Xalqımız Ulu Öndər Heydər Əliyevin Azərbaycan naminə gördüyü böyük işləri illərlə, əsrlərlə unutmayacaq, bu dahi rəhbərə tarix boyu öz ehtiramını ifadə edəcək. Çünki müasir Azərbaycanın müstəqillik tarixi, inkişafı, eləcə də respublikamızın sovetlər dövründəki uğurları, xalqımızın tanıdılması, şöhrət qazanması məhz Heydər Əliyevin adı, fəaliyyəti və yüksək təşkilatçılıq bacarığı, siyasi iradəsi, müdrikliyi ilə bağlıdır.
Heydər Əliyev hakimiyyətə gəldiyi, respublikaya rəhbərlik etdiyi hər iki çətin dövrdə geridə qalan, tanınmayan, eləcə də təlatümlər içərisində çarpışan, parçalanmaq qorxusu altında olan, qarşıdurmaların meydanına çevrilən, torpaqları işğal edilən, böhranlı bir Azərbaycanı iqtisadi göstəriciləri ilə seçilən, ittifaqda qabaqcıllar sırasına çıxan, uğurları ilə tanınan və qiymətləndirilən, müstəqillik dövründə isə tam fərqli bir formasiyaya qədəm qoyan, möhtəşəm layihələrə imza atan, dünyaya haqq səsini ucaldan - bugünkü qələbələrimizin əsasını qoyan bir Azərbaycana çevirdi, yaratdı, qurdu.
Hər iki - sovet Azərbaycanı və müstəqil Azərbaycan Ulu Öndərimiz üçün bütöv, vahid, bölünməz idi. İctimai-siyasi vəziyyət Heydər Əliyevin vətən, xalq, torpaq sevgisinə, insana qayğısına, vətəndaşlıq borcuna, andına, məsləkinə, inamına heç vaxt kölgə sala bilməmişdi və onu tutduğu yoldan - ədalətdən, həqiqətdən, vətənpərvərlikdən çəkindirməyi bacarmadı. Siyasi müdriklik, insanlara inam, möhkəm iradə və təşkilatçılıq, təmkinli, cəsarətli addımlar, tarixinə, dilinə, dininə, milli-mənəvi dəyərlərinə hörmət, azərbaycançılıq Heydər Əliyevin fəaliyyətinin səciyyəvi xüsusiyyətlərindən idi və o, bu amallara ömrünün sonuna kimi sadiq qaldı. "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır", "Tarix həmişə hər şeyi öz yerinə qoyur", "Öz ana dilini bilməyən adamlar şikəst adamlardır", "Xalq gərək daim öz kökünü xatırlasın" ifadələrinin mayasında Heydər Əliyevin ürəyinin döyüntüsü, istəyinin səsi, inamının məğlubedilməzliyi yurd salmışdır.
Ümummilli Lider dövlət vəzifələrində çalışdığı bütün dövrlərdə öz səlahiyyətlərindən, imkanlarından dövlətin və xalqın inkişafı, rifahı üçün istifadə etmiş, ən çətin anlarda öz xalqının yanında olmuşdur. 1969-1982-ci illərdə Azərbaycanı iqtisadi, mənəvi böhrandan, 1993-cü ildə qarşıdurmalardan, parçalanmadan xilas edən, müstəqilliyimizi qoruyub saxlayan, o illərdə bu günümüzün möhkəm bünövrəsini qoyan Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə göstərdiyi xidmətlər, həyata keçirdiyi mühüm tədbirlər, həyatı bahasına insanlarımızın xilası, xoşbəxtliyi uğrunda atdığı cəsarətli addımlar, siyasi gedişlər hesabagəlməzdir. Azərbaycan xalqı bu xidmətləri unutmaz və heç vaxt unutmayacaq. Çünki bu xidmətlər nəinki respublikamızın dünəninə, əslində, bu gününə, gələcəyinə hesablanmışdı. Heydər Əliyev əsrlərlə irəlini görən, Azərbaycanın müstəqilliyinə, torpaqlarımızın azadlığına, suverenliyimizin tam təmin olunacağına inanan və bunu əvvəlcədən görən bir rəhbər, qətiyyətli insan, sədaqətli vətəndaş idi. Sovetlər hakimiyyətinin hökm etdiyi bir vaxtda dövlətin rəhbəri M.Qorbaçovu Azərbaycan xalqının düşməni adlandırmaq, mənfur siyasətinə qarşı çıxıb tənqid etmək, Azərbaycanın üçrəngli bayrağını Naxçıvanda ucaltmaq, ovaxtkı respublika rəhbərini səriştəsizlikdə, dönüklükdə ittiham etmək, insanları müstəqillik uğrunda mübarizəyə səsləmək böyük cəsarət, qətiyyət, özünə inam tələb edirdi və bunu yalnız Heydər Əliyev kimi xalqına ürəkdən bağlı olan şəxsiyyət bacara bilərdi.
