20 Fevral 2026 08:30
256
İQTİSADİYYAT
A- A+
Ekosistemin tarazlığı insanların sağlamlığıdır 

Ekosistemin tarazlığı insanların sağlamlığıdır 


Özünün təxirəsalınmaz vacibliyinə və qlobal təhlükəsinə görə ekosistemin dəyişməsi - tarazlığın pozulması qlobal miqyaslı problem, sözün əsl mənasında,  qorxunc hadisədir.  Təəssüf ki, bu gün bəşəriyyət ekosistem balansının dəyişikliyi təhlükəsi ilə üz-üzə qalmaqdadır. Ekosistemin pozulması təkcə bir qitənin, ölkə, şəhər, ərazi, dəniz, yaxud okeanın deyil, kainatın problemi olaraq öz həllini təcili şəkildə ümidlə gözləyir. Ekosistemin dəyişməsi və ya pozulması kainata, canlılara, əsasən də insanlara ciddi mənfi təsir göstərir.

Ekosistem ekologiya elminin inkişafında əsas mərhələ hesab edilərək ətraf mühitdə canlı orqanizmlərlə cansız varlıqların bir-biri ilə sıx əlaqəsi olan,  özü-özünü tənzimləyən sistemdir. Ekosistem müəyyən bir mühitdə yaşayan, bir-biri ilə qarşılıqlı əlaqədə olan canlı orqanizmlərlə onu əhatə edən  cansız varlıqların bir parçasıdır. Məsələn, ağaclar, bitkilər, meşələr, günəş işığı, temperatur, oksigen, qida maddələri  və kimyəvi birləşmələrin təsirindən yaranan canlılar ekosistemin  əsasını təşkil edir. 

Hər bir canlı və cansız varlığın rol oynadığı ekosistem heyvanlar, həşəratlar, bitkilər kimi çoxhüceyrəli orqanizmlərdən tutmuş dağlara, meşələrə, göllərə, bütövlükdə planetə qədər genişmiqyaslı bir varlığı ifadə edir. Yəni ekosistem bir tarla, gölməçə boyda kiçik, okean qədər geniş ola bilər. Ətraf  mühitlə qarşılıqlı əlaqədə olan, özü-özünü tənzimləyən ekosistem məfhumu müxtəlif cür mürəkkəb hədəflərə xas olan sistemdir. Məsələn, dəniz, göl və s. ekologiyası mövcuddur, lakin  onların özlərinin də sahilyanı təbiəti,  yaşıllığı, bitki örtüyü, eləcə də mövcud olan bitki örtüyünün  dib sahəsinin ekologiyası var. Bir sözlə, adətən, ekosistem dedikdə ətrafın canlı və  cansız elementlərinin birliyi nəzərdə tutulur. Məhz bunların qarşılıqlı təsirindən həmin mövcudluğun dövriyyəsi baş verir. Ekosistemdən davamlı və qısa müddətli süni ekosistem də yaradıla bilər. Süni gölləri, bağları, tarlaları, parkları misal göstərmək olar.

Ekosistem növündən asılı olmayaraq, tərkibi, sayı, kütləsi, qida əlaqəsi ilə səciyyələnir. Hər bir mövcud ekosistemdə gedən proses məhdud (lokal) xarakter daşıyır. Ekosistemin geniş miqyasda öyrənilməsi, təbii sərvətlərdən səmərəli istifadə,  təbiəti qorumaq müasir dövrün ən aktual problemlərindəndir.

Ekosistemin  tarazlığı  insanların sağlam, rahat həyat tərzinin güzgüsüdür. Bu mənada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP 29) Azərbaycan gerçəkliklərinin nümayişi oldu. Yeri gəlmişkən, ölkəmiz bu tədbirdə bütün qaydalara əməl edərək evsahibliyini yüksək səviyyədə həyata keçirmiş və nüfuzunu daha da yüksəkliyə qaldırmışdır.  Azərbaycan  neft-qaz diyarı olsa da, hər kəs reallıqda gördü ki, məqsədimiz həm də "yaşıl enerji" ilə bağlıdır. 

Respublikamızın "yaşıl iqtisadiyyat"a yiyələnməsinin həqiqətə çevrilməsi baxımından 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi müstəsna əhəmiyyət kəsb etdi. Bütün bunlar qeyd edilən istiqamətdə aparılan ardıcıl, məqsədyönlü dövlət siyasətinin dərin və məntiqli mahiyyətindən xəbər verir.

