10 Dekabr 2022 02:41
1091
SİYASƏT
A- A+

HEYDƏR ƏLİYEV və CƏNUBİ AZƏRBAYCAN 

(Əvvəli burada)

Azərbaycan rəhbəri digər mühacirləri də dövlət mükafatlarına təqdim edirdi. Qeyd etmək lazımdır ki, 1976-cı ilədək 479 siyasi mühacir istehsal göstəricilərinə görə müxtəlif orden və medallarla təltif olunmuşdu. Cənubi Azərbaycandan olan 3 nəfərə Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilmişdi.
Heydər Əliyevin bilavasitə qayğısı ilə 21 Azər Günü həmişə qeyd edilirdi. Cənubi Azərbaycandan olan siyasi mühacirlərə yaxşı şərait yaradılmışdı. 1981-ci ildə siyasi mühacirlər üçün 142.500 rubl daimi yardım ayrıldı. Mühacirət cəmiyyətinin yerləşdiyi bina təmir etdirildi. Azərbaycan Demokrat Partiyasının birinci katibi Əmirəli Lahrudi 1981-ci il oktyabr ayının 28-də Heydər Əliyevə yazdığı məktubunda mühacirlərə göstərdiyi qayğıya görə təşəkkür etmişdi.
Respublika rəhbəri əsərləri həm cənubda, həm də şimalda tanınan, lakin Azərbaycan SSR-də yaşamağa məcbur olan cənublu alim, şair, yazıçı və publisistlərə qayğı göstərirdi. Onların əsərləri nəşr edilir, mənzil şəraitləri yaxşılaşdırılır, yubileyləri qeyd olunur, müxtəlif mükafatlara layiq görülürdülər və s. Məsələn, Cənubi Azərbaycanın Mərənd mahalının Zunuz kəndində anadan olmuş dilçi alim Muxtar Hüseynzadənin 80 illiyi 1980-ci ildə qeyd edildi. Bu toplantının keçirilməsi həm ana dilinə, həm də cənublu alimlərə qayğının nümunəsi idi.
Bakıda Cənubi Azərbaycan Yazıçılar Cəmiyyəti fəaliyyət göstərirdi. Cəmiyyət üçün normal iş şəraiti yaradılmışdı. Azərbaycan rəhbəri bu təşkilatın müraciətlərinə diqqətlə yanaşaraq istəklərini yerinə yetirirdi. Cəmiyyətin 1971-ci il 20 aprel tarixli müraciətinə əsasən, tanınmış şair Balaş Azəroğlunun anadan olmasının 50 illiyi təntənəli şəkildə qeyd edildi. Bu toplantı təkcə Balaş Azəroğluya deyil, bütün cənublu yazıçı və şairlərə qayğının, diqqətin nümunəsi idi. Azərbaycan yazıçılarının 1971-ci ilin iyun ayında keçirilən V qurultayının materiallarında yazılırdı: "Ölkəmizdə İran Azərbaycanından bir qrup yazıçı yaşayıb-yaradır". Qurultayda cənublu yazıçı və şairlərin adından çıxış edən Balaş Azəroğlu cənublu qələm sahiblərinə Azərbaycanın şimalında göstərilən diqqət və qayğıya görə Azərbaycan rəhbərinə dərin minnətdarlığını bildirdi. Qurultayda Heydər Əliyevin parlaq nitqi təkcə ədəbiyyatı və ədəbi yaradıcılıqda gedən prosesləri dərindən bilməsi ilə deyil, eyni zamanda xalqla yaradıcı adamların arasında səmərəli, səmimi əlaqələrin qurulması yolları barədə aydın milli proqramının olması ilə səciyyələnirdi. Heydər Əliyev deyirdi: "Yazıçı xalq üçün yaradır... kütlələrlə, oxucularla yaxınlıq ona xüsusilə coşqun ilham verir". O, bütün yazıçıları, o cümlədən cənubluları xalqla daha yaxın olmağa və xalqın həyatından yazmağa səsləyirdi. 

