Hər zaman hörmət və ehtiramla xatırlanan insanlardan biri də Baxşəli Həsən oğlu Baxşəliyevdir. O, 1920-ci il avqustun 20-də Bərdədə anadan olmuşdur. O zaman Azərbaycanın bütün bölgələri kimi, bu rayonda da sovet hökumətinin yerli təsisatları möhkəmlənirdi. Qırmızılar savadsızlığın ləğvini əsas şüarlarından biri elan etmişdilər. Hər yerdə savad kursları açılırdı. Yerlərə mərkəzi şəhərlərdən müəllimlər göndərilirdi. Ona görə də valideynləri Baxşəlinin yazıb-oxumağına ciddi diqqət yetirirdilər.
Baxşəli orta təhsilini başa vurub Qori şəhərindəki Maliyyə İnstitutunu bitirdi. Rus dilini mükəmməl öyrəndiyindən ali məktəbə qəbul və orada təhsil almaq onun üçün çətin olmadı. Onda yerlərdə peşəkar maliyyəçilərə böyük ehtiyac vardı. 1937-ci ildə əmək fəaliyyətinə başlayan Baxşəli Baxşəliyev Azərbaycan SSR Maliyyə Nazirliyinin Bərdə rayon şöbəsində nəzarətçi kimi işə başladı. Sonra baş mühasib, ardınca isə baş nəzarətçi-müfəttiş oldu.
Baxşəli Baxşəliyev hər zaman çalışırdı ki, ona verilən tapşırığı vicdanla, yüksək peşəkarlıqla yerinə yetirsin. Dövlətin, xalqın əmlakını əliəyrilərdən, tamahkarlardan qorusun. O, ideallarına bağlı bir gənc idi. Erkən yaşlardan özündə dövlətçilik düşüncəsi aşılamış, yüksək tərbiyə, əxlaq mənimsəmişdi. Odur ki, onun savadlı və prinsipial kadr kimi sorağı mərkəzdəkilərə də yetişmişdi. 1954-cü ildə onu Maliyyə Nazirliyinə baş nəzarətçi-müfəttiş vəzifəsinə dəvət etdilər. Az sonra isə Nəzarət-Təftiş İdarəsinin şöbə rəisi təyin olundu. 1961-ci ildə onu Baş Dövlət Sığorta İdarəsinin rəisi vəzifəsinə təyin etdilər. 8 il burada işlədi. Respublikada sığorta sisteminin inkişafına böyük əmək sərf etdi. 1968-ci ildə isə Maliyyə nazirinin birinci müavini vəzifəsinə irəli çəkildi.
1969-cu ilin 14 iyul günü Azərbaycanın taleyini dəyişən hadisə baş verdi. Heydər Əliyev Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçildi. Bu hadisə ilə xalqımızın tarixində yeni bir səhifə açıldı. Həmin səhifənin hər cümləsində, hər kəlməsində bir amal, niyyət öz ifadəsini tapırdı: haqq-ədalətin bərqərar olması, dövlət-vətəndaş münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsi, demokratik dəyərlərə söykənən sivil cəmiyyətin yaradılması, dövlət qurumlarının xalqın malına xor baxan ünsürlərdən təmizlənməsi və onların əməllərinə layiqli hüquqi qiymətin verilməsi.
Heydər Əliyev öz iş prinsiplərini, fəaliyyət manifestini 1969-cu il avqustun 5-də keçirdiyi və tariximizdə indi də "Avqust plenumu” kimi xatırlanan tədbirdə açıq ifadə etmişdi. Ulu Öndərin səsləndirdiyi fikirlərin mühüm bir qismi məhz kadr islahatları ilə bağlı idi. Bu mənada Ulu Öndərin Azərbaycana rəhbərliyə başlamasından cəmi bir neçə ay sonra respublikanın maliyyə naziri kimi son dərəcə çətin və məsuliyyətli bir vəzifəyə seçimdə məhz Baxşəli Baxşəliyevin üzərində dayanması onun bu meyarlara tam uyğun gəlməsindən irəli gəlirdi. Deməli, o, Heydər Əliyevin yüksək tələblərinə cavab verirdi. Bu imtahandan keçə bilməsi Baxşəli Baxşəliyevin həyat və karyerasının bəlkə də ən yüksək zirvəsi idi.
Baxşəli Baxşəliyev bu vəzifədə 1987-ci ilədək - dünyadan köçdüyü günə qədər çalışdı, respublikanın inkişafında Heydər Əliyevin ən sadiq silahdaşlarından oldu. Onun qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirməyi özünə hər zaman şərəf saydı.
Heydər Əliyevin əzmkarlığı sayəsində Azərbaycan sənayesinin inkişafı tarixində mühüm rol oynayan bir sıra proqramlar qəbul olundu. Yeni tipli müəssisələr, istehsal sahələri istifadəyə verildi, on minlərlə yeni iş yeri yaradıldı. 70-ci illər Azərbaycan tarixinə, sözün əsl mənasında, sənayenin intibah dövrü kimi daxil oldu. Təkcə 1971-1975-ci illərdə respublika iqtisadiyyatına əvvəlki 5 ildəkindən 30 faiz çox vəsait qoyuldu, 64 iri sənaye müəssisəsi istifadəyə verildi.
