İnsan yaşadığı həyatı zəkası və təfəkkürü ilə dərk edir, məqsədinə çatmaq üçün bütün bacarığını ortaya qoyur. Buna görə də tale yollarında arzularının zirvəsinə ucalır. Belə insanlardan biri də gənc ziyalı xanımlar sırasında mövqeyi ilə seçilən filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, eyni zamanda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının sədri Şəfa Əliyevadır.
O, 20 yanvar 1989-cu ildə Naxçıvan MR Ordubad rayonunda dünyaya göz açıb. 2011-ci ildə Bakı Slavyan Universitetinin "Azərbaycan dili və ədəbiyyatı" ixtisasının bakalavr pilləsini, 2013-cü ildə isə həmin təhsil ocağının ədəbiyyat nəzəriyyəsi ixtisasının magistratura pilləsini bitirib.
Şəfa xanım 2018-ci ildən AMEA-nın Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində əvvəlcə kiçik elmi işçi, elmi işçi, 2022-ci ildən isə böyük elmi işçi vəzifəsində çalışır. 2022-ci ildə filologiya elmləri doktoru, professor Tahirə Məmmədin rəhbərliyi ilə "Azərbaycan tənqidi realist dramaturgiyasında dialoq və monoloq" adlı dissertasiya işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi qazanıb.
Elmi işindən söz açan Şəfa Əliyeva dedi ki, ədəbi-nəzəri fikirdə tənqidi realizm XX əsrin başlanğıcında digər ədəbi cərəyanlarla, xüsusən romantizmlə bərabər parlaq dövrünü yaşayırdı. Həmin dövrün ədəbi irsi araşdırıldığı zaman dramaturgiya sahəsindəki nailiyyətlər, hətta klassik sənət nümunələri adlanmağa layiq, teatr-səhnə sənətinin inkişafına təkan verən əsərlərin məhz bu ədəbi cərəyana aid olması bunu bir daha sübuta yetirir.
Gənc alim onu da bildirdi ki, müəllif oxucuya informasiyanı dram əsərində, əsasən, dialoq və monoloqla ötürür, bu problemin araşdırılmasının əhəmiyyəti daha da anlaşıqlı olur. Şeir üçün misra, bənd, vəzn nə dərəcədə əhəmiyyətlidirsə, dramaturgiya üçün də monoloq və dialoq o qədər mühümdür. Ədəbi cərəyanlara uyğun olaraq dram əsərlərinin kompozisiya elementlərinin strukturunda, tipajlar aləmində və sairə komponentlərində dəyişmələr müşahidə olunduğu kimi, dialoq və monoloqlarda da spesifiklik özünü göstərir. Bu özünəməxsusluqların araşdırılıb sistemləşdirilməsi problemi dissertasiya işinin aktuallığını daha artırırdı.
Şəfa Əliyeva elmi işində bu sahəni geniş tədqiq etmiş, maraqlı bir iş yazmış və əldə etdiyi nəticələri ümumiləşdirmişdir. Ədəbiyyatşünaslar gənc alimin elmi işinə yüksək dəyər vermişlər.
2015-ci ildə Şəfa Əliyeva Albaniyanın paytaxtı Tirana şəhərində Beder Universitetinin təşkilatçılığı ilə keçirilən simpoziumda "Eleştirel gerçekçilik ve çağdaş edebi-teorik bakış" türk dilindəki çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Bundan başqa, Şəfa Əliyeva 2021-ci ilin noyabrından Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimi fəaliyyətə başlayıb. AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının 2022-ci ilin aprelində keçirilmiş iclasında o, həm də Humanitar Elmlər Bölməsinin elmi katibi təyin edilmişdir. 2022-2023-cü tədris ili ərzində Şəfa xanım Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və ABŞ Dövlət Departamentinin Virtual İngilis Dili Müəllimi Proqramını uğurla bitirərək sertifikat almışdır. AMEA-nın Rəyasət Heyətinin 13 mart 2023-cü il tarixli qərarı ilə o, Elm Günündə "İlin gənc alimi" diplomuna layiq görülmüşdür.
2023-cü ildə "Heydər Əliyev İli" çərçivəsində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin keçirdiyi tədbirdə Şəfa xanım "Müasir Azərbaycan gəncliyinin inkişafında Heydər Əliyev fenomeni" adlı məruzə ilə çıxış etmişdir. "Heydər Əliyevin idealları və müasir gənclik" adlı məruzəsini isə iştirakçılar ingilis dilində dinləmişdilər.
O, 2023-cü ildən Ədəbiyyat İnstitutu üzrə ERASMUS +(Erasmus plyus) proqramının koordinatorudur. Həmin ilin noyabrında Avropa və Asiyadan olan gənc alimlərin MDB İcraiyyə Komitəsinin tərəfdaşlığı, Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası və Rusiya Federasiyasının Avrasiya İqtisadi İttifaqının həmsədrliyi ilə Moskva şəhərində "Elm Qitəsi" akademik forumunda iştirak etmişdir. "İrsin qorunması" elmi panelində "Poetik və dramatik əsərlərdə bədii təkrarın üslubi funksiyası" mövzusunda çıxış etmişdir.
Filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva elmi əsərlərini Azərbaycan, türk, rus və ingilis dillərində yazır. Gənc alim 30-dan çox elmi əsərin müəllifidir. Yaxın günlərdə onun "Dramatik nitqin komponentləri" adlı monoqrafiyası işıq üzü görəcək.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"