Amerika-Azərbaycan münasibətləri keyfiyyətcə daha yüksək səviyyəyə yüksəlir
Avqustun 8-də Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfəri ölkələrimiz arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi ilə əlamətdar oldu.
Dövlətimizin başçısının olduqca məhsuldar keçən sözügedən səfərində ABŞ və Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsində mühüm addım atıldı. Vaşinqtonda Ermənistan və Azərbaycan liderlərinin ABŞ Prezidentinin şahidliyi ilə Birgə Bəyannamə imzalamaları, sülh sazişinin mətninin paraflanması ölkəmizin diplomatik qələbəsi oldu. Adıçəkilən tarixdə Ağ Evdə əldə edilən tarixi nailiyyətlərlə əlaqədar Azərbaycan media nümayəndələrinə müsahibə verən Prezident İlham Əliyev səfərin nəticələrini çox yüksək qiymətləndirdiyini söylədi: "İlk növbədə Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir".
İkitərəfli əlaqələr dinamik inkişaf edir
Azərbaycan-ABŞ münasibətləri hazırda özünün ən yüksək inkişaf dövrünü yaşayır. Ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin məhz Prezident Donald Trampın ABŞ-yə hər iki rəhbərliyi dönəmində müsbət dinamizm qazanması danılmaz həqiqətdir. Bir ayrı reallıq isə ölkə liderləri İlham Əliyev və Donald Tramp arasındakı səmimi münasibətlərdən bəhrələnərək inkişaf edən bu əlaqələrin gündən-günə daha da möhkəmlənməsidir. Bunu hələ Prezident İlham Əliyevin Vaşinqtona səfərinəqədərki dövrdə liderlər səviyyəsində baş tutan səmimi dialoqların, aparılan telefon danışıqlarının, məktublaşmaların fonunda da aydın görmək mümkündür.
Prezident İlham Əliyevin 2025-ci ilin iyulunda ABŞ-nin Müstəqillik Günü münasibətilə Ağ Ev rəhbəri Donald Trampa təbrik məktubunda deyilir: "Biz Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq münasibətlərinə və tərəfdaşlığa xüsusi əhəmiyyət veririk. Beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizə, enerji təhlükəsizliyi və bir sıra digər mühüm sahələr üzrə fəal və səmərəli əməkdaşlığımız sıx tərəfdaşlığımızın səciyyəvi cəhətlərindəndir". Ölkəmizin rəhbəri əlavə edir ki, bu gün Azərbaycanla Birləşmiş Ştatların dostluq əlaqələrini və tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar var: "İnanıram ki, qəti siyasi iradəmiz və birgə səylərimiz sayəsində dost və tərəfdaş ölkələrimiz arasında əlaqələr və əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli genişlənməyə davam edəcəkdir".
Eyni zamanda Tramp Administrasiyası ölkəmizlə münasibətlərin inkişafında maraqlı olduğunu dəfələrlə nümayiş etdirib. ABŞ Prezidentinin bu il Azərbaycanın Müstəqillik Günü ilə bağlı ölkəmizin başçısına ünvanladığı təbrik məktubunda vurğulanır ki, Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikası ilə əlaqələri və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşu ilə sülhə nail olmaq istiqamətində tərəfdaşlığı yüksək qiymətləndirir: "Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək".
Donald Trampın ölkəmizlə dərin tərəfdaşlığa böyük inam ifadə olunan bu məktubu qarşılıqlı anlaşma və etimada əsaslanan əlaqələrin qarşıda daha da inkişaf edəcəyindən xəbər verirdi.
Yeri gəlmişkən qeyd edək ki, Bayden Administrasiyası dövründə ABŞ-Azərbaycan əlaqələrində birincinin qərəzli siyasət yürütməsi ucbatından ciddi siyasi böhran yaşanırdı. Həmin vaxt 907-ci düzəlişin yenidən canlandırılaraq bundan ölkəmizə qarşı təzyiq mexanizmi kimi istifadə edilməyə çalışılması da mənfur niyyətin nəticəsi idi.
