12 Yanvar 2023 01:12
738
CƏMİYYƏT
A- A+
Heydər Əliyev dövlətçilik  idealları və müasir dövr

Heydər Əliyev dövlətçilik  idealları və müasir dövr

 

AMEA və "Azərbaycan" qəzetinin birgə təşkilatçılığı ilə keçirilən elmi konfrans

 

2023-cü ilin respublikamızda "Heydər Əliyev İli" elan olunması ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının  Rəyasət Heyətinin Böyük zalında  AMEA və "Azərbaycan" qəzetinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev dövlətçilik idealları və müasir dövr" mövzusunda elmi konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin AMEA-dakı büstü önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Daha sonra tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi ilə tanış olublar.

Elmi konfransda giriş nitqi ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik, Milli Məclisin deputatı İsa HƏBİBBƏYLİ qeyd etdi ki, rəsmi dövlət qəzeti olan "Azərbaycan"la birgə keçirilən "Heydər Əliyev dövlətçilik idealları və müasir dövr" mövzusunda elmi konfransla Milli Elmlər Akademiyası "Heydər Əliyev İli"nə start verir:
- Artıq ilk ongünlüyünü yaşadığımız 2023-cü il Azərbaycanın çoxəsrlik tarixinə "Heydər Əliyev İli" kimi daxil olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü ili "Heydər Əliyev İli" kimi elan etməsi ölkəmizin çoxəsrlik tarixinin bu qeyri-adi təqvim ilini də əbədiləşdirmişdir. Bundan əvvəlki illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Azərbaycanda böyük uğurla keçirilmiş Nizami Gəncəvi və İmadəddin Nəsimi illəri müstəqil ölkəmizdə milli şüurun, ədəbi-elmi təfəkkürün, milli-mənəvi özünüdərk proseslərinin dərinləşməsinə və genişləndirilməsinə uğurla xidmət etmişdir. Prezident İlham Əliyevin sərəncamı əsasında 2023-cü ilin "Heydər Əliyev İli" kimi keçirilməsi respublikamızda müstəqil dövlətçilik düşüncəsinin, azərbaycançılıq ideallarının, vətənpərvərlik tərbiyəsinin daha da möhkəmləndirilməsinə özünün sanballı töhfələrini verəcəkdir.
Hamıya yaxşı məlumdur ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dünyada görkəmli dövlət xadimlərindən biri kimi qəbul olunur. Dünyanın məşhur şəxsiyyətləri, böyük siyasətçiləri Ulu Öndər Heydər Əliyevin dövlətçilik sahəsindəki müstəsna istedadını və böyük siyasətdəki xüsusi məharətini yüksək qiymətləndirmişlər. Amerikanın keçmiş Prezidenti Bill Klintonun Heydər Əliyevə "dünyanı idarə etməyi bacaran görkəmli bir siyasi xadim" kimi yüksək qiymət verməsi, Türkiyə Cümhuriyyətinin keçmiş prezidenti Süleyman Dəmirəlin bu böyük dövlət xadiminin "bütün türk dünyasının yetişdirdiyi ən məşhur dövlət xadimlərindən biri" olduğunu bəyan etməsi bunun əyani sübutudur. 
Heydər Əliyev yeni tarixi epoxada Azərbaycanın dövlət müstəqilliyinin banisi, qüdrətli xilaskarı və böyük qurucusu olan tarixi şəxsiyyətdir. 
Heydər Əliyev - azərbaycançılıq idealının rəmzidir. 
Heydər Əliyev - Azərbaycan xalqının Ümummilli Lideridir.
Heydər Əliyev dünya tarixinin gedişatına təsir göstərməyi və tarixi yenidən qurub-yaratmağı bacaran nadir dövlət xadimlərindən biridir. 
Heydər Əliyevin uzaqgörən dövlətçilik idealları bu gün də müstəqil Azərbaycan Respublikasının inkişaf yoluna gur işıq salır, bələdçilik edir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və müstəqil Azərbaycan dövləti qarşısında müstəsna dərəcədə böyük xidmətləri vardır. Belə ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-cu ildə siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycan geridə qalmış aqrar ölkədən hərtərəfli surətdə inkişaf etmiş bir respublikaya çevrilmişdir. Siyasi Büronun üzvü kimi çoxcəhətli fəaliyyəti onun keçmiş sosialist ölkələri düşərgəsində və müttəfiq respublikalarda, hətta Sovetlər İttifaqından kənardakı kapitalist dövlətlərində də əsl dövlət xadimi olaraq qəbul edilməsinə yol açmışdır. Ən yaxın tariximizdə, XX əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi də Heydər Əliyevin qətiyyəti, ən optimal çıxış yollarını tapmaq və düzgün müəyyən edilmiş strategiyanı böyük bacarıqla həyata keçirmək istedadı sayəsində aradan qaldırılmışdır. Ulu Öndər Azərbaycanda dövlət müstəqilliyinin möhkəm təməllərini yaratmaqla ölkəmizin və xalqımızın böyük gələcəyinin yollarını açmışdır. 
Bütün bunlara görə 2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Heydər Əliyev İli" elan olunması ilk növbədə bu böyük dövlət xadiminin dünya siyasətindəki, habelə Azərbaycan xalqının tarixində və taleyindəki xidmətlərinin dünyaya və xalqımıza çatdırılmasına geniş imkan yaradılmasına uğurla xidmət edir. Bu mənada "Heydər Əliyev İli" haqqında Azərbaycan Prezidentinin Sərəncamı tarixin axarını dəyişdirmiş bu dahi şəxsiyyətin dünya tarixindəki yerinə və mövqeyinə, Azərbaycan xalqı və müstəqil dövlətimiz qarşısındakı misilsiz xidmətlərinə dövlət səviyyəsində verilmiş yüksək qiymətin əməli ifadəsidir. "Heydər Əliyev İli" haqqında Prezident sərəncamındakı aşağıdakı fikirlər bu görkəmli dövlət xadiminin unudulmaz xidmətlərini obyektiv şəkildə ifadə edir: "Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin mənəvi dəyərlərinin tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli yer qazanmasında müstəsna rol oynamışdır… Dövlətçilik salnaməsində silinməz izlər qoymuş, azərbaycanlı olması ilə fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqındakı 29 sentyabr 2022-cü il tarixli sərəncamı "Heydər Əliyev İli"nin həm nəzəri-metodoloji mahiyyətini, həm də əməli-praktik istiqamətlərini aydın surətdə əks etdirir. Bu baxımdan 2023-cü ilin Azərbaycan Respublikasında "Heydər Əliyev İli" elan edilməsi haqqında Prezident sərəncamı "Heydər Əliyev İli"nin gerçək və əhəmiyyətli bir proqramıdır. "Heydər Əliyev İli"nin əsas siyasi-ideoloji konturlarını tam şəkildə əhatə edən sərəncam qarşıdakı dövrdə həyata keçirilməsi zəruri olan tədbirlərin əsl mahiyyətini real şəkildə əks etdirir. Ona görə də mükəmməl şəkildə hazırlanmış dövlət sərəncamını "Heydər Əliyev İli"nin aydın yol xəritəsi də adlandırmaq olar. 
