30 İyul 2025 09:28
813
Mədəniyyət
A- A+
Görkəmli yazıçı, qəhrəman qardaşı, şəhid atası  

Görkəmli yazıçı, qəhrəman qardaşı, şəhid atası  

  

Oğluna söz vermişdi. Ad günündə onun yanına - Murova gedəcəkdi. Orada döyüşlər gedirdi. 24 yaşlı Məhəmməd odun-alovun içindəydi.

Xalq yazıçısı Sabir Əhmədli övladının müharibəyə getməməsi üçün nəinki nüfuzundan istifadə etməmişdi, Məhəmməd döyüşə atasının razılığı, hətta tövsiyəsi ilə könüllü yollanmışdı.

Cəbhəyə gedənədək çətinlik görməyən, bərkə-boşa düşməyən oğulları müharibə böyütmüşdü. Məhəmməd də cəsarətlə döyüş yoldaşları ilə çiyin-çiyinə dayanır, komandirinin verdiyi hər bir tapşırığı, hər bir əmri məsuliyyətlə yerinə yetirirdi.

Narahat fikirlər yazıçıya dinclik vermirdi. Onun qəlbindən, həyatından rahatlığı qovub aparan yalnız oğlunun ön cəbhədə olması deyildi. Məkrli, riyakar ermənilər 1980-ci illərin sonlarında Azərbaycan torpaqlarına yenidən nifaq toxumu səpdikləri günlərdən yazıçının yuxusu ərşə çəkilmişdi.

Yenə doğma məmləkəti təlatümlər içindəydi. Qəsbkarlar bu dəfə də Azərbaycandan Qarabağı və Şərqi Zəngəzuru qoparmaq niyyətindəydilər. Hər-zamankı kimi kəmfürsətlik etmişdilər. İşğalçılıq planlarına sadiq qalan daşnaklar bu dəfə də Azərbaycana ictimai, siyasi və iqtisadi böhranın tüğyan etdiyi vaxtda hücuma keçmişdilər. Vəziyyətin gərginliyindən, havadarlarının verdiyi hər cür yardımdan istifadə edirdi ermənilər. Onları himayədarları o illərin müasir silahları, hərbi texnikası ilə təchiz edib, azərbaycanlıları isə əliboş qoymuşdu. Azğınlaşmış ermənilər Qarabağı və Şərqi Zəngəzuru odlara qalayırdılar. Yerli sakinlərə divan tutur, qətlə yetirir, şikəst edir, əsir götürür, evlərini yandırır, yurdlarını xarabalığa çevirirdilər. Canlarını götürüb qaça bilənlər vətənlərində məcburi köçkün olurdular.

Sabir Əhmədlinin 1930-cu il iyulun 10-da dünyaya göz açdığı yurd - Cəbrayıl rayonunun Cəbrayıl kəndi də qəsbkar ermənilərin işğalına məruz qaldı. Uşaqlığı, ilk gənclik illəri orada keçmişdi. 9 yaşı olanda İkinci Dünya müharibəsi başladı. Müharibənin alovları getdikcə dünyanın bir çox ölkəsini bürüyürdü. Şəhərlər, qəsəbələr, kəndlər yandırılıb kül edilirdi. İnsanlar müharibənin qurbanı olurdular.

Amma Sabir Əhmədlinin yurdu o zaman cəbhədən xeyli uzaqda olsa da, o, müharibənin dəhşətlərini, gətirdiyi faciələri, göz yaşlarını doğma kəndində gördü. Onun el-obasından ömürlərinin ən gözəl çağlarında döyüşə gedənlər cəbhədən qayıtmadılar.

Həmyaşıdları kimi, Sabir Əhmədli də müharibənin gətirdiyi qüssəyə, dərdə, yoxsulluğa, aclığa qatlaşa-qatlaşa sabaha ümidlə baxırdı. Ancaq bir gün qanlı müharibə onların da qapısını "qara kağız"la döydü. Sabirin böyük qardaşı Cəmil Əhmədov 1944-cü ildə Polşa ərazisində həlak olmuşdu. Cəmil Varşavada sovet döyüşçülərinə aid qəbiristanlıqda dəfn edildi. 1945-ci ilin martında ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı verildi. Sabir qardaşı ilə fəxr edirdi. Amma əbədi ayrılıq dərd, mənəvi əzab gətirir. Sabir Əhmədli bu dərdlə böyüdü.

Ən çətin, qüssəli anlarında da arzularından, ümidlərindən yapışdı. Sonra qəlbinə yol tapan ədəbiyyat sevgisi həyat yoluna işıq saçdı. Orta məktəbi bitirdikdən sonra bu işığın dalınca Bakıya gəldi. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil oldu.  1951-ci ildə təhsilini başa vurdu. Həmin il Cəbrayıla pedaqoq kimi döndü, müəllim işlədi. Sonra Şükürbəyli kənd orta məktəbinin direktoru oldu.

