Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan fenomendir. Müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə xalqımız sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə etmiş, suverenliyini və milli birliyini təmin edərək onu qorumaq imkanlarına malik olmuşdur.
Bu böyük insanın bütün fəaliyyəti, bu fəaliyyətin hər səhifəsi, hər mərhələsi dövr və zəmanəmizi ifadə edən əzəmətli bir abidədir. Onun keçdiyi yol isə zəngin bir həyat ensiklopediyasıdır. Heydər Əliyev təkcə öz ömrünün, bir insan həyatının müdriklik zirvəsində deyil, bütöv bir xalqın tarixinin yüksək zirvəsindədir.
Həyatı daim xalq və haqq yolunda mübarizədə keçən Heydər Əliyev məhz fitri istedadı, yüksək intellekti, fenomenal yaddaşı, rəhbərlik məharəti, cəsarəti, mərdliyi, güclü iradəsi, idarəçilik mədəniyyəti, böyük həyat və dövlətçilik təcrübəsi ilə bütün çətinliklərin öhdəsindən ləyaqətlə gəlmiş, Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etmiş, ölkəmizi iqtisadi tənəzzüldən inkişaf və tərəqqi yoluna çıxarmışdır.
Azərbaycan xalqının tarixən formalaşmış ənənələri əsasında milli dövlətçilik modelinin yaranması, möhkəmləndirilməsi və ən başlıcası, qorunub saxlanılması yalnız XX əsrin sonlarına doğru - Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə gerçəkləşmişdir. Bu dövrdən etibarən quruculuq missiyasını cəsarətlə öz üzərinə götürən tarixi şəxsiyyətin xalq təsərrüfatının bütün sahələrində, eləcə də elm və təhsildə apardığı nəhəng islahatlar gələcək uğurlar üçün geniş zəmin və şərait yaratmışdır. Bu gün biz fəxrlə, böyük qürur hissi ilə deyirik ki, memarı Heydər Əliyevin olduğu milli dövlətçilik bizim ən böyük sərvətimizdir. Xalqımızın əbədi lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev təkcə XX əsrin deyil, ümumiyyətlə, Azərbaycan tarixinin yetirdiyi ən böyük dahi şəxsiyyətdir.
Böyük strateq Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızın inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik nemətinə qovuşacaq Azərbaycanın sabahına hesablanmış digər məqsədyönlü addımları ilə özünün Ümummilli Lider obrazını yaratmışdır. Azərbaycan xalqı özünün müstəqil inkişaf yolunda Ulu Öndərin respublikaya rəhbərliyinin ilk dövründə əsası qoyulmuş zəngin iqtisadi-siyasi, mənəvi və intellektual potensiala istinad etmişdir. Bu baxımdan Azərbaycan xalqının müstəqil dövlətdə yaşamaq idealının real, dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndərin islahatlar yolu ilə Azərbaycanın milli iqtisadiyyatının formalaşdırılması siyasəti hələ Sovet İttifaqı zamanında - 1969-cu ildən Heydər Əliyevin respublikamıza rəhbərliyi ilə başlanan böyük tarixi missiyanın əsas istiqamətlərindən idi. O zaman Azərbaycan Sovet İttifaqının tərkibində olsa da, Ümummilli Liderin milli məfkurəyə əsaslanan siyasəti sayəsində sürətli inkişaf yolu keçmiş, bütün sahələr üzrə iqtisadi quruculuğa və yüksək göstəricilərə nail olunmuşdur. Heydər Əliyev gələcəyə hesablanmış müdrik siyasət yürüdərək Sovet İttifaqı tərkibində müxtəlif əngəllərə baxmayaraq, milli iqtisadiyyatımızı formalaşdırmağa, inkişaf etdirməyə və ittifaq tərkibində ən öncül yerlərdən birinə yüksəltməyə, güclü iqtisadi baza və infrastruktur, eləcə də bu sahədə güclü milli kadr potensialı yaratmağa nail olmuşdur.
