Bakıda reallaşdırılan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası tarixi günlərini yaşayır. Həm COP29-un Liderlər Sammiti, həm kiçik ada dövlətlərinin bu tədbir çərçivəsində keçirilən sammiti, həm də panel iclasları, konfranslar, görüşlər, əməkdaşlıq əlaqələri ilə bağlı imzalanan sazişlər, qəbul edilən bəyannamələr dünya ictimaiyyəti tərəfindən maraqla izlənilir.
COP29-un keçirildiyi günlərdə beynəlxalq aləmdə bu mövzuda müzakirələrə geniş yer verilir, mötəbər tədbirin yüksək səviyyədə uğurlu təşkili xüsusi qeyd edilir. Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyev çıxışında Azərbaycanın iqlim dəyişmələri ilə mübarizədəki rolunu göstərməklə yanaşı, eyni zamanda ölkəmizin qlobal arenadakı strateji əhəmiyyətini geniş şəkildə vurğuladı.
Dövlət başçısının toxunduğu məqamlar, ümumilikdə ölkəmizin evsahibliyi etdiyi COP29-a qlobal maraq, bədxahlarımızın bu tədbirə mane olmaq üçün bütün cidd-cəhdlərinə rəğmən dünyanın Azərbaycanda toplaşması təkcə dövlətimizin "yaşıl enerji" keçidinin sürətləndirilməsinə deyil, həm də beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün möhkəm bir platforma olacağına əminliyi daha da artırdı. Azərbaycanın "yaşıl gündəliy"i, multikulturalizm siyasəti və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr ölkəmizin dayanıqlı inkişaf yolunda olduğunu bir daha təsdiqlədi. Bu tədbir həm də Azərbaycanın öz tarixini və milli maraqlarını qoruyaraq qlobal proseslərə necə fəal şəkildə qoşulduğunu göstərdi.
Şimalla Cənub, Qərblə Şərq arasında körpü
Prezident İlham Əliyev çıxışında ötən il təxminən 200 ölkənin COP29 tədbirinə məhz Bakının evsahibliyi etməsi barədə yekdil qərarının beynəlxalq səviyyədə Azərbaycanın qlobal aləmdə fəal rolunun bir göstəricisi olduğunu vurğuladı. Bu rol, təbii ki, həm də ölkəmizin coğrafi və strateji mövqelərindən irəli gəlir. Azərbaycanın Şimalla Cənub, Qərblə Şərq arasında yerləşməsi respublikamızın yalnız coğrafi deyil, həm də siyasi və iqtisadi körpü rolu oynadığını göstərir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın müxtəlif beynəlxalq iştirakçılar arasında enerji, ticarət və nəqliyyat sahələrində məhsuldar əməkdaşlıq formatları yaratdığını qeyd etdi. "Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib", -deyə Prezident İlham Əliyev vurğuladı.
Bu yanaşma Azərbaycanın qlobal enerji və logistika mərkəzi kimi mövqeyini gücləndirir. Dövlət başçısı çıxışında onu da bildirdi ki, Azərbaycanın 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində Qoşulmama Hərəkatına uğurla sədrliyi, bu illər ərzində təsisatın inkişafı istiqamətində gördüyü parlaq işlər ölkəmizin bəşəriyyətin gələcəyi naminə qlobal əməkdaşlıqların qurulması və möhkəmləndirilməsi üzrə böyük əzmə və imkanlara malik olmasını göstərir.
Daha təmiz dünya naminə "yaşıl bölgə"
Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizlənməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, ötən onilliklər ərzində özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkə qura bilib. Hazırda Qarabağın, Şərqi Zəngəzurun işğaldan azad edilməsi bu bölgələrdə iqtisadi və ekoloji bərpa işləri üçün yeni imkanlar yaradır. Azərbaycanın "yaşıl gündəliy"i müxtəlif bölgələrimizi əhatə edir. Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları "yaşıl enerji" zonaları elan edilib və bu, ərazimizin, demək olar ki, dörddəbir hissəsidir.