Ulu Öndər bu günümüz və gələcəyimiz üçün canını, həyatını qurban verdi və xoşbəxt sabahımızı təmin etdi. İlk növbədə bu yol ictimai-siyasi sabitlikdən, iqtisadi inkişafdan, xalqın birliyindən keçirdi və dahi rəhbər dövrün reallıqlarını, hadisələrin gedişini zərgər dəqiqliyi ilə nəzərə alaraq qətiyyətli tədbirlər görürdü. Bu xüsusiyyətlər Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərinə aiddir və o, yaxşı bilirdi ki, ölkədə ictimai-siyasi sabitliyi, həmrəyliyi, birliyi təmin etmədən, iqtisadiyyatı dirçəltmədən heç bir uğura nail olmaq, xalqın rifahını tam təmin etmək mümkün deyildir. Heydər Əliyev 1993-cü ildən sonrakı fəaliyyəti bu əsasda daha xarakterik və yaddaqalandır. O, ölkədə hərc-mərcliyin, özbaşınalığın hökm sürdüyü, vətəndaş müharibəsinin yetişdiyi, torpaqlarımızın erməni təcavüzkarları tərəfindən işğal edildiyi və işğalın günbəgün genişləndirildiyi bir vaxtda ikinci dəfə hakimiyyətə gəldi. Qarşıya qoyduğu başlıca vəzifə - insanları ələ almaq, birləşdirmək, sabitlik yaratmaq, silahlı qruplaşdırmaları ləğv etmək, çətin günlərdə atəşkəsə nail olmaq oldu. Əlbəttə bu, o dövrdə ən düzgün, düşünülmüş yol və Heydər Əliyev tərəfindən ustalıqla seçilmiş istiqamət idi. Ulu Öndər bu yolu çox uğurla keçdi, qarşıya qoyduğu vəzifəni məharətlə yerinə yetirdi və sonrakı gedişdə iqtisadi məsələləri ön plana çəkdi. Bu, Heydər Əliyevin müdrikcəsinə işləyib hazırladığı neft strategiyası idi. Müstəqilliyini yenicə qazanan, işğala və xarici təsirlərə məruz qalan, böhranın hökm sürdüyü o çətin günlərdə "Əsrin müqaviləsi"nin imzalanması asan məsələ deyildi. Bu sazişin imzalanması Azərbaycanı iqtisadi böhrandan çıxarmaqda, ordunu gücləndirməkdə, iqtisadiyyatı dirçəltməkdə, xalqın güzəranını müəyyən dərəcədə yaxşılaşdırmaqda başlıca rol oynayırdı.
Heydər Əliyev hakimiyyətdə olduğu illərdə Azərbaycanın yeraltı və yerüstü sərvətlərindən istifadənin səmərəli yollarını dəfələrlə araşdırmış və hansı istiqamətlərə yönəldilməsini müəyyənləşdirmişdi. "Əsrin müqaviləsi"nin imzalanması, zəngin enerji potensialına malik ölkəmizin təbii sərvətlərindən düşünülmüş, xalqın və dövlətin maraqları, mənafeyi naminə istifadə edilməsi Heydər Əliyevin arzusu yox, amalı və əməli idi. Bu müqavilənin imzalanması Azərbaycanın iqtisadi cəhətdən tam müstəqil bir dövlət olduğunu sübut etməklə bərabər, həm də Ümummilli Liderimizin dünyada böyük hörmətə və ehtirama layiq siyasətçi, rəhbər olduğunu sübut etdi.
Dahi rəhbərin şah əsəri olan neft strategiyası Azərbaycan intibahının iqtisadi, siyasi, sosial yüksəlişinin əsasını qoymaqla, dünyaya çıxış, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi üçün böyük imkanlar yaratdı. "Əsrin müqaviləsi"ndən sonra respublikamıza maraq daha da artdı və o, bir çox mühüm layihələrin həyata keçirilməsi, imzalanması üçün əsasa çevrilməklə yanaşı, dövlətimizə qarşı yönəlmiş bir çox məkrli niyyətin qarşısını aldı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərindən sonra "Cənub qaz dəhlizi"nin istifadəyə verilməsi ilə o illərdə açıqlanan proqnozlar, təşəbbüslər indi həyatda öz əksini tapır. Prezident İlham Əliyev Ulu Öndərin neft strategiyasını çox uğurla davam etdirir və yeni layihələrə imza atmaqla dövlətimizi tək neft-qaz ölkəsi kimi deyil, alternativ enerji mənbələrinə, nəqliyyat marşrutlarına malik bir ölkə kimi tanıdır. İstismar müddəti 2050-ci ilədək uzadılan Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan, eyni zamanda Türkmənistanın, Qazaxıstanın da nefti dünya bazarlarına çıxarılır.