"Heydər Əliyev İli" görkəmli dövlət xadiminin keşməkeşli və mənalı həyatı, çoxcəhətli dövlətçilik istedadı, mübarizəsi və idealları ilə əlaqədar məsələlərə yenidən və daha əsaslı şəkildə baxılması zərurətini meydana qoyur. Məlum olduğu kimi, Azərbaycan dövləti və xalqımız 1969-cu ildən başlayaraq, 54 ildir ki, Heydər Əliyev epoxasında qurub-yaradır və ölkəmiz Ulu Öndərin dövlətçilik ideallarının işığında ardıcıl olaraq hərtərəfli şəkildə inkişaf edir. Bu tarixi epoxanın ayrı-ayrı mərhələlərdəki parlaq hadisələri və nailiyyətləri Heydər Əliyevin ölməz adı, böyük ideyaları və mübarizəsi ilə üzvi surətdə əlaqədardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində həm beynəlxalq miqyasda, həm də respublikamızda qazandığı tarixi zəfərlərlə, həyata keçirdiyi möhtəşəm proqramlarla Heydər Əliyev epoxasını daha da zənginləşdirməyə və Azərbaycan tarixinin yeni bir epoxasını yaratmağa nail olmuşdur. 
Bundan başqa, görkəmli dövlət xadimi Heydər Əliyev dünya dövlətçilik tarixində Ümummilli Lider fəxri adı qazanmış nadir tarixi şəxsiyyətlərdəndir. "Heydər Əliyev İli"ndə Ümummilli Liderliyin siyasi-fəlsəfi miqyası və missiyasının mahiyyəti dərindən və hərtərəfli surətdə tədqiq edilərək araşdırılmalı, ümumiləşdirilmiş elmi-nəzəri qənaətlər meydana qoyulmalıdır. Ümummilli Liderlik fəlsəfəsinin konseptual əsaslarının müəyyən edilməsi və görkəmli dövlət xadimi Heydər Əliyevin nümunəsində konkret bir parlaq nümunənin meydana qoyulması Azərbaycan humanitar və ictimai elmlərinin şərəfli borcu və məsul vəzifəsidir.
Heydər Əliyevin adı ilə bağlı olan azərbaycançılıq təliminə də yenidən və daha əsaslı şəkildə elmi baxışa ehtiyac vardır. Məlum olduğu kimi, uzaqgörən dövlət xadimi Heydər Əliyev azərbaycançılıq təliminin təməllərini hələ sovet hakimiyyəti illərində respublikamıza rəhbərlik etdiyi dövrdə formalaşdırmışdır. Bu mənada yeni dövlət müstəqilliyi qazanmış digər respublikalarla müqayisədə dövlətçilik ideologiyasının yenidən müəyyən edilməsi baxımından Azərbaycan Respublikası bir addım qabaqda olmuşdur. Ona görə də azərbaycançılıq ideologiyasının formalaşdırılmasının Heydər Əliyev modeli kompleks şəkildə öyrənilməli, ümumiləşdirilmiş əsaslı nəticələr çıxarılmalıdır. 
 "Heydər Əliyev İli" müstəqil Azərbaycan dövlətinin nailiyyətlərinin təbliğ edilməsi baxımından geniş meydan açır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi 20 il ərzində ölkəmiz bütün istiqamətlər üzrə hərtərəfli şəkildə inkişaf edərək böyük dövlətlərin cərgəsinə qoşulmuşdur. Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğ"u ilə 30 illik işğaldan sonra Qarabağın düşməndən azad edilməsi və ölkəmizdə Böyük qayıdış hərəkatının uğurla həyata keçirilməsi Azərbaycanın çoxəsrlik tarixinə nadir tarixi hadisə kimi daxil olmuşdur. 
Möhtərəm Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış konsepsiyasının hazırlanmasına dair çağırışları XXI əsrdə Azərbaycan xalqının tarixi-coğrafi və milli-mənəvi bütövlüyə dönüşünün dərk olunmuş əhəmiyyətli bir paroludur. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında həmin mötəbər beynəlxalq qurumun şurasına sədrlik etdiyi vaxtda Fransanın təcavüzkar Ermənistanla əlaqədar məkrli planlarının həyata keçirilməsinə imkan verilməməsi Prezident İlham Əliyevin dünya liderlərindən biri olduğunu qəti şəkildə isbat edir. Hesab edirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə mümkün ola biləcək ən yaxın dövrdə Ermənistanla sülh sazişinin imzalanması və Zəngəzur-Laçın dəhlizlərinin açılması sahəsində həlledici addımların atılması da "Heydər Əliyev İli"nə möhtəşəm töhfələr olacaqdır. 
"Heydər Əliyev İli" peşəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Ulu Öndərin müqəddəs mənəvi varlığı və müstəqil dövlətçiliyimiz qarşısında hesabat ili olacaqdır. Azərbaycan Milli Elmlər Akademiyasında keçirilməsi nəzərdə tutulan beynəlxalq və respublika miqyaslı elmi konfranslar, hazırlanıb nəşr edilməsi nəzərdə tutulan çoxsaylı monoqrafik tədqiqatlar alimlərimizin "Heydər Əliyev İli"nə hesabatlarında əsas yer tutan əhəmiyyətli addımlardır.
Haqqında çox yazılmasına baxmayaraq, görkəmli dövlət xadimi Heydər Əliyevin dünya dövlətçilik tarixində və Azərbaycan xalqının milli intibahındakı yeri və rolunu real şəkildə əks etdirən fundamental və sistemli elmi əsərlərə, habelə müxtəlif janrlarda parlaq ədəbiyyat və incəsənət əsərlərinin yaradılmasına da ehtiyac vardır. Fikrimizcə, akademiya alimlərinin iştirakı ilə Heydər Əliyevin elmi bioqrafiyasını yaratmaq, "Heydər Əliyev ensiklopediyası"nı hazırlayıb nəşr etdirmək də qarşıda duran mühüm vəzifələrdəndir. 
"Heydər Əliyev İli" - Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsi sahəsində yeni təşəbbüslər ili olacaqdır. Fikrimizcə, işğaldan azad edilmiş Şuşa şəhərində görkəmli dövlət xadimi Heydər Əliyevin heykəlinin ucaldılması xalqımızın ürəyindən olardı. 
Söz yox ki, Azərbaycan elmi-intellektual qüvvələri, yaradıcı ziyalılarımız və alimlərimiz "Heydər Əliyev İli"nin çağırışlarına özlərinin parlaq elmi və bədii əsərləri ilə cavab verəcəklər. Bu mənada "Heydər Əliyev İli" ədəbiyyat və incəsənətin, humanitar və ictimai elmlərin inkişafı sahəsində geniş üfüqlər açır. Azərbaycan Milli Elmlər Akademiyasında Ümummilli Liderimiz Heydər Əliyevin ömür və mübarizə yolunun ibrətamiz dərslərinin, müstəqil dövlətçilik və azərbaycançılıq ideallarının daha dərindən və əsaslı şəkildə tədqiq olunub öyrənilməsi, xalqımıza və dünyaya çatdırılması üçün bütün imkanlar səfərbər olunmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyası "Azərbaycan" qəzeti ilə birlikdə "Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr" mövzusunda keçirdiyi elmi konfransla akademiyada "Heydər Əliyev İli"nə start verir.
"Heydər Əliyev İli" xalqımız, dövlətimiz, alimlərimiz, ziyalılarımız, mətbuatımız üçün uğurlu olsun!