      
İran inqilabı: rejim dəyişir, azərbaycanlılara münasibət isə olduğu kimi qalır. Bəs Heydər Əliyev nə edir?

 

İnqilabdan sonra İranda rejim dəyişsə də, azərbaycanlılara münasibət olduğu kimi qaldı. Əgər şah rejimi azərbaycanlıları iranlı deyərək assimilyasiya edirdisə, İran inqilabından sonra qurulan yeni hakimiyyət hamını müsəlman adlandırırdı. Bu mərhələnin başlıca səciyyəvi cəhəti İran inqilabından sonra beynəlxalq aləmdə və regionda yaranmış mürəkkəb vəziyyətlə bağlı idi. ABŞ-də nəşr olunan kitablarda yazıldığı kimi, Heydər Əliyevin fəaliyyətində İran şahının qovulması mühüm yerlərdən birini tuturdu. İnqilabın qalib gəlməsi ilə onun liderləri tərəfindən SSRİ, ABŞ və İsrailin dünyada üç şeytan elan edilməsi İranda nüfuz savaşı aparan həm ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin, həm də SSRİ DTK-sının məğlubiyyətə uğraması demək idi. Bundan sonra sovet-İran münasibətləri xeyli soyuqlaşdı. Cənubi Azərbaycanda NATO və Varşava Müqaviləsi Təşkilatının aparıcı dövlətləri arasında nüfuz savaşı gücləndi. Çarizm dönəmindən ötən bütün dövr ərzində birinci dəfə olaraq Rusiyanın bu ölkə üzərində təsiri azaldığından sovet rəhbərliyi İrana öz gücünü göstərmək üçün yeni yollar və təzyiq vasitələri axtarmağa başladı. 
Bu zaman azərbaycanlılar ana dilinin, mədəniyyətinin qorunması şüarları ilə daha fəal çıxış edirdilər. İnqilabdan sonra nəşrə başlayan bir sıra qəzet və jurnalların adları da həmin istəyi ifadə edirdi. Məsələn, görkəmli həkim Cavad Heyətin nəşr etdirdiyi jurnalın adı "Varlıq" qoyulmuşdu. Bu ad azərbaycanlıların diriliş, var olmaq istəyini ifadə edirdi. Qeyd etmək lazımdır ki, bu nəşr Bakıda rəğbətlə qarşılanır və təşviq olunurdu.
Yaranmış beynəlxalq şəraitdən məharətlə istifadə edən Heydər Əliyev Azərbaycan xalqının mənafeləri naminə onu uzun illər boyu düşündürən problemin yenidən gündəliyə gətirilməsi və həlli uğrunda fəaliyyətini genişləndirdi. Ovaxtadək bədii ədəbiyyatda əks olunan Cənubi Azərbaycan mövzusu bilavasitə Heydər Əliyevin səyləri ilə ictimai-siyasi həyatda yer tutmağa başladı. Çünki bu zaman Cənubi Azərbaycanda yaşayan xalqın hüquqlarının müntəzəm olaraq kobud şəkildə pozulması və bundan törənən narazılıq güclənmişdi. Beləliklə, müharibədən sonra ilk dəfə olaraq Heydər Əliyevin hakimiyyəti illərində bütöv Azərbaycan şüarı təkcə ədəbi, ictimai mühitdə deyil, eyni zamanda siyasi dairələrdə geniş müzakirə obyektinə çevrildi. 
