09 Fevral 2025 08:15
394
SİYASƏT
A- A+
Ermənistan hakimiyyəti narahatdır

Ermənistan hakimiyyəti narahatdır


USAID-in "yağlı tikə"sindən məhrum olduğu üçün 


ABŞ Prezidenti Donald Trampın Beynəlxalq İnkişaf Agentliyini (USAID) ləğv etməsi xəbəri bu qurumdan ən çox vəsait alan Ermənistanda narahatlıq yaradıb.

Xatırladaq ki, USAID 1961-ci ildə ABŞ prezidenti Con Kennedi tərəfindən yaradılıb. Təşkilat Afrikada, Asiyada, Latın Amerikasında və dünyanın bir çox ölkəsində  fəaliyyət göstərirdi. Lakin USAID-in adı son dövrlərdə beynəlxalq səviyyədə çox ciddi şəkildə ləkələnmişdi. Bu təşkilatın yaradılması zamanı qarşıya qoyulan əsas məqsəd qlobal böhranların aradan qaldırılmasına dəstək, ikitərəfli sosial-iqtisadi münasibətlərə töhfə, yoxsulluğun aradan qaldırılması kimi xoşməramlı xidmətlər göstərmək idi. Təəssüflər olsun ki, son illər USAID-in tamamilə fərqli fəaliyyəti, o cümlədən ABŞ-nin qlobal maraqlarını təmin etməyən ölkələrdə hakimiyyət dəyişikliklərini, rəngli inqilabları maliyyələşdirməsi haqqında inkarolunmaz faktlar meydana çıxdı. 2024-cü ildə USAID və ABŞ Dövlət Departamenti Ukraynada "demokratiya"nın təşviqinə 288 milyon dollardan çox, Gürcüstanda təxminən 37 milyon dollar, Moldovada 24,25 milyon dollar, Ermənistanda 22,35 milyon dollar və Qırğızıstanda 11 milyon dollar xərcləyib, Tacikistanda 10,73 milyon, Özbəkistanda 8 milyondan bir qədər çox xərcləyib. USAID-in Belarus ofisi 2021-ci ildə bağlandı, lakin agentlik 2024-cü ildə ölkədən kənar proqramları maliyyələşdirmək üçün 17 milyon dollar ayırmışdı. Azərbaycan bu təşkilatla əməkdaşlığı dayandırmışdı.

Mətbuatda USAID-in  Əfqanıstanda narkotik istehsalı ilə bağlı fəaliyyətə dəstək verməsi haqqında da məlumatlar yayılmışdır. Əfqanıstanda irriqasiya kanallarının yaradılması və gübrənin alınması maliyyələşdirilmişdi. Bu sistem narkotik istehsalında daha çox istifadə olunub. "Əl-Qaidə" təşkilatı üçün 10 min porsiya yemək alınması, Kolumbiyada transgender operası, Peruda transgender komiksləri, İrlandiyada LGBT myuzikl, Serbiyada işçi kollektivlərdə və işgüzar dairələrdə bərabərliyin və inklüzivliyin irəliləməsi (1,5 milyon dollar), Qvatemalada cinsin dəyişdirilməsi və sairə layihələr  USAID-in etdiyi "humanitar" yardımlar sırasında yer alır. 

Son məlumatlara görə, USAID dünya üzrə 707 media, 6200 jurnalist və 279 jurnalistika sahəsində çalışan QHT-ni  maliyyələşdirib. Buradan Azərbaycanda 2012-ci ildə "Avroviziya" Mahnı Müsabiqəsindən başlayaraq bu günə kimi, həmçinin müharibə vaxtı, Laçın yolunda ekoloqların aksiyaları, COP29 dövründə beynəlxalq mediada aparılan çirkin kampaniyanın arxasında kimin durduğunu müəyyən etmək o qədər də çətin deyil.