"Heydər Əliyev və mətbuat siyasəti" mövzusunda çıxış edən "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin nadir şəxsiyyətlərdən olduğunu bildirdi:
- Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyev qeyri-adi zəka sahibi və təşkilatçılıq bacarığına malik bir şəxsiyyət idi. Təsadüfi deyil ki, Ulu Öndər hələ sovet illərində Azərbaycanı geridə qalmış respublikadan ittifaqın qabaqcılları sırasına çıxarmışdı. Onun keçmiş SSRİ-nin ali rəhbərliyində 30-a yaxın sahəyə məharətlə və yüksək peşəkarlıqla rəhbərlik etməsi, bu gün də MDB məkanında hörmətlə etiraf edilir. 
 İdeoloji işin də ustası, mahir bilicisi olan Heydər Əliyev xalqı milli məqsədlərə doğru yönəltmək, öz sözünü, ideyalarını, fikirlərini insanlara çatdırmaq üçün daim mətbuata böyük önəm verirdi. Ulu Öndərin hələ "Literaturnaya qazeta"nın 18 noyabr 1981-ci il tarixli nömrəsində dərc olunmuş "Qoy ədalət zəfər çalsın" başlıqlı müsahibəsi ilə bütün SSRİ onun qətiyyətinin, müdrikliyinin, ədalət uğrunda necə mübarizə aparmasının şahidi olmuşdu. O dövr üçün aydın səmadan şimşək kimi çaxan həmin müsahibə həm də qarşıya qoyulan vəzifələrin, Ulu Öndərin gördüyü və görəcəyi işlərin anonsu idi. Onun rəhbərliyi dövründə Azərbaycan qısa müddətdə SSRİ-nin qabaqcıl respublikalarından birinə çevrildi, insanların rifahı yüksəldi. Bütün bu işlərin görülməsində dahi rəhbər mətbuatdan bacarıqla istifadə etdi.
Ümummilli Lider Heydər Əliyev ölkəmizə ikinci rəhbərliyi dövründə də mətbuatla sıx bağlı idi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə müstəqil milli mətbuatın yenidən formalaşması və təşəkkülü prosesi başladı. Bu çox ağır və çətin bir proses idi və həmin dövrdə bütövlükdə media sferasında hansı proseslərin yaşandığını, mətbuata olan hücumları, yeni senzuraların tətbiq olunmasını yaxşı xatırlayırıq. 
Demokratiyanın ən mühüm əlamətlərindən biri kimi hüquqi-demokratik inkişaf yolunu tutan Azərbaycanda isə həqiqi söz və mətbuat azadlığının bərpası çox vacib idi. Ulu Öndər Heydər Əliyev bu mühüm cəhəti nəzərdə tutaraq deyirdi: "…Mətbuat Azərbaycan iqtidarı üçün çox önəmli bir sahədir, çox vacib bir sahədir. Biz demokratiya yolu ilə gedərək, söz azadlığını təmin edərək, bu yolda nöqsanları ardıcıl surətdə aradan qaldırmalıyıq və qaldıracağıq, mətbuata, söz azadlığına bütün imkanları yaradacağıq". 
Müdrik dövlət rəhbəri bu vəzifənin tam və uğurla reallaşmasından ötrü bütün zəruri tədbirləri ardıcıllıqla həyata keçirdi. Aparılan islahatlar isə həm də mətbuatın sürətli inkişafına təkan vermiş oldu. Məsələn, özlərini demokrat adlandırsalar da, iqtidarda olduqları qısa dövrdə azad sözə münasibətdə böyük problemlər yaradan, mətbuata əlavə olaraq hərbi senzura nəzarəti qoyan, jurnalistləri döyüb təhqir edən AXC-Müsavat cütlüyü sonadək KİV-i dar çərçivədə saxlamışdı.  
Şübhəsiz, möhkəm və müasir qanunvericilik bazası yaratmadan mətbuatın sərbəst fəaliyyətini və sürətli inkişafını da təmin etmək olmazdı. Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra Ümummilli Lider Heydər Əliyev bu missiyanı layiqincə yerinə yetirdi.  Baş müəllifi Heydər Əliyev olan müstəqil Azərbaycan dövlətinin yeni Konstitusiyasında ölkədə mətbuat və söz azadlığının mövcudluğu öz təsdiqini tapdı. Konstitusiyanın 50-ci maddəsində deyilir: "Kütləvi informasiyanın azadlığına təminat verilir".  
"Jurnalistlik qeyri-adi, böyük zəhmət, xüsusi bilik tələb edən bir sənətdir.  Azərbaycan dövləti jurnalistlərin əməyini daim yüksək qiymətləndirir, kütləvi informasiya vasitələrinin mövcud problemlərini həll etmək üçün əlindən gələni edir və bundan sonra da edəcəkdir" - deyən Ulu Öndər Heydər Əliyev 6 avqust 1998-ci il tarixli fərmanı ilə  KİV-ə senzura nəzarətini də ləğv etdi. Bu, bəzilərinin güman etdiyi kimi xaos yaratmadı. Əksinə, vətəndaşlarla məhkəmə çəkişmələrinə düşən qəzetlər və jurnalistlər sözün məsuliyyətini dərk edib qiymətləndirməyi öyrəndilər. Bütövlükdə isə mətbuatın mövzu dairəsi daha da genişləndi, hadisələrə müdaxilə cəsarəti artdı. Bu gün hər bir qələm sahibi Azərbaycan mətbuatının senzura buxovundan qurtarmasını Ulu Öndər Heydər Əliyevin mətbuat azadlığının təminatı sahəsində ən böyük xidmətlərindən biri hesab edir. 
Ulu Öndərin tövsiyəsi və  iradəsi ilə kütləvi informasiya vasitələri haqqında yeni, daha təkmil bir qanun hazırlanaraq Milli Məclis tərəfindən qəbul edildi. Sonrakı dövrdə zamanın tələblərindən irəli gələn dəyişikliklər aparılaraq kütləvi informasiya vasitələrinin təsisindəki bütün maneə və əngəllər aradan qaldırıldı. 
Beləliklə, yalnız Ümummilli Lider Heydər Əliyev xalqın arzusu və tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkə düzgün məcraya düşərək inkişaf etməyə başladı. Mətbuatın inkişafına və sərbəstləşməsinə yönəlmiş hər konkret və inamlı addımı Ulu Öndər Heydər Əliyevin bütün sahələrdə cəsarətli və uzaqgörən reformator olduğunu da dəfələrlə təsdiq etdi. 
Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə mətbuatla bağlı yaranmış bütün mübahisəli məsələlərdə həmişə mətbuatın mövqeyini müdafiə etmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə mətbuat əlavə dəyər vergisindən azad olunmuş, sözün azadlığından sui-istifadə edərək cinayət törədən bəzi jurnalistlər alicənablıqla əfv edilərək, vaxtından qabaq azadlığa buraxılmışlar.  
Ulu Öndər Heydər Əliyev Azərbaycan mətbuatının azadlığının və müstəqilliyinin hüquqi-mənəvi təminatçısı olmaqla yanaşı, onun maddi-texniki bazasının möhkəmlənməsi qayğısına da qalırdı. Bununla bağlı təkcə 2001-ci ildə iki dəfə xüsusi fərman imzalamışdı. "Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında" 20 iyul 2001-ci il tarixli Prezident fərmanında kütləvi informasiya vasitələri məhsullarının illik satışından redaksiyaların əldə etdikləri mənfəətdən ödədikləri vergidən azad edilmələri, habelə ölkəyə gətirilən qəzet kağızına tətbiq olunan gömrük idxal rüsumunun azaldılması barədə Nazirlər Kabinetinə müvafiq tapşırıq verilmiş və icra olunmuşdur. "Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında" 27 dekabr 2001-ci il tarixli fərmanda isə mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, söz, məlumat və fikir azadlığı üçün daha geniş imkanlar yaradılması məqsədilə bir sıra tədbrilərin həyata keçirilməsi nəzərdə tutulmuş, habelə qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının ödənilməsi müddətinin uzadılması və onlara dövlət tərəfindən kredit verilməsi məsələləri öz həllini tapmışdır. Sonralar bu borclar bağışlanıldı. 
Bu gün Azərbaycan jurnalisti üçün qapalı sahə, qadağan olunmuş mövzu yoxdur. O, hətta mütəmadi şəkildə ölkə Prezidenti ilə görüşə, istədiyi sualı ona ünvanlayıb cavab ala bilir. Bu, keçmişdə də belə olub, indi də belədir. Bu, Ulu Öndərdən qalan qaydadır. Ümummilli Lider Heydər Əliyev özü daim jurnalistlərlə görüşə can atır, buna şərait yaradırdı. Hər dəfə xarici səfərlərə yola düşəndə aeroportda kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşür, onların bütün suallarını cavablandırırdı. Uzunmüddətli uçuşlar zamanı yenə də jurnalistləri "darıxmağa qoymur", elə təyyarədə onlar üçün sual-cavab təşkil edirdi. Geri döndükdə də hökmən hava limanında jurnalistlərin qarşısına çıxır, səfərin gedişi və yekunları barədə müxtəlif suallara cavab verirdi. Müəyyən mədəni-kütləvi tədbirlərdən öncə, yaxud sonra da Heydər Əliyev kamera və qələm sahiblərinin "işləmələri"nə, "ürəklərini boşaltmaları"na imkan yaradırdı. Fəxrlə etiraf etməliyik ki, dünyanın heç bir yerində Ulu Öndər Heydər Əliyev qədər jurnalistlərlə sıx təmasda, sərbəst və mehribanlıq şəraitində fəaliyyət göstərən ikinci bir dövlət başçısı yox idi! Bu, Heydər Əliyevin şəxsiyyət kimi böyüklüyündən, daim "aşkarlıq işığı"nda işləməyə adət etməsindən, mətbuata və azad sözə hörmətindən irəli gəlirdi! 

