08 Dekabr 2022 00:46
1622
SİYASƏT
A- A+

HEYDƏR ƏLİYEV və CƏNUBİ AZƏRBAYCAN 

 

Hər il anım günündə Ulu Öndər Heydər Əliyevin Azərbaycan naminə gördüyü tarixi xidmətlər xatırlanır, təcrübəsinə bir daha nəzər yetirilir və gələcəyə işıq tutulur. Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində miqyasına görə böyük və strateji, məzmun və mahiyyətinə görə dərin olan fəaliyyət sahələrindən biri Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın vəziyyəti və hüquqları məsələsi olub. 
Son vaxtlar qonşu İran İslam Respublikası adlanan ölkədə baş verən proseslər vətənimizin cənubunda yaşayan soydaşlarımızın hüquqlarının qorunması və təhlükəsizliyi ilə bağlı məsələləri yenidən aktual edib. 
Bəs Heydər Əliyev 1969-1987-ci illərdə ümumi sovet siyasəti çərçivəsində Cənubi Azərbaycanda  yaşayan soydaşlarımıza münasibətdə hansı xətti yürüdüb? 

 

Tarixə qısa bir baxış

 

XIX əsrdə çar Rusiyası və Qacarlar İranı arasında aparılan işğalçı müharibələr nəticəsində 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay sülh müqavilələri ilə Azərbaycanın zorla iki yerə bölüşdürülməsindən sonra keçən bütün tarixi dövr ərzində milli ruhlu adamları, qabaqcıl ziyalıları soydaşlarımızın hüquqlarının qorunması, vətənin birləşdirilməsi, bütövləşdirilməsi  daim düşündürüb. Qeyd etmək lazımdır ki, bölüşdürülməyə qədər Bütöv Azərbaycanın ərazisi təxminən 410 min kv. km. təşkil edirdi. Bölüşdürüldükdən sonra Azərbaycan əraziləri cənubda 280 min kv. km., şimalda  130 min kv. km. idi. "Cənubi Azərbaycan" adı altında İran ərazisində müasir dövrdə aşağıdakı regionlar vardır: Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəngan, Həmədan, Qəzvin əyalətləri, Savə mahalı, Astara şəhristanı (mahalı). Təxminən 40 mln. azərbaycanlı İran əhalisinin 50%-ə qədərini təşkil edir.
Tarixən həm də bir türk ölkəsi olan İranı XX əsrin 20-ci illərin ortalarınadək azərbaycanlı sülalələr idarə edib. Bu ölkənin adını türklər verib. Müxtəlif dövrlərdə Səttarxan Sərdar Milli, Bağırxan Salar Milli, Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında baş verən hərəkatlar eyni zamanda bütöv Azərbaycan xalqının zəngin tarixinin mühüm hadisələridir. İkinci Dünya müharibəsi illərində sovet ordu hissələri tərkibində azərbaycanlıların Cənubi Azərbaycana getməsi, soydaşlarımızın arasında hərbi, siyasi, ideoloji və mədəni tədbirlər həyata keçirmələri də Azərbaycan tarixinin ayrılmaz bir hissəsidir. Şimaldan gedənlərin cənubdakı fəaliyyətləri təkcə ümumi sovet xarici siyasətinin yerinə yetirilməsi deyil, Vahid Azərbaycan uğrunda gərgin səylərin və sevginin nümunəsi idi. Müharibə illərində Cənubi Azərbaycanda çalışmış tanınmış ictimai-siyasi, dövlət və ədəbiyyat xadimlərindən Əziz Əliyev, Mirzə İbrahimov, Süleyman Rüstəm, Rəsul Rza və başqalarının Pişəvəri hərəkatının böyük dövlətlərin siyasəti ucbatından uğursuzluğa uğramasından  sonra  geri dönərək uzun illər boyu yüksək dövlət və ictimai vəzifələrdə işləməsi Azərbaycanın şimalında cənub mövzusunun müxtəlif orqanlarda çalışanların şüurunda və fəaliyyətində müəyyən yer tutmasına təsir edib. 
Hələ 20-ci illərdə tələbə ikən Cənubi Azərbaycanda olan Əziz Əliyev buranın tarixini, coğrafiyasını və əhalisinin vəziyyətini dərindən bilirdi. İkinci Dünya müharibəsinin gedişində Cənubi Azərbaycanda sovet ordu hissələri tərkibində siyasi təbliğatçılar qrupunun rəhbəri işləyən Əziz Əliyev problemə azərbaycanlılar içərisində ən yaxşı və incəliyinə qədər bələd olan dövlət xadimi idi. Kommunist və qeyri-kommunist olmasından asılı olmayaraq, bütün azərbaycanlıların qəlbində Azərbaycanın cənubunu və şimalını Azərbaycana birləşdirmək istəyi həmişə olub. 
Bununla yanaşı, müharibə dövründə xüsusi xidmət orqanlarının əməkdaşları kimi cənubda işləyən, məhdud dairədən kənarda tanınmayan bəzi gənclər də sonralar Azərbaycanda vəzifələr tutaraq müharibə illərində gördükləri işi yeni şəraitə uyğun olaraq həyata keçirməyə çalışıblar.