Ədəbi fəaliyyətinin başlanğıcı hesab edilən "Poçtalyon" hekayəsi 1951-ci ildə "Pioner" jurnalında işıq üzü görmüşdü. Bir gün imtahanlar vaxtı gənc müəllim Sabir Əhmədli ana dili yazı imtahanı üçün Maarif Nazirliyindən göndərilmiş zərfi açanda gözlərinə inanmadı. Yeddinci sinifdə ifadə yazı üçün nümunə kimi göstərilmiş mətn onun jurnalda dərc olunmuş hekayəsi idi. Onu təəccübləndirdiyi qədər də sevindirən bu hadisədən sonralar belə bəhs edirdi: "Bir ucqar əyalət məktəbində müəllim şagirdlərə müəllifi olduğu hekayəni imtahan olaraq yazdıracaqdı. Bu, maraqlı təsadüf idi".

Onu bir vaxtlar Bakıya aparan ədəbiyyat sevgisi yenə doğma yurdundan paytaxta qanadlandırdı. Sabir Əhmədli 1956-1993-cü illərdə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, Nəsr şöbəsinin müdiri, 1993-1996-cı illərdə isə baş redaktor işlədi.

1955-ci ildə Azərbaycan Yazıçılar İttifaqına (indiki Azərbaycan Yazıçılar Birliyi) üzv qəbul edildi. Azərbaycan Yazıçılar İttifaqının Mirzə Fətəli Axundov adına ədəbi mükafat komissiyasının sədri seçildi.

"Bir payız axşamı" adlı ilk kitabı 1961-ci ildə çapdan çıxan Sabir Əhmədlinin sonralar "Aran" ikihissəli romanı, "Pillələr", "Yamacda nişanə", "Toğana", "Yasamal gölündə qayıqlar üzür", "Mavi günbəz", "Gedənlərin qayıtmağı, dünyanın arşını", "Yasaq edilmiş oyun, Gülməli kişinin axırı", "Kütlə", "Öpmə məni öpərəm səni", "Sevişməyin cəzası", "Axirət sevdası", "Şəhid ruhu" və digər əsərləri işıq üzü gördü. Nəsrimizə bir çox yenilik gətirən Sabir Əhmədliyə 1992-ci ildə Xalq yazıçısı fəxri adı verildi. Bundan əvvəl də mükafatlar almışdı. "Əməkdar incəsənət xadimi" fəxri adı (1984), "Xalqlar dostluğu" və "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif edilmişdi, "Qızıl sünbül" ədəbi mükafatı laureatı (1991) idi. Yazıçının əsərləri yalnız öz vətənində oxunmurdu, keçmiş SSRİ məkanı və xarici ölkə xalqlarının dillərinə tərcümə edilirdi.

Vətən sevgisi həyatının da, yaradıcılığının da əsas qayəsi idi. Yazıçı böyük həssaslıqla, təəssübkeşliklə XX əsrin sonlarında Azərbaycanda baş verən hadisələri qələmə alırdı. Əsərlərində milli azadlıq hərəkatından, 20 Yanvar faciəsindən, Qarabağ münaqişəsindən, erməni təcavüzündən, Sumqayıt hadisələrindən, torpaqlarımızın işğala məruz qalmasından, müharibənin gətirdiyi ağrı-acılardan, məcburi köçkün problemindən, yurd nisgilindən bəhs edirdi. "Kütlə", "Yanvar hekayələri", "Axirət sevdası", "Kef", "Ömür urası", eləcə də ölümündən sonra çap olunan "Yazılmayan yazı" əsərlərində yazıçı həmin tarixi hadisələri bədii dilə çevirmişdi. 1992-1993-cü illərdə mətbuatda yer verilən irihəcmli ədəbi-publisistik məqalələrində Qarabağ hadisələrini qələmə almışdı.

1990-cı illərdə Azərbaycan torpaqlarının işğalçı Ermənistan tərəfindən zəbt edilməsi yazıçıya ağır təsir edir, onu sarsıdırdı. Bunun səbəbi vardı. Onun uşaqlıq çağları da, ahıl vaxtları da müharibəyə təsadüf etmişdi. 1944-cü ildə müharibənin gənc yaşda həyatdan qopardığı qardaşına Sabir Əhmədli "Biz yenə görüşəcəyik" adlı sənədli povest həsr etmişdi. Qardaşının məzarını ziyarət etmək üçün 20 il sonra Polşaya gedən yazıçı o günün ağrılarını belə qələmə almışdı: "Kiçik qardaş böyük qardaşın qəbri üstündə ağlayırdı, ana! 35 yaşlı kiçik qardaş 20 yaşlı böyük qardaşını tapmışdı. İndi o, ailəmizdə hamıdan kiçikdir, onun üçün zaman yoxdur. Ona aid olan zaman 20 il əvvəl bir gecə səhərəcən qurşağa qədər bir çayda qalıb, döyüşəndən sonra əvvəlcə qoluna, sonra qıçına, sonra başına dəyən güllə ilə dayanıb".

