Azərbaycan kino salnaməsində elə ekran əsərləri var ki, onlar təkcə bədii keyfiyyətləri ilə deyil, həm də çəkildikləri dövrün geosiyasi fırtınaları və dramatik pərdəarxası hadisələri ilə tarixə düşürlər. Bu mənada 1947-ci ildə Bakı kinostudiyası tərəfindən istehsal olunmuş "Fətəli xan" bioqrafik-tarixi bədii filmi kinomuzun ən mürəkkəb, eyni zamanda ən şərəfli səhifələrindən biridir.
Ekran əsəri XVIII əsrdə dağınıq Azərbaycan xanlıqlarını vahid dövlət halında birləşdirməyə çalışan Quba xanı Fətəlinin həyatından və mübarizəsindən bəhs edir. İlkin olaraq layihə milli rejissorlarımız Adil İsgəndərov və Mikayıl Mikayılova tapşırılsa da, sonradan Moskva tərəfindən idarəçilik sovet kinosunun tanınmış siması, lakin tariximizə yad olan Yefim Dziqana həvalə edilmişdir. Baş rolda (Fətəli xan) Ələsgər Ələkbərov, digər rollarda İsmayıl Əfəndiyev, Leyla Bədirbəyli, Əli Qurbanov, Kazım Ziya, Mustafa Mərdanov, Nəcibə Məlikova və başqaları oynamışlar. Musiqi tərtibatı görkəmli bəstəkar, SSRİ Xalq artisti maestro Niyaziyə həvalə edilmişdi. Onun bəstələdiyi musiqi filmdəki döyüş səhnələrinin və xanın daxili iztirablarının təsir gücünü qat-qat artırırdı.
Belə bir ekran əsərinin çəkilməsi o dövr üçün çox böyük cəsarət və peşəkarlıq tələb edirdi. Ssenari müəllifləri, Azərbaycan ədəbiyyatının nəhəngləri Mehdi Hüseyn və Ənvər Məmmədxanlı tarixi faktlara əsaslanaraq dramaturji cəhətdən mükəmməl bir mətn hazırlamışdılar. Film boyu Fətəli xanın Şamaxı, Bakı və Şəki xanlıqlarını ittifaqa çağırması, xarici düşmənlərə və daxili xainlərə (xüsusilə dərbəndli Əmir Həmzəyə) qarşı apardığı amansız hərbi-diplomatik mübarizə canlandırılır.
Filmin 12 illik sürgün tarixi: sovet dövrünün siyasi senzurası və tarixi təhriflər
1947-ci ildə çəkilişləri başa çatan film Moskvaya - Kinematoqrafiya Nazirliyinə təqdim edildikdə ciddi narazılıqla qarşılandı. Rəsmi bəhanə kimi filmin guya "tarixi həqiqətləri təhrif etməsi" və "millətçilik meyilləri" daşıması göstərildi. Əslində isə Kremlə Azərbaycan torpaqlarını vahid güc mərkəzində birləşdirən müstəqil və güclü bir xan obrazı lazım deyildi.
Film tam 12 il gizlədildi. Yalnız 1959-cu ildə - "Xruşşov mülayimləşməsi" dövründə filmin üzərindən qadağa qismən götürüldü. Lakin film ilk variantında olduğu kimi qalmadı, onun bütöv üç hissəsi tamamilə kəsildi, süjet xəttində xanın Rusiyaya tərəf yönəlməsini qabardan ideoloji redaktələr edildi. Kinoşünasların yazdıqlarına görə, bütün qadağalara və kəsintilərə rəğmən, "Fətəli xan" Azərbaycan xalqının milli azadlıq və birlik ideallarına xidmət edən ən dəyərli kino nümunəsi olaraq qaldı.
Filmin çəkiliş prosesi və oradakı tarixi təhriflər sovet dövrünün siyasi senzurası, ideoloji tələbləri və kino sənayesinin çətinlikləri ilə birbaşa bağlı idi. Ekran əsəri sırf Stalin rejimi və sovet tarixşünaslığının konyunkturasına uyğun formalaşdırıldığı üçün real tarixlə ciddi ziddiyyətlər təşkil edirdi. Filmdə Fətəli xan sanki bütün fəaliyyətini Azərbaycan torpaqlarını Rusiyaya birləşdirmək üzərində qurmuş bir feodal kimi göstərilirdi. Real tarixdə isə Quba xanı xarici düşmənlərə və daxili rəqiblərinə (məsələn, Dağıstan feodallarına) qarşı Rusiya imperiyasından, sadəcə, hərbi-siyasi müttəfiqlik və müvəqqəti kömək istəmişdi. Onun əsas məqsədi Rusiyanın tərkibinə girmək deyil, müstəqil və vahid Azərbaycan dövləti yaratmaq idi.
