüş daxili siyasət sayəsində ölkəmizdə milli özünüdərk, vətənpərvərliyin gücləndirilməsi istiqamətində də vacib addımlar atıldı. O dövrdə müxtəlif sahələrdə yerli kadrların hazırlanması, həmçinin milli şüurun inkişaf etdirilməsi, milli ruhun yüksəldilməsi sahəsində bir çox mühüm işlər həyata keçirildi.
Ötən əsrin 60-cı illərində sənaye və kənd təsərrüfatının ümumi inkişaf səviyyəsinə, milli gəlirin həcminə və əmək məhsuldarlığının artım sürətinə, habelə əhalinin yaşayış səviyyəsinə görə Azərbaycan ittifaq səviyyəsindən geridə qalırdı. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü məhz belə bir çətin vəziyyətdə başlamışdır. Respublikaya yeni nəfəs, modernləşmə və konseptual yanaşma tələb olunurdu. Heydər Əliyevin apardığı geniş quruculuq işləri və onun şəxsiyyətinə ittifaq səviyyəsində olan hörmətin nəticəsində Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrildi. Bu illərdə elm tutumlu sənayenin, o cümlədən elektrik energetikasının, maşınqayırmanın, kimya və neft-kimyanın, həmçinin kənd təsərrüfatının sürətli inkişafı təmin olundu, Azərbaycan əksər iqtisadi göstəricilərinə görə orta ittifaq səviyyəsini ötdü. Azərbaycan istehsalı olan kondisioner, soyuducu və digər sənaye brendləri, nəinki ittifaq bazarlarında satılırdı, hətta xarici ölkələrə ixrac olunmağa başlamışdı. O zaman Heydər Əliyev iqtisadiyyatın əsas probleminin həllinə-məhsuldarlığın artırılmasına nail olmuşdur. Belə ki, 1969-1982-ci illərdə Azərbaycanda ictimai əmək məhsuldarlığı 1,8 dəfə, əhalinin hər nəfərinə düşən pul gəlirləri isə 2 dəfə artmışdır. Heydər Əliyevin rəhbərliyi ilə 13 il ərzində Azərbaycan ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə qədər yol keçmişdir və məlumdur ki, SSRİ-nin dağılması ərəfəsində keçmiş ittifaqın tərkibində olan respublikalardan yalnız ikisi tam müstəqil olaraq, öz iqtisadiyyatını idarə etmək imkanına malik idi: Rusiya və Azərbaycan! Sovet İttifaqında Rusiya və Azərbaycan özünü təmin edən, donor respublika idilər. Həmin illərdə Azərbaycanın bu səviyyəyə qalxmasının əsas səbəbi isə keçən əsrin 70-80-ci illərində ona məhz, Heydər Əliyev kimi güclü liderin rəhbərlik etməsi idi. 1982-ci ilin dekabrında Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkildi. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etmişdi. Həmin dövrdə SSRİ-də Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı önəmli qərarlar qəbul edilmişdir.
