İndiyə qədər işğaldan azad edilmiş ərazilərdə 13 kütləvi məzarlıq aşkarlanıb
Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə indiyə qədər 13 kütləvi məzarlıq aşkarlanıb. Fevralın 21-də erməni faşizminin daha bir qanlı cinayətinin üstü isə Xocalı şəhərində açılıb.
Belə ki, şəhərin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqları aşkar olunub. İlkin araşdırmalara əsasən, ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər şəxsə (onlardan 1 nəfərin azyaşlı şəxsə məxsus olması ehtimal edilir) məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib.
Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 196 nəfərə çatıb
Son iki yüz il boyu milli düşmənçilik zəminində Azərbaycan xalqına qarşı qətliamlar, soyqırımları törədən erməni faşistləri bu qanlı əməllərini Birinci Qarabağ müharibəsində də davam etdiriblər. Hələ 1992-ci il fevralın 26-na - Xocalı soyqırımına qədər erməni qatilləri azərbaycanlılara qarşı ard-arda kütləvi qətliamlar törədiblər. Azərbaycanın Ermənistanla həmsərhəd olan Qazax rayonunun Bağanis Ayrım kəndinin, keçmiş Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. 1992-ci il fevralın 26-da Xocalı sakinlərinə qarşı bəşər tarixində bənzərinə rastlanmayan soyqırımı həyata keçirib. Bu qətliam nəticəsində 613 xocalılı xüsusi amansızlıqla qətlə yetirilib. 8 ailə yer üzündən silinib. Həmin gün girov götürülən 1275 Xocalı sakini erməni qatilləri tərəfindən amansız işgəncələrə məruz qalıblar. Erməni qatilləri xalqımıza qarşı Başlıbel, Ağdaban, Ballıqaya və sair kimi faciələr yaşadıblar.
Birinci Qarabağ müharibəsi dövründə içərisində yüzlərlə uşaq olmaqla, 4 minə yaxın azərbaycanlı itkin düşüb. Qeyd edək ki, torpaqlarımız işğaldan azad olunandan sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına itkinlərlə bağlı yeni müraciətlər daxil olur. Və belə müraciətlərdən sonra təkcə Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 196 nəfərə çatıb.
Ötən illər ərzində Ermənistan tərəfi taleyi naməlum olan vətəndaşlarımızla bağlı heç bir məlumat verməyib. Vətən müharibəsindən sonra da Azərbaycanın Ermənistana qarşı əsas tələblərindən biri Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minədək azərbaycanlı haqqında məlumatı, eləcə də kütləvi məzarlıqların koordinatlarını verməsi barədədir. Ermənistan isə hələ də bu tələbləri yerinə yetirməyərək xalqımıza qarşı törətdiyi cinayətlərindən boyun qaçırmağa çalışır.
Erməni qatillərinin qanlı əməlləri
Ancaq işğaldan azad edilən ərazilərimizdə ard-arda aşkarlanan kütləvi məzarlıqlar Ermənistanın qanlı cinayətlərini də təkzibolunmaz faktlarla ortaya qoyur.
Məlum olur ki, erməni qatilləri Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürdükləri Azərbaycan vətəndaşlarını beynəlxalq hüququn tələblərinə uyğun olaraq Azərbaycana qaytarmaq əvəzinə, onlara insan ağlına gəlməyən tükürpərdici işgəncələr verərək qətlə yetiriblər və kütləvi şəkildə basdırıblar. Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzuru erməni terrorunun daha bir təzahürü olan minalardan təmizlədikcə, Ermənistan tərəfindən həyata keçirilən çoxsaylı müharibə cinayətləri də bir-bir ortaya çıxır. Kəlbəcərin Başlıbel, Zallar, Xocavəndin Edilli, Ərəkül, Xocalının Fərrux, Şuşanın Daşaltı, Ağdamın Sırxavənd, Sarıcalı Füzulinin Yuxarı Seyidəhmədli kəndlərində, eləcə də Şuşada həbsxana ərazisində kütləvi məzarlıqlar aşkarlanıb.
Bu il fevralın 21-də isə Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqları aşkarlanıb.
Kütləvi məzarlıqlarda həm mülki, həm də hərbi şəxslərə aid qalıqlar aşkarlanır. Bu qandondurucu faktlar göstərir ki, Ermənistan əsir və girov götürdüyü azərbaycanlılara qarşı həm insanlıqdan uzaq, həm də beynəlxalq hüquqazidd cinayətlər törədib. Və qatil ermənilər amansızlıqla qətlə yetirdikləri vətəndaşlarımızın qanını itirmək üçün onları kütləvi məzarlıqlarda basdırıblar, cinayətlərinin heç zaman gün üzünə çıxmayacağından əmin olublar. Ancaq Azərbaycanın 44 günlük müharibədəki qələbəsi erməni terrorunun izlərini də ortaya çıxarıb.
Dəhşətli gerçəkliklərdən biri də budur ki, beynəlxalq ictimaiyyət hələ də Ermənistanın faktlarla sübut olunan hərbi cinayətlərinə göz yumur, itkin vətəndaşlarımızın taleyinin müəyyən olunması istiqamətində Ermənistana heç bir təzyiq göstərmir.
Qanımız yerdə qalmadı
Ancaq İlahi ədalət yerini tapdı. Erməni faşizminin qurbanına çevrilən vətəndaşlarımızın qanı yerdə qalmadı, qisasları layiqincə alındı. Necə ki Vətən müharibəsində işğalçını məhv edərək torpaqlarımızı azadlığına qovuşdurmuşuq, 23 saatlıq antiterror tədbirləri sayəsində separatçıların quldur yuvasını dağıdaraq suverenliyimizi tam bərpa etmişik, eləcə də Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürdüyü minlərlə vətəndaşımızı dəhşətli işgəncələrlə qətl edən erməni faşistlərini qanun qarşısında cavab verməyə məcbur etmişik. Xalqımızın qanına susayan qatil ermənilər - Vaqif Xaçatryan, Ruben Vardanyan, Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan... kimi ünsürlər indi Bakı həbsxanasında törətdikləri cinayət əməllərinə görə mühakimə edilirlər.
Gec-tez Robert Koçaryan, Serj Sarkisyan kimi uşaq qatilləri də haqq, ədalət, qanun qarşısında cavab verəcəklər.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"