Real tarixdə Quba xanı Fətəli Dağıstan feodalları və xarici qüvvələrə qarşı mübarizədə Rusiya imperiyasından kömək istəsə də, filmdəki gəmi səhnəsi və rus ordusunun qəti xilaskar rolunda təqdim edilməsi sırf sovet tarixşünaslığının sifarişi idi. Hətta bu "dostluq" xəttinə baxmayaraq, film ilkin variantda bəzi milli motivlərə və xanlıq dövrünün çox təmtəraqlı göstərilməsinə görə rəhbərlik tərəfindən bəyənilməmiş, ciddi ixtisarlardan və dəyişikliklərdən sonra nümayişə buraxılmışdır.
Filmdə Azərbaycan xanlıqlarının xarici düşmənləri qismində yalnız İran və Osmanlı imperiyası ön plana çəkilir. Bu, sovet ideologiyasının Qafqaz xalqlarına yeritdiyi "Rusiya olmasaydı, cənub qonşuları sizi məhv edəcəkdi" tezisinə bəraət vermək məqsədi daşıyırdı. Azərbaycanın digər xanları (məsələn, Şəki, Qarabağ və ya Bakı xanları) filmdə yalnız mənfəət güdən və xalqın gələcəyini düşünməyən feodallar kimi təsvir olunurlar. Əslində isə bu xanlıqların hər birinin öz müstəqilliyini qorumaq strategiyası var idi və mərkəzləşdirmə müharibələri ikitərəfli regional maraqlardan doğurdu.
Pərdə arxasında yaşanan gərgin sənət mübarizəsi
"Fətəli xan" filminin ərsəyə gəlməsi təkcə ekran əsəri üzərindəki tarixi döyüşlərlə deyil, həm də pərdə arxasında yaşanan gərgin sənət mübarizəsi və ağır texniki şəraitlə yadda qalmışdır. Filmin aktyorlarının, rejissorlarının və çəkiliş qrupunun arxiv xatirələri o dövrün kino fədakarlığını tam çılpaqlığı ilə üzə çıxarır.
Milli kino tariximizin gizli qalan məqamlarından biri filmin ilkin olaraq tamamilə fərqli bir heyətlə çəkilməyə başlanmasıdır. Layihənin ilk variantında quruluşçu rejissor, qeyd etdiyimiz kimi, görkəmli sənətkar Adil İsgəndərov nəzərdə tutulmuşdu. Lakin kinostudiyada keçirilən iclasların birində Əmir Həmzə obrazını canlandıran görkəmli aktyor İsmayıl Əfəndiyev gözlənilməz bir çıxış edir: "Mən çox ciddi şəkildə bildirirəm ki, biz öz daxili rejissor gücümüzlə "Fətəli xan" kimi nəhəng bir tarixi filmin öhdəsindən gələ bilmərik. Rejissorlarımız qoy məndən inciməsinlər, bu filmi layiqincə üzə çıxarmaq üçün Moskvadan daha təcrübəli sənətkar dəvət olunmalıdır". Bu çıxış daxili intriqalara səbəb olsa da, nəticədə filmin rəhbərliyi dəyişdirilir və Moskvadan rejissor Yefim Dziqan Bakıya dəvət olunur.
Ələsgər Ələkbərov öz xatirələrində qətiyyətlə bildirirdi: "Mən xanı yox, vahid vətən ideyasını oynayıram". Aktyor öz xatirələrində qeyd edirdi ki, çəkilişlər zamanı sovet senzurasının nümayəndələri mütəmadi olaraq ssenariyə müdaxilə edir, xanın Rusiyaya tərəf yönəlməsini qabartmağa çalışırdılar. Ələkbərov isə hər bir dublda xanın feodal iddialarını deyil, onun daxili iztirablarını - qardaş qırğınına son qoymaq arzusunu ön plana çəkməyə çalışırdı. Aktyorun obrazı bu daxili əzəmətlə ifa etməsi sonradan filmin sovet rəhbərliyi tərəfindən, qeyd etdiyimiz kimi, "həddindən artıq millətçi və təhlükəli" hesab edilərək uzun illər rəfdə qalmasının əsas səbəblərindən biri oldu.
O illər Bakı kinostudiyasının texniki təchizatı çox zəif idi. Filmin direktoru Daniil Yevdayev məktublarında yazırdı ki, pavilyonlarda işıq şəraitinin dözülməz dərəcədə pis olması ucbatından aktyorlar saatlarla gərgin vəziyyətdə gözləməli olurdular, operatorlar isə hər bir kadrı çəkmək üçün xüsusi yaradıcılıq fantaziyası nümayiş etdirirdilər.