Atmosferin çirklənməsi ilə iqlim dəyişikliyinin əmələ gəlməsi  bəşəriyyətin həyat tərzinin qeyri-normal vəziyyətə çevrilməsinə səbəb olur. Cəmiyyətlə təbiət arasında ögey münasibət ekosistemin balans dəyişikliyinə, ekoloji gərginliyin artmasına, eləcə də iqlim dəyişikliyinə gətirib çıxarır. Belə ki, antropogen amillərin çoxaldılması ilə  təbii fəlakətin baş verməsi, sonda ekosistem tarazlığının pozulması hadisələri baş verir. Nəticədə qlobal ekoloji problem yaranır və bəşəriyyət, xüsusən canlı aləm təhlükəli vəziyyətlə üz-üzə qalır. 

Etiraf edək ki, əvvəllər ətraf mühitə laqeyd münasibət göstərən, təbiətimizdə ekoloji gənginliyi artıran, canlı aləmə - biosferə xoşa gəlməyən,  sağlamlığımıza mənfi təsir göstərən bir sıra istehsalatlar mövcud idi. Bu cür istehsalatlarda texnoloji proses zamanı əmələ gələn qaz və maye tullantıları ətrafa (atmosferə) yayılmaqla ekoloji gərginlik yaradırdı. Məhz bunlarla bahəm bərk aqreqat halında sənaye və məişət tullantılari da ekosistemə mənfi təsir göstərirdi. Belə arzu-olunmaz tullantılardan plastik kütlə - polimer tullantılarını misal göstərmək olar. Müasir elmi-texniki tərəqqi dövründə istismar qabiliyyətli plastik kütlə - polimer istehsalı dünyada gündən-günə artmaqdadır. Bununla yanaşı, onların aralıq (yan) məhsulları və tullantıları da çoxalır.

Plastik kütlə və polimer tullantıları təbiətdə öz-özünə uzun zaman çürümür, həll olmur və utilləşdirilmədiyindən təbiətdə (yerdə) qalaraq ekotarazlığı, yəni ekosistemi pozur.

Təbiətin flora və faunasını qorumaq üçün ətrafa atılan zəhərli atqıların utilləşdirilməsi və zəhərliliyin minimum həddə endirilməsi zamanın aktual problemidir. Ekosistemin sabitliyinin saxlanılması istiqamətində bir sıra texnoloji tədbirlərin həyata keçirilməsi zəruri sayılır. Tullantısız qapalı texnoloji proseslərin yaradılmasının vüsət alması - ətraf mühitə atılan zəhərli (toksiki) birləşmələrin ləğv edilməsi məqsədilə innovasiya yönümlü texnoloji proseslərə yiyələnmək vacibdir. Mənəvi və fiziki köhnəlmiş proseslərin təkmilləşdirilməsi, toksiki birləşmələrin utilləşdirilməsi və ya zərərsizləşdirilməsi, təkrar emal üsullarının yaradılmasına geniş yer verilməsi, mənimsənilməsi və tətbiqi aktual məsələdir.

Ekosistemin funksiyaları ekoloji prosesləri tənzimləməklə həyat sistemlərini və sabitliyi təmin etməkdədir. O, həmçinin canlı və cansız varlıq arasında tarazlığı təmin edir. Biosferdə komponentlər arasında dövran yaradır, vəhşi heyvanlar və bitkilər üçün yaşayış tərzini saxlayır, eləcə də əsas ekoloji prosesləri idarə edir. Ekosistem normal enerji axınının, o cümlədən karbon, enerji, azot, oksigen və su dövranı proseslərinin qorunmasına dəstək olur. Bunlarla yanaşı, ekosistemlər otlaqların idarə olunmasında, meşə təsərrüfatında, əkin sahələrində bioloji tədqiqatlarda, torpağın münbitliyinin qorunmasında təbiətdə mühüm rol oynayır. İnsan fəaliyyətinin təbiətin varlığına şüursuz yanaşma tərzi, ilkin təbii ərazilərin məhv edilməsində yaşayış tərzinin itirilməsi, meşə yanğınları, kənd təsərrüfatı sahələrinin süni genişləndirilməsi, plastik-polimer tullantıların çoxalması ilə ətraf mühitin çirklənməsi,  ehtiyatların səmərəsiz istifadəsi və s.  nəhayət, iqlim böhranı ilə nəticələnir. Deməli, dayanıqlı ekosistem yaşamağımız üçün vacibdir. Odur ki,  ekosistemlərin sabitliyini qorumaq gərək və labüddür! 

