07 May 2026 08:10
155
SİYASƏT
A- A+
Heydər Əliyev strategiyası: zəfərin başlanğıcı

Heydər Əliyev strategiyası: zəfərin başlanğıcı


Ulu Öndər Heydər Əliyev deyirdi ki, "Müstəqilliyi qorumaq üçün güclü dövlət, güclü ordu və milli birlik lazımdır." Təsadüfi deyil ki, Azərbaycanın müstəqilliyini qoruyan, ölkəmizin beynəlxalq nüfuzunu möhkəmləndirən, davamlı iqtisadi modelin formalaşmasına zəmin yaradan məhz görkəmli dövlət xadimi, nəhəng siyasətçi Heydər Əliyevin siyasi iradəsi, strateji düşüncəsi oldu. Müstəqilliyin bərpasının ilk illərində siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül, tarixi torpaqların işğalı, daxili ziddiyyətlər dövlətin mövcudluğunu təhlükə altına qoymuşdu. 1993-cü ilin iyununda Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtması ilə daxili çəkişmələrə son qoyuldu, dövlət institutları gücləndirildi, hüquqi çərçivə yaratmaq üçün fundamental addımlar atıldı. 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi isə demokratik, hüquqi dövlətin qurulması istiqamətində mühüm addım idi. Bu tədbirlər sayəsində Azərbaycan uzunmüddətli inkişafını təmin etdi. Nüfuzlu dünya siyasətçiləri tərəfindən də Heydər Əliyev postsovet məkanında həm daxili sabitliyi təmin etməyi, həm də böyük güclər arasında balanslı siyasət yürütməyi bacaran nadir siyasətçi kimi qiymətləndirilir.

Ulu Öndər Azərbaycanın geosiyasi mövqeyindən səmərəli istifadə edərək ölkəni beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevirdi. Əsas strateji addımlardan biri beynəlxalq şirkətlərin Xəzər dənizinin enerji ehtiyatlarına çıxışını təmin edən "Əsrin müqaviləsi"nin imzalanması oldu. Bu sənəd Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında dönüş nöqtəsi idi. Bu müqavilə yalnız iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıyırdı. Dünyanın aparıcı şirkətləri və dövlətləri ilə qurulan əməkdaşlıq Azərbaycanın beynəlxalq nüfuzunu artırdı, ölkənin təhlükəsizlik zəmanətlərini gücləndirdi. Azərbaycan qısa müddətdə beynəlxalq təşkilatlarda fəal iştirak edən, regional və qlobal layihələrdə söz sahibi olan bir dövlətə çevrildi. Bu addım investisiya axınını təmin etdi, infrastrukturun inkişafını və ölkənin iqtisadi müstəqilliyini gücləndirdi.

Ulu Öndərin iqtisadi siyasəti uzunmüddətli strateji planlaşdırmaya və təbii sərvətlərdən səmərəli istifadəyə əsaslanırdı. Neft və qaz sektorunun inkişafı iqtisadi artımın hərəkətverici qüvvəsinə çevrildiyi vaxtda ona paralel olaraq iqtisadi şaxələndirməyə də xüsusi diqqət yetirilirdi. Əlverişli investisiya mühitinin yaradılması, struktur islahatları və özəl sektorun inkişafı dayanıqlı iqtisadiyyatın formalaşmasına töhfə verdi. Genişmiqyaslı infrastruktur layihələri həyata keçirildi, nəqliyyat və enerji sistemləri modernləşdirildi. Azərbaycan tədricən regional iqtisadi mərkəzə çevrildi, enerji təhlükəsizliyi və nəqliyyat kommunikasiyalarında vacib rol oynadı. Bu, ölkəmizə təkcə daxili sabitliyi təmin etmək üçün yox, həm də beynəlxalq səhnədə təsirini gücləndirməyə imkan verdi. Beləliklə, Heydər Əliyevin liderliyi postsovet məkanında sabitləşdirici faktor kimi dəyərləndirilirdi.

Təbii ki, bu intensiv inkişafın fonunda milli kimliyin qorunması, dövlətçilik şüurunun möhkəmləndirilməsi və cəmiyyətin vahid məqsədlər ətrafında birləşdirilməsi Ulu Öndərin müəyyən etdiyi siyasətin əsas prioritetlərindən biri idi. Bu xüsusda Azərbaycançılıq ideyasının sistemli şəkildə formalaşdırılması və dövlət siyasəti səviyyəsinə yüksəldilməsi məhz xalqımızın Ümummilli Liderinin adı ilə bağlıdır.

Milli-mənəvi dəyərləri, tarixə bağlılığı, dövlətə sədaqəti və vətəndaş həmrəyliyini özündə birləşdirən bu ideoloji platforma Heydər Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə formalaşdırılaraq milli ideologiya səviyyəsinə yüksəldi. Azərbaycançılıq müxtəlif etnik və dini mənsubiyyətə malik insanların vahid dövlət və ümummilli maraqlar ətrafında birləşməsini təmin edən bir ideyadır. Bu, xüsusilə çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətində sabitliyin və harmoniyanın qorunmasında mühüm rol oynayır.

