26 Dekabr 2024 08:50
134
CƏMİYYƏT
A- A+
Gözəl Lənkəran

Gözəl Lənkəran


Nə vaxt yaranıb yaşıl örtüklü silsilə Talış dağları, nə zaman çıxıb Yer üzünə mavigözlü, bol nemətli Xəzər dənizi? Bunu doğru-dürüst heç kəs bilmir. İnsanların burada nə vaxt məskən saldığını da dəqiq bilən yoxdur. 

Ancaq belə bir rəvayət var: bir nəfər böyük Yaradanın hüzurunda yaşamaq, ömür sürmək üçün yer istəyir. Ona çox yerlər göstərirlər. Ancaq həmin adam onların heç birini bəyənmir. Çox gəzib dolandıqdan sonra Xəzər dənizinin sahilində dağlı, meşəli bir yerə gəlib çıxırlar. Ətrafı heyranlıqla seyr edən adam: "Bura ki, cənnətin lap özüdür!" deyərək bu yerdə məskən salmağa başlayır. Sonralar nəsillər bir-birini əvəz edir haqqında söhbət açdığımız həmin məkanda. Dünyaya göz açan hər yeni nəsil isə doğulub böyüdüyü, çörəyini yediyi, suyunu içdiyi, havasını udduğu bu diyarda bir iş görməyə, bir iz qoymağa çalışmışdır. O, XVIII əsrin ikinci yarısından etibarən inkişaf edərək xanlığın mərkəzinə çevrilmişdir. "Lənkəran" sözünün mənası bir çox mənbədə "Qamış evlər" və ya "Gəmilərin lövbər saldığı yer" kimi göstərilir. 

Etiraf etməliyik ki, bu diyar Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra sürətlə inkişaf etməyə başlamışdır. Alimlər subtropik iqlim şəraiti, münbit torpaqları olan bu yerlərin çay, sitrus meyvələri və tərəvəz məhsullarının yetişdirilməsi, istehsalı üçün çox münasib olduğunu bildirirlər. Başqa ölkələrdən tinglər gətirilərək çay plantasiyaları, sitrus meyvə bağları salınır. Müxtəlif növ tərəvəz məhsulları yetişdirilir. Keçən əsrin 70-ci illərində Lənkəran SSRİ-nin paytaxt şəhəri Moskvanın tərəvəz bazası adını alır. 

1969-cu ildə Azərbaycanın rəhbəri seçilən Ulu Öndər Heydər Əliyev Lənkərana tez-tez səfərlər edir, buranın sosial-iqtisadi inkişafı üçün mühüm qərarlar verir. Bir çox mühüm əhəmiyyətli obyekt onun yadigarı kimi qalmaqdadır. Bütün bunlara görə lənkəranlılar Ulu Öndərin xatirəsini həmişə böyük hörmət və ehtiramla anırlar. 

İqtisadiyyatı inkişaf etdikcə Lənkəran rayonu da böyüyür, inkişaf edir, əhalinin yaşayış səviyyəsi yüksəlir. Respublikamızın ən abad, gözəl şəhərlərindən olan Lənkərana çoxlu sayda qonaq gəlir. Onların içində alim, şair, yazıçı, kosmonavt, hətta başqa ölkələrin başçıları da olub. Rusiyanın böyük şairi N.Tixonov o vaxt Lənkəranın təbiətinə, gözəlliyinə heyran qalıb, onu "Cənub mirvarisi" adlandırıb. Həmin illər məşhur diyarın şəninə saysız-hesabsız şeirlər, mahnılar yaranıb, məqalələr yazılıb. Bu torpaq tarixin müəyyən dövrlərində neçə-neçə qəhrəman, şan-şöhrətli alim, mədəniyyət xadimi yetirib. 