 

Şah dövründə azərbaycanlıların vəziyyəti və Heydər Əliyevin baxışı

 

İkinci Dünya müharibəsi illərində gənc yaşlarından xüsusi xidmət orqanlarında işə başlayan Heydər Əliyev Cənubi Azərbaycanda da fəaliyyət göstərərək azərbaycanlıların hüquqlarının qorunmasında, siyasi və ictimai təşkilatlarının yaradılmasında, müstəqillik, birlik ideyalarının formalaşmasında, şimala birləşmək istəklərinin gücləndirilməsində mühüm rol oynamışdı. O, Təbrizdə işlərkən cənublu gənclərin Seyid Cəfər Pişəvəri hərəkatında iştirak etmələri, Azərbaycan Demokrat Partiyasına üzv olmaları yolunda fəal təbliğat aparmış və bu partiyada çalışmışdı. Heydər Əliyev Cənubi Azərbaycan problemini həm nəzəri-tarixi, həm də praktiki baxımdan dərindən bilirdi. 
Sovet dövründə Azərbaycan müstəqil olmadığı üçün xarici siyasət yürüdə bilməsə də, Heydər Əliyev ümumi sovet xarici siyasəti çərçivəsində Cənubi Azərbaycan məsələsini diqqətdə saxlayırdı. Heydər Əliyevin bu məsələyə münasibəti bir neçə istiqaməti əhatə edirdi: Cənubi Azərbaycandan olan ziyalılara xüsusi qayğı göstərir; cənub mövzusunun unutdurulmamasına çalışır; elmi araşdırmaların aparılmasını təşviq edir, alim, yazıçı və şairləri cənub mövzusundan yazmağa çağırır, böyük ustalıqla həmin ideyanın yayılmasına kömək edir; Cənubi Azərbaycandan olan şair və yazıçıların məişət şəraitinin yaxşılaşdırılmasından ötrü qərarlar qəbul edir, onları mənzillə təmin edir; İrana və Cənubi Azərbaycan şəhərlərindəki kitabxanalara Bakıdan nəşrlər göndərilməsini artırır; cənublu gənclərin Azərbaycan ali məktəblərində təhsil almalarına dair qərarlar qəbul edirdi və s. Heydər Əliyev hakimiyyətə gələn kimi ilk növbədə İrana Azərbaycan ədəbiyyatının göndərilməsi işi genişləndirildi. 1970-ci illərin əvvəllərindən etibarən İranda Azərbaycan kitabına olan ehtiyac xeyli artmışdı. Ona görə də Azərkitab İrana 5 min nüsxə kitab göndərmək barədə İran naşirləri ilə müqavilə imzaladı. Təbriz, Urmiya, Zəngan və başqa şəhərlərdəki ali məktəb kitabxanalarına çoxlu Azərbaycan kitabı göndərildi. Bunların arasında Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyətinə, digər elm sahələrinə dair kitablar üstünlük təşkil edirdi. Kitab göndərilməsi işində Azərbaycan kitabxanaları da fəal iştirak edirdilər. 1971-1973-cü illərdə Azərbaycan EA kitabxanası və M. F. Axundov adına kitabxana İrana 900-dən çox kitab və jurnal göndərmişdi.
Heydər Əliyev belə hesab edirdi ki, SSRİ-nin İranla normal münasibətlərinin qurulması, inkişaf etdirilməsi, rəsmi nümayəndə heyətlərinin və ictimaiyyət xadimlərinin səfərləri cənubi azərbaycanlıların öz problemlərini başa düşmələrinə, həlli yolları barədə düşünmələrinə təsir göstərər. Onun hakimiyyəti illərində  İrandan gələn bütün qonaqlara, xüsusən azərbaycanlılara böyük ehtiram göstərilirdi. Məsələn, Azərbaycan KP MK bürosunun 1970-ci il 4 dekabr tarixli iclasında İran şahının həyat yoldaşı Fərəh