Bu gün dünya miqyasında ən böyük təhdidlərdən biri qismində qəbul edilən hallardan biri də neofaşizmin yenidən təşəkkül tapması ilə bağlıdır. Hazırda neofaşist ideyaları bəşəriyyətə qarşı yönəlmiş qanlı siyasət kimi qiymətləndirilir. Odur ki, buna qarşı qətiyyətli mübarizə aparılmalıdır. Beynəlxalq ictimaiyyət düşmənçilik yaradan təbliğatın yenidən dünyanı böyük fəlakətlərə sürükləyə biləcəyini yaxşı dərk edir. Lakin bəşəriyyətin daha böyük inkişafa doğru irəlilədiyi bir vaxtda elə ölkələr də tapılır ki, neofaşizmi və neonasizmi dövlət siyasəti səviyyəsinə yüksəldir.
Bu xüsusda belə ideyaları dirçəltməyə və yaymağa can atan məğlub Ermənistan indi digərlərindən daha çox seçilməkdədir. Neonasizm bu gün Ermənistanda özünün yeni intibah mərhələsini yaşamaqda, çoxsaylı tərəfdar toplamaqdadır.
Bunun bariz nümunəsi bu günlərdə İrəvanda "Hosank" neonasist təşkilatının fəallaşmasıdır. Belə ki, dekabrın 18-də İrəvanda erməni neonasist "Hosank" təşkilatının görüşü və mətbuat konfransının keçirilməsi planlaşdırılır. Yerli medianın yazdığına görə, tədbirdə iştirakçılar gələcək fəaliyyətləri ilə bağlı planları barədə danışmaq niyyətindədirlər.
ABŞ vətəndaşı Hayk Nazaryanın yaratdığı "Hosank" təşkilatı artıq 3 ildir ki, Ermənistanda fəaliyyət göstərir. Təşkilat 2024-cü ilin yanvarında İrəvanın mərkəzində nasist simvollarından, şüarlarından və salamlarından istifadə edilən yürüş keçirdikdən sonra diqqət çəkib.
Hadisə hüquq-mühafizə orqanlarının heç bir reaksiyası olmadan baş verib. Qınama yalnız bəzi erməni müxalifətçi deputatlardan və Rusiya Xarici İşlər Nazirliyindən gəlib. Təşkilat öz fəaliyyətini açıq şəkildə həyata keçirir: ofisi, internet saytları var, ianələr toplayır və nasist ideologiyasının elementlərini ehtiva edən materiallar dərc edir.
Ermənistandakı siyasi rejim bu hallara imkan verərək Qərbpərəst mövqeyini bir daha sübut edir. Təbii ki, bu, bütövlükdə Cənubi Qafqaz üçün çox ciddi təhlükələrdən xəbər verir. Çünki "Hosank" radikal siyasi təşkilatı 2021-ci ildə yaranmasına baxmayaraq, qısa müddətdə çox böyük resurslara sahib olub. Artıq bu təşkilat açıq şəkildə fəaliyyət göstərməklə yanaşı, müxtəlif idealları da səsləndirərək qərbmeyilli davranışlarını sərgiləməkdə davam edirlər.
Bu arada Ermənistanın "4rd.am" nəşri yazır ki, ölkəni iqtisadi sahədə çətin günlər gözləyir. Belə ki, Mərkəzi Bankın Ermənistanda makroiqtisadi vəziyyətin sabit olduğuna dair əhalini arxayın etməsinə baxmayaraq, dramın növbəti devalvasiyası gözlənilir: "Mənbəmiz bildirdi ki, mərkəzi bank hətta tələb olduğu halda belə, banklara dollar almağı qadağan edərək, repressiv tədbirlər vasitəsilə dramın kursunu saxlamağa çalışır. Əgər əvvəllər mərkəzi bank valyuta müdaxilələri yolu ilə dramın kursuna təsir edirdisə, indi xarici rezervlərin pis vəziyyətdə olması üzündən bu maliyyə instrumentinin tətbiqi imkanları xeyli məhdudlaşıb".
Bütün bunlar qarşıdakı dövr ərzində Ermənistanı kifayət qədər çətin günlər gözlədiyini deməyə əsas verir.
Elçin CƏFƏROV,
"Azərbaycan"