Prezident İlham Əliyev doğum gününü Qarabağda qeyd etdi
Regionların inkişafı ölkədə həyata keçirilən davamlı sosial-iqtisadi strategiyanın mühüm tərkib hissəsidir. Bölgələrin inkişafı sahəsində uğurla reallaşdırılan Dövlət proqramları ölkədə qeyri-neft sektorunun dinamik inkişafına, sosial infrastrukturun keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, iş yerlərinin açılmasına, nəticədə, əhalinin məşğulluğunun artırılmasına təkan verib.
Bölgələrin sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayan və bu istiqamətdə kompleks tədbirlər həyata keçirən Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrasını mütəmadi olaraq şəxsən yoxlaması və regionların təkmil konsepsiyasının icra vəziyyəti ilə bağlı xüsusi müşavirələr keçirməsi bir daha təsdiq edir ki, regionların inkişafı dövlət başçısının fəaliyyətinin prioritetini təşkil edir.
Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında əksini tapmış vacib istiqamət insan amilinə xidmət etməklə yeni sosial-infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə, aqrar və idman müəssisələrinin tikintisini, yeni yolların çəkilişi və əsaslı bərpasını nəzərdə tutur.
Otuz ildən sonra işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur bu gün yeni həyatın, quruculuğun və davamlı inkişafın mərkəzinə çevrilib. Tarixi Zəfərimizin yaratdığı imkanlar sayəsində Böyük qayıdış prosesi mərhələli şəkildə həyata keçirilir, doğma torpaqlara qayıdan hər bir vətəndaş üçün müasir və layiqli yaşayış şəraiti yaradılır. Prezident İlham Əliyevin rəhbərliyilə aparılan bərpa-quruculuq işləri bu bölgələri sürətlə canlandırır, onları Azərbaycanın sosial, iqtisadi və mədəni həyatının fəal tərkib hissəsinə çevirir.
Bu gün dövlət siyasətinin əsas hədəflərindən biri kimi Qarabağ və Şərqi Zəngəzurun bərpası strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən genişmiqyaslı işlərin hüquqi və praktiki bazasını isə Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq olunmuş "Böyük Qayıdışa dair I Dövlət Proqramı" təşkil edir. Sözügedən proqram Azərbaycanın 2030-cu ilə qədər olan inkişaf strategiyasında müəyyən edilmiş beş milli prioritetdən biri kimi Böyük qayıdış prosesinə əsaslı və planlı yanaşmanı təmin edir. Artıq bu sənədin icrası nəticəsində nəzərdə tutulan tədbirlər ardıcıl və sürətli şəkildə reallaşdırılır.
Azərbaycan, Böyük qayıdış prosesini tamamilə öz daxili resursları və maliyyə imkanları hesabına həyata keçirərək nümunəvi bir model ortaya qoyur. Dövlət siyasətində prioritet kimi müəyyən olunan işğaldan azad edilmiş ərazilərin bərpası, bölgənin yenidən dirçəldilməsi və sabit əhali həyatının təmin edilməsi məqsədilə böyük maliyyə və intellektual resurslar səfərbər olunub. Nəticə etibarilə bu gün Qarabağ və Şərqi Zəngəzurda şəhərlər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, yollar, enerji xətləri, su təchizatı sistemləri sıfırdan inşa olunur. Ölkəmizin heç bir xarici dəstəyə ehtiyac duymadan bu qədər genişmiqyaslı layihələri gerçəkləşdirməsi həm iqtisadi müstəqilliyin, həm də siyasi iradənin göstəricisidir. Ermənistanın dağıtdığı mədəni, dini və tarixi irsimiz bərpa olunur, yeni təhsil, səhiyyə, mədəniyyət və sosial obyektlər tikilir. Bütün bunlar onu deməyə əsas verir ki, qısa zamanda həyata keçirilən bu layihələr Azərbaycanın milli gücünü, dövlət başçısının siyasi qətiyyətini və xalqın iradəsini əks etdirir.
İşğaldan azad olunmuş ərazilərdə enerji və sənaye infrastrukturunun bərpası Azərbaycanın bu bölgələrdə iqtisadi canlanmanı hədəfləyən sistemli siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu proses çərçivəsində bölgələrin "yaşıl enerji" zonasına çevrilməsi prioritet istiqamət kimi müəyyən edilib.
Gələn il dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərə nə qədər vəsaitin ayrılacağı məlumdur. Bu, Azərbaycan Respublikasının 2026-cı il üzrə büdcəsində qeyd olunub. İşğaldan azad olunmuş ərazilərə Böyük qayıdışın təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə 2026-cı ilin dövlət büdcəsində 3,5 milyon manat məbləğində vəsait nəzərdə tutulub.