Pəhləvi və onun anası Fəridə Dibanın Azərbaycana səfəri haqqında məsələ müzakirə edildi. Müzakirə nəticəsində beş maddədən ibarət qərar qəbul olundu. Qərarda eyni zamanda yazılırdı ki, təsdiq edilmiş proqram qonaqların istəyinə uyğun olaraq dəyişdirilə bilər. Dekabr ayının 9-11-də keçirilən səfərdə Fərəh xanımı və anasını 7 nəfər rəsmi, 5 nəfər şəxs isə qeyri-rəsmi şəkildə müşayiət edirdi. İranın SSRİ-dəki səfiri və həyat yoldaşı da onu müşayiət edənlərin arasında idi. Qonaqlara Azərbaycanda böyük hörmət və ehtiram göstərildi. Onlar Azərbaycan Dövlət Opera və Balet Teatrında, Bakı şəhərinin tarixi yerlərində, Azərbaycan Dövlət Konservatoriyasında, Azərbaycan tarixi muzeyində, C. Qaryağdının emalatxanasında oldular. Səfər qonaqlarda Azərbaycan haqqında dolğun təsəvvürün yaradılmasında mühüm rol oynadı.
Bu dövrdə sovet rəhbərliyi və Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev ümumi siyasi, strateji və hərbi məqsədləri naminə Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar barədə dəqiq informasiyalar alırdı. Məsələn, SSRİ-nin İrandakı səfirliyinin birinci katibi V. Baranov 1978-ci il 30 iyul tarixli "İranda azərbaycanlıların vəziyyəti haqqında məsələyə dair (informasiya)" adlı iki nüsxədən ibarət olan məlumatında yazırdı ki, azərbaycanlılar İranın türkdilli xalqları arasında ən çoxsaylıdır və farslardan sonra ikinci yeri tuturlar. Sənəddən məlum olurdu ki, 1976-cı ildə əhalinin siyahıyaalınmasına görə, azərbaycanlılar Şərqi Azərbaycanda 3,2 mln., Qərbi Azərbaycanda 1,4 mln., Zənganda 0,6 mln. nəfər yaşayırdılar. Həmədan, Qəzvin və b. şəhərlərdə də azərbaycanlılar çox idi. Məlumatdan aydın olurdu ki, İranda yaşayan 33,6 mln. əhalinin 7 mln. nəfərini azərbaycanlılar təşkil edirdi. Bütün ölkə miqyasında əhalinin ümumi artımı 2,7% olsa da, bu, İran Azərbaycanında 3,1% təşkil edirdi. Məlumatda yazılırdı ki, yaxın illərdə azərbaycanlıların sayı 8 mln. nəfərə çatmalıdır. Qeyd etmək lazımdır ki, bunlar rəsmi statistik məlumatlar idi. Rəsmi statistika isə azərbaycanlıların sayını həmişə az göstərirdi. Azərbaycanlı əhalinin 65%-i kənd yerlərində yaşayır, əsasən, maldarlıq, üzümçülük, əkinçilik və bağçılıqla məşğul olurdu. Şəhərlərdə yaşayan azərbaycanlıların 10%-ə qədəri dövlət qulluğunda və şirkətlərdə çalışırdılar. Böyük bizneslə məşğul olan azərbaycanlılar da var idi. Təbrizdən çıxan bir neçə milyonçu ailə Tehran bazarına nəzarət edirdi. İranın sənaye-ticarət burjuaziyasını, əsasən, azərbaycanlılar təşkil edirdilər. İranın din xadimləri arasında çoxlu azərbaycanlı var idi. 
Birinci katibin məlumatında vurğulanırdı ki, azərbaycanlılar qədim və özünəməxsus mədəniyyəti olan xalqdır. Onların mənşəyi manna, kadusi, kaspi, alban və başqalarından törəyir, türkdilli kimer, skif, hun, bulqar, xəzər, oğuz, peçeneq və digərləri ilə qaynayıb-qarışıblar. O daha sonra yazırdı ki, hələ XVI əsrdə Səfəvilər zamanında Azərbaycan dilində ədəbiyyat yaranıb. XIX əsrin ikinci yarısından Azərbaycan millətinin formalaşması başlayıb, lakin İranda qəbul olunmuş rəsmi doktrinaya görə bütün əhali iranlı adlanır.
