29 Iyun 2024 08:50
243
Mədəniyyət
A- A+

Həsən bəyin yandırdığı sönməz məşəl

 

"Aləmi-İslam bir qaranlıq içərisində qaldığı zaman bu adam  əlinə məşəl alıb qaranlığı işıqlandırmağa çalışırdı. O məşəl nə idi? Əvvəlinci mətbu kəlam idi..." Xalqını zülmətdən işığa çıxarmaq istəyən isə Həsən bəy Zərdabi idi... 
1907-ci il noyabrın 29-da - Həsən bəyin dəfn mərasimində görkəmli türk ideoloqu, mütəfəkkir, publisist Əli bəy Hüseynzadə çıxışına belə davam etdi: "Həsən bəy əvvəlinci şəxsdir ki, Qafqaz, bəlkə Rusiya, demək olar ki, bütün dünyada müsəlmanlar içində əvvəlinci türk müsəlman qəzetəsi nəşr etmişdir. Biz Qafqaz türklərinin öhdəsində bu adamın artıq haqqı vardır. Çünki bu şəxs bizim üçün dil yaratmışdır. Ədəbiyyata qapı açmışdır". Sonra Əli bəy Hüseynzadə ustadın gördüyü digər işlərdən danışdı, onun xidmətlərinin çox olduğunu bildirdi.  
Həsən bəy Zərdabi ömrünün son günlərinədək xalqını düşünmüşdü. Özünə təntənəli bir dəfn mərasimi belə qıymamışdı. Odur ki, ölümündən bir neçə gün öncə vəsiyyət etmişdi: "Sizdən xahiş edirəm, mənim üçün təntənəli dəfn mərasimi düzəltməyin. Məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar arasında savad yayan cəmiyyətə verin. Bu, mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olardı…" Ancaq bu dəfə onu dinləməmişdilər...
O, ömür boyu Vətəninin, yurddaşlarının əsarətdən, səfalətdən, ətalətdən qurtulması uğrunda çalışdı. Bu yolda çox işlər gördü, fitri istedadı, dərin, əhatəli biliyi sayəsində hansı sahəyə üz tutdusa, uğur qazandı.  
1842-ci il iyunun 28-də Şamaxı quberniyası Göyçay qəzasının Zərdab kəndində dünyaya gələn Həsən bəy kiçik yaşlarından aydın zəkası ilə seçilirdi.  Yeddi-səkkiz yaşlarında ikən atası Səlim bəy onu mədrəsəyə qoydu. Oğlunun  ilahiyyatla çox da maraqlanmadığını görən atası Həsəni 1852-ci ildə Şamaxıdakı ibtidai rus məktəbinə apardı. Məktəbin buraxılış imtahanında Qafqaz Təhsil İdarəsi müdirinin diqqətini cəlb edən Həsən onun təqdimatı ilə dövlət vəsaiti hesabına 1-ci Tiflis Gimnaziyasına qəbul olundu. 1861-ci ildə gimnaziya təhsilini də uğurla başa vurdu. Moskva Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin təbiət elmləri şöbəsinə daxil oldu. "Dövlət təqaüdçüsü" statusunu aldı.
Gənc tələbə biliyi, Şərq-islam tarixi üzrə geniş məlumatı ilə universitetin rektoru, tarixçi Sergey Mixayloviç Solovyovun rəğbətini və dostluğunu qazandı. Həsən bəy 1865-ci ildə təhsildə ən yüksək müvəffəqiyyətə və əxlaqa görə verilən namizəd diplomu ilə ali məktəbi bitirdi və ona Moskvada qalıb işləmək təklif edildi. Moskvanın kübar cəmiyyəti,  yaxşı iş... Təklif cazibəli idi. Amma Həsən bəy hətta qonşu ölkələrdən belə geri qalmış Vətənini, əksəriyyəti savadsız, cahil olan və düşdüyü girdabdan nəinki şikayətlənməyən, hətta oradan çıxmasına çalışanlara qənim kəsilən soydaşlarını üz tutduqları qaranlıqdan maarif işığı ilə aydınlığa çıxarmaq yolunu seçdi. Bunun nə qədər ağır, müşkül olduğunu bilə-bilə geri döndü.