Prezident İlham Əliyev Azərbaycanın "yaşıl enerji" sahəsindəki planlarından da ətraflı danışdı. Dövlət rəhbərimiz diqqətə çatdırdı ki, ölkəmizin bərpaolunan enerji potensialı - quruda 135 giqavat, dənizdə isə 157 giqavatdır. Belə bir potensial Azərbaycanın bu sahədə ciddi addımlar atacağını göstərir. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Birləşmiş Krallıq kimi ölkələrlə əməkdaşlığımız respublikamızın artıq bu sahədə də qlobal tərəfdaşa çevrildiyini göstərir. Azərbaycan Prezidentinin bununla bağlı diqqətə çatdırdığı faktları bir daha yada salaraq qeyd edək ki, ölkəmiz ötən il Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə bir regionumuzda 230 meqavatlıq günəş enerjisi stansiyasının açılışını edib. Səudiyyə Ərəbistanının "Acwa Power" şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir.
COP29 çərçivəsində Birləşmiş Krallığın BP şirkəti ilə 240 meqavatlıq günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. Ölkəmiz 2030-cu ilə qədər təxminən altı giqavatlıq günəş, külək və hidroenerji stansiyalarının inşasını planlaşdırır.
Qeyd edilən faktlar Azərbaycanın bərpaolunan enerji layihələri üzrə uzunmüddətli aydın planlara malik olduğunu, bunları addım-addım həyata keçirdiyini təsdiqləyir.
Riyakarlara cavab
Prezident İlham Əliyev çıxışında ölkəmizin enerji siyasətini müdafiə etməklə yanaşı, Azərbaycanın enerji keçidindəki mövqeyini balanslaşdırılmış bir şəkildə təqdim etdi və aydın mesajlar verdi. Azərbaycanın tarixi enerji mərkəzi statusundan müasir "yaşıl enerji" təşəbbüslərinə keçidini özünəməxsus diplomatik ifadələrlə vurğulayaraq beynəlxalq səviyyədə ədalətli yanaşmanın vacibliyini önə çəkdi. Azərbaycanın real və dayanıqlı enerji siyasəti, beynəlxalq tənqidlərə qarşı qətiyyətli mövqeyi və əməkdaşlığa açıqlığı bu çıxışın əsas müddəalarından oldu.
Azərbaycanın Avropa ilə enerji sahəsindəki strateji tərəfdaşlığı xüsusilə çıxışın mühüm məqamlarından biridir. İki il əvvəl imzalanmış tərəfdaşlıq bəyannaməsi Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfədir. Cənab İlham Əliyev xatırlatdı ki, iki il əvvəl Azərbaycan və Avropa Komissiyasının enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsinə imza atması məhz Avropa Komissiyasının təklifi idi. "Avropa Komissiyasının sədri bu sənədi imzalamaq üçün iki il öncə Bakıya gəldi, çünki geosiyasi vəziyyətin dəyişməsi səbəbindən onlara bizim qaz lazım idi. Onlar bizdən yardım xahiş etdilər. Biz razılaşdıq. Əgər yardımımıza ehtiyac varsa, biz hər zaman kömək etməyə hazırıq. Dedik, yaxşı, biz enerji təhlükəsizliyində Avropaya kömək edəcəyik. İki il əvvəl həmin bəyannaməni imzalayanda qazımızı alan ölkələrin, yəni Avropa ölkələrinin sayı iki idi. İndi isə səkkiz ölkə alır". Dövlət başçısı onu da qeyd etdi ki, Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi Avropada yerləşir. Avropa Komissiyası qaz təchizatının 2027-ci ilə qədər iki dəfə artırılmasını Azərbaycandan xahiş edib: "Bu, Avropa Komissiyasının sədri və mənim tərəfimdən iki il öncə Bakıda imzalanmış bəyannamədə əks olunub. Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib".
Konfransda iştirak edən dövlətlər, onların bütün qitələri təmsil etmələri, habelə ümumi qeydiyyatdan keçən iştirakçıların sayı Qərbin bəzi paytaxtlarında planlaşdırılan, Azərbaycana qarşı qərəzli mövqedə olan mərkəzlər və media orqanları vasitəsilə reallaşdırılan bədxah hərəkətlərin nəticəsiz qaldığının subutudur. Bu dövlətlərin, xüsusilə Fransa kimi azərbaycanofob ölkələrin ssenariləşdirdiyi və hətta COP29-un gedişatında belə müxtəlif yerlərdə erməni diasporunun icra etdiyi təxribatçı aksiyalar rəsmi Bakının uğurları fonunda daha rəzil mənzərəyə səbəb oldu.
