05 Sentyabr 2024 08:30
268
SİYASƏT
A- A+

Ermənistanın davranışları sülhə zərbədir

 

Rəsmi İrəvan ortaya konstruktiv mövqe qoymaqdan çəkinir

 

"Ölkəmizin haqlı və beynəlxalq konvensiyalara söykənən mövqeyi regionun gələcək inkişafı üçün yeni bir yolun müəyyənləşdirilməsinə yönəlib. Regionda yaranan  geosiyasi, eləcə də yeni iqtisadi reallıqlar isə mühüm perspektivlər vəd etməkdədir". 
VI çağırış Milli Məclisin deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan bölgənin əsas siyasi aktoru kimi oynadığı rolu ilə nəinki Cənubi Qafqazın, bütövlükdə böyük bir coğrafiyanın yeni inkişaf mərhələsini formalaşdırır. Nəzərdə tutulan layihələrin icrası, qlobal münasibətlərin inkişafına  töhfələrin verilməsi üçün isə Azərbaycanla Ermənistan arasında sülhün imzalanması, münasibətlərin normallaşması əsas şərtdir. Mehriban qonşuluq siyasətinin formalaşdırılması, beynəlxalq ədalətin təmin olunması Azərbaycanın yürütdüyü xarici siyasətin əsas istiqamətləridir. Lakin Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsini həzm edə bilməyən və dövlətimizin güclənməsi ilə barışmaq istəməyən bəzi qüvvələr ölkəmizlə bağlı  ən müxtəlif yalanlara, şər-böhtana əl atırlar. "Bəzi Avropa təsisatları, o cümlədən Avropa Parlamenti, Avropa İttifaqı, xüsusilə də Fransa, Niderland, Almaniya və digərləri Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmaması üçün əllərindən gələni edirlər. Təəssüf ki, müstəqil dövlət olduğunu unudan Ermənistan tərəfi də məhz bu güclərin diktəsi ilə oturub-durur", - deyə K.Bayramov əlavə edib.
Onun sözlərinə görə, ABŞ və Qərbi Avropa ölkələri, xüsusən Fransa, Almaniya Azərbaycan əleyhinə atdıqları addımlarla açıq şəkildə Cənubi Qafqaza sabitliyin, əmin-amanlığın gəlməsində maraqlı olmadıqlarını nümayiş etdirirlər. Onlar regionda  sülhü bərpa etmək əvəzinə  müharibəni daha da alovlandırıb yeni savaşlar açmaq istəyirlər. Ukraynanı sonu görünməyən bataqlığa qərq edən Qərb, eyni siyasəti Azərbaycan və  Ermənistan arasında da aparır. Onlar bu xalqlar arasında düşmənçiliyin sonsuzadək davam etməsində maraqlıdırlar. Əgər bunun əksi olsaydı, Qərb otuz il torpaqlarımızın işğalda qalmasına, bir milyona yaxın qaçqın, köçkün probleminə, ərazimizdə separatizmin mövcudluğuna göz yummazdı. Azərbaycan torpaqları işğal altında olduğu illərdə beynəlxalq vasitəçilər rəsmi İrəvanın törətdiyi əməllərə görə sanksiyalar tətbiq etməyiblər. Əksinə, müxtəlif məqsədlər adı altında işğalçıya maliyyə yardımları ediblər. 44 günlük müharibədən sonra məlum oldu ki, ermənilər həmin maliyyə yardımlarını işğal etdikləri Azərbaycan torpaqlarında hərbi istehkamlar tikməyə sərf ediblər. 
Müsahibimiz diqqətə çatdırıb ki, Qərb dövlətlərinin, həmçinin Hindistanın Ermənistanı sürətlə silahlandırmasının nəticəsidir ki, işğalçı konstruktiv mövqe ortaya qoymaqdan çəkinir: "Sülh sazişini imzalamaq istəməyən Ermənistan indi də  konstitusiya dəyişikliyi adı altında vaxt qazanmaq, prosesi uzatmaq istəyir. Öz gözündə tiri görməyən Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 31-də keçirdiyi mətbuat konfransında yenə də "ağ yalan"ları ilə gündəmə  gəlib. Öz havadarlarına arxayın olaraq yeni təxribatçı fikirlər səsləndirən