Amma bu ekran əsəri Azərbaycan teatrının iki fərqli nəslinin taleyində rəmzi rol oynamışdı: gənc aktrisa Nəcibə Məlikova (Xədicə rolu) üçün bu film kinoda böyük uğurun ilk addımı və vizit kartı idi. Azərbaycan səhnəsinin patriarxı, Mirzə Nadir rolunu oynayan Kazım Ziya üçün isə "Fətəli xan" ömrünün son kino işi kimi tarixə düşmüşdü.
Milli aktyorluq məktəbinin zirvəsi
Ekran əsərinin bu gün də yaşamasının və sevilməsinin ən böyük səbəbi oradakı bənzərsiz aktyor oyunudur. Azərbaycan teatr və kino sənətinin korifeyləri bu filmdə, sadəcə, tarixi personajları canlandırmamış, onlara milli ruh və dərin psixoloji qat qazandırmışlar. Kinotənqidçiləri və sənətşünaslar tərəfindən bu oyun hər zaman yüksək qiymətləndirilmişdir.
Filmin mərkəzində dayanan və bütün süjet xəttini çiyinlərində daşıyan fədakar sənətkar Ələsgər Ələkbərovdur. Onun yaratdığı Fətəli xan obrazı Azərbaycan kinosunda dövlət xadimi və sərkərdə tipajının etalonu hesab olunur. Ələkbərov xanı dərin təfəkkürə malik, hər addımını ölçüb-biçən müdrik bir strateq kimi təqdim edirdi. Baxışlarındakı qətiyyət, səsinin tembri və monoloqlarındakı milli vurğular personajı inanılmaz dərəcədə real etmişdi. Sənətşünaslar qeyd edirlər ki, Ələkbərovun oyunu o qədər güclü və təsirli idi ki, tamaşaçı ekranda sovet ideologiyasının diktə etdiyi "Rusiyaya sığınan xan"ı deyil, müstəqil, azadlıqsevər və bütöv Azərbaycan ideyası ilə alışıb-yanan bir lideri görürdü. Məhz bu aktyor qüdrəti filmin siyasi konyunkturaya qurban verilməsinin qarşısını aldı, çünki bu ifanı arxivdə tamamilə məhv etmək sənətə qarşı cinayət olardı.
Tuti Bikə obrazını canlandıran Xalq artisti Leyla Bədirbəyli filmdə Şərq qadınının təkcə gözəlliyini deyil, həm də onun dövlət idarəçiliyindəki rolunu, cəsarətini və sadiqliyini yüksək səviyyədə nümayiş etdirmişdir. O, məharətlə xanın yoxluğunda qalanı qoruyan, düşmən qarşısında dik duran güclü bir xanım obrazını yaratmışdır.
Filmdə mənfi personajları canlandıran aktyorlar xəyanət, qısqanclıq və feodal ambisiyalarını çox qabarıq şəkildə tamaşaçıya çatdıra bilmişdilər. Kinotənqidçilər xüsusilə vurğulayırlar ki, filmdəki "mənfi" qüvvələr güclü iradəyə və özünəməxsus fəlsəfəyə malik ciddi rəqiblər kimi göstərilib. Bu isə baş qəhrəmanın - Fətəli xanın onlara qarşı apardığı mübarizənin miqyasını və dəyərini tamaşaçının gözündə daha da böyüdürdü.
Filmdə ikinci dərəcəli obrazların ifaçıları da baş rollardan geri qalmırlar. Böyük sənətkar Rza Təhmasib Ağası xan obrazında feodal əyanlarının təkəbbürünü və mühafizəkarlığını yüksək bədii dillə ifadə edir. Bunun tam əksi olaraq, Mustafa Mərdanovun oynadığı Şirin kişi obrazı xalqın müdrikliyini, sadəliyini və dövlətçilik ideyasına olan saf inamını simvolizə edirdi. Mərdanovun oyunu filmə xalq yumorunun incə çalarlarını gətirərək epik süjeti daha da canlandırmışdır. Bir sözlə, "Fətəli xan" filmindəki aktyor ansamblı təsdiq edir ki, sovet dövrünün sərt ideoloji çərçivələrinə baxmayaraq, böyük sənət və aktyor səmimiyyəti hər zaman senzuranı üstələməyə qadir olmuşdur. Ona görə də filmin aktyor oyununa verilən ən böyük qiymət zamanın sınağından keçməsidir.
İradə ƏLİYEVA,
"Azərbaycan"