Bir xalqı dünyaya tanıtmağın çox yolu var. Bəzən bir xalqın adı tarix kitablarının səhifələrində, bəzən onun iqtisadi və siyasi uğurlarında, bəzən də bir musiqinin ecazkar sədasında, xalçanın ilməsində, sənətkarın əl əməyində, nəsildən-nəslə ötürülən qədim adət-ənənələrdə yaşayır. Azərbaycan xalqının dünyaya təqdim etdiyi böyük sərvətlərdən biri isə əsrlərin sınağından keçərək bu günümüzə gəlib çatan qeyri-maddi mədəni irsidir.
Xalqımızın son onilliklər bu istiqamətdə qazandığı uğurlar az deyil. Bu, milli mədəniyyətə münasibətin dövlət siyasəti səviyyəsinə yüksəldilməsinin, mədəniyyətin yalnız keçmişin yadigarı deyil, həm də Azərbaycanın dünyadakı mövqeyini möhkəmləndirən mühüm vasitə kimi qəbul edilməsinin nəticəsidir. Həmin prosesin önündə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi yer tutur. Mehriban xanım Əliyevanın mədəniyyət sahəsindəki fəaliyyətinə yalnız ayrı-ayrı layihələrin və tədbirlərin məcmusu kimi baxmaq doğru olmazdı. Onun arxasında qlobal missiya, daha geniş məqsəd dayanır - Azərbaycanın milli-mənəvi sərvətlərini qorumaq və onları dünya ictimaiyyətinə layiqincə təqdim etmək.
Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti mühüm rol oynayır. Milli musiqinin, xalçaçılığın, sənətkarlıq nümunələrinin və digər mədəni dəyərlərin qorunması və təbliği ilə bağlı həyata keçirilən layihələr Azərbaycanın mədəni irsinin beynəlxalq miqyasda geniş tanınmasına imkan yaradıb. Ən mühüm məqam budur ki, Azərbaycan öz mədəniyyətini dünyaya təqdim edərkən onu keçmişin donmuş yadigarı kimi göstərmir, əksinə, milli irsimizin bu gün də yaşayan və inkişaf edən bir mədəniyyət olduğunu nümayiş etdirir.
Azərbaycan muğamının beynəlxalq səviyyədə tanınması bunun ən parlaq nümunələrindəndir. Muğam xalqımızın illər boyu formalaşdırdığı mənəvi düşüncəsinin musiqidə ifadəsidir. 2003-cü ildə Azərbaycan muğamının UNESCO tərəfindən "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri" elan edilməsi, 2008-ci ildə isə UNESCO-nun Reprezentativ Siyahısına daxil olunması milli musiqi sənətimizin beynəlxalq səviyyədə qəbulunun mühüm göstəricilərindən biridir.
Azərbaycan xalçaçılıq sənəti də bu gün eyni taleyi yaşayır. Xalçanın ilmələrində tarix, coğrafiya, təbiət, ailə və xalqın estetik dünyagörüşü əks olunur. Azərbaycan xalçaçılığının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alması bu sənətin beynəlxalq səviyyədə tanınması baxımından əhəmiyyətlidir. Amma əsl dəyər xalçanın dünya siyahısında adının çəkilməsi deyil, onun ecazkar naxışlarla toxunmasının davam etməsidir.
Eləcə də kəlağayı sənəti, aşıq yaradıcılığı, tar ifaçılığı, Novruz ənənələri və digər milli dəyərlərimiz bu mənzərənin müxtəlif rəngləridir. 2014-cü ildə kəlağayı sənəti və simvolizminin UNESCO-nun Reprezentativ Siyahısına daxil edilməsi Azərbaycan qadınının zövqünü, sənətkarlıq ənənələrini və milli ornament dünyasını beynəlxalq mədəniyyət məkanında tanıdan mühüm hadisə idi.
Azərbaycanın mədəni irsinin dünyaya tanıdılması yalnız UNESCO ilə də məhdudlaşmır. Bu, sərgilərdən konsertlərə, festivallardan nəşrlərə, beynəlxalq mədəniyyət layihələrindən elmi və yaradıcı əməkdaşlığa qədər geniş bir mədəni diplomatiya prosesidir. Bu baxımdan Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi məna daşıyır.
2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın mədəni irsinin qorunması məsələsi də yeni məzmun qazandı. İşğaldan azad edilmiş ərazilərdə tarixi və dini-mədəni irsin vəziyyətinin araşdırılması, dağıdılmış abidələrin bərpası və milli-mədəni yaddaşın yenidən canlandırılması ən mühüm vəzifələrdən oldu. Bu mərhələ Azərbaycanın mədəniyyət siyasətində yeni bir istiqamət açdı. Söhbət mövcud irsin qorunmasından deyil, işğal nəticəsində zərər görmüş irsin bərpasından və onun dünya ictimaiyyətinə təqdim edilməsindən də gedir. Bu mənada mədəni irs həm də tarixi yaddaşdır. Dağıdılmış bir abidənin bərpası yalnız daşların yenidən bir-birinin üstünə qoyulması yox, xalqın yaddaşına sahib çıxmaqdır. Bir sənət nümunəsinin yaşadılması isə sənətkarlığın qorunması deyil, nəsillər arasındakı mənəvi bağın yaşadılmasıdır.
Mədəni irs yalnız dövlət tədbirlərində, sərgi salonlarında və beynəlxalq siyahılarda yaşamır, eyni zamanda uşağın öyrəndiyi mahnıda, gəncin ifa etdiyi sazda, ustadın şagirdinə öyrətdiyi sənətdə, ailənin yaşatdığı Novruz adətində, nənənin nəvəsinə danışdığı yaddaşda yaşayır. Mədəni irsin əsl mənbəyi xalqın özüdür. Azərbaycan öz mədəni irsini dünyaya təqdim etməklə, əslində, özünü dünyaya tanıdır. Bu isə dünyaya verilən bir mesajdır - biz yalnız qədim tarixə malik xalq deyilik! Bizim bu gün də yaşayan, yaradan və gələcəyə ötürülən zəngin mənəvi dünyamız var.
Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyətinin əhəmiyyəti də məhz burada görünür. Bu fəaliyyətin ən mühüm nəticəsi ayrı-ayrı mədəniyyət nümunələrinin beynəlxalq səviyyədə tanınmasından daha böyükdür. Əslində bu, Azərbaycan mədəniyyət incilərinin dünya mədəniyyətinin ayrılmaz və özünəməxsus hissəsi kimi təqdim olunması deməkdir. Və nə qədər muğamımız səslənir, sazımız danışır, xalçamız ilmə-ilmə toxunur, kəlağayımız öz rənglərini qoruyur, bahar tonqalları yandırılır, ustad sənətkar öz sənətini gənc nəslə ötürür, deməli, Azərbaycan öz mədəni kimliyini yaşadır. Kimliyini qoruyan xalq isə dünyaya daha inamla açılır.
Elşən QƏNİYEV,
"Azərbaycan"