Daha bir maraqlı məqam. Ümummilli Lider Heydər Əliyev jurnalistlərlə daimi və yaxın təmasda olmaqdan əlavə, dəfələrlə onları Prezident sarayında qəbul edərək bir neçə saat ərzində dinləmiş, mətbuatın problem və çətinliklərini araşdıraraq öyrənmiş, aradan qaldırılması üçün konkret və əməli tədbirlər görmüşdür. Hər iki görüşdən sonra Azərbaycan milli mətbuatında bir canlanma və irəliyə doğru sıçrayış nəzərə çarpmışdır. Ən nəhayət, milli mətbuatımızın inkişaf və problemlərinə belə yaxın diqqət və qayğının nəticəsi olaraq Ulu Öndər Heydər Əliyev  2002-ci ildə "Jurnalistlərin dostu" adına layiq görülmüşdür. 
"Bizim ümumi məqsədimiz mətbuata daha çox azadlıq verməkdir. Söz azadlığını daha da geniş təmin etmək və Azərbaycanda demokratiyanı bütün sahələrdə inkişaf etdirməkdən ibarətdir. Bilin, bu, mənim səmimi sözlərimdir. Sözlər deyil, bu, mənim siyasətimin bir hissəsidir" deyən Heydər Əliyev ardıcıl və məqsədyönlü şəkildə gördüyü işlərlə verdiyi bu bəyanata daim sadiq qaldığını dəfələrlə sübut etmişdir.    
Dahi rəhbər jurnalist əməyinə çox yüksək qiymət verib.  "Jurnalist əməyi qeyri-adi əməkdir, olduqca böyük, zəhmətli əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir" - deyə Ulu Öndər bildirib. Ulu Öndərin bu sözlərini hər zaman fəxarət hissi ilə xatırlayırıq.
Qeyri-adi zəka, böyük dünyagörüşü və zəngin təcrübə sahibi olan Ulu Öndər Heydər Əliyev görüş və söhbətləri zamanı jurnalistləri öyrətməyə, vətənə və xalqa sədaqətli xidmət yollarını da göstərməyə çalışırdı. Daim tövsiyə edirdi ki, hər bir qəzet, teleradio kanalı və ya informasiya agentliyi öz fəaliyyətində Azərbaycan xalqının və dövlətinin milli maraqlarını qorumalı, ona hörmətlə yanaşmalıdır! Bəs milli mənafe nədir və o, mətbuatda necə gözlənilməlidir? Milli mənafe anlayışını aydınlaşdırmaq üçün müstəqil Azərbaycanın ideoloji konsepsiyasına müraciət etmək gərəkdir. Başlıca cizgiləri Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ideoloji konsepsiyanın üç mühüm prinsipi mövcuddur. Birincisi, dövlətçilikdir. Azərbaycanın müstəqil dövlətçiliyini qoruyub saxlamaq, hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Milli vətənpərvərlik də dövlətçilik prinsipinin tərkib hissəsidir. 
İkinci prinsip milli-mənəvi dəyərlərdir. Xalqın əsrlər boyu əldə etdiyi, qoruyub saxlayaraq bu günümüzə çatdırdığı milli-mənəvi dəyərlərə dilimiz, adət və ənənələrimiz, bütövlükdə milli mentalitetimiz daxildir.
Ən nəhayət, ümumbəşəri dəyərlərə hörmət hissi də Azərbaycanın milli mənafeyi ilə səsləşən məsələdir. Azərbaycanda hüquqi-demokratik, dünyəvi dövlət qurulub. Azərbaycan beynəlxalq müqavilə və konsepsiyalara qoşulub. İrqi, dini, milli ayrı-seçkiliyi qəbul etmir, müharibənin və zorakılıqların, insan haqlarının pozulmasının əleyhinə çıxır. Bütün bu üç prinsip və ondan irəli gələn vəzifələr ölkənin kütləvi informasiya vasitələrində nəzərə alınmalı, hər bir qələm sahibi tərəfindən gündəlik fəaliyyət normasına çevrilməlidir! Yalnız belə olan halda hər bir qələm sahibi vətənə və xalqa həqiqi xidmət göstərmiş olar!
Azərbaycanda söz və mətbuat azadlığının hansı səviyyədə təmin olunduğunu və necə sürətlə inkişaf etdiyini müəyyənləşdirməkdən ötrü mövcud vəziyyəti sadəcə olaraq müstəqilliyin ilk dövrləri ilə müqayisə etmək yetərlidir. Mətbuatın daxilində müəyyən problemlər olsa da, dövlətlə kütləvi informasiya vasitələri arasında heç bir problem yoxdur! Çünki Azərbaycanın indiki iqtidarı bu sahənin inkişafına daim diqqət və qayğı göstərir, kömək əlini uzadır.
Ölkəmizdə söz və mətbuat azadlığının təminatçısı jurnalistlərin yaxın dostu və hamisi möhtərəm Heydər Əliyev idi! İndi tam əminliklə söyləmək olar: Bu ənənə böyük və qüdrətli dövlət xadimi İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu isə o deməkdir ki, milli mətbuatımız həmişə inkişaf edəcək, çiçəklənəcək, ədalətli və obyektiv bir mətbuat kimi daim milli və dövləti maraqları qoruyaraq xalqın hörmət və məhəbbətini qazanacaqdır! 
Bütün vətəndaşların, xüsusən də müxtəlif peşə sahiblərinin Heydər Əliyevə həm də məslək xidmətləri ilə bağlı borcları var. Həkimin, mühəndisin, müəllimin, elm xadiminin… hər birimizin normal fəaliyyət göstərməsi, peşəmizin rişxənd obyektindən cəmiyyət üçün gərəkli işə çevrilməsi üçün ancaq Ümummilli Liderimizə minnətdarıq. Bu kontekstdə biz jurnalistlərin də Heydər Əliyevə borcu, təşəkkürü hüdudsuzdur. Odur ki, 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi hər jurnalistin də ürəyincə olan siyasi hadisədir.
Ümumiyyətlə isə hər bir azərbaycanlı möhtərəm Prezident İlham Əliyevin bununla bağlı verdiyi sərəncamı razılıqla qarşılayır. Əslində, Azərbaycanda hər il "Heydər Əliyev İli" sayıla bilər! Çünki hər il Heydər Əliyevin memarı və qurucusu olduğu müasir Azərbaycan daha da inkişaf edərək irəliyə doğru yeni bir addım atır! Çünki Azərbaycan dönmədən Heydər Əliyev siyasi kursu ilə irəliləyərək yeni qələbələrə nail olur! Çünki hər il Heydər Əliyevin arzu və tövsiyələrinin həyata keçirilməsi sayəsində Azərbaycan iqtisadi və hərbi qüdrətini artırır, siyasi nüfuzunu yüksəldir, Azərbaycan xalqının sosial rifahı və həyat səviyyəsi daha da yüksəlir. 
Elə bu uğurlar fonunda gerçək həyatda Heydər Əliyev hər gün xatırlanır, hər gün anılır. Heydər Əliyev daim bizimlədir, daim onun yaratdıqlarından bəhrələnir, qurduğu yeni Azərbaycanda yaşayır, müəyyən etdiyi siyasi kursla dönmədən irəliləyirik. Əminik ki, Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə "Heydər Əliyev İli"ndə daha möhtəşəm uğurların şahidi olacağıq. 