Heydər Əliyev cənublu yazıçı, şair və publisistlərə qayğı göstərməyin, onların əsərlərinin nəşrini genişləndirməyin, Cənubi Azərbaycanla ədəbi-mədəni əlaqələri möhkəmləndirməyin zəruriliyi barədə ən yüksək kürsülərdən açıq şəkildə gur səslə deyirdi. Onun göstərişinə əsasən, 1979-cu ildə Azərbaycan Yazıçılar İttifaqında Cənub ədəbiyyatı üzrə katib vəzifəsi təsis edildi. Heydər Əliyevin Azərbaycan yazıçılarının 1981-ci ildə keçirilən VII qurultayında iştirakı və fəaliyyəti bu baxımdan daha cəlbedicidir. Azərbaycan rəhbəri qurultayda etdiyi nitqində deyirdi: "Respublika Yazıçılar İttifaqının tərkibində Cənubi Azərbaycandan olan ədəbiyyatçılar da məhsuldar işləyirlər. Yaradıcılıq ittifaqının rəhbərliyi onlara daim diqqət yetirməli, onların əsərlərini respublikada və respublikanın hüdudlarından kənarda geniş təbliğ etməlidir. Ümumiyyətlə, Cənubi Azərbaycanla ədəbi əlaqələri möhkəmlətmək, mədəniyyətin, mənəvi yaradıcılığın bütün sahələrində geniş əlaqələri inkişaf etdirmək, toplanmış zəngin bədii-estetik təcrübəni qələm yoldaşlarına vermək barədə düşünmək lazımdır".
Azərbaycan rəhbəri soyuq müharibə şəraitində aparılan nüfuz savaşında cənub və şimalı vəhdətdə görərək vətənin hər iki tayını ümumi məsələlərdə bir olmağa çağırır, Cənubi Azərbaycan üzərində Azərbaycan SSR-in təsirinin güclənməsinə çalışırdı. Azərbaycan Yazıçılarının elə həmin qurultayında Heydər Əliyev şair Balaş Azəroğluya üzünü tutaraq deyirdi: "... bütün Cənubi Azərbaycanda yaşayan şairlərə təsir göstərib başa salınız ki, türk dili deməsinlər, Azərbaycan dili desinlər və buna nail olmaq lazımdır. Bu, birincisi sizin borcunuzdur. Çünki onlar özlərini azərbaycanlı sanır, dilləri də Azərbaycan dilidir. Biz Azərbaycan dilini qəbul etmişik... Necə ki burda vardır, eləcə də Cənubi Azərbaycanda". Bu fikirlər, əslində, Cənubi Azərbaycan məsələsində bütöv Azərbaycan, birlik ideyasının geniş təbliği demək idi. 
Heydər Əliyevin Cənubi Azərbaycan məsələsini gündəlikdə saxlaması cənublu yazıçı və şairləri daha da ruhlandırırdı. Əbəs deyildir ki, həmin qurultayda Yazıçılar İttifaqının katibi kimi nitq söyləyən Balaş Azəroğlunun məruzəsi başdan-başa Cənubi Azərbaycan ədəbiyyatına, onun problemlərinə həsr edilmişdi. O deyirdi: "... Behrəngi Azərbaycan ədəbiyyatını vəhdətdə götürmüş və təsir məsələsinə həm sənətkarlıq, həm də yüksək ideyalılıq baxımından yanaşmışdır". Əlavə edirdi: "Ölkənin əhalisinin üçdəbir hissəsini təşkil edən Azərbaycan xalqının sənətkarları yuxarı dairələrdə yazıçı hesab olunmur. Ana dilində yaranan ədəbiyyatın üzünə ədəbi məclislərin qapıları bağlıdır", "İran Azərbaycanında yazıçılar məhrumiyyətlərə düçar olublar", "... bir millətin azadlığı varsa, hər şeyi var. Azadlığı yoxsa, heç şeyi yoxdur". O daha sonra deyirdi: "Cənub mövzusuna gəlincə bizim milli həyat, milli hərəkat vətənin və xalqın taleyi ilə bağlı olan əsas ana mövzumuzdur...", "...dili bağlanmış, yazarlarının qələmi sındırılmış bir xalqın mübarizəsini, dərdlərini, arzularını yazmağa, deməyə imkanı olan yazıçılar biz idik".