Bütün bu nailiyyətlərin əldə olunmasında təbii ki, maliyyə resurslarının düzgün idarə edilməsi, gəlir və xərclərə nəzarət, pozuntu hallarının qarşısının alınması üçün həyata keçirilən tədbirlər, maliyyə nazirinin öz işinin peşəkarı kimi respublika rəhbərliyi qarşısında irəli sürdüyü səmərəli təşəbbüslər də böyük rol oynadı. Bu baxımdan, qarşıya qoyulan məqsədlərin əldə edilməsində Azərbaycanın maliyyə naziri kimi Baxşəli Baxşəliyevin böyük xidmətləri oldu. Respublikanın müasir tələblərə uyğun maliyyə-büdcə sisteminin qurulmasına, maliyyə intizamının, kredit və sığorta sisteminin gücləndirilməsinə o, çox əmək sərf etdi və bu əməyin bəhrələri Azərbaycanın sosial-iqtisadi inkişafında görünürdü. Respublikada yüksəkixtisaslı maliyyəçi kadrların hazırlanması sahəsində də B.Baxşəliyevin əvəzsiz rolu və böyük xidmətləri olmuşdur.
B.Baxşəliyev Azərbaycanın sosial-iqtisadi inkişafına verdiyi dəyərli töhfələrə görə "Qırmızı Əmək Bayrağı”, "Xalqlar Dostluğu”, "Şərəf nişanı” ordenləri və digər yüksək dövlət mükafatları ilə təltif olunmuş, "Azərbaycanın əməkdar iqtisadçısı” fəxri adına layiq görülmüş, 1971-ci ildən başlayaraq ardıcıl olaraq dörd çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Baxşəli Baxşəliyev həm də nümunəvi ailə başçısı idi. Bu ailədə iki oğlan, dörd qız olmaqla altı övlad böyüyürdü. B.Baxşəliyev övladlarını milli-mənəvi dəyərlər ruhunda tərbiyə edirdi. İş qrafikinin gərginliyinə baxmayaraq onların dərslərini, fərdi intizamını diqqətdə saxlayır, təlim-tərbiyəsinə ciddi tələbkarlıq göstərirdi. Eyni zamanda onları zəhmətə, sadəliyə alışdırırdı. Oğlu, professor Adil Baxşəliyev atası haqqında danışarkən deyir: "Yaşlı nəsil Baxşəli Baxşəliyevin rəhbər vəzifələrdə çalışdığı, o cümlədən 18 il respublikanın maliyyə naziri olduğu dövrü yaxşı xatırlayır. Bizim heç birimiz atamızın çalışdığı sahəni seçməsək də, xalqa məhəbbəti, peşəyə sədaqəti, elmə, təhsilə həvəsi, səxavətli olmağı, məsuliyyəti və bir çox digər xüsusiyyətləri ondan öyrənmişik. Həmişə bizə deyərdi ki, düşünməyin atanız nazirdir. Vəzifə müvəqqətidir. Siz yalnız öz gərgin zəhmətiniz sayəsində nələrəsə nail ola bilərsiniz. Ona görə də həmişə çalışın”.
O, qızların təhsil almasını xüsusilə çox arzulayırdı. Bunu bir tövsiyə kimi sözü yetən hər kəsə aşılamağa çalışırdı. Qızı Azərbaycan Milli Elmlər Akademiyasının Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva atasını belə xatırlayır: "Həmişə deyərdi, qızları elə böyütmək lazımdır ki, gələcəkdə heç kimdən asılı vəziyyətə düşməsinlər. Oğlan lazım gəlsə, ən ağır işlərdə çalışıb, yük daşıyıb özünü dolandıra bilər. Qızınsa əlində bir sənəti olmalıdır. Həyatdır, bilmək olmaz necə olacaq, ona görə də özünə bir parça çörək qazana bilməlidir”. Düşünürük ki, şirin xatirələr işığında yada düşən bu kəlmələr Baxşəli Baxşəliyevin milli ruhlu Azərbayan ziyalısı kimi nə qədər yüsək mənəvi keyfiyyətlərə malik olduğunu göstərir.
Bu il anadan olmasından 106 il ötür. Dünyaya gəlişindən ötən bir əsrlik zaman Baxşəli Baxşəliyev kimi insanların daşıdıqları ali dəyərlərin daha bir əsrin ucalığına yüksəlməsi deməkdir. Bütün ömrünü xalqına xidmətdə keçirmiş görkəmli iqtisadçı-maliyyəçi, ictimai-siyasi xadim B.Baxşəliyev həyatı ilə başqalarına örnək olan şəxsiyyətlərdəndir.
İradə ƏLİYEVA,
“Azərbaycan”