RƏSMİ SƏNƏDLƏR
Gürcüstanın yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Mixeil Kavelaşviliyə
Hörmətli cənab Kavelaşvili.
Gürcüstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan-Gürcüstan əlaqələri tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış, bir-birinə daim dəstək olmuş xalqlarımızın iradəsindən qaynaqlanır. Belə möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərimizin bu gün hərtərəfli və müvəffəqiyyətlə inkişaf etməsi bizi sevindirir.
İnanıram ki, ölkələrimizin və xalqlarımızın rifahı, regionumuzun sabitliyi və təhlükəsizliyinin təmin olunması, iqtisadi potensialının reallaşdırılması naminə dövlətlərarası əlaqələrimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının firavanlığı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 dekabr 2024-cü il