"Azərbaycanda biologiya və aqrar elmlərin inkişafında Heydər Əliyevin rolu" mövzusunda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İradə HÜSEYNOVA vurğuladı ki, 2023-cü təqvim ili Azərbaycan tarixində çox önəmli bir yer tutacaq, "Heydər Əliyev İli" çərçivəsində keçiriləcək hər bir tədbir xalqın yaddaşına mühüm hadisə kimi həkk olunacaqdır. Bu baxımdan konfransın da böyük əhəmiyyət kəsb etməsi şəksizdir:
- Dünya tarixinin ən nüfuzlu dövlət başçılarının əldə etdikləri nailiyyətlərdə elmə və elm adamlarına verdikləri dəyərin, ən müxtəlif sahələr üzrə elmi biliklərdən istifadənin böyük rolu olmuşdur. Məhz uzaqgörən liderlər aydın şəkildə dərk etmişlər ki, elm dayanıqlı inkişafın əsas hərəkətverici qüvvəsidir, cəmiyyət həyatının heç bir sahəsi elmi biliklərin iştirakı olmadan tərəqqi edə bilməz. 
Məlumdur ki, XX əsrdə tarixi bir yol keçmiş Azərbaycan elmi ən yüksək səviyyəsinə 1960-cı illərin sonlarından başlayaraq məhz belə bir liderin - milli və dövlətçilik tariximizin ən görkəmli siması, müstəqil Azərbaycan Respublikasının banisi, elmə hər zaman yüksək dəyər vermiş, elm adamlarına hamilik etmiş Ulu Öndər Heydər Əliyevin hərtərəfli dəstəyi ilə çatmışdır. 
Ümummilli Liderin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan elminin intibahı bütün digər elmlər kimi, biologiya və aqrar elm sahələrini də əhatə etmişdir. Müasir biologiya və aqrar elmlərinin inkişafını isə digər sahələrin, xüsusən kimya, mexanika, informasiya texnologiyaları, fizika və riyaziyyatsız təsəvvür etmək mümkün deyildir. Böyük rəhbərlik və təşkilatçılıq bacarıqları, fitri istedadı, yüksək intellekti, dərin bilikləri və novatorluğu ilə nümunə olan Ulu Öndər Azərbaycan KP MK-nın Birinci katibi seçildiyi ilk günlərdən bu elm sahələrinin hər birinə xüsusi həssaslıqla yanaşmış, elmi müəssisələrin modernləşdirilməsi, maddi-texniki təminatı, kadr hazırlığı və s. bu kimi məsələlərlə şəxsən maraqlanmış, problemlərin həlli üçün siyasi iradə nümayiş etdirmişdir.
Məhz 1970-ci illərin əvvəllərindən başlayaraq Azərbaycan elmi SSRİ-də və dünyada kifayət qədər tanıdılmış, tədqiqat işlərinin səviyyəsi yüksəlmiş, istiqamətləri genişləndirilmış, elmi müəssisələrdə çalışan hər kəs hərtərəfli qayğı ilə əhatə edilmişdir.
Ulu Öndər özünün uzunmüddətli siyasi kursunu müəyyənləşdirərkən böyük təbiətşünas alim akademik Həsən Əliyevin "Həyəcan təbili" əsərində qaldırdığı problemlərin həllinə, ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, ətraf mühitin mühafizəsinə, təbii sərvətlərdən düzgün istifadə məsələlərinə də böyük diqqət yetirmişdir.
Təbiətin Azərbaycana verdiyi unikal imkanlardan və potensialdan da yalnız 1970-ci illərin əvvəllərindən, yəni Heydər Əliyevin respublikaya rəhbərlik etməyə başladığı illərdən etibarən daha geniş və səmərəli istifadə edilməyə başlanmış, canlı təbii ehtiyatların mühafizəsi və bərpası məsələləri ön plana çıxarılmışdır. Bu məqsədlərə nail olmaq üçün inkişafına ilk növbədə ehtiyac olan elmlər sırasında ekologiya, botanika və zoologiya elmlərini qeyd etmək lazımdır. O illərdə elmə ayrılan resursların artırılması, yeni imkanların yaradılması, kadrların düzgün yerləşdirilməsi sayəsində Azərbaycan SSR EA-nın Botanika və Zoologiya institutlarında bütün keçmiş ittifaq üçün əhəmiyyətli sayılan nailiyyətlər qazanılmışdır.
Alimlərimiz Ulu Öndərin çağırışlarına səs verərək nadir və itmək təhlükəsində olan fauna və flora növlərinin, torpaq və su resurslarının, milli sərvətimiz olan təbiət incilərinin öyrənilməsi, bərpası, qorunub saxlanılması, ətraf mühitin mühafizəsi ilə bağlı konseptual ideyalar, dərin elmi mühakimələr irəli sürmüşdülər. 
1970-ci illərdə Ulu Öndərin dəstəyi ilə Azərbaycanda biologiya elminin inkişafında akademik Cəlal Əliyevin istiqamətverici rolu xüsusilə diqqətəlayiqdir. Həmin dövrdən başlayaraq bu böyük alimin rəhbərlik etdiyi qrup, laboratoriya və şöbələrdə aparılan kompleks tədqiqat işləri kənd təsərrüfatı bitkilərinin potensial məhsuldarlığının reallaşdırılmasının fizioloji-genetik əsaslarının öyrənilməsinə yönəldilmiş, dünya səviyyəsində ciddi şəkildə qəbul edilən nəticələrə nail olunmuşdur. 
Cəlal müəllim 1971-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Botanika İnstitutunda elmi-tədqiqat qrupu yaratmış, 1974-cü ildə bu qrup Fiziki-kimyəvi Biologiya sektorunun nəzdində Bioenergetikanın molekulyar əsasları laboratoriyasına çevrilmişdir. 1983-cü ildə həmin laboratoriyanın bazasında Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları laboratoriyası yaradılmış, 1988-ci ilin sonunda laboratoriya şöbəyə çevrilmişdir. Sonralar dəfələrlə aparılan islahatların və modernləşdirmənin nəticəsi olaraq Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında qərar qəbul edilmiş, institut 2016-cı ildən müstəqil fəaliyyətə başlamışdır. 
Burada fundamental və tətbiqi tədqiqatlar, kadr hazırlığı sahələrində əldə edilən nəticələr Ulu Öndərin və cənab Prezidentin Azərbaycan elminin inkişafı siyasətinə real töhfələr hesab edilə bilər.
