Deyirdin, bu dəqiqə göz yaşında boğulacaq. Əlindəki şəkli bərk-bərk sinəsinə sıxır, arabir üzünə yaxınlaşdırıb sanki oğlunun qoxusunu ürəyinə çəkirdi. "Müharibə başladığını eşidən kimi dedi ki, döyüşə gedirəm. Nə qədər çalışdımsa fikirindən daşındıra bilmədim. Gözüm arxasınca baxa-baxa qaldı..."
Qızqayıt xanım sözünün ardını gətirə bilmədi. Sözlər sankı boğazında düyünlənib qalmış, fikri onu çəkib uzaqlara aparmışdı: "Səfa ilk övladımız idi. Böyük-kiçik yeri bilən, vətənpərvər, sayılıb-seçilən, sakit, gülərüz idi. Orta məktəbdə oxuyanda fəallığı ilə seçilirdi. Tədbirlərə təşkilatçılıq edər, yoldaşlarından fərqlənməyə çalışardı. Dostcanlı idi. Kimsə deyə bilməz ki, Səfa ilə bir dəfə sözüm çəp gəlib, mübahisəm olub. Deyirlər ki, balam cəbhədə də bu ürəyi ilə mərd-mərdanə vuruşub. Son nəfəsinə kimi döyüş yoldaşları ilə çiyin-çiyinə düşmənlə savaşıb".
Haqqında söhbət açdığımız şəhid Səfa İsazadə 1999-cu il mayın 17-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. Səfa hərbi xidmətdə olan vaxtlarında nümunəvi əsgər kimi komandirlərinin və əsgər yoldaşlarının dərin hörmətini qazanıb, xidmət etdiyi hərbi hissənin komandirləri tərəfindən fəxri fərmanlarla mükafatlandırılıb, Vətən üçün layiqli oğul böyütdükləri üçün valideynlərinə təşəkkürnamələr göndərilib.
İkinci Qarabağ müharibəsinin başlandığını eşidən Səfa sentyabrın 29-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək müharibəyə getmək istədiyini bildirir. Torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda könüllü olaraq savaşa qoşulan gənc Talış kəndinin azad olunması uğrunda əməliyyatlarda iştirak edir. Oktyabrın 14-də isə Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olur.
Qızqayıt xanım o günü belə xatırlayır:
- Oktyabrın 19-da gördüm ki, insanlar sel kimi axışıb bizə gəlir. Həyətimiz, yollar insanlarla dolmuşdu. Bir qədər sonra oğlumun müqəddəs bayrağımıza bükülmüş cənazəsini aldım. Səfa indi Xaçmaz kəndinin Şəhidlər xiyabanında uyuyur. Bilirəm ki, ruhu rahatdır. Canını qurban verib aldığı Talış kəndində illərdən sonra insanlar yurd salıb yaşayır. Azad olunmuş torpaqlarımız gülüstana dönür. Oğlumu heç kim müharibəyə getməyə məcbur etməmişdir. Könüllü getmişdi. Bilirdi ki, müharibəyə gedən qazi də ola bilər, şəhid də. Şəhidlərimizə baxıram, hamısı seçilmiş balalardır. Necə də qeyrətli oğullarımız varmış. 30 il düşmənin möhkəmləndiyi torpaqları 44 günə azad etdilər. Onlarla necə fəxr etməyəsən axı? İnanıram ki, balam cənnətdədir. Bu, mənim tək təsəlli yerimdir. Ayrılıq dərdi məni yandırsa da, oğlumla, canını vətənə qurban verən bütün şəhidlərimizlə fəxr edirəm.
Səfa İsazadə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Elşən QƏNİYEV,
"Azərbaycan"