02 Iyun 2024 08:00
1261
SİYASƏT
A- A+

Güc, nüfuz və düşünülmüş siyasət

 

İlham Əliyevin strategiyası Azərbaycanı Cənubi Qafqazın inkişaf mərkəzinə çevirib

 

Yaşadığımız dövr, zəmanə reallıqlar dünyasıdır. Beynəlxalq ictimaiyyət hansısa məsələ barədə rəy formalaşdırarkən həmin reallıqlara istinad edir. Həyatımızda baş verənlər, gerçəkliklər isə göz önündədir. Prezident 
İlham Əliyevin ötən onilliklərdə həyata keçirdiyi siyasət Azərbaycanı Cənubi Qafqazın əsas inkişaf mərkəzinə çevirdi. Hazırda ölkəmiz regionun müasir iqtisadi-siyasi mənzərəsini müəyyənləşdirən qlobal layihələrin həm təşəbbüskarı, həm də icraçısıdır. Bu layihələr bizə sülh, davamlı inkişaf, vətəndaşlara rifah gətirir.
Azərbaycan son üç ayda, ilk addımlarını atdığı yeni strateji dövrün başlanğıcında böyük uğurlara nail oldu, diqqət əsas hədəflərə doğru yönəldi. Reallıq bundan ibarətdir ki, müstəqil dövlətimiz bu yeni dövrə tarixin ağır mirasından xilas olmuş, bir zamanlar həlli çətin görünən problemləri uğurla yoluna qoymuş şəkildə, daha da güclənmiş halda daxil olmuşdur. Davamlı inkişaf, ardıcıl nailiyyətlər, önümüzdəki böyük hədəflərə çatmaq üçün hazırda qarşımızda keçilməsi qeyri-mümkün olan maneələr yoxdur.

 

Hədəf daha güclü Azərbaycan yaratmaqdır

 

Yeni dövrün əsas tarixi vəzifələrindən biri şanlı Qələbəmizdən sonra Qarabağın, Şərqi Zəngəzurun tam  bərpası, torpaqlarımızın minalardan təmizlənməsi, keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışıdır. Bu məsələlər indi uğurla yerinə yetirilir. Ölkəmizin iqtisadi göstəriciləri də inkişaf tempinin öz yolunda getdiyini əks etdirir.  Əldə olunan nailiyyətlər sosial-iqtisadi inkişaf proqramlarını uğurla yerinə yetirməyə imkan yaradır.  
Yeni strateji dövrdə əsas məsələlərdən biri də texnoloji inkişafın təmin edilməsindən ibarətdir. Dövlətimizin başçısı çıxışlarında dəfələrlə bildirir ki, texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi - bütün bunlar bizim gündəlik həyatımızın mühüm əlamətlərinə çevrilməlidir. Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar: "Mən Azərbaycan üçün hər hansı bir təhlükə, təhdid görmürəm. Ancaq nə üçün görmürəm, çünki bilirlər ki, bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək. Ona görə texnoloji inkişafa nail olmasaq, burada geniş, yəni bir neçə min yox, on minlərlə azərbaycanlı bu işdə olmasa, biz geridə qala bilərik".
Bu günlərin ən mühüm tarixi faktlarından biri də Azərbaycan dövlətinin vaxtilə Qazaxın ermənilər tərəfindən işğal edilmiş kəndlərini bir güllə belə atılmadan azad etməsi, heç bir xarici vasitəçinin iştirakına gərək qalmadan Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiyası prosesinin başlanması oldu. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin regionda sülh və əməkdaşlıq səylərinin, xarici qüvvələrin bölgədə vəziyyəti gərgin durumda saxlamaq üçün ardıcıl cəhdlərinə qarşı ortaya qoyduğu əzm və iradənin nəticəsidir. Əgər Ermənistan rəhbərliyi reallıqları adekvat dəyərləndirib buna uyğun davranacaqsa, Azərbaycanın bölgəmizdə daimi təhlükəsizliyə, dayanıqlı inkişafa, rifah və xoşbəxtliyə nail olmaqdan ötrü ortaya qoyduğu əzm və iradə hər kəs üçün fayda verəcək. Ermənistanla sərhəd məsələsi ilə müsbətə doğru baş verən dəyişikliklər bir daha göstərdi ki, əgər rəsmi İrəvan uzun illər ərzində Azərbaycan dövlətinin sülh çağırışlarına konstruktiv münasibət göstərib işğalçı mövqeyindən əl çəksəydi, münaqişəni insan itkilərinə yol vermədən həll etmək mümkün idi.   