Dəyərli ənənələri olan Azərbaycan fiziologiya elminin dirçəliş və çiçəklənmə dövrü də 1970-1980-ci illərə təsadüf etmişdir. Akademik Abdulla Qarayevin təşəbbüsü və təşkilatçılığı ilə 1968-ci ildə yaradılmış Fiziologiya İnstitutu məhz 1970-ci illərdə keçmiş SSRİ-nin fiziologiya sahəsində aparıcı institutlarından birinə çevrilmişdi. O illərdə beyin üzrə tədqiqatlara görə SSRİ EA Biologiya Bölməsinin hesabatlarında institutun adı ilk sıralarda çəkilirdi.
1979-cu ildə Azərbaycan EA Rəyasət Heyətinin və Səhiyyə Nazirliyinin birgə qərarı əsasında Görmənin fiziologiyası laboratoriyasının yaradılması ilə institutun elmi fəaliyyətində biotibb yönümlü yeni səhifə açılmışdı. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın rəhbərlik etdiyi laboratoriyada görmə orqanının peşə patologiyaları üzrə aparılan tədqiqatlar peşə göz xəstəliklərinin müalicəsinin yeni metodlarının kəşfi ilə nəticələnmişdi. Görmə orqanının peşə patologiyası sahəsində aparılan elmi araşdırmalara görə akademik Zərifə Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdü.
Fiziologiya sahəsində ümumittifaq konfrans və iclasların, eləcə də beynəlxalq simpoziumların Azərbaycanda keçirilməsinə qərar verilməsi də Ulu Öndərin Azərbaycan elminin tanıdılmasına diqqətinin göstəricisi sayıla bilər. Bu cür mühüm tədbirlər arasında Kortiko-visseral fiziologiya üzrə 9-cu ümumittifaq konfransı (1971), 16-cı beynəlxalq fiziologiya konqresindəki "Emosiya və visseral funksiyalar" satellit simpoziumu (1972), Laktasiya fiziologiyası və biokimyası üzrə ümumittifaq simpoziumları (1974-1996), "Selen biologiyada" ümumittifaq konfransları (1974, 1976, 1977), "Baş beynin adaptiv funksiyaları" mövzusunda ümumittifaq simpoziumu (1980), "Axtarış fəaliyyəti, motivasiya və yuxu" beynəlxalq simpoziumu (1981) xüsusi yer tutur. 
1969-cu ildən sonra Ulu Öndərin Azərbaycanda kənd təsərrüfatının uzun sürən durğunluqdan çıxarılaraq dirçəldilməsi, yeni bitki sortlarının yaradılaraq geniş şəkildə tətbiqi istiqamətində tapşırıqlarının icrasında Kənd Təsərrüfatı Nazirliyinin müvafiq sahə institutları ilə yanaşı, Azərbaycan SSR EA-nın Genetika və Seleksiya İnstitutu əhəmiyyətli rol oynamışdı. Xarakterikdir ki, 1970-ci ildə Birinci katibin tövsiyəsi və dəstəyi ilə həyata keçirilən ilk elmi-təşkilati təyinatlardan biri də instituta tanınmış seleksiyaçı alim və ictimai-siyasi xadim akademik İmam Mustafayevin direktor vəzifəsinə (1970-1985) irəli sürülməsi olmuşdur. 
Müstəqillik illərində elmdə gedən islahatlar fonunda akademik Cəlal Əliyevin müvafiq elmin çağırışlarını aydın şəkildə dərk etməsi və uzaqgörənliyi nəticəsində Genetika və Seleksiya İnstitutunun taleyində yeni dönəm başlandı. Bu institutun bazasında ölkədə genetik ehtiyatların toplanması, tədqiqi, səmərəli istifadəsi və Milli Genbankda mühafizəsinin təşkili, ölkə üzrə müvafiq fəaliyyətlərin əlaqələndirilməsi işlərini gücləndirmək məqsədilə 2003-cü ildə Genetik Ehtiyatlar İnstitutu yaradıldı.
Ulu Öndərin qətiyyətli dəstəyi ilə genetika və seleksiya elmi istiqamətlərinin inkişafı xüsusunda bir məsələni - işğaldan azad edilmiş ərazilərə elmin Böyük qayıdışı fonunda Qarabağ Elmi Tədqiqat Bazasının tarixini də xatırlatmaq yerinə düşərdi. İnstitutun tabeliyində olan və ermənilər tərəfindən tam şəkildə talan edilərək məhvə məruz qoyulmuş baza Ulu Öndərin dəstəyi ilə 1970-ci illərdə aqrar sahədə keçmiş ittifaqın ən qabaqcıl elm mərkəzlərindən birinə çevrilmişdi. Həmin illərdə bazada çoxlu sayda yüksəkməhsuldar sort və hibrid formalar yaradılmış, Qarabağ bölgəsi və ətraf rayonların təsərrüfatlarında geniş becərilərək regionda kənd təsərrüfatının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. 1970-ci illərdə tut bitkisi üzrə SSRİ-Hindistan beynəlxalq simpoziumunun bu bazada təşkil edilməsi də çox şeydən xəbər verir. 
Aqrar-sənaye ölkəsi olan Azərbaycanda 1970-ci illərin əvvəllərində xüsusilə güclü inkişafa qədəm qoymuş elm sahələri arasında torpaqşünaslıq elmini də qeyd etmək lazımdır. Bu dövrdə Ulu Öndərin tapşırıqları əsasında Respublikada torpaqların qiymətləndirilməsi, xəritələşdirilməsi, istifadəsi üzrə monoqrafiyalar, kitablar, metodiki göstərişlər nəşr olunmuş, elmi-nəzəri və praktiki əhəmiyyətli dissertasiya işləri müdafiə edilmişdir. 1970-ci illərdə Həsən Əliyevin, Vladimir Volobuyevin, Məmmədəmin Salayevin, Şahalı Həsənovun, Kazım Ələkbərovun və başqalarının əsərləri Azərbaycanda torpaqların qiymətləndirilməsi və yaxşılaşdırılması problemlərinin həllinə və gələcəkdə torpaq islahatlarının aparılmasına xeyli dərəcədə kömək etmişdir. 
1970-ci illər Mərkəzi Nəbatat Bağının (o zaman Botanika bağı adlanırdı) da çiçəklənmə dövrü hesab olunur. 1970-ci ildən başlayaraq Abşeronun və Bakı şəhərinin yaşıllaşdırılması üzrə dövlət tədbirləri Botanika bağında ağac və kol bitkilərinin introduksiya işlərinin daha da genişləndirilməsinə səbəb olmuşdu. 1977-ci ildə akademik Həsən Əliyevin rəhbərliyi ilə yaradılmış xüsusi komissiya Bakı şəhər Yaşıllaşdırma Tresti, Milli Elmlər Akademiyasının alimləri, Bakı şəhər Sovetinin nümayəndələri ilə birlikdə bağın inkişafı haqqında tədbirlər planı hazırlamış və akademiya tərəfindən Nazirlər Sovetinə təqdim edilmişdi. AEA Rəyasət Heyətinin "Botanika bağının fəaliyyətinin yaxşılaşdırılması haqqında" 04 fevral 2000-ci il tarixli qərarı ilə Botanika bağı Botanika İnstitutunun strukturundan ayrılaraq Biologiya Elmləri Bölməsinin nəzdində sərbəst elmi-tədqiqat müəssisəsinə çevrilmiş, AEA Rəyasət Heyətinin 22 noyabr 2000-ci il tarixli qərarı ilə adı dəyişdirilərək Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağı adlandırılmışdı. 
