Ötən əsrin sonlarından başlayaraq, Azərbaycan Ermənistan silahlı qüvvələrinin və Qarabağda məskunlaşmış erməni separatçılarının hücumlarına və işğalına məruz qaldı. Dünyadakı havadarlarına arxalanan ermənilər bir neçə il ərzində ölkəmizin əbədi-əzəli torpaqları olan Qarabağı və ətraf rayonları ələ keçirdi.
Təəssüflər olsun ki, bu işğalın ömrü 30 ilə yaxın davam etdi. Arxada qalan bu illər ərzində işğaldan əziyyət çəkmiş Azərbaycan ermənilər tərəfindən qəsb olunmuş ərazilərinin sülh, danışıqlar yolu ilə azad olunmasına çalışdı. Müharibəni, qan tökülməsini istəmirdi. Buna görə də beynəlxalq hüquq çərçivəsində sülh danışıqlarının aparılmasına üstünlük verirdi. Münaqişənin dinc yolla həll olunması üçün danışıqlar prosesində dünyada hörmətlə yanaşılan beynəlxalq konvensiyaları, aparıcı təşkilatların müvafiq qanunlarını, başlıcası isə BMT-nin məlum 4 qətnaməsini önə çəkdi. Amma sülh tərəfdarı olmayan işğalçı Ermənistan bəşəri dəyərlərə qarşı hörmətsizlik göstərdi, qəsb etdiyi əraziləri danışıqlar yolu ilə qaytarmaq istəmədi. Rəsmi İrəvan işğal etdiyi torpaqları azad etmək əvəzinə, ölkəmizin yeni ərazilərini ələ keçirəcəyi barədə sərsəm bəyanatlar səsləndirdi.
27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi də məhz Ermənistanın bu işğalçılıq planını həyata keçirməsi üçün atdığı addımlar nəticəsində başladı. 44 günlük Vətən müharibəsində zabit və əsgərlərimizin qəhrəmanlığı sayəsində düşmən ölkənin silahlı qüvvələri darmadağın edildi. Əvvəllər sülhə arxa çevirən, danışıqlar masasında oturmaq istəməyən Ermənistan İkinci Qarabağ müharibəsində məğlub oldu. Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında düşmən üzərində tarixi Zəfər çaldı.
İkinci Qarabağ müharibəsində qələbə qazanan Azərbaycan qalib dövlət kimi bəşəri dəyərlərə yenə də hörmətlə yanaşaraq məğlub Ermənistana müəyyən şərtlər əsasında sülh təklif etdi. Azərbaycanın təklifləri ilə sülh danışıqları başlandı. Rəsmi Bakının irəli sürdüyü şərtlər həm BMT-nin təməl prinsiplərinə, həm də digər beynəlxalq qanunvericiliyə əsaslanırdı. Aparılan ikitərəfli təmaslar bu yöndə mühüm nəticələrə gətirib çıxaracağına ümidlər yaradırdı. Vasitəçilərin iştirakı olmadan müəyyən görüşlərin keçirilməsi, təmasların olması, sazişin imzalanması ilə bağlı mövqelərin ortaq məxrəcə gətirilməsi sülhün elə də uzaqda olmadığını göstərirdi. Prezident İlham Əliyev iki ölkə arasında aparılan sülh danışıqlarından bəhs edərkən bildirmişdir ki, münaqişədən sonrakı vəziyyətə gəldikdə, Azərbaycan bu istiqamətdə çox fəal çalışır. "Azərbaycan məhz o ölkədir ki, baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırladı. İndi iki ölkə arasında danışıqlar gedir və bu danışıqlar bizim təkliflərin layihəsi üzərində aparılır. Demək olar ki, 30 il insanlar əziyyət çəkib, beynəlxalq hüquq pozulub, bizim bütün mədəni, tarixi məkanlarımız, o cümlədən 67 məsciddən 65-i erməni vandalları tərəfindən tamamilə məhv edilib. Qeyd edirəm ki, bəzi ölkələr Ermənistana dəstək verirdi".
Azərbaycanın şərtlərindən biri də Ermənistan konstitusiyasına müvafiq dəyişikliklərin olunmasıdır. O konstitusiyaya ki, Müstəqillik bəyannaməsinə istinad edir. Bu bəyannamədə isə "Dağlıq Qarabağ" ifadəsi fonunda Azərbaycana qarşı ərazi iddiaları üçün müəyyən müddəalar var. Digər şərtlərdən biri də tarixin arxivinə atılmalı olan, istər işğal dövründə, istərsə də Zəfərdən sonrakı zamanda heç nəyə yaramayan ATƏT-in Minsk qrupunun rəsmi olaraq ləğvi üçün Bakı və İrəvanın birlikdə müraciətlərinin ünvanlamasıdır. Gün kimi aydındır ki, Minsk qrupu otuz ilə yaxın müddətdə münaqişəni həll etmək adı altında erməni işğalını leqallaşdırmaq məqsədi güdübdü. Azərbaycan işğalda qalmış ərazilərini öz gücünə qaytarmaqla bunun qarşısını aldı. İndi Minsk qrupunun qalmasına, fəaliyyət göstərməsinə heç bir ehtiyac yoxdur.
