28 Iyun 2024 09:35
152
Səhiyyə
A- A+

Günəş şüası necə qəbul edilməlidir?

 

Yay aylarında Günəş şüalarının artan təsirlərini nəzərə alaraq dəriyə qulluq xüsusi əhəmiyyət kəsb edir. Temperatur yüksəldikcə dəri susuzlaşır, hava alması çətinləşir. Qış aylarında vitaminsizləşən dərimiz isti hava, dəniz və hovuzdan istifadə nəticəsində daha da həssaslaşır. 
D vitamini mənbəyi olan Günəş şüaları həm antibakterial təsirə malikdir, həm də qan dövranını yaxşılaşdırır. Lakin doğru zamanda və düzgün şəkildə qəbul edilməyən şüalar insan orqanizmində bir sıra fəsadlara yol açır. Tez-tez rast gəlinən dəri xərçənginin ən böyük səbəblərindən biri də məhz Günəş şüalarıdır. Ciddi xəstəliklər dərhal özünü göstərməsə də, zaman keçdikcə müəyyən dəri problemləri meydana gəlir. 
Bəs Günəş şüaları hansı saatlarda qəbul edilməlidir? Yay fəslində dərini Günəş şüalarının təsirindən necə qorumaq olar?

 

Dəridə ciddi fəsadlar yarana bilər

 

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-dermatoveneroloqu İlqar Ağamirov deyib ki, ölkəmizdə ilin 300-320 günü günəşli havalar hökm sürür:  "Bu da günəş şüalarına həssas olanlarda, xüsusilə də açıq dərili insanlarda narahatlıq yarada bilər. Günəş şüalarından qorunmağın əsas yolu Günəşin intensiv saatlarında, yəni 12:00-16.00 aralığında açıq havada olmamaq, açıq rəngli geyimlərdən, papaq və çətirlərdən istifadə etməkdir. Sutkanın bu saatlarında çimərlikdə olmaq çox təhlükəlidir, çünki Günəş zenitdə olur, yəni duzbucaq altında dəriyə təmas edir. Ona görə də çimərlikdə açıq havada ya 12:00 -a qədər, ya da 16:00-dan sonra olmaq lazımdır. Həm də bu saatlarda şüalar daha intensiv olduğu üçün günvurma və dəridə yanıqlar baş verə bilər". 
Həkim-dermatoveneroloqun sözlərinə görə, dəriyə birbaşa düşən intensiv şüalar birinci mərhələdə dəridə yüngül qızartı və qaşınma əmələ gətirə bilər: "Prosesə dərialtı toxumalar da qoşulur. Dəridə şişkinlik, göyərmə və qaşınma hissi, nəticədə suluqlar əmələ gələ bilər. Bu artıq Günəş şüasının təsirindən dəridə əmələ gələn intoksikasiyadır. Yəni şüaların təsirindən dəridə, dərialtı toxumada toksiki maddələr və trofiki pozğunluqlar əmələ gəlir. Bu proses bəzən çox tez, bəzən isə bir günə baş verir. Sonra prosesə ikincili infeksiya qoşulduqda, vəziyyət bir qədər də mürəkkəbləşir. Qərtməklər, eroziv yaralar və sulanma müşahidə olunur. Fotodermativlər deyilən bu xəstəliklər ciddi narahatlıqlar yaradır. Belə insanlar vitaminli qidalar, sərin mayelər, əsasən də sudan bol istifadə etməlidirlər. Çünki intensiv şüalar dəri xərçəngi, həmçinin maddələr mübadiləsinin pozulması ilə müşayiət olunan digər xəstələliklər yarada bilər. Bəzi hallarda bu yanıqların yerində müalicəyə çətin tabe olan piqment ləkələr qalır".

 

Qoruyucu kremlərdən istifadə vacibdir

 

Günəş şüalarının insan orqanizminə mənfi təsirləri olduğunu da qeyd edən İ.Ağamirov bildirib ki, dərimiz kollagen və elastik deyilən proteinlərdən ibarət olduğu üçün bu şüalardan zədələnir: "Qızmar Günəş altında sadəcə 2-3 dəqiqə qalsanız belə, bu mənfi təsir özünü göstərməyə başlayacaq. Eyni zamanda yaz-yay fəsillərində üz dərisini xüsusən ultrabənövşəyi Günəş şüalarından qorumaq lazımdır. Bu şüalar dəridə hüceyrənin bərpası prosesini ləngidir, dərinin buynuz qişası qalınlaşır və dəri nahamar, solğun görünüşə malik olur, qırışlar və piqment ləkələri yaranır".
Həkim-dermatoveneroloq deyib ki, Günəş şüalarının zərərlərindən qorunmaq üçün SPF kremlərdən istifadə edilməlidir: "Dəri növləri müxtəlif olduğundan onlara uyğun olaraq 50+, 80+ və 100 SPF kremlərindən istifadə etmək tövsiyə olunur. Bununla yanaşı, mütləq nəmləndiricilərdən istifadə edilməlidir ki, dəridə quruluq və qabıqlanma yaranmasın. Adətən yağlı dərili insanlar sızanağa meyilli olurlar. Buna görə də yağlı dəri üçün Günəşdən qoruyucu kremlər sızanaqların daha da artmasına səbəb ola bilər. Bu növ dəriyə sahib olan insanlar üzlərinə daha yüksək faktorlu kremlər çəkməlidirlər. Aşağı faktorlu Günəş qoruyucuları 2-3 saat, yüksək faktorlular 4-5 saatdan bir yenilənməlidir. Açıq rəngli dəriyə malik olanlar daha yüksək faktorlu kremlərdən istifadə etməlidirlər. Günəş altında olarkən SPF kremləri çəkilməli, sonra isə nəmləndiricidən istifadə olunmalıdır. Dərinin nəmliyini, su balansını qorumaq üçün çox maye qəbul edilməlidir".

Ülkər XASPOLADOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video