1987-ci ildə Heydər Əliyevin sovet rəhbərliyindən istefasından sonra Azərbaycanın problemləri başlamaqla, Dağlıq Qarabağ münaqişəsinin əsası qoyuldu və respublikada ictimai-siyasi və sosial-iqtisadi böhran getdikcə dərinləşməyə başladı. Çünki 1982-ci ilin sonunda Heydər Əliyev SSRİ-nin rəhbərliyində təmsil olunduqdan sonra, xüsusilə də 1988-1993-cü illərdə Azərbaycana rəhbərlik etmiş bəzi səriştəsiz adamların fəaliyyətsizliyi üzündən SSRİ vaxtı xüsusilə də, keçən əsrin 70-80-ci illərində burada yaradılmış böyük iqtisadi potensial ilbəil dağıdılıb talan edilməyə başlanılmış və 1991-1993-cü illərdə özünün kulminasiya mərhələsinə qədəm qoymuşdur. Nəticə etibarilə 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini yenicə bərpa etmiş gənc Azərbaycan Respublikası o vaxt bəlkə də bütün tarixi boyunca ən çətin və mürəkkəb günlərini yaşayırdı. Bir tərəfdən ölkənin üzləşdiyi hərbi məğlubiyyət digər bir tərəfdən daxili siyasi böhranla tamamlanırdı. Ölkədə gedən neqativ proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrundakı mübarizə Azərbaycanın müstəqil yaşamasını artıq sual altına qoymuşdu. Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi, bu dövrdə: "Vəziyyət elə təhlükəli xarakter almışdır ki, 1991-ci ildə əlverişli tarixi şəraitin və taleyin xalqımıza bəxş etdiyi imkandan yaranmış müstəqil dövlətimiz qəsdən və yenidən səriştəsizliklər yaranan idarəsizlik nəticəsində real itirilmək təhlükəsi ilə üz-üzə qalmışdır. Beləliklə də, 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixində nəinki itirilmiş illər, həm də bu illərdə Azərbaycan "ölüm, ya olum" dilemması qarşısında qalmışdı".
Məhz o zaman dövlət müstəqilliyinin qorunub saxlanması üçün qətiyyətli və iradəli bir şəxsin ölkə rəhbərliyinə gətirilməsi zərurəti yaranmışdı. 1992-ci ildə xaos, anarxiya vəziyyətində olan ölkəyə xalqı bu çətin vəziyyətdən çıxarmaq bacarığı olan güclü bir liderin rəhbərliyi əsas şərt idi. Azərbaycan xalqı bu məsələdə yalnız Ulu Öndər Heydər Əliyev fenomeninə etibar edə bilərdi. Çünki xalq nicat yolunu yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Elə həmin vaxtlar öz xalqını, dövlətini düşünən 91 nəfər Azərbaycan ziyalısının Heydər Əliyevə müraciəti ilə 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev partiyanın sədri seçildi. Qısa müddət ərzində Ulu Öndər partiyanı inkişaf etdirdi, özünün dediyi kimi, "dünənin, bu günün və sabahın partiyası" səviyyəsinə yüksəltdi. Belə ki, YAP ötən müddətdə ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Az bir vaxtda ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Partiyanın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldildi. Təsadüfi deyildir ki, 1993-cü ilin yayında Azərbaycan vətəndaş müharibəsi başlanan ərəfəsində olanda cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin dühası ilə bağlı idi. Respublikamızın yenidən belə ağır vəziyyətə düşdüyü bir vaxtda-1993-cü ilin 15 iyununda xalqımızın tam əksəriyyətinin təkidli tələbi ilə Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə gətirilməsi Azərbaycanı və bütünlükdə xalqımızı çıxılmaz fəlakətdən xilas etdi. Öz xalqından heç bir təmənnası olmayan bu böyük şəxsiyyət ikinci dəfə hakimiyyətə qayıdarkən "Mənim həyatım xalqa məxsusdur və bundan sonra qalan hissəsini də xalq üçün əsirgəməyəcəm. Həyatımın mənasını ancaq xalqa sədaqətlə xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir" - demiş və yenidən respublikaya rəhbərlik etməyə başladığı ilk gündən- Azərbaycanda həyata keçirilən bütün iqtisadi islahatların və köklü dəyişikliklərin təşkilatçısı və ilhamvericisi olmuşdur. Onun