Aparılan araşdırmaların hələ hansı biabırçılıqları üzə çıxaracağını indidən demək çətin olsa da, Bayden administrasiyası və Samanta Pauerin rəhbərlik etdiyi dövrün bu təşkilatın fəaliyyət tarixində ən biabırçı dövr olacağına şübhə yeri qalmır.

USAID-in fəaliyyəti birmənalı olaraq ABŞ-nin xarici siyasətinə ciddi zərər gətirirdi. Elə bu səbəbdən də ABŞ Prezidenti Donald Tramp prezidentliyinin ilk günlərində bu təşkilatın fəaliyyətinin dayandırılması haqqında qərar verdi.

Ermənistanda isə 1992-ci ildən fəaliyyətə başlayan təşkilat 2005-ci ilə qədər  "humanitar" yardım göstərməklə məşğul olub. Dövlətlə birbaşa əməkdaşlıq isə 2013-cü ildən başlayıb.

Mətbuatın yazdığına görə, bu illər ərzində Ermənistan USAID-dən təxminən  3,3 milyard dollar vəsait alıb.

2024-cü ildə isə ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana beşillik yardım paketinin həcmi iki dəfədən çox artırılaraq, 120 milyondan 250 milyon dollara çatdırılmışdı.

Mətbuatda USAID-in rəhbəri qatı ermənipərəst Samanta Pauerin milyarder Ruben Vardanyanla da dostluğu haqqında məlumatlara rast gəlmək mümkündür.

 USAID-in vəsaitlərindən faydalanan Ermənistan yardımların kəsiləcəyindən ciddi narahatlıq keçirir. Çünki Paşinyan bilir ki, yardımların dayanması onsuz da yaxşı vəziyyətdə olmayan Ermənistanın daxilində gərginliyi, sosial narazılığı daha da dərinləşdirəcək, maliyyə resursları azalan ölkənin idarə olunmasında yeni problemlər meydana gətirəcək. Xarici ianələr və yardımlardan asılı olan ölkədə bu fəsadların meydana gələcəyi şübhəsizdir.

Erməni nəşri olan "Hraparak" yazır ki, USAID-in Ermənistana ayırdığı külli miqdarda vəsaitin nə dərəcədə effektli olması o qədər də əhəmiyyət kəsb etməsə də, erməni təşkilatlarının Amerika agentliyindən "yağlı tikə"lər alması faktı, bu və ya digər şəkildə USAID-lə əlaqəsi olan erməni təşkilatları tərəfindən həyata keçirilən çoxsaylı proqramların taleyi sual altına düşəcək.

İfadə Azadlığının Müdafiəsi Komitəsinin sədri Aşot Melikyan bildirib ki, CPFE də USAID proqramlarından istifadə edib və yanvarın 25-də "İnternyus-Armenia" onlara proqramın 90 gün ərzində dondurulduğunu və USAID-in "ölüm məktubu"nun verilməsinə qədər heç bir xərcin həyata keçirilməyəcəyini bildirib.

Melikyan bildirib ki, Trampın bu qərarı Ermənistanın vətəndaş cəmiyyəti və mediası üçün çətin vəziyyət yaradıb.

Bu arada "İravunk" qəzeti iddia edib ki, Ermənistanın hakim "Vətəndaş sazişi" partiyası USAID-in ölkədə bağlanmasını öz maraqları üçün istifadə etməyi planlaşdırır. "Gələn xəbərlərə görə, hakimiyyət USAID tərəfindən maliyyələşdirilən təşkilatların rəhbərlərinə alternativ proqramların maliyyələşdirilməsini təklif edir. Deyilənlərə görə, bu "parlaq ideyanı" Paşinyanın qulağına pıçıldayan onun həyat yoldaşı olub". 

USAID-in fəaliyyətinin Ermənistanda dayandırılmasından narahat olan  hakimiyyət dairələri belə hesab edirlər ki, bundan sonra  maliyyədən məhrum olan qüvvələrin hədəfinə çevriləcəklər.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!