Bu bir həqiqətdir ki, Prezident İlham Əliyev adətən doğum günündə sosial obyektlərin açılışında iştirak edir, keçmiş məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Dövlət başçısı sevincini bu təbəqədən olan soydaşlarımızla paylaşır.
14 il öncə, 2011-ci il dekabrın 24-də 50 illik yubileyini Ağcabədi rayonunda Taxtakörpü qəsəbəsində məskunlaşmış Laçından olan məcburi köçkün ailələrlə görüşən Prezident İlham Əliyev doğum gününü onlarla birlikdə qeyd etmişdi. Həmin görüşdə Prezident vurğulamışdır ki, gün gələcək bu sevinc hissini Qarabağda yaşayacaq: "Mən sizin öz evlərinizə qayıtmağınız üçün çalışıram və əmin olun ki, bu baş tutacaq".
O tarixdən artıq 14 il keçir. Ötən bu müddət ərzində Azərbaycanın da, Prezidentin də, onunla görüşən məcburi köçkünlərin də statusu dəyişib. İndi cənab İlham Əliyev ərazi bütövlüyünü bərpa etmiş qalib ölkənin Prezidentidir, onunla görüşən Laçın sakinləri isə artıq məcburi köçkün deyillər.
Bu dəfə doğum gününü isə Prezident Xankədi və Ağdam sakinləri ilə birgə qeyd edib. Dövlət başçısı dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində oldu. Təmir işlərinə bu ilin may ayında başlanılmış qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-si yararsız, 790-ı isə qismən yararlıdır. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb. İlkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə - öz dədə-baba yurdlarına qayıdıb.
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də də bu qəsəbədə olub.
Dəniz səviyyəsindən 1130 metr hündürlükdə yerləşən və ümumi sahəsi 234 hektar olan Kərkicahan Xankəndi şəhər ərazi vahidində qəsəbədir. 1960-cı illərdə keçmiş vilayətin millətçi erməni rəhbər orqanları qəsəbənin adını yaşayış məntəqələrinin rəsmi siyahısından çıxarıb Xankəndi şəhərinə birləşdirmişdilər. 1991-ci ilin sonunda işğal olunan Kərkicahan 1992-ci ildə ermənilər tərəfindən yandırılmışdı. İşğaldan əvvəl qəsəbədə 355 ailə olmaqla 1796 nəfər azərbaycanlı yaşayırdı. Hazırda qeydiyyatda 674 ailə olmaqla, ümumilikdə 2531 sakin var. Qəsəbə 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.
Ümumiyyətlə, Prezidentin Ağdam və Xankəndiyə səfərləri bir sıra mühüm obyektlərin açılışı, yenilərinin təməlinin qoyulması ilə yadda qaldı.
Belə ki, Kərkicahan qəsəbəsində 1 nömrəli tam orta məktəbin binası əsaslı təmirdən sonra istifadəyə verildi, Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışı oldu, "Xankəndi-1" elektrik yarımstansiyası istismara verildi, Prezident İlham Əliyev Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşdü.
Xocalının Ballıca kəndində ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsi açılıb. Prezident Ağdam Sənaye Parkında "Saloğlu Qarabağ" MMC-nin istehsal müəssisəsinin təməlini qoyub, Ağdamda metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında və Ağdam şəhərində "Hilton Garden Inn Agdam" hotelinin istifadəyə verilmə mərasimində iştirak edib.
Dekabrın 24-də Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında və Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüb.
Xatırladaq ki, dövlətimizin başçısı bu kompleksin təməlini 2023-cü ildə qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ilin fevralında kompleksdə görülən tikinti işlərinin gedişi ilə tanış olublar.
Qarabağın və Şərqi Zəngəzurun bərpasında əsas prinsip müasir standartlara uyğun yaşayış məntəqələrinin qurulması ilə keçmiş məcburi köçkünlərin rahat yaşayışını təmin etməkdən ibarətdir. İşğaldan azad edilmiş ərazilərimizdə müasir məktəblər, uşaq bağçaları, tibb müəssisələri tikilir, məşğulluğun təmin olunması üçün sənaye parkları, müxtəlif istehsal müəssisələri, xidmət sahələri yaradılır. Bütün bu tədbirlər onu deməyə əsas verir ki, Qarabağ və Şərqi Zəngəzur qısa müddətdə dirçələcək, burada sürətli inkişaf mərhələsi başlayacaq. Bu həm də onu göstərir ki, Prezident daim xalqının yanındadır. Vətəndaşların rifahının yüksəlməsi, qayğısı, problemlərinin həlli dövlət başçısının siyasətinin əsas xəttidir.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"