gərgin əməyi, səriştəsi, böyük təşkilatçılıq qabiliyyəti, uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik bərpa edilmiş, ölkəmiz Avropa Şurasının tam üzvlüyünə qəbul olunmuşdur. Məşhur "Əsrin müqaviləsi" imzalanmış və neft strategiyası işlənib hazırlanmış, dünyanın bir çox super dövlətləri ilə neft kontraktları bağlanmış, Qədim İpək yolu bərpa olunmağa və bu məqsədlə TRASEKA proqramı həyata keçirilməyə başlamışdır. Dünyanın bir çox ölkələri ilə iqtisadi əlaqələrimiz genişlənmiş və möhkəmlənmişdir. Heydər Əliyevin ən böyük və tarixi xidmətlərindən biri də dünyada analoqu olmayan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilməsindən, Azərbaycanı Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin başlıca iştirakçısına cəlb edə bilməsindən ibarətdir. Onun neft strategiyasının uğurla həyata keçirilməsinin nəticəsi idi ki, cəmi bir neçə il ərzində ölkəmizə 10 milyarddan çox ABŞ dolları cəlb edilmiş və həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycanda 1989-cu ildən ötən dövr ərzində ilk dəfə olaraq 1996-cı ildə iqtisadiyyatda dirçəliş baş vermiş və əhalinin pul gəlirlərinin artım səviyyəsi qiymətlərin artım səviyyəsini üstələmişdir. 1991-1995-ci illərdə respublikamızda iqtisadi inkişafın ən əsas makroiqtisadi göstəricisi sayılan Ümumi Daxilli Məhsulun (ÜDM) real həcmi ildə 20-25 faiz, sənaye məhsulu istehsalı isə 15-20 faiz azaldığı halda, 1993-2003-cü illərdə ÜDM istehsalı o vaxtın qiymətləri ilə 22,3 dəfə artaraq, 157,1 milyard manatdan 35,1 trilyon manata, adambaşına düşən ÜDM-un həcmi isə 20,3 dəfə artaraq, 21,3 min manatdan 4320,0 min manata, əhalinin pul gəlirlərinin məbləği 17,9 dəfə artaraq, 135,5 milyard manatdan 24,2 trilyon manata, adambaşına düşən pul gəlirlərinin məbləği 16,2 dəfə artaraq, 18,4 min manatdan 2983,4 min manata, iqtisadiyyatda məşğul işçilərin orta aylıq əməkhaqlarının məbləği isə 174,1 dəfə artaraq, 2,2 min manatdan 383,1 min manata gəlib çatmışdır. 1993-2003-cü illərdə respublikamızda 3,0 minə qədər yeni sənaye müəssisəsi açılmış və 2003-cü ilin əvvəlində onların sayı 5202-yə gəlib çatmışdı. Heydər Əliyevin həyata keçirdiyi "açıq qapı" siyasəti nəticəsində müqayisə edilən dövrdə ölkəmizdə fəaliyyət göstərən xarici və müştərək müəssisələrin sayı 3 dəfədən çox artmışdır. Respublikanın təkcə, sənaye sahəsində 40 dövləti təmsil edən 167 xarici investisiyalı müəssisə fəaliyyət göstərmiş və onlar tərəfindən minlərlə iş yerləri açılmışdır.
Qeyd olunan və olunmayan nailiyyətlərin qazanılmasında Ulu Öndər Heydər Əliyevin iqtisadi strategiyası və taktikası mühüm rol oynayıb. Budur Heydər Əliyevin iqtisadi siyasətinin amalı: qurmaq, yaratmaq, mövcud patensialı qoruyub-saxlamaq, ondan səmərəli istifadə etmək və bu yolla ölkənin iqtisadi və hərbi qüdrətini möhkəmlətmək, ərazi bütövlüyümüzü təmin etmək və xalqın həyat səviyyəsinin yaxşılaşdırılmasına nail olmaq.
Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına iki əmanət saxladı: birinci, Azərbaycan Respublikasını, bu onun şah əsəridir. İkinci isə ata vəsiyyətinə əməl edən Heydər Əliyev məktəbinin parlaq məzunu olan İlham Əliyevi. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin yaratdığı strategiya əsasında Azərbaycan Respublikasını uğurla inkişaf etdirir. Bu strategiya çərçivəsində təməli Ulu Öndər tərəfindən qoyulmuş və bu gün davam etdirilən dövlət gənclər siyasəti Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, onların hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaradır.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə göstərilən böyük diqqətin nəticəsi kimi qiymətləndirilir.