Dostluğa dayanan münasibətlər
Ancaq Donald Tramp Administrasiyasının rəhbərliyi ilə hazırda Azərbaycan-ABŞ münasibətləri özünün normal inkişaf məcrasına yönəlib. Prezident İlham Əliyevin Vaşinqtona işgüzar səfərinin olduqca zəngin keçməsi də ölkələrimiz arasında əlaqələrin qarşılıqlı etimada, dostluğa dayandığını bir daha dünyaya nümayiş etdirdi. Donald Tramp Azərbaycan Prezidentinin Vaşinqtona səfəri zamanı - 8 avqustda dövlətimizin başçısının III Şuşa Qlobal Media Forumunda özü ilə bağlı etdiyi çıxışını xüsusi jest olaraq yenidən paylaşdı.
Xatırladaq ki, iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Donald Trampın müharibələrə başlamamış yeganə ABŞ Prezidenti olduğuna diqqətçəkən cənab İlham Əliyev vurğulamışdı ki, o, beynəlxalq təhlükəsizlik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır.
Ümumiyyətlə, Vaşinqtona tarixi səfər zamanı ABŞ rəhbərinin Azərbaycan Prezidentinə xüsusi rəğbət göstərməsi diqqət çəkdi. Donald Tramp Ağ Evin rəmzi açarını dövlətimizin başçısına təqdim etməsi ilə ölkələrimiz arasındakı əlaqələrin yüksək etimada dayandığına rəmzi işarə vurdu.
Müsahibəsində Prezident İlham Əliyev vurğuladı ki, bu xoş münasibət, əlbəttə ki, çox önəmli bir amildir: "Bu, Prezident Trampla mənim birinci görüşümdür. Yenə də demək istəyirəm ki, görüş çox səmimi şəkildə keçdi. Onun Azərbaycanla bağlı olan bilgiləri, sözün düzü, məni təəccübləndirdi. O, bir çox məsələləri dərindən bilir. Azərbaycanın önəmini, onun geosiyasi əhəmiyyətini, Azərbaycanın Amerika Birləşmiş Ştatlarına həmişə dost ölkə olmasını cənab Tramp çox yaxşı bilir. Əlbəttə ki, şəxsi təmaslar bizim münasibətlərimizdə önəmli rol oynayacaq".
Dövlətimizin başçısının Vaşinqtona işgüzar səfəri zamanı ABŞ Prezidentinin "Azadlığa Dəstək Aktı"na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalaması iki ölkə arasında münasibətlərin dostluğa əsaslanmasını özündə ehtiva edirdi.
"Əlbəttə ki, "Azadlığa Dəstək Aktı"na edilən bu ədalətsiz 907-ci düzəlişdən mənim iştirakımla oval ofisdə imtina edilməsi çox rəmzi məna daşıyır. Prezident Tramp bunu başqa formada da edə bilərdi. O bunu daha sonra da imzalaya bilərdi. Amma bunu hələ 1992-ci ilin oktyabrından bəri Konqres tərəfindən haqsız olaraq sanksiyaya məruz qalan Azərbaycanın Prezidentinin qarşısında etmək qərarına gəldi...
...Prezident Trampın bu rəmzi jestinin bizim üçün çox dərin mənası var", - deyə sözügedən müsahibəsində dövlətimizin başçısı bildirdi.
Sülhə dəstək
Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində "Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" imzalandı. Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı üç istiqaməti əhatə edir:
- Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar;
- Süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə;
- Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq.
Yaradılan Strateji İşçi Qrupu regional bağlantılar infrastrukturunun və enerji sahəsində sərmayələrin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq.
Tramp Administrasiyası regionda Azərbaycanın liderliyi ilə yürüdülən sülh prosesinə yaxından dəstək verir, Cənubi Qafqazda uzunmüddətli barışın əldə olunması üçün xüsusi səy nümayiş etdirir. Bu mənada Vaşinqton sülh sammitində tarixi nəticələrin əldə olunması təsadüfi deyildi.
8 avqust Vaşinqton görüşü Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması ümumilikdə bölgəyə vəd etdiyi uzunmüddətli sülh şəraiti baxımından əhəmiyyətlidir. Həmçinin Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı əldə edilmiş razılaşma xüsusi önəm daşıyır. Bu dəhliz beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissələrindən biri olacaq.
Bir sözlə, Prezident İlham Əliyevin Ağ Ev rəhbərinin dəvəti ilə Vaşinqtona işgüzar səfəri ölkələrimiz arasında qarşıda daha böyük perspektivlər üçün geniş imkanlar açır.
İki ölkə liderləri Donald Tramp və İlham Əliyevin xüsusi səyləri ilə ABŞ-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"