Səfirliyin birinci katibinin məlumatında İranda azərbaycanlıların hüquqlarının kobud surətdə pozulmasına dair konkret faktlar verilirdi. Qeyd edilirdi ki, hələ 1971-ci ilin sonunda Şəfi Cavadinin çap olunmuş "Təbriz və onun çevrəsi" adlı kitabında azərbaycanlıların guya midiyalıların varisləri, Azərbaycan dilinin isə qədim fars dilinin dialektlərindən biri olduğu yazılır. İranda dərslər yalnız farsca keçilir, Azərbaycan dilində hətta ibtidai məktəblər də fəaliyyət göstərmirdi. Təbrizdə müəllimlər ana dilində dərs verdikləri üçün işdən azad edilmişdilər. Təbrizdəki Azarbedaqan Universitetində dərslər farsca keçirilirdi. Təbriz televiziyası hər gün Azərbaycan dilində yalnız 30 dəqiqə xalq musiqisi, folklor və dini mövzuda verilişlər verirdi. Təbriz radiosunda isə Azərbaycan dilində hər gün 2 saat veriliş yayımlanırdı. Ana dilində təhsil almaq imkanlarının olmaması ucbatından Azərbaycanda kəndlilər savadsız qalırdılar. Belə acınacaqlı vəziyyət azərbaycanlı etnik qruplar olan şahsevənlər, qarapapaqlar, əfşarlar, qaradağlılar arasında da hökm sürürdü. Azərbaycan dilində kitabların nəşrinə icazə verilmirdi. Sovet səfirliyinin birinci katibi yazırdı ki, müasir görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar şeirlərinin çoxunu fars dilində çap etməyə məcburdur, onun Azərbaycan dilində olan şeirləri ayrı-ayrı adamlar tərəfindən yarımkustar formada hazırlanıb yayılır. Azərbaycanın Vəli, Xaqani, Qarçarlı (ləqəbi Səhənd) kimi şairləri də ağır vəziyyətdə yaşayıb-yaradırlar.
Çoxsaylı xahişlərə baxmayaraq, Səhəndə "Kitabi-Dədə Qorqud"u çap etməyə icazə verilməmişdi. Aryanpurun "Azərbaycan ədəbiyyatı tarixi" kitabını yalnız fars dilində çap etmək mümkün olmuşdu. 1977-ci ildə nağıllar məcmuəsini Azərbaycan dilində nəşr etdiyi üçün Tehrandakı "Fərzane" nəşriyyatı cərimə edilmişdi. Bundan fərqli olaraq "Quran"ın Azərbaycan dilində təfsirinə icazə verilmişdi. Birinci katib azərbaycanlıların narazılığını da yazırdı. Qeyd edirdi ki, azərbaycanlı əhali mərkəzi hakimiyyətin yeritdiyi siyasətdən kəskin surətdə narazıdır. Ona görə də 1978-ci ilin fevral və may aylarında Təbrizdə keçirilən mitinqlərdə Azərbaycan mədəniyyətinin inkişafına mane olan əngəllərin aradan qaldırılması, farsların "türke xare" ("türk uzunqulaqdır") kimi təhqiredici ifadələrinin rəsmi surətdə qadağan edilməsi qətiyyətlə tələb olunmuşdu. Şərqi Azərbaycan ostanının milliyyətcə azərbaycanlı olan general-qubernatoru general Şəfaqət mənşəcə fars olan polis və jandarma məmurlarına yerli əhalinin milli və dini hisslərini təhqir etməyi qadağan etmişdi.