Bu gün azərbaycançılıq ideologiyası müstəqil Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərindən biri olaraq qalır. Qloballaşma şəraitində milli kimliyin qorunması, informasiya təsirlərinə qarşı dayanıqlılığın artırılması və milli maraqların müdafiəsi baxımından bu ideologiyanın əhəmiyyəti daha da artır.

Azərbaycançılıq həm daxili sabitliyin təminatçısı, həm də xarici siyasətdə milli maraqların qorunmasının ideoloji dayağı kimi çıxış edir.

Bu gün Azərbaycanın əldə etdiyi uğurlar, cəmiyyətin sabitliyi və milli həmrəyliyi məhz bu ideologiyanın düzgün və ardıcıl şəkildə həyata keçirilməsinin nəticəsidir.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında dövlət siyasətinin vacib sahələrindən biri də gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətləndirilməsi idi. "Bizim ən böyük amalımız qadınlarımızı azad, xoşbəxt, fəal və nikbin, uşaqlarımızı sağlam, gümrah, şən və hər cəhətdən təmin olunmuş görməkdən ibarətdir", - deyən Ulu Öndər Heydər Əliyev qadınların ictimai və siyasi həyatda iştirakını dayanıqlı inkişafın vacib istiqaməti kimi görürdü. Bu istiqamətdə 1998-ci ildə müvafiq dövlət komitəsinin yaradılması ilə institusional baza formalaşdı və bu proses sonradan gender bərabərliyi üzrə dövlət mexanizmlərinin genişlənməsinə gətirib çıxardı. Gender məsələləri dövlət siyasətinin ayrılmaz hissəsidir və qanunvericilik səviyyəsində qadın hüquqları daha aydın şəkildə qorunur. Həmçinin qadınların ictimai-siyasi həyatda iştirakı artmaqdadır. Azərbaycanda qadınlar parlamentdə, dövlət idarəçiliyində, bələdiyyələrdə və müxtəlif rəhbər vəzifələrdə təmsil olunurlar, həmçinin nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanı layiqincə təmsil edirlər. Bu fəaliyyətin ən uğurlu nümunəsi Birinci vitse-prezident, ölkənin birinci xanımı Mehriban Əliyevadır.

Mehriban xanım öz yüksək ictimai-siyasi fəallığı, dərin intellekti, geniş dünyagörüşü, xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycan qadınının parlaq obrazını beynəlxalq aləmə təqdim etməkdədir. Təsadüfi deyil ki, son illər qızların ali təhsilə çıxışı genişlənib, elm və təhsil sahəsində qadınların sayı artıb. Bu isə uzunmüddətli perspektivdə cəmiyyətin intellektual potensialına müsbət təsir göstərir. Bundan əlavə, gender bərabərliyi ilə bağlı ictimai şüur da təkmilləşib. Qadınların hüquqları, onların cəmiyyətdə rolu və gender balansı məsələləri artıq daha açıq müzakirə olunur. Bu isə sosial münasibətlərdə daha sağlam və bərabər mühitin formalaşmasına kömək edir. Beləliklə, Azərbaycan qadınları elm və təhsildən tutmuş siyasətə, biznesə qədər müxtəlif sahələrdə özünü ifadə etmək üçün daha geniş imkanlar əldə ediblər. Bu yanaşma daha ədalətli və inklüziv cəmiyyətin formalaşmasına töhfə verməkdədir.

Heydər Əliyev siyasi irsi bu gün də Azərbaycanın inkişafına təsir göstərməkdə davam edir. Ümummilli Liderin əsasını qoyduğu dövlət idarəçiliyi, iqtisadi siyasət və beynəlxalq münasibətlər prinsipləri aktuallığını qoruyub saxlayır. Bu fəaliyyət yalnız bir dövrü əhatə etməklə məhdudlaşmır. Onun müəyyən etdiyi strateji kurs bu gün də Azərbaycanın inkişafının əsasını təşkil edir. Dövlətçilik ənənələrinin formalaşdırılması, milli maraqların qorunması və müasir idarəçilik prinsiplərinin tətbiqi Ümummilli Liderin mirasının əsas elementləridir. Onun yaratdığı siyasi və iqtisadi baza Azərbaycanın gələcək inkişafı üçün möhkəm zəmin hazırladı. Bu gün Azərbaycan regionda sabitlik, inkişaf və əməkdaşlıq mərkəzi kimi çıxış edir.

Azərbaycanın müasir tarixində əldə olunan ən mühüm nailiyyətlərdən biri ölkəmizin ərazi bütövlüyünün təmin olunması və suverenliyinin tam bərpasıdır. Bu tarixi uğur uzun illər ərzində formalaşdırılmış strateji xəttin, siyasi iradənin və uzaqgörən dövlətçilik konsepsiyasının məntiqi nəticəsidir.