Lakin sovetlər birliyinin süqutundan sonra hər yerdə olduğu kimi, burada da tənəzzül başlayır. İstehsal müəssisələri fəaliyyətini dayandırır, kolxoz-sovxozların meyvə-tərəvəz sahələri otlaq sahəsinə dönür, şəhər infrastrukturu bərbad hala düşür. 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin gərgin əməyi, sarsılmaz iradəsi, uzaqgörənliyi Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edir. İqtisadiyyatın yüksəldilməsinin nə qədər mühüm olduğunu yaxşı bilən Ulu Öndər 1994-cü ildə məşhur "Əsrin müqaviləsi"nin imzalanmasına nail olur. Bunun ardınca mühüm islahatlar həyata keçirir. 

2003-cü ilin payızında Prezident seçilən İlham Əliyev Ulu Öndərin vəsiyyətini həyata keçirərək ölkəmiz üçün taleyüklü məsələləri ön plana çəkir. Neftdən gələn ilk gəlirləri həmin mühüm məsələlərdən biri olan və 11 fevral 2004-cü il tarixdə imzaladığı regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrasına yönəldir. Beləliklə, Lənkəranın da dirçəlişi üçün yeni dövr başlayır. 56 kilometrlik Lənkəran-Lerik magistral şose yolu əsaslı şəkildə yenidən qurulur. Lənkəran Hava Limanı, olimpiya idman kompleksi, uşaq sağlamlıq mərkəzi və digərləri də bu sıradandır. Rayon əhalisinin davamlı və keyfiyyətli elektrik enerjisinə, təbii qaza, içməli suya olan tələbatının yaxşılaşdırılması sahəsində mühüm addımlar atıldı. Bunlar isə insanlarda gələcəyə, sabahın yaxşı olacağına inamı artırdı. Birincidən sonra qəbul edilən 2-ci, 3-cü və 4-cü dövlət proqramları çərçivəsində tikinti, quruculuq, abadlıq sahəsində görülən işlər daha geniş vüsət almağa başladı. 

Rayonun kənd təsərrüfatı da dinamik şəkildə inkişaf etdirilməkdədir. Prezident İlham Əliyevin 2018-2025-ci illər üçün respublikada çəltikçiliyin və sitrus meyvəçiliyinin, 2018-2027-ci illər üçün çayçılığın inkişaf etdirilməsinə dair dövlət proqramlarını imzalaması göstərilən sahələrdə əsaslı dönüş yaratmışdır. Fermerlərdə torpağa yeni münasibət formalaşdırmışdır. Rəqəmlərin dili ilə bu özünü daha aydın göstərir. Belə ki, bu il kənd təsərrüfatında istehsal edilən ümumi məhsulun həcminin 721,8 milyon manat olması gözlənilir ki, bu da 2003-cü ildəkindən, yəni 21 il əvvəlkindən 4,4 dəfə çoxdur. O cümlədən çay plantasiyalarının ümumi sahəsi 546,2 hektara çatdırılmış və 304,5 ton yaşıl çay yarpağı tədarük edilmişdir. 

Baramaçılığın inkişaf etdirilməsindən ötrü 2016-cı ildən bəri Çindən çoxlu sayda tut ağacı tingləri gətirilmiş, Şağlaser və Şilavar kəndlərində kümxanalar tikilmişdir. 

Rayon üzrə kənd təsərrüfatı sahəsində əldə olunmuş uğurların təşviqini, fermerlərin istehsal etdiyi məhsulların nümayişini təşkil etməklə ardıcıl olaraq bir neçə il "Çay, çəltik və sitrus meyvələri festivalı" keçirilmişdir. 

"Yollar iqtisadiyyatın qan damarlarıdır" deyirlər. Bəli, sərnişinlər, yüklər mənzilbaşına yollar vasitəsilə daşınır. 2003-2024-cü illər ərzində yalnız magistral yolların çəkilişi və əsaslı təmiri ilə kifayətlənilməmişdir. Respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da yerli əhəmiyyətli, habelə kəndarası avtomobil yollarının tikintisi, yenidən qurulması, əsaslı təmiri istiqamətində genişmiqyaslı işlər görülmüşdür. 40 min əhalinin yaşadığı və uzunluğu 40 kilometr olan Lənkəran-Vilvan-Osaküçə-Türkəncil, 