 

Zəfərdən dirçəlişə

 

Vətən müharibəsindəki zəfərimizdən sonra Azərbaycan möhtəşəm günlərini yaşayır. Zəfər tarixi dirçəliş tarixi ilə davam edir. Azad yurdlarımızda genişmiqyaslı bərpa-quruculuq tədbirləri həyata keçirilir. Ordumuzun işğaldan azad etdiyi yerlərdə iqtisadiyyatımız irəliləyir və bu torpaqları yenidən inkişafa qovuşdurur. Məcburi köçkünlərimiz uzun illərin həsrətindən sonra yenidən əzəli yurdlarımıza dönür, dövlətimizin inşa etdiyi yaşayış komplekslərində yeni həyatına başlayır. Qarabağda, Şərqi Zəngəzurda ən müasir səviyyədə yaşayış binalarının, sosial obyektlərin tikintisi, müasir infrastruktur quruculuğu davam etdirilir. Ermənilərin işğal dövründə vandalcasına dağıtdıqları tarixi abidələrimiz bərpa olunub həyata qaytarılır. Artıq Ağdamdakı Cümə məscidinin, Şuşadakı Mamayı məscidinin, Şirin su hamamının, Zəngilan məscidinin bərpa-quruculuq işlərindən sonra açılışı olub. Tarixi abidələrin bərpası prosesində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da çox böyük əməyi var. Bu abidələrin bərpasını Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu həyata keçirir.   
Bu gün Qarabağda, Şərqi Zəngəzurda aparılan genişmiqyaslı işlərin hər sahəsi Azərbaycan Prezidentinin birbaşa diqqətindədir. Bərpa-quruculuq tədbirlərinin icrası ilə yerində tanışlıq üçün cənab İlham Əliyev mütəmadi şəkildə Qarabağa, Şərqi Zəngəzura səfərlər edir, yeni tikililərin, infrastruktur layihələrinin təməlini qoyur. Tədbirlərin mühüm bir qismi məhz azad yurdlarımızın dirçəlişi ilə bağlıdır. Prezident İlham Əliyevin Xocalıya gedərək Soyqırımı Memorialının təməlini qoyması, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşməsi, uzun illərdən sonra ilk dəfə Xankəndi şəhərində Novruz tonqalını alovlandırması bu tarixin milli yaddaşımıza həkk olunmuş əbədi səhifələridir.
Mayın 28-də Xocalıda 44 ailənin daimi məskunlaşması təmin edildi. Ölkə rəhbəri həmişə olduğu kimi Müstəqillik Günündə yenə də sadə insanların yanında oldu. Yurda qayıdışın sevincini yaşayan Xocalı sakinləri ilə bir yerdə idi. Dövlət başçısı görüşdə xüsusi vurğuladı: " Əlbəttə ki, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Çünki bildiyiniz kimi, keçən il Müstəqillik Günündə mən Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir. Xocalı da gördüyünüz kimi, gözəlləşir, yenidən qurulur". İndiyədək işğaldan azad olunmuş ərazilərimizə 1955 ailə (7612 nəfər) qayıtmışdır. Hazırda Zəngilan rayonunun Ağalı kəndində 175, Tərtər rayonunun Talış kəndində 20,  Laçın şəhərində 513, Füzuli şəhərində 822, Laçın rayonunun Zabux kəndində 217, Sus kəndində 59, Şuşa şəhərində 105, Xocalı şəhərində 44 ailə məskunlaşmışdır. Bu say, demək olar ki, hər həftə yenilənir və qayıdış karvanlarının ünvanları da dəyişir, təzələnir. Dövlətimizin başçısının Xocalı sakinləri ilə görüşü zamanı sentyabr ayında Xankəndiyə köçün başlanacağı xüsusi vurğulanıb. Bu sürətli dönüş dövlətimizin iqtisadi qüdrətindən qaynaqlanan maliyyə imkanlarının göstəricisidir.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş bölgələrdə inşa olunan tikililərin açılış, yaxud təməlqoyma mərasimlərində respublikamızda səfərdə olan dost ölkələrin dövlət rəhbərləri ilə birgə iştirakı xüsusilə böyük rəğbət doğurur.

 

Ölkəboyu inkişaf

 

Prezident seçkisindən sonra dövlətimizin başçısı Füzuli rayonundakı Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılış mərasimində  oldu. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolundakı birinci tunel istifadəyə verildi. Bu müddətdə Şuşa şəhər sakinləri doğma yurda köçərək onlar üçün inşa olunmuş birinci yaşayış kompleksində məskunlaşmış, ardınca Şuşada üçüncü yaşayış kompleksinin, Şuşa rayonunun Turşsu qəsəbəsinin, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı kəndlərinin, Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməli qoyuldu. 
Yaşayış məkanlarının inşasına paralel şəkildə lazımi infrastrukturun yaradılması da uğurla davam etdirilməkdədir. Azərbaycan Prezidenti son üç ayda Laçında kiçik su-elektrik stansiyalarının, "Zəngilan" və "Şayıflı" su-elektrik stansiyalarının açılışlarını etdi. Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoydu. 
Davamlı inkişaf tədbirləri təkcə işğaldan azad edilmiş regionlarımızı əhatə etmir. Azərbaycanın digər bölgələrində də abadlıq-quruculuq tədbirləri yüksək templə aparılır. Prezident İlham Əliyev ölkəmizin başqa bölgələrinə də mütəmadi səfərlər edir, görülən işləri diqqətdə saxlayır. Dövlətimizin başçısının Hacıqabul rayonunda avtomobil yolunun açılışında iştirakı, suvarma qurğuları kompleksi ilə tanış olması, Şirvan suvarma kanalının təməlini qoyması, Gəncə şəhərində Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olması, Gəncə İdman Sarayının açılışında iştirakı, Gəncə şəhər stadionunun təməlini qoyması, Qəbələ rayonundakı "Hacıalılı" elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının, Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun, Qəbələ rayonundakı Bum qəsəbə tam orta məktəbinin yeni binasının açılışında iştirakı respublikada regional inkişaf proseslərinin paralel və nizamlı şəkildə, ölkə rəhbərinin birbaşa nəzarəti ilə həyata keçirildiyini göstərir.
Son aylarda Azərbaycan bir sıra beynəlxalq tədbirlərə uğurla evsahibliyi etdi. Azərbaycan Prezidentinin iştirakı ilə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum, "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumu, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirildi. Şuşada VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının və "Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024" ilinin də möhtəşəm açılış mərasimləri oldu. Bu tədbirlərdən dünyaya bir sıra əhəmiyyətli mesajlar ünvanlandı, müxtəlif aktual qlobal məsələlərlə bağlı Azərbaycanın mövqeyi çatdırıldı.