Yer üzərindəki həyatı anlamaq, ona  nail olmaq gərəkdir. Bunun üçün tullantıları, bioloji varlığın itkisini azaltmaq, təkrar emal üsuluna məqsədyönlü geniş yer vermək, təbii təbiət qoruqları, parklar yaratmaq,  yaşıl sahələri artırmaq, meşələri bərpa etmək, suyu qorumaq lazımdır. Məqsədsiz qazıntı işlərini azaltmaq, enerjiyə qənaət etmək, bir sözlə, iqlim dəyişikliyi ilə mübarizə aparmaqla ekosistemləri sabit saxlamağa səy göstərmək hər birimizin müqəddəs vəzifəsi və borcu olmalıdır. Lakin  təəssüf  ki, ekosistemlərin pozulması bizdən asılı olmayan  səbəblərdən də  baş verir: yanğınlar, daşqınlar, fırtınalar, tufanlar, vulkan püskürmələri, zəlzələ kimi təbii fəlakətlər ... Bunlar hamısı təhlükəlidir.

İstehsalat qazlarının atmosferə atılması nəticəsində yer isinir, buzlaqlar əriyir, güclü yağışlar, sel və quraqlıq nəticəsində təbii həyat tərzi qeyri-normal hala düşür.

Kimya və neft kimya sənayesinin əksər sahələrinin mütamadi inkişafı nəticəsində ətrafa atılan atqıların çoxalması səbəbindən biosfer daim çirklənərək qlobal ekoloji gərginlik yaradır. Bu təhlükəli ekoloji problemin həlli yollarının elmi əsaslara söykənərək axtarışı və həlli bu gün bütün alimləri ciddi düşündürməlidir. Bəşər övladı təbiətin qanunlarına qarşı çıxaraq təbii sərvətlərdən şüurlu-şüursuz, məsuliyyətsiz-səmərəsiz istifadə etməklə ətraf mühitin, nəticədə ekosistemin pozulmasına şərait yaradır. Təbii sərvətlərin səmərəsiz istismarı təbiətdə böyük bəlaya çevrilən sənaye və məişət tullantılarının gündən-günə artmasına gətirib çıxarır. Elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar son məqsədli məhsulların alınması ilə yanaşı, külli miqdarda "yan" məhsullar və tullantılar da əmələ gəlir, bununla da ekoloji tarazlıq pozulur. Ekosistem dəyişilir,  insanların sağlam həyat tərzinə ciddi təhlükə yaranır. Vurğulayaq ki, belə təhlükəli bəlalardan qurtarmaq  əzmi ilə çalışmaq, tullantısız və az tullantılı qapalı texnologiyaların istehsalata tətbiqini genişləndirmək, təbii sərvətlərin səmərəli istismarına yiyələnmək, ətraf mühitin mühafizəsinə - ekosistemin dayanıqlı olmasına nail olmaq  təxirəsalınmaz məsələdir. Problemlərin həllinə nail olmaq məqsədilə təbiətə laqeyd münasibət yox, onunla doğma, həssas münasibət yaratmaq labüddür. Bunun üçün ekoloji mədəniyyət, ekoloji bilik və ekoloji tərbiyə əsas başlıca amildir. Əgər bunlara yiyələnməsək,  Yer kürəsi ekoloji böhran içində çabalaya-çabalaya qalacaq. 

Son illər dünyada müxtəlif təhlükəli yoluxucu xəstəliklər də çoxalmaqda və insanlara mənfi təsiri güclənməkdədir. Bundan qismən də olsa yaxa qurtarmaq üçün əfsus ki, vahid, yekdil,  innovasiya yönümlü müasir texnoloji proqram hələlik məlum deyil.

Ekosistem dəyişikliyi dəniz və okeanların ekologiyasına da mənfi təsir göstərir. Bir tərəfdən suda yaşayan balıqların həyat tərzi - yaşaması çətinləşir, digər tərəfdən isə su ehtiyatlarının azalması, dəniz, göl və çayların səviyyəsinin aşağı düşməsi ilə sahilyanı ekosistem dəyişikliyi baş verir.

İndi  su problemləri də gündəmdədir. Göl, dəniz və çayların suyunun azalması hadisələri baş verir.  Məsələn, Xəzər dənizinin ekologiyasının, onun ekosisteminin qorunması  dünya əhəmiyyətli məsələdir. Bioloji zənginliyinə görə analoqu olmayan bənzərsiz Xəzərimiz Tanrının bizlərə töhfə kimi bəxş etdiyi müqəddəs varlıq,  əvəzsiz nemətdir. 

