Cari il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramına uyğun olaraq, Ali Məhkəmə və Apellyasiya Məhkəmələri ilə birgə layihə çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan növbəti regional seminar-müşavirə Gəncədə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov, Gəncə Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli, region üzrə apellyasiya məhkəməsinin hakimləri və dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.
Çıxış edən Mərkəzi Seçki Komissiyasının üzvü Nailə Əsgərova Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarında araşdırılması prinsipləri və xüsusiyyətləri haqqında danışıb.
Bildirilib ki, şikayət iki formada - inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Dairə seçki komissiyasının qərarından Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Seçki Məcəlləsində şikayətlərlə bağlı konkret müddətlər də müəyyən olunub. Belə ki, maraqlı şəxslər mübahisələndirilən qərarın dərc edildiyi və ya alındığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra isə dərhal baxır. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər.
Həmçinin seminarda Cinayət Kollegiyasının sədri Rafiq Cəfərov “Vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət” və İnzibati Kollegiyanın sədri Rəşad Mamedov “Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat” mövzularında çıxışlar ediblər.
Sonda seçki mübahisələrinin məhkəmə qaydasında həlli ilə bağlı fikir mübadiləsi aparılıb və müzakirələrdən sonra tədbirə yekun vurulub.