Azərbaycan-Ermənistan arasında aparılan danışıqlar, sülh sazişinin imzalanması təşəbbüsü mayın 21-də Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə də müzakirə predmeti olub. Görüşdə iştirak edən dövlət başçıları çıxışları zamanı bu vacib məsələyə də münasibətlərini bildiriblər.
Prezident İlham Əliyev Macarıstanın Baş naziri ilə görüşündə mətbuata bəyanatla çıxışı zamanı İkinci Qarabağ müharibəsindən, Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarından, sülh sazişinin imzalanmasının vacibliyindən bəhs edərkən demişdir: "Azərbaycan eyni zamanda dörd il yarım əvvəl müharibə aparan ölkə olmuşdur. Biz öz ərazimizdə müharibə aparmışdıq. Ermənistanın 30 illik işğalına son qoymuşduq. Düzdür, bizim müharibəmiz Rusiya-Ukrayna müharibəsi kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində aparılmışdır. Hər gün biz irəliyə gedirdik, bir addım geri atmamışdıq, ordumuzda bir dənə də olsun fərari olmamışdır. Ermənistan ordusunda isə onların özlərinin etirafına görə 12 min fərari olmuşdur. İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq çərçivəsində - BMT-nin Nizamnaməsi əsasında aparıldı. BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə öz suverenliyimizi tam bərpa etdik".
Dövlətimizin başçısı daha sonra əlavə etmişdir: "Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı onu deyə bilərəm ki, sülh danışıqlarının İkinci Qarabağ müharibəsindən sonra təşəbbüskarı da biz olmuşuq. Sülh müqaviləsinin mətninin müəllifi də biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib, təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib. Qaldı ki, sülh müqaviləsinin bağlanmasına, burada iki əsas şərt var. Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur".
Macarıstanın Baş naziri Viktor Orban da mətbuata bəyanatı zamanı Azərbaycan-Ermənistan arasında aparılan danışıqlara və sülh müqaviləsinin imzalanmasına toxunaraq bildirmişdir: "Mən Prezident Əliyevi təbrik etmək istəyirəm ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni üzərində razılıq əldə olunub. Ümid edirəm ki, sülh müqaviləsinin imzalanması tezliklə baş tutacaq. Bu, olduqca vacib bir məsələdir".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qeyri-rəsmi Zirvə görüşündəki çıxışında Cənubi Qafqazda sabitliyin təmin olunmasında Azərbaycanın roluna yüksək dəyər verərək demişdir: "Dünyamız üçün strateji əhəmiyyətə malik Qafqaz bölgəsində yaşanan prosesləri diqqətlə izləyirik. Can Azərbaycanın Ermənistan ilə sülh müqaviləsi üzrə razılıq əldə etməsindən məmnunuq. İki ölkə arasında davamlı sülh əldə olunacağı təqdirdə, bu vəziyyət heç şübhəsiz ki, türk dünyamız üçün bir çox fürsətlər yaradacaq. Bu baxımdan Müzəffər Prezident, əziz qardaşım İlham Əliyevin bölgəyə sülhü gətirəcək Lider olaraq adını tarixə yazdıracağına əminəm".
Türk Dövlətləri Təşkilatının üzvləri olan digər dövlət başçıları da Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasını dəstəkləyirlər. Azərbaycan isə sülh müqaviləsinin imzalanması üçün şərtlərini çoxdan açıqlayıb. Bu şərtləri yerinə yetirmək rəsmi İrəvan üçün elə də çətin deyil. Necə deyərlər, indi söz Ermənistanındır. Əgər rəsmi İrəvan regionda əmin-amanlıq istəyirsə, müharibə tərəfdarı deyilsə, Azərbaycanın şərtlərini yerinə yetirməli, havadarlarının yalançı vədlərinə aldanıb şirin xəyallarla yaşamamalı, sülh müqaviləsini imzalamalıdır. İmzalanacaq sülh müqaviləsi Cənubi Qafqaza əmin-amanlıq gətirməklə yanaşı, iki ölkə arasında kommunikasiyaların açılmasına, əməkdaşlığa da təkan verə bilər. Buna isə Ermənistanın daha çox ehtiyacı var. Hazırda iqtisadi və siyasi çətinliklər burulğanında boğulan rəsmi İrəvanın Azərbaycanla sülh müqaviləsi imzalamaqdan başqa yolu yoxdur.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"