 

İnsan təhlükəsizliyini təhdid edən kəskin problemlərdən biri

 

Bu günlərdə Zəngilanda keçirilən "Minaların ətraf mühitə təsirinin azaldılması - Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda beynəlxalq konfrans insan təhlükəsizliyini təhdid edən kəskin problemlərdən birinə həsr olunmuşdur. Azərbaycan Prezidentinin konfrans iştirakçılarına ünvanladığı məktubunda deyilir: " Bu gün mina və partlamamış hərbi sursatlar hələ də dünyanın bir çox ölkəsində insan təhlükəsizliyini təhdid edən kəskin problemlərdən biridir. Müharibə bitdikdən on illər sonra belə insanların həyatını təhlükəyə atmaqla yanaşı, minalar sosial-iqtisadi inkişafa, ətraf mühitə, mədəni irsə, münaqişədən sonrakı bərpa və inkişaf təşəbbüslərinə və nəticə etibarilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərinə ciddi şəkildə mane olur".
Azərbaycan hazırda bütün dünyada minalarla bağlı ən çox əziyyət çəkmiş ölkələr sırasındadır. Ərazilərimizin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə, 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib. Müharibənin 2020-ci ildə başa çatmasından bu günə qədər əksəriyyəti mülki olan 361 vətəndaşımız mina qurbanı olmuş, onlardan 68-i həyatlarını itirmiş, 293-ü isə ağır yaralanmışdır. Minaların təmizlənməsində üzləşdiyimiz çətinliklər, eyni zamanda yenidənqurma və bərpa işlərinə əngəl yaradır, 800 min keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasına ciddi maneələr törədir.
Məktubda xüsusi vurğulanır ki, ölkəmiz humanitar minatəmizləmə fəaliyyətini, demək olar ki, tam şəkildə öz resursları hesabına həyata keçirir. Minaların humanitar fəsadlarının aradan qaldırılması, torpaqların təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin siyasi və praktiki dəstəyi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan öz mina probleminə paralel olaraq, beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək üçün çoxsaylı təşəbbüslərlə çıxış edib. Ötən il ölkəmiz humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan etmiş və bu məsələnin BMT-nin qlobal 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul edilməsi istiqamətində davamlı iş aparır. "Eyni zamanda Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində humanitar minatəmizləmə üzrə xüsusi əlaqə qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib. Qrup ötən ilin sentyabr ayında fəaliyyətə başlayıb".  Bu fikirlər dövlətimizin başçısının konfrans iştirakçılarına ünvanlanan məktubunda qeyd edilir. Azərbaycanın təşəbbüsü ilə bu konfrans 3-cü dəfədir keçirilir. Ölkəmiz qlobal səviyyədə minalanmaya qarşı mərkəz statusunu qazanıb. Bu gün işğaldan azad olunmuş əraziləri öz hesabına əsaslı bərpa edən və yenidən quran Azərbaycan mina probleminin həllinə də böyük vəsaitlər sərf etmək məcburiyyətindədir. Bütün bunlara görə, Ermənistan böyük məsuliyyət daşıyır. Hazırda Qazaxın işğaldan azad edilmiş dörd kəndində torpaqların minalardan təmizlənməsi işləri aparılır. 
Beynəlxalq konfransda Azərbaycanda son zamanlarda əldə olunmuş nailiyyətlərə xüsusi diqqət yetirildi. COP29-un ölkəmizdə keçirilməsi qərarının yeni reallıqlar dövründə nə qədər böyük tarixi mahiyyət daşıdığı vurğulandı. 
Bütün bu qeyd etdiklərimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə ən qüdrətli çağlarına gəlib çatmış Azərbaycan dövlətinin tarixinin şərəf səhifəsidir. Bu tarixin formalaşdırdığı möhkəm təməllər üzərində ölkəmiz özünün və ümumilikdə regionun parlaq, xoşbəxt gələcəyini qurub inşa edir.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video