Ulu Öndər bu reallığı da yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlini onun iqtisadi azadlığı şərtləndirir. Təsadüfi deyil ki, 1969-1982-ci illərdə iqtisadi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Azərbaycanın keçid dövrünü başa vuraraq dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən qüdrətli dövlətə çevrilməsinin hazırkı möhkəm təməli də Heydər Əliyevin respublikaya ilk rəhbərliyi dövründə formalaşdırdığı güclü iqtisadi bünövrəyə söykənir. Ulu Öndər ölkənin gələcəyini, müstəqilliyini düşünərək SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürmüş, strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin respublikamızda inşasına nail olmuşdur. Böyük strateqin həmin illərdə Bakı Məişət Kondisionerləri və Dərin Özüllər zavodlarının tikintisi ilə bağlı nümayiş etdirdiyi qətiyyət, prinsipiallıq bunu bir daha təsdiqləyir.
Ulu Öndərin məqsədyönlü iqtisadi siyasəti xammal və kənd təsərrüfatı respublikası olan Azərbaycanın qabaqcıl sənaye regionuna çevrilməsi, aqrar sahədə irəliləyişlərə və yüksək göstəricilərə nail olunması, yeni sənaye müəssisələrinin və istehsal sahələrinin yaradılması, qabaqcıl texnologiyaların tətbiqi və s. amillərə görə ittifaq miqyasında uğurlarla fərqlənməsi ilə nəticələndi.
XX əsrin 70-ci illərinin əvvəllərinədək Azərbaycanın iqtisadi və sosial inkişafında həll olunmamış çoxlu problemlər mövcud olmuş, respublikanın malik olduğu iqtisadi, elmi-texniki və humanitar potensialdan tam dolğun və səmərəli şəkildə istifadə edilməmiş, bu isə istər-istəməz sosial-iqtisadi inkişafın ümumi səviyyəsinin ovaxtkı orta ittifaq göstəricilərindən aşağı olması ilə nəticələnmişdir. Ağır iqtisadi və sosial şəraitdə respublikada rəhbərliyə gələn Heydər Əliyev həmin vaxt üçün mövcud olan vəziyyəti uzaqgörənliklə düzgün qiymətləndirmiş, iqtisadiyyatda, sosial-mədəni və mənəvi sahələrdə əsaslı dəyişikliklərin həyata keçirilməsini, iqtisadiyyatın təşkili və inkişafı sahəsində dönüş yaradılmasını başlıca vəzifə kimi müəyyənləşdirərək çox qısa zaman kəsiyində bütün əsas göstəricilər üzrə Azərbaycanın keçmiş SSRİ-də öncül mövqelərə çıxmasını təmin etmişdir. Bu uğurun təzahürü kimi iqtisadiyyatın maddi-texniki bazasının və maliyyə təminatının möhkəmləndirilməsi və buna rəvac verən iqtisadi proseslərin dinamik inkişafının təmin edilməsi son dərəcə gərgin və ardıcıl işin, düzgün və səmərəli idarəetmənin nəticəsi kimi meydana çıxmışdır.
Maddi istehsalın bütün sahələrində, xüsusən sənayedə, kənd təsərrüfatında, tikintidə aparılan dərin struktur-keyfiyyət dəyişiklikləri iqtisadiyyatda nəzərəçarpacaq yüksəlişin əldə olunmasına zəmin yaratmışdır. Nəticədə 1970-ci illə müqayisədə 1982-ci ildə məcmu ictimai məhsul 2,3, milli gəlir istehsalı 2,3, bütün sənaye məhsulları istehsalı 2,2, kənd təsərrüfatı məhsulları istehsalı 2,2, o cümlədən bitkiçilik məhsulları istehsalı 2,6, heyvandarlıq məhsulları istehsalı 1,6, əsaslı vəsait qoyuluşu 1,8, xalq təsərrüfatı üzrə mənfəət, müqayisəli qiymətlərlə 2,7, adambaşına real gəlir 1,5, fəhlə və qulluqçuların orta aylıq əməkhaqqı 1,4 dəfə artmışdır. Bu dövr ərzində adambaşına milli gəlirin artım sürəti 1961-1970-ci illərdəkinə nisbətən 2,7 dəfə, sosial sığorta və sosial təminat 2 dəfədən də çox, pərakəndə ticarət dövriyyəsi 79 faiz, mənzil tikintisinin həcmi şəhər yerlərində 13,4 milyon kvadratmetr artmış, 220-dən çox yeni sənaye müəssisəsi, kənd yerlərində ümumi sahəsi 4,8 milyon kvadratmetr olan yaşayış evləri, çoxsaylı məktəb, məktəbəqədər uşaq tərbiyə müəssisəsi tikilib istifadəyə verilmişdir.