Tanrının bəxş etdiyi hədiyyə
Prezident İlham Əliyev Azərbaycanı ədalətsiz şəkildə neft dövləti adlandıran yalançı Qərb mediasının siyasi mədəniyyətinin və biliklərinin çatışmamasını konkret faktlarla sübuta yetirdi. Diqqətə çatdırdı ki, bu gün Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. "Amma dünyada birnömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası bizi neft dövləti adlandırır. Yaxşı olardı ki, ən azı onlar özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən özlərinin qonşuluğundakı ölkəyə baxsınlar. Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir", - deyə Azərbaycan Prezidenti çıxışında xüsusi vurğuladı.
Azərbaycan Prezidenti maraqlı bir müqayisə də apararaq dedi ki, Qərbin yalan xəbər mediasının, dırnaqarası müstəqil QHT-lərinin və bəzi siyasətçilərinin sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxaraq neftimizin olmasında Azərbaycanı ittiham etmələri bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir: "Bu, Tanrının bəxş etdiyi hədiyyədir. Hər bir təbii sərvət - istər neft, qaz, külək, günəş, qızıl, gümüş və mis - bunların hamısı təbii sərvətlərdir. Ölkələr onların olmasına görə günahlandırılmalı və bazarda onlara tələbatın olması səbəbindən onları bazara çıxardıqlarına görə suçlanmalı deyillər. İnsanlara onlar lazımdır. Bir sözlə, mesajım belədir. COP29-un sədri kimi, əlbəttə, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik, lakin eyni zamanda biz realist olmalıyıq".
Beləliklə, bədxahlarımızın Azərbaycana qarşı apardıqları kampaniyalara baxmayaraq COP29 öz işini uğurla aparır və bu, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun, güclü mövqeyinin daha bir təcəssümünə çevrilir.
Mühüm platforma
Bu gün ölkəmizdə keçirilən mötəbər qlobal tədbir - COP29 iqlim dəyişmələrinə yeni yanaşmalar yaradır və müxtəlif maraqlı tərəflər arasında geniş zəmində əməkdaşlığı təşviq edir. Liderlər Sammitində çıxış edən dövlət və hökumət başçıları bu kontekstdən müzakirəyə çıxarılan məsələlərə öz münasibətlərini bildirdilər. BMT-nin Baş katibi Antonio Quterreş çıxışında qeyd etdi ki, artıq itirməyə vaxtımız qalmayıb. İnsanlar, dövlətlər iqlim dəyişmələrinə qarşı mübarizə üçün vəsait ayırmalıdırlar: "Əks halda bu, bəşəriyyətə baha başa gələcək. İqlim maliyyələşməsi xeyixah əməl deyil, bu, bir investisiyadır. Bu, ixtiyari məsələ deyil, məcburi məsələdir. Hər ikisi əvəzolunmaz tədbirdir, bunlar bəşəriyyətin gələcəyi və firavanlığı üçün lazımdır".
Avropa Şurasının prezidenti Şarl Mişel çıxışında dedi ki, Avropa İttifaqı 31 milyard dollar iqlim maliyyələşdirməsinə hazırdır: "Bu, bizim payımıza düşəndən çoxdur, hamını bizdən nümunə götürməyə çağırırıq". Böyük Britaniyanın Baş naziri Kir Starmer isə qeyd etdi ki, Böyük Britaniyanın NDC-si 2035-ci ilədək bütün istixana qazları emissiyalarını 81 faiz azaldacaq. Amerikanın siyasi xadimi Con Podesta dedi: "ABŞ-də ilk dəfə olaraq böyük neft və qaz hasilatçıları buraxdıqları metan üçün ödəniş etməli olacaqlar".
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis çıxışında "biz ağıllı və proqramlı olmalıyıq" söylədi. Keçid ağrısız olmayacaq və əlvə etdi ki, Avropada tənzimlənmənin yenidən qurulmasına ehtiyac var. Hər ölkənin öz yolu olmalıdır. Avropaya uyğunlaşmaq üçün daha çox resurs lazımdır.
