Ötən ilin dekabr ayında Fransua Bayru cəmi bir il ərzində Fransanın dördüncü baş naziri təyin olunub. İndi o, böyük bir problemlə üzləşib və qarşısında 2025-ci il büdcə planını qəbul etmək kimi ciddi bir vəzifə dayanıb.
Yanvarın 14-də Bayru hökumətin "yol xəritəsi"ni müəyyənləşdirən və çoxdan gözlənilən proqram nitqi ilə çıxış edib.
Müxtəlif siyasi qüvvələrlə bir neçə gün davam edən danışıqlardan sonra baş nazir sol tərəfi razı salmaqla sağdakı müttəfiqləri ilə ümumi dil tapmağa ümid edir. Bəzi solçu deputatları özünə cəlb etmək məqsədilə Bayru Fransa prezidenti Emmanuel Makronun 2023-cü ildə qəbul edilmiş qeyri-populyar pensiya islahatının bəzi aspektlərini yenidən nəzərdən keçirməyə hazır olduğunu açıqlayıb. Bunun müqabilində Bayru ümid edir ki, Fransanın 2025-ci il üçün büdcə planını qəbul etmək mümkün olacaq.
Yeni təyin olunmuş baş nazir həmkarlar ittifaqlarına və işəgötürən qurumlara pensiya islahatı ilə bağlı yeni saziş imzalamağa icazə verməyi təklif edib. Ancaq üç ay ərzində razılaşma əldə olunmasa, hazırkı islahat qüvvəyə minəcək.
Xatırladaq ki, digər solçu qüvvələrlə birgə Yeni Xalq Cəbhəsi (NFP) koalisiyasına daxil olan Sosialist Partiyası (PS) ötən ay ifrat sağçı deputatlarla birlikdə büdcə planının əleyhinə səs vermişdi və bu, keçmiş baş nazir Mişel Barnye hökumətinin devrilməsinə səbəb olmuşdu.
Hazırda sosialistlərin, eləcə də ifrat sağçıların dəstəyi kövrək Bayru hökumətinin sağ qalması üçün həlledici əhəmiyyətə malikdir.
Bu arada solçu France Unbowed (LFI) partiyası artıq Bayru hökumətinə etimadsızlıq səsverməsi təqdim edəcəyini açıqlayıb. "Yaşıllar" partiyası da Bayrunun istefasına səs verəcəyini bəyan edib.
Milli Assambleya yaxın müddətdə etimadsızlıq səsverməsinə baxacaq. Hökumətə etimadsızlıq səsverməsi üçün 289 səs lazımdır.
Avropa Parlamentinin deputatı və ifrat sağçı "Milli Birlik" partiyasının lideri Jordan Bardella X saytında yazıb: "Fransua Bayru yuxu gətirən nitqinin sonunda göstərdi ki, o, keçmişindən qopmuş bir insan deyil, əksinə, ləng davamlılığın, boş-boş söhbətlərin və sonsuz müzakirələrin adamıdır".
İfrat sağçı deputat Jan-Filipp Tangi bildirib ki, partiyası hələlik Bayrunun devrilməsi üçün səs verməyəcək. O, bir qrup jurnalistə deyib: "Biz büdcə aktlarına səs vermək hüququnu özümüzdə saxlayırıq... Biz əməli hərəkət gözləyirik".
Bayru çıxışında ölkənin borc problemini həll edəcəyinə söz verib və onu Fransanın üstündən asılmış "Damokl qılıncı" ilə müqayisə edib.
Hökumət başçısı bildirib ki, 2025-ci il üçün dövlət büdcəsinin kəsirini ÜDM-in 5,4 faizi səviyyəsində müəyyən etmək niyyətindədir.
Keçən il kəsir Avropa Komissiyasının icazə verdiyi səviyyədən iki dəfə çox olmaqla 6 faizi ötüb.
Makronun çıxışı Fransa siyasəti üçün təlatümlü bir ildən sonra gəldi. "Etiraf etməliyəm ki, parlamentin buraxılması indiyədək problemlərin həllinə deyil, Milli Assambleyanın yeni tərkibində parçalanmanın dərinləşməsinə gətirib çıxarıb. Mən sizə söz vermək, aydınlıq gətirmək və bizi təhdid edən durğunluğun qarşısını almaq üçün parlamenti buraxmaq qərarına gəldim. Ancaq ayıqlıq və təvazökarlıqla etiraf etməliyəm ki, bu qərar daha böyük qeyri-sabitliyə səbəb oldu. Mən də bu işdə öz payımı daşıyıram". Xatırladaq ki, keçən ilin iyun ayında partiyasının Avropa seçkilərində ifrat sağçılara uduzmasından sonra prezident növbədənkənar seçkilər elan etməklə ölkəni şoka salmışdı.
Qanunvericilik orqanına keçirilən tələsik seçkilər isə parlamentin aşağı palatasının parçalanması ilə başa çatıb, üç blokdan heç biri aşkar səs çoxluğu qazana bilməyib. Eyni zamanda iki aparıcı qüvvə öz baş nazirini təklif etmək hüququndan məhrum olub.
Fransa konstitusiyasına görə, Makron 2025-ci ilin iyuluna qədər erkən seçkilər təyin edə bilməz.
Fransız jurnalist Elen de Lozen "The European Conservative" jurnalında yazıb ki, prezidentin müraciəti ictimaiyyətdə növbəti narazılıq dalğasına səbəb olub.
Rizvan CƏFƏROV,
"Azərbaycan"