Respublika əhalisinə yüksəksəviyyəli oftalmoloji yardımın göstərilməsi çərçivəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Səyyar Klinika müasir diaqnostik və cərrahi oftalmoloji avadanlıqla təchiz edilib. Bu Səyyar Klinika ölkəmizin ucqar rayon və kəndlərinə müntəzəm şəkildə gedərək əhaliyə yüksəkixtisaslı, müasir texnologiyalara əsaslanan cərrahi və terapevtik oftalmoloji yardım göstərir. Eyni zamanda, Bakı şəhərində müxtəlif müəssisələrdə, məktəblərdə və uşaq bağçalarında kontingentin dispanser müayinəsini həyata keçirir.
Azərbaycanda oftalmoloji yardımın optimallaşdırılması istiqamətində böyük işlər görülür. Eyni zamanda, “Böyük Qayıdış” Dövlət Proqramına qoşularaq işğaldan azad edilmiş ərazilərimizdə oftalmoloji xidmətlər həyata keçirilir.
Bunu AZƏRTAC- a açıqlamasında Azərbaycan Oftalmoloqlar Cəmiyyəti sədrinin müavini, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, təşkilati-metodik bölməsinin rəhbəri tibb üzrə elmlər doktoru Yazgül Abdıyeva deyib.
Y.Abdıyevanın sözlərinə görə, oftalmoloji müayinələr zamanı müxtəlif göz xəstəlikləri ilə yanaşı, refraksiya patologiyalarına - miopiya, hipermetropiya və astiqmatizə rast gəlinir. Qeyd olunub ki, görmənin zəifləməsi, uzaq və ya yaxın məsafədə obyektləri aydın görə bilməmək, gözlərdə yorğunluq və başağrısı kimi əlamətlərə diqqət yetirmək lazımdır: “Bu cür şikayətlər olduqda vaxtında oftalmoloqa müraciət etmək və müayinədən keçmək vacibdir. Eyni zamanda, heç bir şikayət olmasa belə, müəyyən aralıqlarla profilaktik oftalmoloji müayinədən keçmək göz xəstəliklərinin erkən aşkarlanması baxımından əhəmiyyətlidir.
Yay mövsümündə günəşin ultrabənövşəyi şüaları, hovuz suyundakı kimyəvi maddələr, dəniz suyu və qum gözlərdə qıcıqlanma, quruluq və digər narahatlıqlar yarada bilər. Bu risklərin qarşısını almaq üçün UV şüalarından qoruyan gün eynəklərindən, hovuzlarda qoruyucu üzgüçülük eynəklərindən istifadə etmək məsləhətdir. Gözlərdə quruluq və narahatlıq yarandıqda isə həkim məsləhəti ilə təbii gözyaşı preparatlarından istifadə etmək olar. Eyni zamanda, çirkli əllərlə gözlərə toxunmamaq və gözə yad cisim düşdükdə onu əl ilə çıxarmağa çalışmamaq lazımdır.
İqlim dəyişiklikləri, isti və quru hava, həmçinin havanın çirklənməsi gözlərdə quruluq, qıcıqlanma və allergik reaksiyaların yaranmasına səbəb ola bilər. Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır. Günəşli havalarda qoruyucu eynəklərdən istifadə etmək, gözləri toz və digər zərərli təsirlərdən qorumaq da vacibdir. Xüsusilə uzun müddət açıq havada olan və ya tozlu, çirkli mühitdə çalışan insanların gözlərini xarici təsirlərdən qoruması xüsusilə diqqətdə saxlanılmalı məsələlərdən biridir”.