28 min əhalinin yaşadığı, uzunluğu 12 kilometr olan Şürük-Vel-Qamışovka, 47 min əhalinin yaşadığı, uzunluğu 18 kilometr təşkil edən Vilvan-Zövlə-Liman, 10 min əhalinin yaşadığı, uzunluğu 18,8 kilometr olan Liman-Nərimanabad-Balıqçılar, 13 min əhalinin yaşadığı, uzunluğu 10,2 kilometr olan Aşağı Nüvədi- Kənarmeşə-Şürük, 7 min əhalinin yaşadığı, uzunluğu 22 kilometr Hirkan-Daştatük-Biləsər, 11 min əhalinin yaşadığı, uzunluğu 7 kilometr olan Hirkan-Mamusta-Siyavar, 33 min əhalinin yaşadığı, uzunluğu 38,6 kilometr olan Səpnəkəran-Şürük-Sütəmərdov-Velədi-Gərmətük-Bala Şürük-Kosalar-Kərgəlan-Lüvəsər-Bəlləbur-Qurunba avtomobil yolları yenidən qurulmuşdur. Həmçinin dağ kəndlərinə gedən yollar da əsaslı və cari qaydada təmir edilmişdir. "Azəravtoyol" Dövlət Agentliyinin xətti ilə Ələt-Astara avtomobil yolu rayon sakinlərinin hədsiz sevincinə səbəb olmuşdur. İpək yolu ilə sərnişinlər rahat, vaxt itkisinə yol vermədən paytaxt Bakıya, respublikamızın digər rayonlarına gedib-gəlirlər. 

İçməli su və kanalizasiya sisteminin yaradılması ilə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində Lənkəran şəhərinə, Şiləvar, Digah, Sütəmərdov, Velədi kəndlərinə yeni içməli su xətləri çəkilmiş, sakinlərin fasiləsiz və təmiz içməli su ilə təchizatı yaxşılaşdırılmışdır. 2013-cü ildə inşa edilmiş Xanbulançay sutəmizləyici qurğusu bu sahədəki uğurlardan hesab edilə bilər. Rayon ərazisində 21 kilometr uzunluğunda kanalizasiya xətti çəkilmişdir. 

Telekommunikasiya işləri çərçivəsində GPON texnologiyasının quraşdırılması davam etdirilir. Şiləvar, Digah, Velədi, Sütəmərdov kəndinin böyük hissəsi, Lənkəranın mikrorayon ərazisində və şəhərin çox hissəsində quraşdırma işləri başa çatmışdır. Bunun sayəsində sürətli internetə çıxış yaxşılaşdırılmışdır. Bu sahədə rəqabətliliyin təmin olunmasından ötrü "Aztelekom" MMC ilə yanaşı, özəl provayder "UNİNET" MMC də fəaliyyət göstərir. 

Yeni tikilən binalar, yaşıllıqların, park və xiyabanların salınması Lənkəran şəhərinin gözəlliyinə başqa bir gözəllik də qatır. Heydər Əliyev xatirə parkı, "Sahil" istirahət parkı, Beynəlxalq Hava Limanı, Bayraq meydanı, "Xocalı soyqırımı" abidə kompleksi, yeni vaxtlarda inşa edilmiş 7 mərtəbəli 14 yaşayış binası, Gənclər Mərkəzi, Əsgər Əliyev parkı, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilən yaşayış evləri, sosial əhəmiyyətli obyektlər bu sıradandır. 

Ulu Öndər Heydər Əliyev hər bir sahənin inkişafını, millətin gələcəyini təhsildə görürdü. Bütün sahələrdə olduğu kimi, Prezident İlham Əliyev Ulu Öndərin bu siyasətini də prioritet götürərək təhsilin inkişafını daim diqqət mərkəzində saxlayır. Ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da yeni məktəblərin tikilməsi, köhnələrinin əsaslı şəkildə təmir edilməsi, lazımi avadanlıqlarla təchiz edilməsi ön plana çəkilmişdir. 