2002-ci ildə Prezident Heydər Əliyevin AMEA-nın Naxçıvan Bölməsinin yaradılması haqqında tarixi sərəncamı Naxçıvan Muxtar Respublikasında elmi potensialın gücləndirilməsi, region üçün xüsusilə vacib olan genişmiqyaslı tədqiqatların aparılması üçün böyük imkanlar yaratdı. Bu sərəncama əsasən, Naxçıvan MR-də flora, fauna və torpaq örtüyünün biomüxtəlifliyinin öyrənilməsi, genefondun qorunması və səmərəli istifadəsini təmin etmək məqsədilə AMEA Naxçıvan Bölməsinin tərkibində Bioresurslar İnstitutu yaradılmış, burada muxtar respublikanın flora və fauna biomüxtəlifliyinin taksonomik spektri hazırlanmış, "Qırmızı kitab"lar nəşr edilmiş, dərman bitkilərinin istifadə imkanları müəyyənləşdirilmişdir. Muxtar respublika florasının 6 fəsiləsinə həsr edilən monoqrafiyalar nəşr etdirilmişdir. Naxçıvan torpaqlarının ekoloji qiymətləndirilməsi aparılmışdır.
Azərbaycan müstəqillik qazandıqdan sonra biomüxtəlifliyin, ətraf mühitin və ekologiyanın mühafizəsi sahəsində dövlət siyasəti məhz Ulu Öndər Heydər Əliyevin Prezidentliyi dövründə formalaşmağa başlamışdır. 2001-ci ildə Azərbaycan Respublikasının Bitki Genetik Ehtiyatları üzrə Milli Proqramı, 2006-cı ildən etibarən "Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi üzrə Milli Strategiya və Fəaliyyət Planı" hazırlanmış, Bitki Genbankı yaradılmışdır.
Ulu Öndərin xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra apardığı dövlət quruculuğu və islahatlar siyasəti cəmiyyət həyatının bütün sahələrini, o cümlədən aqrar bölməni, torpaq tabeçiliyi məsələlərini də əhatə edirdi. Müstəqil Azərbaycanın banisi 23 dekabr 1994-cü ildə kənd təsərrüfatında iqtisadi islahatlara həsr olunmuş respublika müşavirəsində aqrar islahatların vacibliyini bir daha vurğulamış, uğur qazanılmasında elmin roluna diqqət çəkmişdi. Heydər Əliyev kənd təsərrüfatında islahatların yalnız elmi əsaslarla həyata keçirilməsinin vacibliyini bilir, respublikanın aqrar tədqiqatlar sistemində də islahatlar həyata keçirirdi.
Heydər Əliyevin Azərbaycan elmi qarşısında mühüm xidmətlərindən biri də elmin ən müasir və perspektiv sahələrində yüksəkixtisaslı alim kadrların hazırlığı ilə bağlı məsələyə ciddi diqqət yetirməsi olmuşdur. Onun təşəbbüsü və himayəsi nəticəsində 1970-80-ci illərdə 80-dən yuxarı sahəni əhatə edən 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gənc (orta hesabla ildə 800, 1980-ci illərin əvvəllərindən başlayaraq ildə 1000-1400 nəfər) Bakıda imtahanlar verməklə SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində təhsil almağa göndərilmiş, onlara güclü mütəxəssis kimi yetişmək üçün hər cür şərait yaradılmışdı. Bu fakt unikal xarakter daşımaqla, Azərbaycanın gələcəyi üçün güclü kadr potensialının yaradılması demək idi. 
Ulu Öndərin bütün sahələrdə olduğu kimi, müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasəti kursu da son 20 ildə möhtərəm Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilmiş, bütün elm sahələrində, eləcə də biologiya və aqrar elmləri üzrə əhəmiyyətli uğurlar qazanılmışdır. Son illərdə müasir dövrün çağırışlarını və ölkədə gedən prosesləri nəzərə almaqla Azərbaycan elmində aparılan dərin islahatlar sayəsində bu uğurların dəfələrlə artacağı şübhəsizdir. 
Cənab Prezidentin Azərbaycan elminin müasir dövrün, 4-cü sənaye inqilabının çağırışlarına, ərzaq və bioloji təhlükəsizliyin təmin olunmasına, ümumən ölkənin ehtiyaclarına istiqamətlənməsinə dair, müvafiq elmlərin inkişaf perspektivləri ilə bağlı verdiyi sərəncam və fərmanları, dəyərli tövsiyə və tapşırıqları islahatların bazisi olmaqla yaxın perspektiv üçün Azərbaycanın elm siyasətinin də başlıca strateji istiqamətlərini müəyyən etmişdir. 
Hazırda həm dünyada, həm də ölkədə ən aktual problemlərdən olan ərzaq təhlükəsizliyinin təmin edilməsi elmin diqqət mərkəzində olmalıdır. Bununla bağlı olaraq cənab Prezident İlham Əliyev dünyada ərzaq qıtlığı və inflyasiya problemlərinin yaşandığı bir dövrdə Azərbaycanın özünü ərzaqlıq buğda ilə ən azı 70-75 faiz təmin etməsini vəzifə olaraq qarşıya qoymuşdur. Bu vəzifənin icrası üçün isə ən müasir metodların tətbiqi ilə yüksək məhsuldar, keyfiyyətli, stres amillərinin təsirinə davamlı buğda sortları yaradılmalı, suvarma suyu, suvarma sistemləri, gübrələr və bu kimi digər məsələlərin həlli, torpaqlardan istifadənin səmərəliliyinin artırılması üzrə tədqiqatlar intensivləşdirilməlidir.
Bu gün Azərbaycanın elmi ictimaiyyəti Ümummilli Liderin və cənab Prezidentin elmə və alimə göstərdikləri böyük diqqət və qayğıya cavab vermək, ərzaq, ekoloji və bioloji təhlükəsizliyi təmin etmək, elmimizin dünyaya inteqrasiyasını gücləndirmək istiqamətində fəaliyyətlərə tam səfərbər edilmişdir. İnanırıq ki, Azərbaycanın elmi potensialı cənab Prezidentin ətrafında daha sıx birləşərək, qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən ən qısa zamanda uğurla gələ biləcəkdir.