Şahın həyat yoldaşının şəxsi dəftərxanasının müdiri, İran problemlərini öyrənən qrupun rəhbəri X. Nəhavəndi isə Təbrizdə şah əleyhinə baş verən mitinqləri hökumətin buraxdığı səhvlərin nəticəsi hesab edərək gələcəkdə onların düzəldilməsini tövsiyə etmişdi. Bundan sonra hökumət Azərbaycanda vəziyyəti sabitləşdirməkdən ötrü hər iki ostanın general-qubernatorunu, ali məktəblərin rektorlarını dəyişərək mədəni proqramları həyata keçirəcəyini bildirmişdi.
V. Baranov İran azərbaycanlılarının sovet azərbaycanlılarına sevgisinə dair də çoxlu faktları yazırdı. Qeyd edirdi ki, onlar şimala rəğbət bəsləyir, Azərbaycan dilində Bakı radiosunu dinləyir, Azərbaycan musiqisini kassetlərə yazıb yayır, Azərbaycan klassik ədəbiyyatını və müasir yazıçıları oxuyurlar. Avropadan İrana gələn qonaqlar deyirdilər ki, İranın böyük şəhərlərində bazarlarda Azərbaycan dilində danışmaq fars dilindən daha münasibdir. 
Cənub məsələsini incəliklərinə qədər dərindən bilən və azərbaycanlıların vəziyyətinə sovet dövlətinin ümumi siyasəti çərçivəsində biganə qalmayan Heydər Əliyev, ilk növbədə, Azərbaycan SSR-də yaşayan cənublulara xüsusi qayğı göstərirdi. 1969-cu il yanvarın 1-nə olan məxfi məlumata görə, SSRİ-də 12 min 212 nəfər siyasi mühacir (sənədlərdə belə yazılır-M.Q.), 5 min 431 nəfər onlara bərabər tutulan şəxs yaşayırdı. Onların 16 min 749 nəfər övladı var idi ki, bunların da 15 min 538 nəfəri SSRİ-də doğulmuşdu. Həmin mühacirlərin 5 min 109 nəfəri Azərbaycanda idi. 1970-ci il yanvarın 1-də Azərbaycanda 4670, 1971-ci il yanvarın 1-də 4614 nəfər, 1973-cü ildə 4617 siyasi mühacir yaşayırdı. Onlara hüquqca bərabər olan adamların sayı 1836 nəfər idi. Həmin ildə siyasi mühacirlər üçün 142. 500 rubl daimi yardım ayrılmışdı. Siyasi mühacirlər İrandakı qohumlarına 12480 rubl pul baratı göndərmişdilər. 1974-cü ildə isə bu məbləğ 13960 rubl təşkil etmişdi.  Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan KP MK-nın qərarı ilə Azərbaycanda olan cənublu mühacirlərə əlavə olaraq maddi yardımlar göstərildi.
Respublika rəhbərinin tapşırığına uyğun olaraq mühacirlərin mənzil problemlərinin həlli sahəsində ciddi addımlar atılmışdı. Azərbaycan SSR Nazirlər Sovetinin 1971-ci il iyul ayının 28-də qəbul etdiyi 184/ 9 №-li qərara uyğun olaraq ehtiyacı olan mühacirlərin mənzillə təmin edilməsinə başlanılmışdı. 1973-cü ildə Bakıda 76, Sumqayıtda 15, Gəncədə 15, Şəkidə 5, Əli Bayramlıda 5 mühacir ailəsinə mənzil verilmişdi.
1974-cü ilin üçüncü kvartalında cənublu siyasi mühacirlərə 115.469 rubl daimi, 39.368.70 rubl məbləğində müvəqqəti yardım edilmişdi.
Göstərilən qayğı və respublikada qazanılan uğurlar cənublular tərəfindən rəğbətlə qarşılanırdı. Onlar Heydər Əliyevi şimal və cənubun lideri olaraq görürdü. Məsələn, Azərbaycan Demokrat Partiyası MK-nın sədri Qulam Yəhya oğlu Danişyan Heydər Əliyevə ünvanlandığı 1974-cü il oktyabr ayının 3-də 109 №-li məktubunda yazırdı ki, partiya adından qan qardaşlarımızın əldə etdikləri yüksək nailiyyətlər münasibətilə Sizi təbrik edirik. Əlavə edirdi ki, bu nailiyyətlər bizi İranın imperializm və irtica əsarətindən azad olmaq uğrunda mübarizəyə ruhlandırır. Göründüyü kimi, cənubi azərbaycanlılar öz mübarizələrində  mühüm amil kimi hansı sistemdən asılı olmayaraq, Azərbaycanın şimalının güclü olmasını görürdülər. 
