06 Avqust 2026 10:30
172
Mədəniyyət
A- A+
Dünya sükuta dalıb Müşfiqin şeirini dinləyirdi 

Dünya sükuta dalıb Müşfiqin şeirini dinləyirdi 


Dağlar qoynunda yerləşən Xızının Altıağac qəsəbəsinə gedən yollar kəmər kimi ilk baxışdan görənlərdə xoş təəssürat oyadan rəngbərəng dərələrin gah ətəyindən, gah da sinəsindən keçib gedirdi. Ətrafdakı gözəlliyə tamaşa edə-edə xeyli irəliləyəndən sonra hələ uzaqdan suyu çox da bol olmayan çayın o tərəfində, yoldan bir az kənarda balaca bir tikili gözümüzə dəydi. Getdikcə sanki həmin tikili böyüyüb zirvələrə ucalırdı. Yolun kənarına vurulmuş lövhənin yanına çatanda bu tikilinin nakam taleli görkəmli şairimiz Mikayıl Müşfiqin ev-muzeyi olduğunu gördük. 

Muzeyin həyətinə ayaq qoyan kimi bizi Müşfiqin büstü qarşıladı. Büstün önündəki daşlaşmış "1109" nömrəsi qəlbimizi yandırdı, ürəyimizi yerindən çıxardı. Bu rəqəm ürəyi doğulduğu dünyaya sevgi, məhəbbətlə dolub-daşan şairin dustaqlığının qeydiyyat nömrəsi idi. Həmin an xatırladıq ki, şairin dustaqlıqda sinəsində bu nömrəsi olan şəklini vaxtilə çox populyar olan "Gənclik" jurnalında görmüşdük. 

İndi şairin ev-muzeyindəki büstündə nömrəni görəndə həmin illəri yenidən yada saldıq. Səhər-səhər əsən meh yenə də şairin saçını sığallayırdı. Müşfiq yenə də həyatdan, yaşamaqdan doymayan baxışlarını uzaqlara dikərək dərin fikrə getmişdi. Sanki yeni şeirlərini, poemalarını yazmağa hazırlaşırdı. Şairin büstünün böyründəki mərmər lövhəyə hopdurulmuş əzbər bildiyimiz misraları təkrar-təkrar oxuyuruq.

Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim?!

Bu yerlə çarpışan, göylə əlləşən

Dostdan, aşinadan necə əl çəkim?!  

Azərbaycan poeziyasının heç vaxt sönməyəcək parlaq ulduzu Mikayıl Müşfiq (əsl adı Mikayıl Əbdülqadir oğlu İsmayılzadə) 5 iyun 1908-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Onun həyata gəlişi doğmalarını sevindirsə də, təəssüflər olsun ki, bu sevinc uzun çəkməyib. Taleyi gələcəyin görkəmli şairinin üzünə gülməyib. Həyat ona sanki xoş yox, sərt üzünü göstərib. Mikayıl Müşfiq iki aylığında anasını itirib. 6 yaşında isə atasız qalıb. Valideynlərini belə erkən itirməsinə baxmayaraq, sanki şair  qismətinə düşmüş taleyi ilə barışıb, ürəyində, qəlbində güc taparaq ömrünün sabahlarına boylanıb. Qarşılaşdığı acıları dəf etmək üçün özünü gələcəyə hazırlayıb. Hələ kiçik yaşlarından onun istedadlı olduğu müəllimlərinin, doğmalarının diqqətini cəlb edib. Gənc yaşlarından ədəbiyyatın, poeziyanın sehrinə düşüb. Ömrünün sonuna qədər bu sehrdən çıxa bilməyib. 

Mikayıl Müşfiq ibtidai təhsilini rus-tatar məktəbində alıb. Ədəbiyyata, poeziyaya olan marağı onu Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) gətirib. Bu ali təhsil ocağının dil-ədəbiyyat fakültəsini bitirəndən sonra Mikayıl ürəyində coşub-daşan arzularla müəllim kimi əmək fəaliyyətinə başlayıb. Ədəbiyyatımızı şagirdlərə öyrədib və sevdirib. Şairin son iş yeri Bakıdakı 18 nömrəli orta məktəb olub. Hazırda həmin təhsil ocağı Mikayıl Müşfiqin adını daşıyır. 

Görkəmli şairin 1926-cı ildə "Gənc işçi" qəzetində "Bir gün" adlı şeiri dərc olunub. Bununla da Müşfiqin poeziya aləminə gedən yollarında bahar təravətli güllər, çiçəklər bitib. İlk yaradıcılıq nümunəsi işıq üzü görəndən sonra şair bir-birinin ardınca şeirlər, poemalar yazıb, dəyərli bədii tərcümələr edib. Getdikcə cəmiyyətdə tanınıb, oxucular tərəfindən sevilib. 1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qurub. Bir övladı olub, adını Yalçın qoyublar. Amma burada da tale onun üzünə gülməyib, övladı körpə ikən dünyasını dəyişib. 

Yaşadığı dövrünün çətinliklərinə, dəhşətlərinə baxmayaraq, Mikayıl Müşfiq bütün ürəyi və qəlbi ilə, vətənə sevgi ilə yazıb-yaradıb. Gənc yaşlarından bütün zamanların nəsillərinə örnək olub. Ölkəsini, vətənini, torpağını, onun insanlarını sevib. Şeirlərində də bu sevgini, bu məhəbbəti tərənnüm edib. Ölkəmizin, insanlarımızın gələcəkdə daha da yaxşı yaşayacağına böyük ümidlər bəsləyib. Bu ümidlərini də sözə, şeirə hopdurub. Şairin "Ölkəm" şeirində bu sevgini, bu ümid işığını aydın görmək mümkündür. 

