Gəncə Dövlət Universitetində (GDU) "Qlobal iqlim dəyişmələrinin canlı aləmə təsiri və onların aradan qaldırılması yolları" mövzusunda elmi konfrans keçirilmişdir.
İştirakçılar öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzmüş, xatirəsinə dərin ehtiramlarını bildirmişlər. COP29 və "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş videoçarx nümayiş etdirildikdən sonra konfrans işinə başlamışdır. Tədbiri giriş sözü ilə universitetin elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə açaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövrlərində Azərbaycanda ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, yaşıllıqların artırılması prioritet məsələ olduğunu qeyd etmişdir. Bildirmişdir ki, Ulu Öndərin bu uzaqgörən siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə indi də davam edir, Azərbaycanda ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin mənfi təzahürlərinin qarşısının alınmasına xüsusi diqqət verilir: "Ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının "yaşıl enerji" zonası elan olunması, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi bu sahədə aparılan məqsədyönlü, ardıcıl dövlət siyasətindən xəbər verir". Pərvin Kərimzadə onu da diqqətə çatdırmışdır ki, Azərbaycan hər zaman qlobal çağırışlara çevik reaksiya verən və təşəbbüslərlə çıxış edən ölkələr sırasında mühüm yer tutur: "Bu baxımdan noyabr ayında COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsi ölkəmizin dünyanın prioritet elan etdiyi "yaşıl keçid"in fəal iştirakçılarından biri kimi tanınmasının və Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir".
GDU-nun Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova isə çıxışında işğaldan azad olunmuş ərazilərdə aparılan elmi-tədqiqatlardan söhbət açmışdır. Bildirmişdir ki, 30 il ərzində Ermənistanın işğalçılıq siyasəti nəticəsində Qarabağın flora və faunası məhv edilib, kənd təsərrüfatı ciddi ziyan görüb: "44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimiz "boz zona"nın "yaşıl zona"ya çevrilməsinə imkan yaradıb". Professor "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq və yaşıllıqları artırmaq məqsədilə universitetdə keçirilən silsilə tədbirlərdən, maarifləndirmə işlərindən və tələbələrin iştirakı ilə ağacəkmə aksiyalarından da söz açmışdır.
Elmi konfransda universitetin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Vaqif Novruzov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov, GDU-nun Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev çıxış edərək COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışmış, qlobal iqlim dəyişmələrinin canlı aləmə təsirindən və onların aradan qaldırılması yollarından bəhs etmişlər.
Elmi konfrans plenar məruzələrlə davam etmişdir. Ümumdünya Təbiəti Mühafizə Fondu Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov, Azərbaycan Texnologiya Universitetinin kafedra müdiri, professor Əhəd Nəbiyev, Ətraf mühitin mühafizəsi kafedrasının müdiri, professor Elşad Məmmədov, AR Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun dosenti Azad Kərimov, AMEA-nın Gəncə bölməsinin əməkdaşı Elnur Həsənov, Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşı Mədinə Abışova və GDU-da ekologiya ixtisası üzrə təhsil alan tələbələrin məruzələri dinlənilmişdir.
Tədbir ağacəkmə aksiyası ilə yekunlaşmışdır.
Sabir ƏLİYEV,
"Azərbaycan"