Xəzərin möcüzəli qeyri-adiliyinin biri də odur ki, o,  100-dən çox axar şirin su, axar çayları qəbul edir. Lakin buna baxmayaraq, duzludur. Möcüzə deyilmi? Belə zəngin ehtiyat mənbəyinə məxsus nemətin ekosisteminə diqqət yetirməmək, məsuliyyətsiz yanaşmaq  qəbahətdir.

Xəzəryanı ölkələrin hamısı bu dənizin ekologiyasına, ekosisteminin saxlanılmasına ciddi yanaşmalıdırlar, əməli işlər görməlidirlər. Bu, bir borcdur. Lakin bizim paytaxt şəhərimiz  Bakı onun sahilində yerləşdiyi üçün  məsuliyyətimiz  daha çoxdur. Odur ki,  Xəzərə axıdılan çirkablar sıfırlanmalı,  təmizlik üçün maksimum səy göstərilməli, məsələyə son dərəcə həssaslıqla yanaşılmalıdır.

Onu da deyək ki, Xəzərə axıdılan çirkabların yarısından çoxu Volqa çayının hesabına baş verir. Çoxlu sayda üzvi birləşmələr, eləcə də azot-fosforlu birləşmələr, çirkablı duzlar, qələvilər, yuyucu vasitələrin, karbohidrogen qarışıqlarının Xəzərə axıdılması yumşaq desək, qəbahətdir. Xəzərin flora və faunasının məhv edilməsi  onun ekosisteminə ciddi mənfi təsir göstərən amildir. Çox nadir nemətin, əksəriyyəti Xəzərdə yaşayan nərə balığının nəslinin kəsilməsinə yol verməməliyik. 

Xəzərin çirklənməsində digər antropogen amillərlə yanaşı, insanların sahilboyu çimərliklərdə, istirahət yerlərində məsuliyyətsizliyi səbəbi də var. Doğrudur, ölkəmizdə  Xəzərin akvatoriyasının təmizliyini qorumaq üçün kompleks tədbirlər həyata keçirilir. Məmnunluqla qeyd edək ki,  Prezident İlham  Əliyevin 2008-ci il iyunun 19-da imzaladığı Xəzər dənizinin çirklənmədən qorunması üzrə əlavə tədbirlər planı haqqında sərəncamını, 2020-ci ilin  respublikada "Ekologiya ili" elan olunmasını, "Xəzər Elmi-Tədqiqat Mərkəzi"nin yaradılmasını təkcə Azərbaycan alimləri deyil, bütövlüklə Xəzəryanı ölkələrin alimləri də böyük rəğbətlə qarşıladılar. 

Sudan danışarkən onu da qeyd edək ki, insanlar sudan istifadə məsələsində lazımsız israfçılığa yol verirlər. Təsadüfi deyil ki, bu il  yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirildi. Müşavirənin geniş materiallarının özü də, əslində, bu məsələnin həlli yolunda bir proqramdır.

Ekosistemin sabitliyini saxlamağın əsas  şərtlərindən  biri də  dadlı və ləzzətli meyvə-tərəvəz yetişdirən  Abşeron-Sumqayıt torpağının münbitliyini, ilkin bərəkətini özünə qaytarmaqdır. Bu istiqamətdə vaxt  itirmədən əməli fəaliyyətə  başlamaq məqamıdır. 

Qeyd olunanlarla yanaşı, daha bir ekoloji problem var. Müasir elmi-texniki tərəqqinin sürətli, genişmiqyaslı inkişafı nəticəsində tələbata əsasən  yüz minlərlə, bəlkə də daha çox kosmik aparatlar (qurğular) orbitdə nizamlı-nizamsız olaraq dövr edir. Kosmik aparatların istismar dövrü müddəti sona çatdıqdan sonra əmələ gələn kosmik tullantılar - kosmik aparatların qırıntıları  səma qatlarını keçərək atmosferə-biosferə daxil olur, son məkanda litosferə (torpağa) və ya hidrosferə (çay, göl, dəniz, okean) düşərkən həm də radiasiya axını yaratmaqla ətraf mühitə təhlükəli təsirini göstərir.