Azərbaycanda gənclərlə bağlı qəbul edilmiş normativ hüquqi sənədlər və dövlət proqramları, həmçinin gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı və əsas missiyanı da məhz Ali Baş Komandanın prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər.
2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri nəticəsində parlaq Qələbənin əldə edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, dövlət başçısı cənab İlham Əliyevin yenilməz siyasi, hərbi iradə və qətiyyəti, ordumuzun qəhrəmanlığı, cəsarətli əsgər və zabitlərimizin, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına mümkün oldu. Bununla da, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar oldu. Dövlətimizin və xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Qələbə sayəsində dövlət bayrağımız hal-hazırda suverenliyimizin bərpa olunduğu bütün ərazilərdə əzəmətlə dalğalanır. Bununla əlaqədar Azərbaycan Prezidentinin 2024-cü il 19 sentyabr tarixli sərəncamı ilə ölkəmizdə Dövlət Suverenliyi Günü təsis edildi. Torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində Əsas Qanunda ehtiva edilən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də hazırda tam reallaşıb.
Ölkəmizdə gənclərin təhsil və məşğulluğunun təmin olunması da daim diqqət mərkəzindədir. Bu gün dövlət xətti ilə xarici ölkələrin ali məktəblərində təhsil alan gənclərin ümumi sayı 1127 nəfər təşkil edir. Onların da 232 nəfəri MDB ölkələrinin, o cümlədən 198 nəfəri Rusiyanın payına düşür. Digər ölkələrdə təhsil alan vətəndaşlarımızın sayı isə 895 nəfərdir. Onlardan 72-si Çində, 1-i ABŞ-də, 4-ü İngiltərədə, 3-ü İspaniyada, digər 3-ü Koreyada, 321-i Macarıstanda, 13-ü Rumıniyada, 478 nəfəri isə qardaş Türkiyədə oxuyurlar. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində xaricdə və ölkəmizdə həyata keçirilən bütün layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatçısı olmaqla yanaşı, həm də ölkəmizin uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayırlar. Bu ali diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır və bu yüksək münasibətə cavab olaraq, gənclər bütöv və müstəqil dövlətimiz naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.
Hazırda dövlətimiz ildən-ilə güclənərək iqtisadi inkişafının keyfiyyətcə yeni dövrünü yaşayır və onun bilavasitə, təşəbbüsü və iştirakı ilə uğurla həyata keçirilən bir sıra irimiqyaslı layihələr nəinki respublikamızın, eyni zamanda ümumilikdə, regionun təhlükəsizliyinə və iqtisadi inkişafına öz mühüm və əvəzsiz töhfəsini verir. Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi qarşıda duran ən mühüm və prioritet vəzifələrdəndir. Qarabağ və Şərqi Zəngəzurda viran qoyulmuş kənd, qəsəbə və şəhərlər tamamilə yenidən qurulur, doğma torpaqlarımıza həyat qayıdır. Həyata keçirilən bütün bərpa və yenidənqurma işləri Azərbaycan Respublikası ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi ilə bağlı konstitusiya prinsipinin təmin edilməsinin daha bir əyani göstəricisidir.
Ümumiyyətlə götürdükdə, Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi hər iki dövr Azərbaycanda inkişafın yeni mərhələləri-bərpa və dinamik inkişaf mərhələləri; İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi dövr isə Azərbaycanda inkişafın keyfiyyətcə yeni inkişaf mərhələsi kimi tarixə düşmüşdür. Azərbaycanın çağdaş tarixi, böyük şəxsiyyət, Ümummilli Liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı, dünyanın ən islahatçı prezidenti İlham Əliyevin adları və fəaliyyətləri ilə bağlıdır.
Rövşən MURADOV,
Milli Məclisin deputatı