Tiflisdə Torpaq Palatasında, Bakıda Quberniya İdarəsində, Qubada məhkəmədə işləyərkən məşəqqətlərlə, sui-qəsdlə üzləşdi. 1869-cu ildə çətinliklə Bakı Realnı Gimnaziyasına təbiət tarixi müəllimi təyin edildi. Həsən bəy Zərdabi Qafqazda fəaliyyət göstərən 10 gimnaziyada çalışan müəllimlər arasında ali təhsilli ilk azərbaycanlı idi. 
Şagirdlər arasında azərbaycanlıların yox dərəcəsində olması Həsən bəyi kədərləndirsə də, həvəsdən salmadı. O, millət övladlarını məktəbə cəlb etməyə çalışdı. Yoxsul, kimsəsiz uşaqların təhsilinə yardım göstərilməsi üçün müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə Bakıda "Cəmiyyəti-xeyriyyə" yaratdı. Gimnaziyada təhsil alan şagirdləri Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlov Gorani ilə Azərbaycan şəhərlərini, kəndlərini dolaşdı, "Cəmiyyəti-xeyriyyə"yə üzvlər yazdırdı. Toplanan 1600 manatla 2 kasıb və kimsəsiz şagirdin təhsil haqqı ödənildi.
Həsən bəy Zərdabi vətənin, xalqın tərəqqisində mətbuatın böyük rol oynayacağına əmin idi. Ona görə də qəzet açmağa çalışırdı. Arzusunu gerçəkləşdirmək yolunda maneələr isə çox idi. Əvvəla, çar imperiyası öz müstəmləkəsi altında olan ölkələrdə, xüsusilə də əhalisi müsəlmanlar, türklər olan yerlərdə məktəblərin açılmasına, mətbuatın inkişafına yol vermək istəmirdi.
Həsən bəy Zərdabi illər sonra - 1905-ci ildə "Həyat" qəzetində dərc olunmuş "Rusiyada əvvəlinci türk qəzetəsi" adlı məqaləsində "Əkinçi" qəzetinin nəşri ərəfəsində Vətəninin, soydaşlarının halını belə təsvir edirdi: "Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil. Ələlxüsus, bizim yerlərdəki qonşularımız elm təhsil edib gün-gündən irəli gedir, bizim əlimizdə olan mülk-malımıza sahib olurlar..." O çətin günlərdə çıxış yolu aradığını yazırdı: "Belədə nə qayırmalı? Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç biri qanan olmasın!..  Belədə qəzetə çıxarmaqdan savay bir qeyri-əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar... Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar..."
Çarizmin müvafiq idarələrinə göndərdiyi məktublardan birinə, nəhayət, müsbət cavab alan Həsən bəy mətbəə problemini də böyük çətinliklə həll edə bildi. Və 1875-ci il iyulun 22-də Abbasqulu ağa Bakıxanovun kiçik qardaşı, rus ordusunun general-mayoru Abdulla bəy Bakıxanovun maliyyə yardımı ilə Bakıda ilk anadilli qəzetin - "Əkinçi"nin birinci sayı işıq üzü gördü. Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgərağa Gorani və başqaları "Əkinçi"dən köməklərini əsirgəmədilər. Bakı qubernatoru Staroselski qəzetin nəşrinə xeyli kömək etdi.
Xalqı maariflənməyə, anadilli məktəblərin, mətbuat orqanlarının açılmasına səsləyən ilk milli qəzetimizin cəmi 56 sayı çıxdı. "Əkinçi"nin bağlanması üçün hökumətə göndərilən donosların ardı-arası kəsilmədi. 1877-ci il sentyabrın 29-da qəzetin nəşrinə son qoyuldu. Lakin Həsən bəy Zərdabinin "Əkinçi" ilə yandırdığı məşəlin işığı müxtəlif səbəblərdən bəzən öləzisə də, heç zaman sönmədi. Ardıcılları -  "Ziya" və "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Həyat", "İrşad", "Füyuzat", "Tərəqqi", "Açıq söz" və başqa mətbuat orqanları onun başladığı müqəddəs yolu davamsız qoymadılar. 

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video