Heydər Əliyevin uzaqgörən siyasətinin mühüm istiqamətlərindən biri Azərbaycanın mövqeyinin beynəlxalq hüquq müstəvisində möhkəmləndirilməsi idi. Onun apardığı balanslı və praqmatik xarici siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü beynəlxalq təşkilatlar tərəfindən tanındı və dəstəkləndi. Bu siyasət ölkəmizin haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, gələcəkdə baş verəcək proseslər üçün hüquqi baza formalaşdırdı. Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınması isə siyasi və diplomatik uğurların əsasını təşkil etdi.

Ulu Öndərin hakimiyyəti dövründə nizami ordunun formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. Peşəkar hərbi kadrların hazırlanması, müdafiə sisteminin təkmilləşdirilməsi və orduya dövlət qayğısının artırılması gələcək uğurların əsasını qoydu. Bununla yanaşı, milli həmrəylik ideyasının gücləndirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi Ulu Öndərin siyasətində xüsusi yer tuturdu. Xalq-dövlət birliyi isə hər zaman qələbənin ən əsas şərti olub.

Hazırda dünyanın bir çox bölgəsində münaqişələr, müharibələr dünyada sabitliyi və təhlükəsizliyi təhdid edir. Bütün bunların fonunda 44 gün ərzində Ermənistanı diz çökdürən və təslim olmağa məcbur edən Azərbaycanın qələbəsi yeganə mütləq zəfər nümunəsidir. 44 günlük Vətən müharibəsində və 2023-cü il antiterror əməliyyatında Azərbaycanın mütləq qələbəsini zəruri edən amillər isə ordumuzun rəşadəti, Ulu Öndərin layiqli davamçısı Azərbaycan Prezidentinin siyasəti, liderliyi, qətiyyəti və prinsipiallığıdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və suverenliyinin tam bərpası Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun uğurlu davamı kimi qiymətləndirilməlidir. Ulu Öndərin yaratdığı möhkəm dövlətçilik təməli, iqtisadi potensial, diplomatik mövqe və ordu quruculuğu strategiyası Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən real nəticələrə çevrildi. Beləliklə, Azərbaycanın suverenliyinin bərpası və ərazi bütövlüyünün təmin olunması milli tariximizin şanlı səhifəsidir. Bu uğurun təməlində isə güclü dövlətçilik ideologiyası, strateji düşüncə və qətiyyətli liderlik keyfiyyətləri dayanır.

Zaman göstərdi ki, Ulu Öndərin də söylədiyi kimi, "biz müstəqilliyimizi böyük çətinliklər bahasına əldə etmişik. Onu qorumaq isə onu qazanmaqdan daha çətin və məsuliyyətlidir". Bu gün qalib və güclü Azərbaycanın timsalında əminliklə söyləyə bilərik ki, güclü lider həm də güclü dövlətin qarantıdır.


Nigar MƏMMƏDOVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Nəbatat bağında gənc rəssamların sərgisi keçirilib

09:30
07 May

Zəmanə uşaqları

09:25
07 May

Nəsibə Zeynalova qüdrətində sənətkar hər xalqa nəsib olmur

09:20
07 May

Azərbaycanda orqanik kənd təsərrüfatı məhsulları istehsalı: problemlər, perspektivlər

09:15
07 May

Torpaqdan texnologiyaya - Azərbaycan aqrobiznesində yeni dövr

09:13
07 May

Bir məkan, üç sərgi, 450-yə yaxın şirkət

09:10
07 May

Makron rəsmi Bakının tezislərini təkrarlayır

09:05
07 May

Kaya Kallasın səfəri Azərbaycan-Aİ əməkdaşlığının strateji məzmununu göstərir

09:00
07 May

Azərbaycanın mədəniyyət zirvəsi

08:55
07 May

Bakı-Roma əməkdaşlığı Avropanın enerji təhlükəsizliyini formalaşdıran mühüm vasitədir

08:50
07 May

Azərbaycanın parlament diplomatiyası

08:45
07 May

Azərbaycan-İtaliya münasibətləri yeni mərhələdə

08:40
07 May

Böyük irsin salnaməsi

08:35
07 May

"Biz Heydər Əliyevdən hər gün öyrənirdik"

08:30
07 May

Elmi əsaslar üzərində optimal inkişaf konsepsiyasının yaradıcısı

08:25
07 May

Tarixi missiyanın uğurları

08:20
07 May

Xalqın taleyinə yazılmış imza: Heydər Əliyev fenomeni

08:15
07 May

Heydər Əliyev strategiyası: zəfərin başlanğıcı

08:10
07 May

Əbədiyaşar Liderin tükənməz irsi: etibarlı gələcəyin sağlam bünövrəsi

08:05
07 May

Hadisələri qabaqlamaq məharəti

08:00
07 May

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

03:22
07 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!