Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən hazırlanan “Əmək bazarı üzrə terminlərin izahlı lüğəti”nin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Observatoriyanın rəhbər şəxsləri, kitabın rəyçiləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvləri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri və müxtəlif ictimai birliklərin təmsilçiləri iştirak ediblər.
Qeyd olunub ki, əmək bazarının müxtəlif istiqamətlərini əhatə edən dörd əsas bölmə üzrə hazırlanan lüğətdə Azərbaycan və ingilis dillərində 5 min 500 terminə əsaslı izah verilib. Nəşrin əmək bazarı sahəsində vahid terminoloji bazanın formalaşdırılmasına, terminlərin düzgün anlaşılmasına və tətbiqinə, eləcə də bu sahədə çalışan mütəxəssislər, tədqiqatçılar, müəllimlər və tələbələr üçün etibarlı istinad mənbəyinin yaradılmasına xidmət etdiyi bildirilib.
Tədbirdə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Elçin Süleymanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, kitabın rəyçisi, iqtisad elmləri doktoru, professor Elşad Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Sahib Məmmədov, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə və digər qonaqlar çıxış ediblər.
Çıxışlarda “Əmək bazarı üzrə terminlərin izahlı lüğəti”nin əmək bazarı ilə bağlı məlumatlılığın artırılmasına, terminoloji vahidliyin təmin edilməsinə, müxtəlif anlayışların düzgün başa düşülməsinə və onlardan düzgün istifadəyə mühüm töhfə verəcəyi vurğulanıb.