Cənubi Azərbaycan məsələsini  gündəlikdə saxlayan Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan KP MK bürosunun 1981-ci il 5 may tarixli iclasında Balaş Azəroğluya "Xalq şairi" fəxri adı verilməsi barədə qərar qəbul edildi. Heydər Əliyev bununla da kifayətlənmədi. Büronun həmin il 12 oktyabr tarixli iclasında Balaş Azəroğlunun anadan olmasının 60 illiyinin keçirilməsi haqqında qərar qəbul edildi. Heydər Əliyevin imzaladığı və cənublu şairin "Xalqlar dostluğu" ordeni ilə təltif olunması barədə Sov. İKP MK-ya ünvanlanan eyni tarixli, 19/547s №-li məxfi məktubda şairin təkcə yaradıcılığına verilən qiymət öz əksini tapmamışdı. Azərbaycan rəhbəri məktubda Cənubi Azərbaycan məsələsini, 1946-cı il inqilabını Sov. İKP MK-ya xatırladırdı. Tarixi əhəmiyyət kəsb edən məktubda yazılırdı ki, Balaş Azəroğlu 1946-cı ildə İran Azərbaycanında inqilabi demokratik hərəkat yatırıldıqdan sonra mühacirət edib. Heydər Əliyev bu istəyinə də nail oldu. Bundan sonra şairin həyat və yaradıcılığı haqqında mətbuatda yazılar, məqalələr dərc edildi. Məsələn, Bəxtiyar Vahabzadə "Kommunist" qəzetində yazdığı məqalədə şairin şeirlərinin birini təhlil edərək belə bir nəticəyə gəlirdi: "Azadlığını və müstəqilliyini itirən xalq, mənliyini və milli varlığını da itirmiş olur". 
Heydər Əliyevin göstərişi ilə Balaş Azəroğlunun 60 illik yubileyi möhtəşəm keçirildi. Yubiley tədbiri radio və televiziya ilə translyasiya edildi. Balaş Azəroğluya "Xalqlar dostluğu" ordenini və "Xalq şairi" fəxri adını təqdim edərkən söylədiyi nitqində Heydər Əliyev bildirdi: "Balaş Azəroğlunun ilk şeirlərinin bir çoxu qırxıncı illərin əvvəllərində Cənubi Azərbaycanda gedən ictimai-siyasi prosesləri əks etdirir. Həmin şeirlərin əsasını... milli istismara qarşı mübarizə motivləri təşkil edir, bu şeirlər inqilabi mübarizə ruhu ilə aşılanmışdır". O, daha sonra dedi: "Balaş Azəroğlu yaradıcılığının əhəmiyyətli cəhətlərindən biri də istər bizdə, istərsə də Cənubi Azərbaycanda ədəbiyyatın inkişafına səmərəli təsir göstərməsindən ibarətdir".
Göründüyü kimi, Heydər Əliyev Balaş Azəroğluya sadəcə bir qələm sahibi deyil, Cənubi Azərbaycanda milli ədəbiyyatın inkişafına təsir edə biləcək böyük sənətkar, ictimai xadim kimi yanaşır, onu bu işləri həyata keçirməyə səsləyirdi. Belə mövqe digər cənublu yaradıcı adamları da ruhlandırırdı. Az sonra Heydər Əliyevə göndərdiyi minnətdarlıq məktubunda Balaş Azəroğlu yazırdı: "Hörmətli Əliyev yoldaş! Azərbaycan SSR Xalq şairi kimi yüksək fəxri ada layiq görülməyim münasibətilə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə və şəxsən Sizə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Azərbaycan poeziyasının böyük ümmanında bir zərrə olan mənim yaradıcılığıma göstərdiyiniz bu atalıq qayğısını mən, imperializmə və şahlıq diktaturasına qarşı ardıcıl mübarizə aparmış demokratik ədəbiyyatımıza və onun yaradıcılarına olan qayğı və verilən qiymət kimi qəbul edirəm. Azərbaycan xalqının sevimli rəhbəri Heydər Əliyev yoldaş, qələm yoldaşlarım və şəxsən öz adımdan Sizə təşəkkür edir, xalqımızın xoşbəxtliyi naminə uzun ömür və müvəffəqiyyətlər arzulayıram".