1969-1982-ci illərdə Azərbaycanda elektron maşınqayırması, radiosənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq istehsalı və digər mütərəqqi sahələr, 1971-1985-ci illərdə isə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradılmışdır. Həmin illərdə yaradılmış modern neft-kimya sənayesi Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm rol oynamışdır. Azərbaycan neft məhsulları və avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, məişət kondisionerləri, mineral gübrələr, xalça və digər istehsal sahələri üzrə Sovet İttifaqında aparıcı respublikalardan biri olmuşdur. Respublikada infrastrukturun yenilənməsinə böyük diqqət yetirən Ümummilli Liderin rəhbərliyi illərində paytaxt və regionlarda yüzlərlə yaşayış binası, mehmanxana, iqtisadi inkişafda önəm kəsb edən iri istehsal kompleksləri, su anbarları, müasir yollar tikilmiş, yaşıllıq zonaları, istirahət ocaqları yaradılmışdır. Bütün bunlar - həyata keçirilən quruculuq siyasəti, yaradılmış infrastruktur, yeni sənaye sahələri, formalaşmış böyük iqtisadi potensial Azərbaycanın müstəqil dövlət kimi gələcək inkişafında mühüm rol oynamışdır.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi rəhbərliyə qayıdan Heydər Əliyev yeni tarixi şəraitdə iki mühüm vəzifənin - müstəqil dövlətimizin məhv olmaq təhlükəsinin aradan qaldırılması, yəni dövlət müstəqilliyimizin qorunub saxlanması və demokratik dövlət quruculuğunun həyata keçirilməsi vəzifələrinin həlli istiqamətində işlərə başladı. Onun gərgin əməyi, səriştəsi, böyük təşkilatçılıq qabiliyyəti, uzaqgörən daxili və xarici siyasəti nəticəsində tarixən qısa zaman kəsiyində dövlət müstəqilliyimizin dönməz xarakter alması təmin olundu, demokratik hüquqi dövlət quruculuğunun möhkəm təməli qoyuldu, siyasi, bunun ardınca isə makroiqtisadi sabitlik bərqərar olundu. Sosial-siyasi vəziyyətin ağır olmasına baxmayaraq, Prezident Heydər Əliyev tərəfindən nəticəsi sonralar bilinəcək tədbirlər görülməyə başlandı. Ulu Öndər Heydər Əliyevin Vətəni sevən hər bir azərbaycanlının ürəyində ümid çırağı yandıran "Biz Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadirik" sözlərini bütün xalq bir çağırış kimi qəbul etdi. "Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və həyatımı xalqıma qurban verməyə hazıram" kəlamı xalqın yaddaşında əbədi həkk olundu. Azərbaycan xalqının özünün xilaskarını ikinci dəfə hakimiyyətə dəvət etdiyi dövrdə - XX əsrin son onilliyində isə Ümummilli Lideri inkişaf etmiş sənaye ölkəsi deyil, siyasi cəhətdən qarışıq, iqtisadi cəhətdən çökmüş, hərbi cəhətdən məğlub bir ölkə, işğal xəbərlərindən və daxili çəkişmələrdən yorulan xalq gözləyirdi. Amma bunlar onu çəkindirmədi və vəziyyəti dəyişmək üçün doğru hesab etdiyi hər addımda qətiyyət nümayiş etdirdi.