Azərbaycan rəhbəri Azərbaycan Demokrat Partiyasının yaradılmasının ildönümünün hər il qeyd olunmasını təşviq edərək əlverişli şərait yaradırdı. 21 Azər hərəkatının 30 illiyi münasibətilə Qulam Danişyan 1975-ci il 5 noyabr tarixli 45 №-li məktubunda Heydər Əliyevdən bir sıra şəxslərin orden və medallarla təltif olunması, müxtəlif vəzifələrdə irəli çəkilməsini xahiş etdi. Xahiş yerinə yetirildi. Cənubluların nümayəndələri müxtəlif sovet və təsərrüfat vəzifələrində irəli çəkildi. Bu addım cənubluların idarəetmə işlərinə yaxından bələd olmalarına və peşəkar kadr kimi yetişmələrinə kömək edirdi.
Cənubi Azərbaycandan olanlar Şimali Azərbaycana təkcə Cənubi Azərbaycan, İran deyil, bütün şərq xalqları nümunə, örnək kimi baxırdılar. Qulam Danişyan 1975-ci il noyabr ayının 3-də H. Əliyevə göndərdiyi 42 №-li məktubunda yazırdı ki, Azərbaycan Respublikasının keçdiyi şanlı qələbələr yolu və əldə etdiyi əzəmətli nailiyyətlər bütün Şərq, xüsusilə İran və İran Azərbaycanı üçün cazibəli örnək və nümunədir. Hazırda qan qardaşlarımız tərəfindən sənaye və təsərrüfat üzrə beşillik planın vaxtından əvvəl yerinə yetirilməsi, Sizin rəhbərliyinizlə son illərdə əldə edilmiş belə möhtəşəm qələbələr bizləri ürəkdən sevindirir, bütün firqə üzvləri və iranlı siyasi pənahəndələri yeni əmək nailiyyətləri üçün ruhlandırır.
1975-ci il yanvar ayının 1-nə olan məlumata görə, Azərbaycanda 4639 cənubi azərbaycanlı siyasi mühacir yaşayırdı. Onlar vətənin bir tayından o biri tayına pənah gətirmişdilər. Həmin ildə Cənubi Azərbaycandan olan siyasi mühacirlərə 119. 637 rubl daimi, 35. 523 rubl isə müvəqqəti yardım verilmişdi. 313 siyasi mühacir İrandakı qohumlarına 12. 520 rubl pul baratı göndərmişdi. 1976-cı il yanvar ayının 1-nə olan məlumata görə, Azərbaycanda 4587 siyasi mühacir yaşayırdı. Həmin ildə Azərbaycan Qırmızı Aypara cəmiyyətinin xətti ilə siyasi mühacirlərə ayrılan yardımlar artırıldı.
Heydər Əliyev Qulam Danişyanın anadan olmasının 70 illiyi münasibətilə "Xalqlar dostluğu ordeni" ilə təltif edilməsi haqqında Azərbaycan KP MK bürosunun 1976-cı il 10 sentyabr tarixli B-19/14 №-li iclas qərarına uyğun olaraq sentyabr ayının 17-də 433 s №-li məxfi məktubla Sov. İKP MK-ya müraciət etdi. Məktubda yazılırdı ki, Qulam Danişyan 1941-1945-ci illərdə İran Azərbaycanında milli demokratik hərəkatda fəal iştirakına görə İran Azərbaycanı milli hökumətinin "Səttarxan ordeni" və "21 Azər medalı" ilə təltif edilib, general rütbəsi alıb, 1946-cı ildən  SSRİ-də mühacirətdədir. Heydər Əliyevin bu istəyi yerinə yetirildi. 

(Ardı var)

Musa QASIMLI,
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video