Balaş Azəroğluya belə yüksək mükafatın və fəxri adın verilməsi vətənin cənubundan olan bütün yaradıcı adamlar, ictimai-siyasi xadimlər tərəfindən rəğbətlə qarşılandı. Bununla əlaqədar olaraq Əmirəli Lahrudi Heydər Əliyevə 1981-ci il 26 may tarixdə yazdığı 19 №-li məxfi məktubunda vurğulayırdı: "Hörmətli Əliyev yoldaş, öz şüurlu həyatını Azərbaycanın mübariz şeirinin inkişafına həsr edən görkəmli şair Balaş Azəroğlu yoldaşa "Xalq şairi" fəxri adı verilməsi Azərbaycan Kommunist Partiyasının və şəxsən Sizin Cənubi Azərbaycan xalqına, onun milli və demokratik ədəbiyyatına, Cənubi Azərbaycanın ədib və şairlərinə, o cümlədən mühacirət illərində demokratik ədəbiyyatımızın yazıb-yaradan nümayəndələrinə göstərilən atalıq qayğısıdır. İcazə verin, bu qayğı və etimada görə Hizbe Tudeyi İranın Azərbaycan təşkilatı - ADF-nin Mərkəzi Komitəsi adından Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə, şəxsən Sizə və Sizin simanızda qan qardaşlarımıza öz təşəkkürlərimizi və dərin minnətdarlığımızı bildirək və Sizi əmin edək ki, şair və yazıçılarımız bu atalıq qayğısına xalqımızın mübarizəsinə layiq yeni-yeni əsərlər yazmaqla cavab verəcəklər".
Heydər Əliyev digər cənublu yazıçı və şairlərin əməyini, Cənubi Azərbaycanda baş verən milli hərəkatda iştirak edənlərin fəaliyyətini yüksək qiymətləndirirdi. Məsələn, 1981-ci ilin oktyabr ayında yazıçı Mirzə İbrahimova "Lenin" ordeni və "Oraq və çəkic" qızıl medalı təqdim edərkən söylədiyi nitqində Azərbaycan rəhbəri deyirdi: "Gələcək gün" romanı Cənubi Azərbaycanda inqilabi hərəkat haqqında, xalqın öz milli və sosial quruluş uğrunda mübarizəsi haqqında inandırıcı, yüksək səviyyədə yazılmış qədim hekayətdir". O, yazıçı və şairləri Cənub Azərbaycan mövzusunda yazmağa ruhlandırır, onlara maddi və mənəvi dəstək verirdi.
Azərbaycan rəhbərinin tövsiyəsi ilə Şimali Azərbaycan şairlərindən Bəxtiyar Vahabzadə, Süleyman Rüstəm və Nəbi Xəzrinin Cənubi Azərbaycanda yaşayan Məhəmmədhüseyn Şəhriyar, Səhənd və digər görkəmli şairlərlə telefon əlaqələri quruldu, yazışmaları oldu. Bu danışıq və yazışmalar haqqında mətbuatda və digər kütləvi informasiya vasitələrində məlumat verilməsi Cənub mövzusunda yazan yaradıcı adamları daha da ruhlandırdı. Bundan sonra Azərbaycan mətbuatında Cənub mövzusunda dərc edilən yazıların sayı artdı. 