Təhlükəsizlik, iqtisadiyyat, enerji və təminat məsələlərini əhatə edən Orta dəhliz layihəsinin əsas iştirakçılarından biri olan, bərpaolunan enerji mənbələrindən istifadə sahəsində mühüm tədbirləri reallaşdıran və zəngin təcrübə qazanan Azərbaycanın enerji diplomatiyasının uğurları, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin beynəlxalq və regional əhəmiyyətini artırır. Haqlı olaraq qeyd edilir ki, qitə dövlətlərinin əsas enerji ixracatçısı kimi diqqəti cəlb edən Azərbaycanın "yaşıl enerji" sahəsində əldə etdiyi nailiyyətlər, bərpaolunan enerji potensialının artması, quruda külək və günəş enerjisinin həcminin 27 qiqavatdan çox olması, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisinin 157 qiqavat təşkil etməsi Ulu Öndər Heydər Əliyevin qarşıdakı onilliklər üçün müəyyənləşdirdiyi neft strategiyasının təkzibolunmaz uğurlarıdır. Bu uğurlar cənab İlham Əliyevə daha möhtəşəm layihələrə imza atmağa imkan verməklə Azərbaycanın dünyada enerji təhlükəsizlikləri ilə bağlı mövqeyini möhkəmləndirir. Ölkəmizin rəhbərinin Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan Muxtar Respublikasını xalis sıfır emissiyalı "yaşıl enerji zonası" elan etməsi mütərəqqi siyasətə dəstək verilməsinin nümunəsidir. COP29-un Liderlər Sammitinin açılış mərasimində Şimal və Cənubun, Qərb və Şərqin qovuşduğu məkanda yerləşən Azərbaycanın çoxtərəfli əməkdaşlığa, enerji təhlükəsizliyinin təmin olunmasına böyük önəm verdiyini diqqətə çatdıran Prezident İlham Əliyevin qeyd etdiyi kimi, çoxtərəfliliyin tərəfdarı olan Azərbaycan, eyni zamanda mədəniyyətlərarası dialoqa töhfə verən ölkədir.
"Heydər Əliyev siyasəti Azərbaycana böyük uğurlar gətirib" ifadələrini dəfələrlə səsləndirən və bu siyasətə öz sadiqliyini, ehtiramını əməli fəaliyyəti ilə sübut edən cənab İlham Əliyev bu gün öz əməlləri, çağırışları, bəyanatları ilə dünyaya nümunə göstərir, Azərbaycanı qurur, ucaldır və şöhrətləndirir. "Əsrin müqaviləsi" ilə başlayan, "Cənub qaz dəhlizi" ilə əlaqələri möhkəmləndirən, ölkələri birləşdirən, COP29 kimi dünya əhəmiyyətli bir tədbirə evsahibliyi edən və iqlim dəyişikliklərinin yaratdığı ciddi problemlərin aradan qaldırılmasına böyük töhfə verən, enerji siyasətinə "Yaşıl dünya naminə həmrəylik" çağırışları bəşəriyyətə bir daha elan edən Azərbaycanın siyasi gedişlərinin dəstəklənməsi və dövlətimizin uğurlarının dünya dövlətləri tərəfindən qiymətləndirilməsi Ulu Öndərimizin ölməz ideyalarının cənab İlham Əliyev tərəfindən bacarıqla, uzaqgörənliklə yerinə yetirilməsinin nəticəsidir.
Torpaqlarımızın düşməndən azad edilməsi, suverenliyimizin tam bərpa olunması, keçmiş köçkünlərin öz ata-baba yurdlarına qayıtması, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında möhtəşəm bərpa, tikinti-təmir, quruculuq işlərinin həyata keçirilməsi Heydər Əliyev vəsiyyətlərinin, arzularının həyata keçirilməsi, öz əməlləri ilə Azərbaycan xalqının, nəsillərin qəlbində əbədiləşən dahi şəxsiyyətin, rəhbərin ruhunun sevindirilməsidir. Cənab İlham Əliyev 30 il düşmən tapdağı altında inləyən torpaqlarımızı, viran edilən şəhər və kəndlərimizi, dağıdılan tarixi, dini, mədəni abidələrimizi düşməndən azad etməklə nəinki ata vəsiyyətinə əməl etdi, şəhidlərimizin ruhunu sevindirdi, nisgilli bacı-qardaşlarımızın, ata-analarımızın yaralarına məlhəm qoydu, eləcə də dünyaya iradəli, uzaqgörən, cəsarətli dövlət başçısı, mübariz, döyüşkən, bir olan xalq, güclü ordu və yenilməyən, qalib Azərbaycan təqdim etdi. Elə bir Azərbaycan ki, o, Heydər Əliyevin ideyaları ilə silahlanıb, İlham Əliyev kimi cəsarətli rəhbəri, Ali Baş Komandanı, döyüşkən xalq və ordusu vardır. Bu birlik, cəsarət və sədaqətlə Azərbaycan daha böyük uğurlara yollar açır və Ulu Öndərimizə əbədi, əsrlər boyu yaşayacaq və xatırlanacaq bir ömür bəxş edir.
Tahir RZAYEV,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri