28 Iyun 2024 08:55
187
İQTİSADİYYAT
A- A+

Fermerin çətiri

 

5 ayda təbii fəlakətlə bağlı ASF-yə 800-dən çox müraciət daxil olub

 

Aqrar Sığorta Fondundan (ASF) verilən məlumata görə, cari ilin 5 ayında qeyri-sabit hava şəraiti ilə əlaqədar 800-dən çox müraciət daxil olub. Bu müraciətlər əsasən dolu, intensiv yağışlar, sel-subasma, qasırğa kimi hadisələrə bağlıdır.
Müraciətlərin yarıdan çoxu havaların kəskin dəyişdiyi may ayında qeydə alınıb.  Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində təsərrüfatlara və əkin sahələrinə dəyən zərərlər üzrə Aqrar Sığorta Fonduna müraciətlər davam edir. Ümumilikdə dövr ərzində fermerlər tərəfindən müraciətlər 40-a yaxın rayondan daxil olub. Bunlara Qazax, Şəki, Qobustan, Sabirabad, Kürdəmir, Saatlı, İmişli, Ağcabədi, Ağdam, Ağsu, Balakən, Zaqatala, Qax, Beyləqan, Bərdə, Goranboy, İsmayıllı və s. rayonlar aiddir. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə baş verən hadisələrlə bağlı müraciətlər təqribən 26 rayondan daxil olmuşdu.
Əkin sahəsinə zərərlə bağlı müraciətlər fondun sığorta təminatı verdiyi bitki məhsullarının əksəriyyətini əhatə edir. Belə ki, müraciətlər arpa, buğda, albalı, gilas, xurma, pambıq, fındıq, alça, badam, şaftalı, nektarin, gavalı, armud, tütün, qoz, ərik, günəbaxan, üzüm təsərrüfatlarına dəyən zərərlə bağlıdır. Ötən il ümumi müraciətlərin 80 faizi taxıl bitkiləri ilə bağlı olduğu halda, bu il müraciətlərin yarısı bağçılıq və digər əkinlər üzrədir. Onu da qeyd edək ki, Aqrar Sığorta Fondu tərəfindən 41 bitki növü üzrə sığorta təminatı verilir. Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi taxıl və tarla bitkiləri ilə yanaşı, meyvə bağlarını da müxtəlif risklərdən qoruyur. 
Söz düşmüşkən qeyd edək ki, bu il meyvə bağlarının sığortalanması sahəsində ciddi artım var. Aqrar sığorta vasitəsilə meyvə bağlarını baza zərfindən başqa, əlavə olaraq şaxtavurma, leysan, doludan keyfiyyət itkisi və s. risklərdən, eləcə də meyvə bağlarındakı ağacları və yeni salınmış bağlardakı tingləri ayrıca olaraq ilboyu çoxsaylı risklərdən sığortalamaq mümkündür.
Aqrar Sığorta Fondunun mütəxəssisləri bu günlər Zaqatala və Qax rayonlarında görüşlər keçiriblər. Fondun, yerli icra qurumlarının, Zaqatala və Qax Dövlət Aqrar İnkişaf mərkəzlərinin rəhbərlərinin də iştirak etdiyi görüşlərdə təsərrüfatlara dəyən zərər müzakirə olunub, aqrar sığorta barədə geniş məlumat verilib. Qeyd edək ki, son günlər bu bölgələrdə hadisələrə bağlı onlarca müraciət qeydə alınıb. Güclü yağış, sel-subasma və dolu yağması nəticəsində buğda, arpa, qarğıdalı əkinlərinə, tütün, fındıq və digər bağlara ziyan dəyib. Görüşdə bildirilib ki, aqrar sığorta hava şəraiti nəticəsində təsərrüfatlara zərər vuran hadisələri qarşılayır və əkin sahələrini sığortalamış fermerlər dəyən zərərlərə görə sığorta ödənişləri alacaqlar.
Aqrar sığortaya dövlət dəstəyi, yəni sığorta haqqının 50 faizinin dövlət tərəfindən ödənilməsi nəticəsində fermerlər cüzi ödəniş etməklə əkin sahələrini sığorta edə bilərlər. Məsələn, Şəki-Zaqatala regionunda 1000 manatlıq buğda və ya arpa məhsulunun sığortalanması fermerlərə cəmi 20 manata başa gəlir. Bu məbləğ nəinki gözlənilən məhsulun qiymətindən, fermerin əkin üçün sərf etdiyi vəsaitdən də dəfələrlə azdır. Ötən il Aqrar Sığorta Fondu tərəfindən fermerlərə 4,4 milyon manat, bu ilin ilk 4 ayında isə 2 milyon manatdan çox ödənişlər edilib.
Aqrar Sığorta Fondu Azərbaycanda kənd təsərrüfatı təyinatlı ərazilərin sığortalanmış hissəsini hazırkı 25 faizdən  31 faizə çatdırmağı planlaşdırır. Bunu fondun İdarə Heyətinin sədri Fuad Sadıqov Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024) bildirib: "Son 3 ildə ölkədə kənd təsərrüfatı sığortası dinamik şəkildə inkişaf edir. Aqrar sığorta fırtına, qasırğa, quraqlıq kimi müxtəlif riskləri əhatə edir, həmçinin iqlim dəyişikliyinin təsirinə həssas olan əlavə kənd təsərrüfatı ərazilərini sığortalamağı da planlaşdırırıq. Bu təşəbbüslər quraqlıq kimi risklərin mənfi nəticələrini azaltmaqla fermerlər üçün hərtərəfli müdafiə təmin etməyi hədəfləyir".
F.Sadıqov iqlim dəyişikliyinin kənd təsərrüfatına ciddi təsir göstərdiyini, təbii fəlakətlərin tezliyi və şiddətinin artdığını bildirərək deyib: "Buna cavab olaraq, ASF riskləri azaltmaq üçün müxtəlif layihələr üzərində işləyir. Xüsusi diqqət çoxillik bitkilərə yönəlib, çünki onlar xüsusilə həssasdır. İqlim dəyişikliyi nəticəsində Yer üzünün 35 faizdən çoxu quraqlıqla üzləşə bilər. Bu şəraitdə fermerlərin kənd təsərrüfatı sığortası kimi təşəbbüslərlə dəstəklənməsi zəruridir". 

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video