Ümumilikdə rayon üzrə 53 məktəb tikilmiş və ya əsaslı şəkildə təmir olunmuşdur. Hazırda Viyən kənd tam orta məktəbində tikinti işləri davam etdirilir. Fondun dəstəyi ilə M.Fərzəliyev adına Mamusta kənd tam orta məktəbində əsaslı təmir işləri aparılır. Lənkəran şəhərində M.Bağırov adına 1 saylı tam orta məktəbdə əsaslı təmir işləri tamamlanmış, məktəb Bilik Günündə öz qapılarını şagird və müəllimlərin üzünə açmışdır. Hazırda Lənkəran Peşə Liseyi üçün tədris, yataqxana və laboratoriya binaları inşa olunur. 

Lənkəran gənclərin ali, orta və peşə təhsili üzrə müxtəlif sənətlərə yiyələndikləri bir məkandır. Təlim və tərbiyənin yüksək səviyyədə qurulması məqsədilə Lənkəran Dövlət Universitetinin yeni korpusu, yataqxanası və 1-ci tədtis korpusu üçün əlavə dördmərtəbəli bina inşa olunmuş, 2-ci korpusda inşaat işləri başa çatdırılmışdır. Universitetin Elmi Kitabxanası üçün bina tikilmişdir. 

2007-ci ildə O.Mirzəyev adına qarışıq tipli uşaq evi əsaslı təmir edilmiş, 2013-cü ildə 5 saylı uşaq bağçası üçün yeni bina inşa edilmiş, 2015-ci ildə Lənkəran şəhər uşaq bağçasının binası istifadəyə verilmişdir. 3, 7 və 9 saylı uşaq bağçalarında da əsaslı təmir işləri görülür.

 Vətəndaşların sağlamlığı həmişə dövlətin diqqət mərkəzindədir. Bu istiqamətdə Lənkəranda da çoxsaylı işlər görülmüşdür. 2003-2024-cü illər ərzində Lənkəran Mərkəzi Xəstəxanası əsaslı təmir edilmiş, Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanası, 8 həkim ambulatoriyası, 7 feldşer-mama məntəqəsi tikilib istifadəyə verilmişdir. Lənkəran Regional Diaqnostika Mərkəzinin təyinatı dəyişdirilərək 70 çarpayılıq regional mərkəzə çevrilmişdir. Rayonlararası Onkoloji Xəstəxanasında, Ağciyər Xəstəlikləri Dispanserində və uşaq poliklinikasında təmir işləri həyata keçirilmişdir. 

Prezident İlham Əliyevin idmanın inkişafına verdiyi önəm, diqqət və qayğı Lənkəranda da özünü göstərməkdədir. Burada 2006-cı ildə "Zirvə" İdman Sağlamlıq Mərkəzi, futbol stadionu, 2010-cu ildə Regional Boks Təlim Mərkəzi, 2018-ci ildə Olimpiya İdman Kompleksi gənclərin istifadəsinə verilmişdir. 

Lənkəranın təbii gözəllikləri onun turizm məkanlarından birinə çevrilməsi üçün zəmin hazırlamışdır. 2006-cı ildə burada "Palıdlı sahil", "Bəşəru" istirahət mərkəzləri, 2008-ci ildə "Qafqaz" Turizm İstirahət Mərkəzi tikilib istifadəyə verilmişdir. Ekoturizmin inkişaf etdirilməsindən ötrü Lənkəranın bir neçə kəndinə, çay plantasiyalarına, sitrus meyvə bağlarına səyahətlər təşkil etmək üçün şərait yaradılmışdır. Bundan ötrü İstisu qəsəbəsindəki "Yaşıl Çay" Fermer Təsərrüfatında 22 nəfərlik "Nilado" hoteli və talış üslubunda hotel tipli kənd evləri tikilib istifadəyə verilmişdir. Bunlarla bərabər, Lənkəran şəhərinin Qala xiyabanı küçəsində "Salyut" hoteli, Rvo kəndində "Riva Hill Resort Lankaran", Lənkəranın özündə "Dəniz Hotel" hotel-restoran kompleksləri fəaliyyət göstərir. 