Cənub mövzusu teatrların səhnələrinə, radio və televiziya verilişlərinə də gətirildi. Bu mövzu ictimai həyata Azərbaycan rəhbərliyi tərəfindən ötürülür və unutdurulmasına imkan verilmirdi. Heydər Əliyev iki Azərbaycanın birləşəcəyinə ümid edirdi. Londonda çap edilən "Tayms"ın məlumatına görə, Heydər Əliyev xarici ölkə diplomatları ilə söhbətlərində gələcəkdə hər iki Azərbaycanın birləşəcəyinə ümid etdiyini bildirmişdi.
Heydər Əliyev cənublu gənclərin müsabiqədənkənar ali məktəblərə qəbul olunmalarına, təhsil almalarına, kamil mütəxəssis kimi yetişmələrinə də xüsusi qayğı göstərirdi. Azərbaycan rəhbərinin göstərişinə və MK-nın qərarına uyğun olaraq onlar ali məktəblərə müsabiqədənkənar qəbul edilirdilər. Məsələn, 1976-cı ildə Cənubi Azərbaycandan olan 1196 mühacir və onların övladları ali və orta ixtisas məktəblərində təhsil alırdı. 709-u ali, 487-si isə orta ixtisas məktəblərində oxuyan bu gənclər təhsil müddətində qayğı ilə əhatə olunmuşdular. Siyasi mühacirlərin övladları arasında Cənubi Azərbaycanda inqilabi hərəkat və görkəmli inqilabçıların həyatı geniş təbliğ edilirdi.
Cənubi azərbaycanlıların ali məktəblərə müsabiqədənkənar qəbul edilməsi onların təşkilatlarının rəhbərlərində rəğbət yaradırdı. Azərbaycan Demokrat Partiyası MK-nın sədri Qulam Danişyan 34№-li məktubunda yazırdı: "Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ən böyük qardaşlıq köməyi və yaxın qayğısı nəticəsində, mühacirətdə olduğumuz müddət ərzində iranlı siyasi pənahəndə ailələrinə mənsub gənc oğlan və qızlardan müxtəlif ali və orta ixtisas üzrə mütəxəssis kadr hazırlanmış və hazırlanmaqdadır".
1981-ci ildə cənublu siyasi mühacir ailələrinə mənsub olan 25 nəfər müsabiqədənkənar ali məktəblərə, daha 25 nəfər isə texnikumlara qəbul edildi. Əmirəli Lahrudi 1981-ci il 7 sentyabr tarixli 25 №-li məktubunda Heydər Əliyevə bununla bağlı yazırdı: "Əziz Heydər Əliyev yoldaş! Siyasi mühacir ailələrinə göstərilən bu atalıq qayğısı üçün şəxsən Sizə öz ürək təşəkkürlərimizi və dərin minnətdarlığımızı bildiririk".
İnqilabdan sonra İranın rəsmi dairələri tərəfindən antisovet təbliğatı güclənmişdi. Digər tərəfdən ABŞ də İrana radio verilişlərinin həcmini artırmışdı. Bu təbliğat əsasən sovet dövlətinin daxili və xarici siyasətinə qarşı yönəlmişdi. Belə şəraitdə antisovet təbliğatının dayandırılması, heç olmasa zəiflədilməsi, İranın bloklara qoşulmamaq hərəkatı çərçivəsində antiimperialist mövqe tutması, suverenliyi və milli bütövlüyünün qorunmasında İran xalqına sovet dövləti tərəfindən yardım edilməsinin təbliği vacib idi. Ona görə də Sov. İKP MK katibliyi 1980-ci il 8 iyul tarixdə İrana informasiya-təbliğat işinin gücləndirilməsi haqqında qərar qəbul etdi. Qərarda geniş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur, İranın suverenliyinə və milli müstəqilliyinə hörmət edilməsinin vacibliyi xüsusi vurğulanır, bu istiqamətdə konkret tədbirlərin həyata keçirilməsi müəyyənləşdirilirdi. 

(Ardı var)

Musa QASIMLI,
Milli Məclisin deputatı, 
AMEA-nın müxbir üzvü,  professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video