İndi isə 1994-cü il idi. Bu dəfə yazıçının vətənində ağır döyüşlər gedirdi. Könüllü olaraq cəbhəyə yollanmış çiyərparası Məhəmməd erməni işğalçılarına qarşı döyüşürdü. Sabir Əhmədli oğluna verdiyi sözü yerinə yetirmək, ad günündə Məhəmmədin yanında olmaq üçün qarlı, çovğunlu havada cəbhə bölgəsinə getdi. Amma bilmirdi ki, Məhəmməd 1994-cü il fevralın 12-də, ad günündə Murovda şəhid olmuşdu. Oğlunun şəhadətindən xəbərsiz ata Beyləqanda, Gəncədə, Murovda onu axtarırdı.

O gün Məhəmmədi görmədən geri dönsə də, ümidinə kölgə düşmədi. Gəncədə yaşayan dostunun evinə qayıtdı. Ona xəbər verdilər ki, Məhəmməd yaralanıb. Sabir Əhmədli yenə şübhələrinin ümidinə toxunmasına imkan vermədi. Bakıda, Yasamaldakı evinin dikdirinə qalxıb həyətindəki yas çadırını görəndə də oğlunun ölümünə inanmadı...

İllərboyu şəhid qardaşı kimi yaşamışdı. İndi həm də şəhid atası idi. O, oğlu üçün oğlunun yasında da, sonralar adamların yanında da ağlamadı. Yalnız gizlində göz yaşı tökdü. Həmin gözlər isə 2009-cu il aprelin 17-də əbədi yumuldu.

2020-ci ildə nisgil bitdi, həsrətə son qoyuldu. Qəhrəman Azərbaycan Ordusu Qarabağı, Şərqi Zəngəzuru Ermənistanın işğalından azad etdi. Bütün vətənpərvərlərimizin ürəyi rahatlıq tapdı. Bu şanlı tarixi görmədən dünyadan köçənlərimizin ruhu şad oldu.

 

Zöhrə  FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Qazaxıstanın XİN-ləri arasında təkbətək görüş

12:41
08 Aprel

Sabahın hava proqnozu açıqlanıb

12:32
08 Aprel

Avropalı liderlər ABŞ ilə İran arasında ikihəftəlik atəşkəs razılaşmasını alqışlayıblar  

12:29
08 Aprel

Azərbaycan və Qanbiya XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr  

12:14
08 Aprel

“Bakı Metropoliteni” yeni depo sahələrinin tikintisi, mövcud depoların genişləndirilməsini nəzərdə tutur  

12:09
08 Aprel

İran Parlamentinin sədri ABŞ ilə danışıqlar aparacaq nümayəndə heyətinin rəhbəri təyin edilib  

11:53
08 Aprel

Mitinq zamanı edilən zəng: Tramp Orbanı şəxsən dəstəklədi  

11:43
08 Aprel

Qazaxıstan və Azərbaycan kibertəhlükəsizlik sahəsində fəal əməkdaşlıq edir

11:37
08 Aprel

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib  

11:31
08 Aprel

Bu ilin ilk rübündə 4100-dən çox şəxs evdə sosial xidmətlərlə təmin edilib  

11:29
08 Aprel

Şimali Koreya gün ərzində 2-ci dəfə ballistik raket buraxıb

11:26
08 Aprel

Azərbaycan XİN: ABŞ və İran arasında elan edilmiş atəşkəsi alqışlayırıq

11:11
08 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

11:02
08 Aprel

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələrini yüksək qiymətləndirib  

11:01
08 Aprel

Sürücünün yolda sürət həddini aşması hərəkət iştirakçılarının həyatı üçün real riskdir  

10:58
08 Aprel

Ötən gün 55 cinayətin açılması təmin edilib

10:57
08 Aprel

Dünya bazarında qızıl 183 dollardan çox bahalaşıb

10:39
08 Aprel

Füzulidə 15 kiloqram marixuana və psixotrop həblər aşkarlanıb 

10:36
08 Aprel

İrana dəyən zərər xüsusi investisiya fondu hesabına ödəniləcək

10:21
08 Aprel

Pakistanın Baş naziri: İran və ABŞ-nin atəşkəs barədə razılığa gəldiklərini elan etməkdən məmnunam  

10:19
08 Aprel

İran Təhlükəsizlik Şurası ABŞ ilə atəşkəsə hazır olduğunu təsdiqləyib

10:13
08 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!