(Konfransdakı məruzələrin davamı növbəti nömrədə dərc olunacaq.)

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

02:15
27 Dekabr

“Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:14
27 Dekabr

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında

02:13
27 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 488 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:12
27 Dekabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tabeliyində olan struktur idarələrə müxtəlif növ kabellərin satın alınması məqsədilə müsabiqə elan edir 

02:11
27 Dekabr

Vyanada təyyarə qəzası qurbanlarının xatirəsi anılır  

23:16
26 Dekabr

Zalsburq Azərbaycan Evində təyyarə qəzası ilə əlaqədar xatirə guşəsi yaradılıb  

22:38
26 Dekabr

Azərbaycanın Küveytdəki səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb  

21:36
26 Dekabr

Aktau yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə ikinci “qara qutu” tapılıb

21:33
26 Dekabr

“Embraer 190” təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirilib VİDEO  

21:08
26 Dekabr

AZAL: Təyyarə qəzasında həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəniləcək VİDEO  

21:05
26 Dekabr

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Rumıniyada ehtiramla anılır  

21:02
26 Dekabr

Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb  

20:58
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Gürcüstanda ehtiramla anılıb  

20:44
26 Dekabr

Aktauda qəzaya uğramış təyyarədən sağ çıxan sərnişin stüardessanın şücaətindən danışıb  

20:38
26 Dekabr

Səhiyyə nazirinin müavini: Üç nəfər ağır vəziyyətdə olan yaralının müalicəsi Aktau şəhərində davam edir

20:27
26 Dekabr

Tacikistanın xarici işlər naziri Azərbaycan səfirliyinə gedərək başsağlığı verib  

20:16
26 Dekabr

Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək 

20:05
26 Dekabr

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalodan  

19:56
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına çoxsaylı başsağlıqları gəlib  

19:36
26 Dekabr

Azərbaycanın Batumidəki baş konsulluğunda xatirə kitabı açılıb  

19:35
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!