Paşinyan göründüyü kimi, yenə də dar siyasi təfəkkürü ilə hərəkət edərək Azərbaycanla imzalanması nəzərdə tutulan sülh müqaviləsini və aparılan sülh danışıqlarını baltalamağa qərar verib. O, gülünc mülahizələri ilə ölkəmizi ittiham edərək bildirib ki, Azərbaycan İtaliyadan silah-sursat alıb. Baş nazirin bu iddiası tamamilə yalandır, çünki Azərbaycan İtaliyadan nəqliyyat xarakterli təyyarə alıb. Bu, hərbi xarakterli vasitə deyil. Bundan əlavə, Paşinyan iddia edib ki, Azərbaycan guya ümumdaxili məhsulun həcminin 17 faizini hərbi məqsədlərə xərcləyir. Əslində isə, bu rəqəm 4 faiz ətrafındadır. Ermənistanın isə xərcləri bundan artıqdır və rəsmi açıqlamalara əsasən, 6 faiz təşkil edib. Üstəlik, Ermənistan görünməyən büdcə vəsaitlərinə də malikdir. Məsələn, Fransa tərəfindən Ermənistanın "Bastion" çoxməqsədli zirehli avtomobilləri və "Sezar" özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətində atılan addımlar büdcədənkənar xərclərə aiddir. Bu il iyulun 22-də Avropa İttifaqı Şurası tərəfindən qəbul edilmiş qərara əsasən, "Avropa Sülh Fondu" çərçivəsində Ermənistana 10 milyon avro məbləğində hərbi yardım ayrılması nəzərdə tutulub. Bu, işğalçılığına görə ordusu darmadağın edilmiş bir ölkənin yenidən silahlanması üçün edilən yardımdır. Müxtəlif layihələr, hərbi manevrlər və digər istiqamətlərdə Ermənistanın hərbi sahəsinə dəstək verildiyi də istisna olunmur. Bu isə ölkədə ÜDM-in 6 faizindən xeyli artığını təşkil etdiyini ehtimal etməyə əsas verir.  2024-cü il üçün Ermənistan müdafiə büdcəsi bir milyard 400 milyon dollardan artıq olub. Bu da 2023-cü ilin xərcləri ilə müqayisədə 7 faiz çoxdur. Ermənistanın baş naziri bildirib ki, Azərbaycan silahlandığı halda Ermənistan bunu niyə etməməlidir? Deyəsən, Paşinyan unudub ki, onun indi başçılıq etdiyi ölkə və mənsub olduğu etnik qrup Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayıb, 300 minə yaxın azərbaycanlını Ermənistan ərazisindən qovaraq onları vətəndaşlıq hüququndan məhrum edib. Onun yenidən silahlanmasının region üçün təkrar faciələr yaşatmayacağına isə zəmanət verən yoxdur".  
Hər zaman olduğu kimi, Ermənistanın silahlanmasına beynəlxalq ictimaiyyətin yenə göz yumduğunu qeyd edən K.Bayramov deyib ki, ABŞ, Fransa, Avropa İttifaqı, Hindistan, İran və başqaları açıq-aydın bu ölkənin silahlanmasına yardım edirlər. Göründüyü kimi, Avropa təsisatları ədalətli olmaq istəmirlər. Ermənistanda revanşist qüvvələr, qondarma rejimin tör-töküntüləri yenə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalar ilə çıxış edərək Qərbdəki havadarlarına arxalanaraq "beynəlxalq təminat altında Qarabağa qayıdış"dan dəm vuraraq sərsəm fikirlər səsləndirirlər. Ancaq nədənsə beynəlxalq təsisatlar qərbi azərbaycanlıların doğma yurd yerlərinə qayıdış hüququnu 30 ildə bir dəfə də olsun gündəmə gətirməyiblər. Bu məsələdə hər zaman  susqunluq nümayiş etdiriblər. 
Siyasətçinin fikrincə, Ermənistanda səsləndirilən təxribatçı açıqlamalar ölkəmizdə haqlı olaraq narazılıqla qarşılanıb və sentyabrın 2-də Qərbi Azərbaycan İcması bəyan edib ki, qərbi azərbaycanlıların doğma yurd yerlərinə qayıdış hüququ təmin edilməlidir. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video