Həyata keçirilən layihələr yeni iş yerlərinin açılmasına vəsilə olmuşdur. 2003-2024-cü illər ərzində rayonda 54 mindən çox yeni iş yeri açılmışdır. Cari ildə qeyri-məşğul əhali üçün ödənişli əsaslarla 402 ictimai iş yeri yaradılmışdır. 

Dövlət başçısı bu dövr ərzində 12 dəfə Lənkərana səfər etmişdir. Həmin səfərlər çərçivəsində o, rayon əhalisi ilə görüşlər keçirmiş, yuxarıda adlarını sadaladığımız obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir. Bu səfərlərin bir çoxunda ölkənin birinci xanımı Mehriban Əliyeva onunla birlikdə Lənkəranda olmuşdur. 

Lənkəranda aparılan quruculuq işləri davam edir. Hər dəfə buraya yolun düşəndə neçə-neçə yeniliklə tanış olursan. Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov bu cənub şəhərinin daha abad, gözəl olması üçün yorulmadan çalışır. Şəhərə daxil olanda yeni tikilən və inşası başa çatdırılan çoxmərtəbəli yaşayış binaları diqqəti özünə çəkir. Bunlara "Geno Konstrukşin" şirkətinin inşa etdiyi 7 mərtəbəli 8 bina, "Qala İnşaat" MMC-nin ucaltdığı 7 mərtəbəli 14 bina, Mənzilin İnkişafı Dövlət Agentliyinin inşa etdiyi 9 mərtəbəli 5 bina və ayrı-ayrı sahibkarlar tərəfindən tikilmiş 3 mərtəbəli 4 binanı misal göstərmək olar. 

Lənkəranlılar 30 ildən artıq bir zamanda işğal altında olan torpaqlarımızın azad edilməsi üçün hər bir detalı böyük məharət və zərgər dəqiqliyi ilə lazımi vaxtda həyata keçirdiyinə, ordu, xalq, iqtidar birliyini "dəmir yumruğ"a döndərdiyinə görə Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi kursunu bəyənir və onu dəstəkləyirlər. Bu, 2024-cü il fevral ayının 7-də keçirilən növbədənkənar prezident seçkisində bir daha təsdiq olundu. Onu da qeyd edək ki, Birinci Qarabağ müharibəsi kimi, 44 günlük Vətən müharibəsində də lənkəranlı gənclər şücaət göstərərək torpaqlarımızın mənfur düşmən tapdağından xilas edilməsi üçün öz qanlarını-canlarını əsirgəməyiblər. Lənkəranda da şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılır. 

Noyabr ayında respublikamızın paytaxtı Bakı şəhərində COP29 tədbiri keçirildi. Dünyanı qorumaq, onu gələcək nəsillərə ekoloji cəhətdən təmiz, problemsiz çatdırmaq üçün ölkədən 80 dövlət və hökumət başçısı, 76 minə yaxın nümayəndə heyəti Bakıya toplaşmışdı. Belə bir beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsi Prezident İlham Əliyevin Yer üzünün bütün ölkə və xalqlarına, xüsusən onların liderlərinə gözəl, unikal planetimizi, "yaşıl dünya"mızı hər cür bəlalardan, fitnə-fəsadlardan qorumağa bir çağırışı idi. Bu, "yaşadığımız Yer kürəsi üçün hər birimiz cavabdehik" demək idi. Təbiətin gözəl bir guşəsində yaşayan  lənkəranlılardan ötrü Prezidentin hər çıxışı, hər sözü, hər fikri qürurverici idi. 

Bax, beləcə, lənkəranlılar öz ənənələrinə sadiq qalaraq başa çatmaqda olan 2024-cü ili uğurla yola salır, Yeni ili alnıaçıq, üzüağ qarşılamağa hazırlaşırlar. 


Seyran CAVADOV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan  

17:03
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

16:42
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!