İtaliyanın Baş naziri Giorgia Meloni isə bildirdi ki, konsensusa nail olmaq inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlar arasında məsuliyyətlərin bölüşdürülməsini və fərqlərin aradan qaldırılmasını tələb edir. İtaliya Afrika üçün İqlim Fonduna 4 milyard dollardan çox vəsait ayırır. Biz həmçinin yaşıl iqlimi, zərər və ziyan fondlarını dəstəkləyirik.
COP29 çərçivəsində
mühüm tədbirlər
Bu ərəfədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü oldu. Bir çox problemin müzakirəsindən sonra dövlət başçıları "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzaladılar. Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bunu üç ölkə arasında münasibətlərin tarixində əlamətdar hadisə olduğunu vurğuladı: "İmzaladığımız bugünkü Saziş Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır. Mahiyyət etibarilə, Mərkəzi Asiya və Qafqaz regionlarında inteqrasiya prosesləri, nəqliyyat, energetika, ticarətlə bağlı proseslər bu gün deməyə imkan verir ki, bu iki region bir çox məsələdə, o cümlədən "yaşıl enerji"nin inkişafı sahəsində sinxron fəaliyyət göstərir. Biz Özbəkistanda, Qazaxıstanda və Azərbaycanda bərpaolunan enerji mənbələrinin yaradılması üzrə artıq əldə edilmiş böyük planlar və nəticələr haqqında bilirik. Yəni biz, belə demək mümkünsə, paralel kursla gedirik və Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi təkcə üç ölkəmiz arasında deyil, həm də daha geniş miqyasda əməkdaşlıqdır".
Dövlət başçısı Liderlər Sammitindəki çıxışında Azərbaycandan Qara dənizin dibi ilə Avropaya kabel xətti çəkilməsi ilə bağlı ölkəmizin artıq həyata keçirilməkdə olan planlarından danışdı. Xüsusi qeyd olundu ki, bu layihənin texniki-iqtisadi əsaslandırılması tamamlanmaq üzrədir və bununla da Azərbaycan Mərkəzi Asiyanı, Qafqazı, Avropanı, Xəzər və Qara dənizləri vahid enerji dəhlizi ilə birləşdirəcək. Daha sonra Prezident İlham Əliyev dedi: "Xüsusilə sevindirici haldır ki, bu Saziş hər zaman bir-birinə yaxın olan üç qardaş ölkə arasında imzalanır. Özbəkistanla münasibətlərimiz bu il müttəfiqlik münasibətləri səviyyəsinə çatıb, müvafiq saziş imzalanıb. Qazaxıstanla artıq uzun müddətdir ki, strateji tərəfdaş kimi əməkdaşlıq edirik. Qarabağın bərpasında bizə ilk yardım edən ölkələr Özbəkistan və Qazaxıstandır. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına yaradıcılıq mərkəzi bu gün qardaşlığımızın bariz sübutudur. Əminəm ki, biz gələcəkdə də həmişə bir yerdə olacağıq və bir-birimizi dəstəkləyəcəyik".
COP29 çərçivəsində "COP sədrlikləri üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz" adlı tədbir də keçirilib. Görüşdə bildirilib ki, üçlük il ərzində ambisiyaların irəliləməsi, siyasi impulsun artırılması və problemlərin həlli istiqamətində aydın bir trayektoriya izləyərək səylə çalışıb. Bu il Kopenhagendə "Troyka"nın rəsmi təqdimatı olmuşdur. Müəyyənləşdirilmiş Milli Töhfələrə güclü diqqət ayrılmışdır. Ümumiyyətlə, "Troyka" qlobal iqlim gündəmlərində sinerji yaratmaq, həm ambisiya, həm də maliyyə mexanizmlərini irəli aparmaq, eyni zamanda kritik icra problemlərini həll etmək və inkişaf etməkdə olan ölkələrin iqlimə davamlılığını artırmaq üçün fəaliyyət həyata keçirir.
"Troyka" ölkələrinə - Birləşmiş Ərəb Əmirlikləri (COP28), Azərbaycan Respublikası (COP29) və Braziliya (COP30) aiddir.
COP29 çərçivəsində keçirilən tədbirlər, görüşlər göstərir ki, dünya bir daha bizim imkan və bacarıqlarımızın, vətəndaşlarımızın intellektual səviyyəsinin , ümumilikdə isə insan potensialımızın gücünün və perspektivlərinin şahidi olur.
İradə ƏLİYEVA,
"Azərbaycan"