İki ölkə arasında ticarətin canlanması, enerji sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir
Cənubi Qafqazda formalaşan yeni siyasi və iqtisadi reallıqlar Azərbaycan ilə Ermənistan arasında iqtisadi-ticarət əlaqələrinin canlanmasında da özünü göstərir. Ermənistanın Baş naziri Nikol Paşinyanın jurnalistlərə açıqlamasında iki ölkə arasında qarşılıqlı ticarət üçün real gündəliyin olduğunu bildirməsi bu prosesin praktiki mərhələyə keçməsindən xəbər verir: "Əminəm ki, yaxın gələcəkdə Azərbaycana da ixrac olacaq". Statistik göstəricilər də iqtisadi əlaqələrin dinamikasında nəzərə çarpacaq dönüşün yarandığını təsdiqləyir. 2026-cı ilin ilk yeddi ayı ərzində Azərbaycanın Ermənistana 17 milyon 372,1 min dollar dəyərində məhsul ixrac etməsi iki ölkə arasında ticarət əlaqələrinin bərpası baxımından mühüm göstərici kimi qiymətləndirilir.
Əlaqələrin ilkin mərhələsində ticarət dövriyyəsinin həcmindən asılı olmayaraq, bu prosesin başlamasının özü Cənubi Qafqazda siyasi dialoqun dərinləşməsinə və sabitliyin möhkəmlənməsinə xidmət edir. Hazırda Azərbaycan tərəfi əsasən neft məhsulları üzrə ixracı reallaşdırsa da, hər iki ölkənin iqtisadi strukturundakı fərqliliklər gələcəkdə ticarət portfelinin əhəmiyyətli dərəcədə şaxələnməsinə geniş imkanlar açır.
Ticarət münasibətlərinin şaxələndirilməsi çərçivəsində tərəflər arasında müxtəlif sahələr nəzərdən keçirilir. Ermənistandan Azərbaycana kənd təsərrüfatı məhsullarının xammal və ya emal olunmuş şəkildə, o cümlədən müxtəlif növ konservləşdirilmiş qida mallarının və balıqçılıq təsərrüfatı məhsullarının ixracı real istiqamətlər sırasındadır. Bununla yanaşı, qiymətli daş-qaş məmulatlarının və xammalın tədarükü də perspektivli sahə kimi dəyərləndirilir. İqtisadi əməkdaşlıq təkcə ənənəvi sektorlarla məhdudlaşmır. Birgə texnoloji layihələrin icrası və innovativ xidmətlərin mübadiləsi də gündəmdədir.
Enerji sektoru da gələcək tərəfdaşlığın ana xətlərindən birini təşkil edə bilər. Nikol Paşinyan vurğulayıb ki, Ermənistanda süni intellekt zavodlarının fəaliyyətə başlaması enerjiyə olan tələbatı kəskin şəkildə artırır: "Belə müəssisələr təsəvvürlərimizi aşan miqyaslarda elektrik enerjisi istehlak edirlər. Enerji strategiyalarımızı yenidən nəzərdən keçirməliyik ki, yeni şəraitə və gözləntilərə uyğun imkanlara malik olaq. Bizim strategiyamız 100 faiz enerji müstəqilliyidir". Baş nazir əlavə edib ki, bu, Ermənistanın beynəlxalq elektrik enerjisi ticarətindən kənarda qalacağı anlamına gəlmir: "Bəzən elektrik enerjisi ixrac edə, bəzən isə idxal edə bilərik. O cümlədən Azərbaycanla da tərəfdaşlıq edə bilərik". Digər tərəfdən, Rusiya qazından asılılığı azaltmaq üçün alternativ təchizatçılardan qazın alınması üzrə danışıqlar aparılır ki, gələcəkdə Azərbaycan qazının TRIPP ("Tramp marşrutu") layihəsi çərçivəsində planlaşdırılan yeni boru kəməri vasitəsilə tədarükü də mümkündür.
Nəqliyyat-kommunikasiya xətlərinin açılması prosesində Zəngəzur dəhlizi (TRIPP) layihəsi xüsusi çəkiyə malikdir. Ermənistan rəhbərliyinin açıqlamasına əsasən, mütəxəssislər 2025-2026-cı illərdə TRIPP layihəsi çərçivəsində reallaşdırılması planlaşdırılan elektrik xətləri, dəmir yolu, boru kəmərləri və digər texniki məsələləri müzakirə etmək üçün Ermənistanda olublar. Eyni zamanda Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən bildirilib ki, hazırda ABŞ tərəfi ilə birgə layihənin parametrləri, o cümlədən dəmir yolu komponenti üzrə araşdırmalar və hesablamalar aparılır və ilkin variant yaxın vaxtlarda hazır olacaq.
Nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasının detalları və marşrutlardan qarşılıqlı istifadə şərtləri də fəal müzakirə olunur. Ermənistan parlamentindəki "Vətəndaş Müqaviləsi" partiyasından olan deputat Sərkis Xandanyan da bildirib ki, qarşılıqlılıq prinsipi ilə bağlı gömrük rüsumları və digər ödənişlər müzakirə mərhələsindədir və bu məsələlər nəqliyyat əlaqəsi başladıqda yekun olaraq razılaşdırılacaq.
Təbii ki, bütün bu iqtisadi və logistik layihələrin uğurla reallaşması və regionda uzunmüddətli sülhün bərqərar olması birbaşa hüquqi-siyasi müstəvidəki addımlarla bağlıdır. Ermənistanda yeni konstitusiyanın hazırlanması prosesi bu baxımdan həlledici əhəmiyyət kəsb edir. Hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının deputatı Arusyak Culhakyan bildirib ki, yeni konstitusiyanın preambulasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını özündə əks etdirən Müstəqillik Bəyannaməsinə heç bir istinad yoxdur. Onun sözlərinə görə, əsas məqsəd dövlətçiliyi gücləndirməkdir. Yekun mətnin ilin sonuna qədər dərc olunması istisna edilmir. Bu hüquqi düzəliş Azərbaycanın yekun sülh sazişinin imzalanması üçün irəli sürdüyü əsas şərtlərdən biri olmaqla, regionda dayanıqlı tərəfdaşlığın və iqtisadi tərəqqinin möhkəm zəminini təşkil edir.
İqtisadi inteqrasiya dərinləşdikcə tərəflər arasında etimad mühiti möhkəmlənəcək və davamlı sülh real müstəviyə keçəcək. Qarşılıqlı ticarət və infrastruktur layihələri ilk başda Ermənistanın özü üçün faydalı olmaqla yanaşı, bütövlükdə regional əməkdaşlığa və təhlükəsizliyə də xidmət edəcək. Nəticədə Cənubi Qafqaz qlobal miqyasda mühüm iqtisadi mərkəzə çevriləcək.
İ.QOCAYEV,
"Azərbaycan"