Müstəqilliyin ilk illərində Azərbaycanın qarşısında duran ən mühüm və strateji əhəmiyyətli vəzifələrdən biri iqtisadi tənəzzülün və böhran meyillərin qarşısını almaq, maliyyə sabitliyini təmin edərək əhalinin sosial rifahını yaxşılaşdırmaq idi. Buna isə yalnız uzaqgörən, zəngin təcrübəyə, çoxtərəfli biliyə və vətənpərvər, öz fəaliyyətində milli maraqlara söykənən liderin siyasəti sayəsində nail olmaq mümkün idi. Məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl iqtisadi strategiya qarşıya qoyulan hədəflərə çatmağa, sosial-iqtisadi dirçəlişə nail olmağa imkan verdi. Bildiyimiz kimi, hər dövlətin sosial siyasəti onun iqtisadiyyatının inkişafı və dövlət idarəçiliyinin ədalətliliyi ilə qiymətləndirilir. Bu mənada Heydər Əliyev ölkəmizdə humanist və ədalətli sosial siyasətin yürüdülməsi üçün ən qısa zamanda iqtisadi sahədə sabit dövlət siyasəti formalaşdırmağa nail oldu. Bu haqda onun özü demişdir: "Mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Məqsədimiz güclü iqtisadiyyatımızı qurmaqla, ədalətli və humanist sosial siyasətə nail olmaqdır. Məhz bu, dövlət siyasətimizin əsas prinsipləridir".
Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra onun rəhbərliyi ilə müstəqil Azərbaycanın iqtisadi tərəqqisinin dayaq sütunlarını müəyyən edən milli inkişaf doktrinası hazırlandı. Bu mükəmməl inkişaf modelinin reallaşdırılması dövlət suverenliyini bərpa edən Azərbaycanda demokratik dövlət quruculuğu və azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, yeni iqtisadi dövrün tələblərinə uyğun təsərrüfat sisteminin yaradılmasına və sıçrayışlı inkişafın təmin olunmasına, kompleks islahatların həyata keçirilməsinə möhkəm əsas yaratdı.
Hələ 1994-cü il iyunun 21-də respublika iqtisadiyyatının və digər sahələrin cari məsələlərinə həsr olunmuş müşavirədəki yekun nitqində Ulu Öndər demişdi: "Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir".
Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanın neft sahəsində qazandığı uğurdur. Azərbaycanın yeni neft strategiyasının zirvə sənədi - "Əsrin müqaviləsi" 1994-cü il sentyabrın 20-də imzalanmışdır. Bu müqavilənin hər cəhətdən əsaslandırılmış, milli və dövlətçilik maraqlarımıza tam uyğun bir tərzdə işlənib hazırlanmasında İlham Əliyevin də əməyi az olmamışdır. Xarici tərəfdaşlarla aparılmış çoxsaylı danışıqlar, məsləhətləşmə və görüşlər zamanı İlham Əliyevin qətiyyəti və səriştəliliyi Azərbaycan dövlətinin maraqlarını mövcud geosiyasi reallıqlarla uzlaşdırmaqla gələcək konsorsiumun tərkibini, hasilatın pay bölgüsündə tərəflərin iştirak payını qəti şəkildə müəyyənləşdirməyə imkan yaratmışdır.
Ümumiyyətlə, Heydər Əliyevin iqtisadi baxışlarında bir-birini tamamlayan iki məqam nəzərə çarpır: a) iqtisadiyyatın bütün sahələrində islahatlar aparmaq və bu islahatlar vasitəsilə ölkə iqtisadiyyatını inkişaf etdirmək; b) mövcud iqtisadi potensialdan istifadənin səmərəsini təxirə salmadan yüksəltmək, onun dağılmasına yol verməmək və bu potensialın bütün Azərbaycan xalqının sərvəti kimi respublikamızın vətəndaşlarının, əhalinin bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılmasına yönəltmək. Müstəqillik şəraitində heç kimə ümid olmadan iqtisadiyyatımızı düzgün inkişaf etdirməyi, öz sərvətlərimizdən səmərəli istifadə etməklə dövlətçiliyimizi möhkəmləndirməyi, özü də təkcə siyasi-mənəvi deyil, həm də maddi nəticələr əldə etməklə insanların həyat səviyyəsini yaxşılaşdırmağı əsas şərt sayan Heydər Əliyev deyirdi: "Müstəqillik ona görədir ki, biz öz taleyimizin sahibi olaq, öz sərvətlərimizin sahibi olaq və bu sərvətlərdən istifadə edərək xalqımız daha yaxşı yaşasın".
