Azərbaycanın FİFA U-15 Dünya Çempionatı və
Festivalına ev sahibliyi etməsi ölkəmizin beynəlxalq idman ailəsinin fəal üzvü
olmasının, idman infrastrukturunun və gənclərin fiziki, mənəvi inkişafına göstərilən
diqqətin göstəricisidir. Müxtəlif ölkələrdən gələn yeniyetmə idmançıların bir
araya gəlməsi həm də beynəlxalq təcrübə qazanmaq imkanı verir.
Prezident İlham Əliyevin açılış mərasimində
iştirakı isə dövlət səviyyəsində idmana və gənclərin inkişafına verilən önəmin
ifadəsidir. Bu, Azərbaycanın idman siyasətinin,
sağlam həyat tərzinin təşviqinin və ölkənin beynəlxalq idman əlaqələrinin
inkişafının əhəmiyyətinin təsdiqidir.
Azərbaycanda idmanın inkişafı uzunmüddətli
dövlət siyasətinin istiqamətlərindən biridir. Dünya standartlarınq uyğun idman
infrastrukturunun yaradılması, beynəlxalq yarışların təşkili, peşəkar
idmançıların hazırlanması və gənclərin müxtəlif idman növlərinə cəlb olunması
bu siyasətin əsas istiqamətləridir. Belə tədbirlər mövcud potensialın beynəlxalq
miqyasda nümayiş etdirilməsinə şərait yaradır.
U-15 kateqoriyası isə xüsusi əhəmiyyətə
malikdir. Çünki bu yaş dövründə idman fiziki hazırlığın artırılması ilə yanaşı,
həm də intizam, məsuliyyət, komanda ruhu kimi keyfiyyətlərin formalaşmasına təkan
verir. Yeniyetmələrin beynəlxalq yarışlarda iştirakı onların gələcək idman
karyerası üçün mühüm təcrübə qazanmalarına şərait yaradır.
U-15 Dünya Kuboku və Festivalının ən mühüm
xüsusiyyətlərindən biri onun geniş coğrafi əhatəsidir. Bakıda keçirilən ilk
turnirdə 189 milli assosiasiyanı təmsil edən komandalar və 3 mindən çox
futbolçu ilə rəsmi nümayəndə iştirak edir. Bu, yeniyetmələr arasında futbolun
inkişafı və daha çox ölkənin beynəlxalq yarış təcrübəsi qazanması baxımından əhəmiyyətli
təşəbbüsdür.
Azərbaycan üçün bu tədbir həm də idman
diplomatiyasının imkanlarını genişləndirir. Dünyanın müxtəlif ölkələrindən gələn
idmançılar, məşqçilər, federasiya nümayəndələri və digər qonaqlar ölkəmizlə
yaxından tanış olmaq fürsəti əldə edirlər. Belə təmaslar idman əlaqələrinin
inkişafına, ölkələr arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və Azərbaycanın
beynəlxalq miqyasda tanıdılmasına töhfə verir.
Azərbaycan millisinin turnirin açılış oyununda
Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub etməsi də ölkəmizdə keçirilən bu
tarixi tədbirə idman uğuru ilə başlanğıc verdi. Prezident İlham Əliyev oyundan
sonra futbolçularla görüşərək onların çıxışını yüksək qiymətləndirdi. Dövlət
daşçısının da söylədiyi kimi, “ölkəmizdə belə mötəbər yarışın keçirilməsi böyük
hadisədir. Bu, tarixdə qalacaq, çünki ilk çempionatdır. Bu günə qədər futbol
üzrə bu miqyasda çempionatlar keçirilməmişdir. Bu açılış oyununda Azərbaycan
komandasının inamlı qələbəsi – bu, artıq tarixdə əbədi qalacaq.”
Ümumiyyətlə, ilk U-15 Dünya Kuboku və
Festivalının Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq idman aləmində
nüfuzunun möhkəmlənməsinə, futbolun inkişafına və mötəbər yarışların təşkili
sahəsində təcrübənin zənginləşməsinə xidmət edəcək.
Digər mühüm məqam bu yarışın gələcək idman
layihələri üçün yaratdığı təcrübədir. Məlum olduğu kimi, Azərbaycanın 2027-ci
ildə Özbəkistanla birgə FIFA U-20 Dünya Kubokuna ev sahibliyi etməyə
hazırlaşması beynəlxalq futbol tədbirlərinin təşkili sahəsində ardıcıl fəaliyyətin
davam etdiyini göstərir. U-15 turniri zamanı qazanılan təcrübə gələcək
yarışların təşkilində də faydalı olacaq.
Bu tədbirin mərkəzində yeniyetmələr, onların
inkişafı və futbolun gələcəyi dayanır. Müxtəlif səviyyəli komandaların eyni
yarışda iştirakı gənc futbolçulara öz bacarıqlarını sınamaq, təcrübə mübadiləsi
aparmaq və idmana fərqli yanaşmaları öyrənmək imkanı verir. Bu, futbolun kütləviliyinin
artırılması, uşaqların idmana marağının gücləndirilməsi və sağlam həyat tərzinin
təşviqinə töhfə verir.
Könül NURULLAYEVA,
Milli Məclisin deputatı