Bu qeydləri qələmə alarkən mətbuatda  Böyükşor gölünün səthində dayanıqlı çirkablı köpüyün əmələ gəlməsi barədə verilən xəbər   məni   daha bir problemdən yan keçməməyə sövq etdi. Sözsüz ki, belə çirkablı su və çirkli köpüklərin əmələ gəlməsini birmənalı olaraq özümüz, biz insanlar yaradırıq. Gölətrafı, sahilyanı ərazilərdə qanunsuz məskunlaşan insanlar (sakinlər) təbiətə, o cümlədən nəfəs aldığı havaya qənim kəsilirlər. Ətrafda yaşayan insanların mütəmadi olaraq çoxlu miqdarda məişət tullantılarını gölə atması, həmin atqıların gölün dibinə çökməsi və orada da tədricən həll olması nəticəsində gölün su səthinə qalxması, suyun səthi gərilməsinin azaldılması və sonda köpüklərin yaranması baş verir. Beləliklə, çirkablı səthi aktiv xassəli birləşmələr əmələ gəlir. Gölün səthində yığılan köpüklərin ləğv edilməsi əsas məqsəd olmamalıdır. Bu, düzgün yanaşma deyil. Əsas məqsəd gölün dibində yığılıb qalmış zəhərli tullantılardan azad olmasıdır. Bu məsələdə ciddi ekoloji, həm də ictimai nəzarət lazımdır. Ətraf mühitə  məişət və istehsalat tullantılarının atılmasının qarşısının alınması üçün əməli tədbirlər görülməlidir. Ümumiyyətlə, respublikanın hər guşəsində, xüsusən, Bakı və Abşeron yarımadasında, Sumqayıtda kanalizasiya xətlərinin tutulması çirkab suların küçələrə, dənizlərə, göllərə, məhəllələrə və s. axıdılması yolverilməzdir, hətta deyərdim ki, cinayətdir.

 Vətənini, xalqını  sevən hər bir şəxs üçün ekologiyamızın saflığını  qorumaq sağlamlığımızı, gələcəyimizi, sabahımızı qorumaq deməkdir. Sabahımızı isə  bu gündən qorumalıyıq.


Valeh CƏFƏROV,

AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin növbəti plenar iclası keçirilir

11:23
20 Fevral

Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri başa çatıb

11:22
20 Fevral

İnam Kərimov: Məhkəmələrdə İKT-nin inkişafı və süni intellektin tətbiqi mürəkkəb işlərin analizində əhəmiyyətli rol oynayacaq  

11:21
20 Fevral

TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusu əldə etməsi istiqamətində Yol Xəritəsi hazırlanıb

11:20
20 Fevral

ABŞ-nin ticarət kəsiri 2025-ci ildə rekord həddə çatıb

11:18
20 Fevral

Neftin bahalaşması bazarın geosiyasi proseslərə reaksiyasıdır

11:17
20 Fevral

Ötən gün 77 cinayətin açılması təmin edilib

11:15
20 Fevral

NASA “Starliner” missiyasının uğursuzluğu ilə bağlı hesabat təqdim edib

11:14
20 Fevral

Dünya bazarında qızıl 27 dollaradək bahalaşıb

11:11
20 Fevral

Azərbaycan Hakimlərinin II Forumu keçirilir 

11:08
20 Fevral

Parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmiz əleyhinə aparılan hibrid hücumlara dair açıqlama yayıb  

11:01
20 Fevral

ABŞ-nin Yaxın Şərqdə kifayət qədər qüvvə toplaması İrana hücum ehtimalını artırır

10:57
20 Fevral

İnam Kərimov: Bu il hakimlərin sayının 700-ü keçməsi proqnozlaşdırılır

10:47
20 Fevral

Ramiz Rzayev: Hakimlər cəmiyyətin ədalətə olan inamının əsas təminatçısıdırlar  

10:32
20 Fevral

Dünya birjalarında neft bahalaşıb 

10:23
20 Fevral

Pentaqon: ABŞ son iki ildə Kiyevə yardımı 40 dəfədən çox azaldıb  

10:17
20 Fevral

Kubanın iflasına az qalıb: Nə neft var, nə pul...

10:12
20 Fevral

UEFA Avropa Liqası: “Ştutqart” böyük hesabla qalib gəlib

10:03
20 Fevral

Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşır

09:51
20 Fevral

Azərbaycan Milli QHT Forumu İsveçrənin Azərbaycandakı səfirinə açıq məktub ünvanlayıb  

09:50
20 Fevral

Elektron siqaretlərin qadağan olunması zərurət idi

08:50
20 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!