Müasir dünyada təhlükəsizlik, bəlkə də dövlətin gücünün və səmərəliliyinin əsas göstəricisinə çevrilib. Bu gün yalnız zəngin təbii sərvətlərə, əlverişli coğrafi mövqeyə və ya güclü orduya malik olmaq kifayət deyil. Əsl dayanıqlılığa yalnız o ölkə nail olur ki, öz vətəndaşlarına sülh, sabitlik və sabaha inam təmin edə bilir. Azərbaycan məhz belə bir dövlətdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söyləyib.
O bildirib ki, Azərbaycan dünyanın ən mürəkkəb regionlarından birində – böyük dövlətlərin maraqlarının kəsişdiyi, silahlı münaqişələr, dini ekstremizm, separatizm və beynəlxalq terrorizm ocaqlarına yaxın bir məkanda yerləşib. Elə görünürdü ki, coğrafiyanın özü ölkəni daimi qeyri-sabitliyə və daxili təhdidlərə məhkum edib. Lakin Azərbaycan bunun əksini sübut etməyi bacardı.
Bu gün ölkəmiz terror təhlükəsi baxımından dünyanın ən təhlükəsiz dövlətləri sırasındadır. “Global Terrorism Index 2026” hesabatına əsasən, Azərbaycan 0,123 indekslə 1-dən 100-dək artan mümkün reytinq həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytinqə sahib olub.
Bu, nə təsadüfdür, nə də müvəqqəti nəticə. Bu, uzun illər ərzində həyata keçirilən ardıcıl, düşünülmüş və məqsədyönlü dövlət siyasətinin nəticəsidir.
Bu uğurun əsas müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. Məhz Prezidentin siyasi iradəsi, strateji düşüncəsi və uzaqgörənliyi sayəsində Azərbaycan uzun illər müharibə və xarici təzyiqlər şəraitində yaşayan bir ölkədən bu gün sabitlik və təhlükəsizlik adası kimi qəbul edilən bir dövlətə çevrilib.
Prezidentin rəhbərliyi ilə müasir və səmərəli milli təhlükəsizlik sistemi formalaşdırılıb. Hüquq-mühafizə orqanları, xüsusi xidmət strukturları və Silahlı Qüvvələr əhəmiyyətli dərəcədə gücləndirilib. Dövlət sərhədlərə nəzarəti ciddi şəkildə artırıb, radikalizm və təxribat fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirləri genişləndirib, ictimai təhlükəsizliyin təmin olunması üçün müasir texnologiyalar və mexanizmlər tətbiq edib.
"Prezident İlham Əliyevin siyasətinin gücü ondadır ki, təhlükəsizlik məsələlərinə daha geniş prizmadan yanaşılıb. Terrorizmə və ekstremizmə yalnız güc strukturlarının fəaliyyəti ilə qalib gəlmək mümkün deyil. Bunun üçün radikal meyllərin yaranmasına zəmin yaradan səbəbləri aradan qaldırmaq lazımdır.
Məhz buna görə də Azərbaycanda təhlükəsizliyin möhkəmləndirilməsi ilə yanaşı, genişmiqyaslı iqtisadi inkişaf və sosial sabitlik siyasəti həyata keçirilib. Son illərdə ölkədə iri infrastruktur layihələri reallaşdırılıb, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. İnsanlar hiss etməlidirlər ki, dövlət onların maraqlarını qoruyur və onlara gələcək perspektivi verir. Bu isə daxili dayanıqlığın ən vacib amillərindən biridir”, -deyə Komitə sədri qeyd edib.