Ələt Azad İqtisadi Zonasının əsas üstünlüklərindən biri onun ətraf ölkələrdəki digər azad iqtisadi və sənaye zonaları ilə müqayisədə daha geniş coğrafi imkanlara malik olmasıdır.
AZƏRTAC xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov Alman-Azərbaycan Əlaqələndirmə Konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, zonanın cəlbediciliyini artıran digər mühüm amil onun beynəlxalq nəqliyyat dəhlizlərinin – Şimal-Cənub və Şərq-Qərb marşrutlarının kəsişməsində, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşməsidir.
“Bir sıra müasir yüksək texnologiyalı sənaye sahələri üçün nəqliyyat imkanlarına birbaşa çıxış həyati əhəmiyyət daşıyır. Bu baxımdan Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının və onun ətrafında logistika infrastrukturunun yaradılması ilə bağlı yerli yükdaşıma şirkətləri, metro və aviasiya strukturları ilə əməkdaşlıq edirik. Layihənin həyata keçirilməsi üçün 750 hektar torpaq sahəsi ayrılıb. Hava limanının tikintisinə 2024-cü ilin aprelində başlanılıb. Tikinti işlərinin 2026-cı ilin sonunadək başa çatdırılması, hava limanının isə 2027-ci ilin mart ayının sonu – aprel ayının əvvəlində fəaliyyətə başlaması nəzərdə tutulur. Hava limanının ilkin mərhələdə illik yükdaşıma gücü 500 min ton təşkil edəcək. Sonrakı mərhələlərdə bu göstəricinin ən azı 2 milyon tona çatdırılması planlaşdırılır”, – deyə V.Ələsgərov qeyd edib.
Ələt Azad İqtisadi Zonasının rəhbəri qeyd edib ki, yükün hava limanının ərazisində yerləşməsi gömrük rəsmiləşdirilməsi, tranzit logistika və digər inzibati prosedurlarla bağlı ənənəvi maneələrin əhəmiyyətli dərəcədə aradan qaldırılmasına imkan verəcək: “Bu, yüksək texnologiyalar, əczaçılıq və yüksək dəqiqlikli elektronika kimi sahələrdə fəaliyyət göstərən şirkətlərə xammal və komponentləri vergi və gömrük rüsumlarından azad ərazidə qəbul edib emal etməyə, hazır məhsulları isə qısa müddətdə ixrac etməyə şərait yaradacaq. Hava limanının yaxınlıqdakı dəniz limanı, dəmir yolu və avtomobil yolları ilə inteqrasiyası hava, dəniz və quru nəqliyyatı arasında fasiləsiz yükdaşımaya imkan verəcək. Ələt Azad İqtisadi Zonasının Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və beynəlxalq Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri ilə əlaqələndirilməsi investorlar üçün mühüm üstünlükdür. Ələt Azad İqtisadi Zonasının investorlar üçün digər mühüm üstünlüyü hazır sənaye torpaq sahələrinin və zəruri infrastrukturun təqdim edilməsidir. Dövlət maliyyələşməsi Ələt Azad İqtisadi Zona İdarəsinə potensial investorların tələbatından əvvəl hazır əraziyətrafı və ərazi daxilində infrastruktur, kommunal xidmətlər və torpaq sahələri təqdim etmək imkanı yaradıb”.
Bildirilib ki, infrastrukturun birinci mərhələsi üzrə 60 hektar ərazidə tikinti işlərinin başa çatdırılmasından sonra Ələt Azad İqtisadi Zonasının qapıları 2023-cü ilin iyununda potensial investorların üzünə açılıb. Lakin investorların gözləniləndən daha çox maraq göstərməsi zonada yeni infrastruktur layihələrinin həyata keçirilməsini və mövcud imkanların genişləndirilməsini zəruri edib.