Heydər Əliyevin birbaşa göstərişi ilə müvafiq dövlət orqanları tərəfindən təcili olaraq hökumətin iqtisadi proqramı işlənib hazırlanmış və həyata keçirilməyə başlanmışdır. 1995-1996-cı illər ərzində makroiqtisadi sabitliyin təmin olunması və iqtisadiyyatda struktur dəyişikliklərinin aparılması tədbirlərini nəzərdə tutan iki hökumət proqramı uğurla icra olunmuşdur. Başqa sözlə, Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər əvvəllər baş alıb gedən özbaşınalıqlara və xaosa son qoymuş, sonra ictimai-siyasi sabitlik təmin edilmiş, ölkənin hərtərəfli sosial-iqtisadi inkişafı və beynəlxalq iqtisadi sistemə inteqrasiyası üçün əlverişli şərait yaradılmışdır. 1995-ci ildən başlayaraq ardıcıl surətdə aparılan düşünülmüş, bir sıra məqamlarda isə hətta radikal xarakterli islahatlar nəticəsində iqtisadiyyatın inkişafında ciddi irəliləyiş əldə edilmiş, əksər sahələrdə, xüsusilə makroiqtisadi göstəricilərin artımında yüksək nəticələrə nail olunmuş, bazar münasibətlərinin dərinləşməsində və iqtisadi potensialın formalaşmasında həlledici rol oynayan azad sahibkarlığın təməli qoyulmuş və özəl bölmənin, vətəndaş təşəbbüskarlığının inkişafında əhəmiyyətli uğurlar qazanılmışdır. Həmçinin əhalinin rifah halının yaxşılaşdırılması, cəmiyyətin sosial müdafiəyə ehtiyacı olan üzvlərinə dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılmışdır. Bütün bunlar mövcud imkanlardan daha səmərəli istifadə etməklə Azərbaycanın iqtisadi cəhətdən güclü dövlətə çevrilməsi, onun dünya təsərrüfat sisteminə inteqrasiyası və bu sistemdə özünə layiq olan yeri tutması, ölkədə sosial problemlərin həlli və əhalinin güzəranının daha da yaxşılaşdırılması üçün etibarlı zəmin yaratmışdır.
Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının uğurla həyata keçirilməsi Azərbaycanın iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu xeyli artırmışdır. Artıq qlobal enerji layihələrinin mərkəzinə çevrilmiş Azərbaycan təkcə özünün deyil, həm də Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Böyük tarixi əhəmiyyət kəsb edən, transmilli infrastruktur layihələri olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu dövlətimizin iqtisadi qüdrətini artırmış, geosiyasi mövqeyini xeyli möhkəmləndirmişdir.
Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edir. Fəaliyyətə başladığı ilk gündən xalq qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan cənab İlham Əliyev "Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm" söyləmiş və vədini real işlərlə doğrultmuşdur. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı dövrün tələblərinə uyğun daha da zənginləşdirən Prezident İlham Əliyev inkişafın Azərbaycan modelini yaratmışdır. Bu model beynəlxalq aləmdə böyük maraq doğurur və əksər ölkələr üçün örnəyə çevrilir. Hamının marağına səbəb olan inkişafın, dövlətçiliyin Azərbaycan modeli özündə bir sıra mühüm prioritetləri birləşdirir. Bu prioritetlər ictimai-siyasi sabitlik və təhlükəsizlik, balanslaşdırılmış xarici və daxili siyasət, hüquqi dövlət quruculuğu, çevik idarəetmə mexanizminin tətbiqi və təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafıdır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Regionda bütün transmilli layihələrin mərkəzində məhz Azərbaycan dayanır.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əməlləri tarix ötdükcə daha möhtəşəm görünür və daha dərindən dərk olunur. Prezident İlham Əliyev: "Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir".
Vahid NOVRUZOV,
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, YAP Veteranlar Şurasının üzvü, iqtisad elmləri doktoru, professor