Vicdanları pək şəffaf, insanları nurani,

Müşfiq, bilə bildinmi, aləmdə şu dövranı?!

Qaplar yarın artıq sağ dünyaları ürfanı.

Hər yer güləcək, nura mötad olan ölkəmdə.

Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.

Qoynunda dünyaya göz açdığı yurdunu, el-obasını sonsuz məhəbbətlə sevən Mikayıl Müşfiq onu həmişə abad, müstəqil, xalqımızı isə azad görmək istəyirdi. Ölkəsinin istiqlalına sevinən, onun əbədiliyini arzulayan şair Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını alqışlayır və bu münasibətlə dillər əzbəri olan bir-birindən gözəl şeirlər yazırdı. Bu şeirlərində cümhuriyyəti sevə-sevə təbliğ edir, onu oxucularına da sevdirirdi. Mikayıl Müşfiq "Ey Dan ulduzu"  deyib Azərbaycanın dünyaya doğan yeni baharını alqışlayırdı. 

Xalqımızın Mikayıl Müşfiq şəxsiyyətinə, yaradıcılığına, vətənpərvərliyinə sevgisi, məhəbbəti əbədidir, tükənməzdir. Fitri istedadı, incə ruhlu şeirləri ilə adını poeziyamızın tarixinə qızıl hərflərlə yazmış şairin şeirləri yaşından asılı olmayaraq, hamının dillər əzbəridir. Yəqin ki,  az adam tapılar ki, onun hansısa bir şeirini əzbər bilməsin. Və yaxud bu şeirlərə bəstələnmiş mahnılara qulaq asmasın. Bu da təbiidir. Axı Müşfiqin yazdıqları bulaq suyu kimi dupdurudur, ürəyəyatandır, qəlbləri oxşayandır, könülləri telləndirəndir. M.Müşfiqin "Yenə o bağ olaydı", "Oxu, tar!", "Qurban olduğum", "Zəfər səsləri", "Ayrılıq", "Səni düşünürəm" və başqa şeirləri, poemaları bu gün də sevilə-sevilə oxunur. 

Müşfiq 1937-ci ilin iyun ayında "xalq düşməni" damğası ilə həbs edildi. Həyatının ən gözəl çağlarında keçmiş ittifaqı qanlı caynaqlarında saxlayan Stalin repressiyasının ən gənc və istedadlı qurbanlarından birinə çevrildi. 1938-ci ildə cəmi 20 dəqiqə davam edən sorğu-sualdan sonra Müşfiqə saxta ittihamlarla yanvarın 5-də güllələnmə cəzası kəsildi. 

Bütün bunları təəssüf hissi ilə xatırlaya-xatırlaya Mikayıl Müşfiqin evmuzeyinə də şairin uşaqlıq, yeniyetməlik şəkillərindən tutmuş həbs olunanda çəkilmiş sonuncu fotosuna qədər diqqətlə baxdıq. Şəkillər bir anlıq əlimizdən tutub bizi o illərə apardı. Muzeydəki eksponatların hamısından Müşfiq poeziyasının qoxusu gəlirdi. Saralmış tarixi sənədlərdə, kitablarda, şəkillərdə şairin izi qalmışdı. O sənədlərdə, o şəkillərdə Müşfiq ölməmişdi, yaşayırdı, yaşayacaq da! 

Muzeydən həyətə çıxanda üzbəüz dərədə tar abidəsi gördük. Abidənin üstündə böyük hərflərlə "Oxu, tar" sözləri yazılmışdı. Bu anlarda qulağımıza tar səsi gəldi. Kimsə asta və məlahətli səslə Müşfiqin "Oxu, tar" şeirini oxuyurdu:

Oxu, tar, oxu, tar!

Səsindən ən lətif şeirlər dinləyim.

Oxu, tar, bir qadar!

Nəğməni su kimi alışan ruhuma çiləyim.

Oxu, tar!

Səni kim unutar?

Ey geniş kütləmin şirini, şərbəti -

Alovlu sənəti!...

Bu məlahətli səs əsən mehə qoşularaq, dalğa-dalğa çöllərə, düzlərə, oradan da bütün Yer üzünə yayılırdı. Sanki dünya bu anlarda ayaq saxlayıb, sükuta dalıb tarın sədaları altında  Müşfiqin şerini dinləyirdi.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İNANC YERLƏRİNƏ HÖRMƏTLƏ YANAŞILMALIDIR

11:30
06 Avqust

SUBABA TÜRBƏSİ

11:20
06 Avqust

Günəş, dəniz, qum...

11:10
06 Avqust

YAŞADIĞIMIZ KÜÇƏYƏ YENİ ASFALT ÖRTÜYÜ SALINDI

11:00
06 Avqust

FİDAN SUMQAYIT TƏHSİLİNİN FƏXRİDİR

10:50
06 Avqust

ŞƏHİD AİLƏLƏRİNİN PROBLEMLƏRİ HƏLL OLUNDU

10:40
06 Avqust

Dünya sükuta dalıb Müşfiqin şeirini dinləyirdi 

10:30
06 Avqust

Mədəni irsimizin əvəzsiz tədqiqatçısı

10:20
06 Avqust

Qəbələ festivalı bu il də musiqi bayramına çevrildi

10:10
06 Avqust

Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq edən şəxs Hindistan kəşfiyyatının hədəfində: BMT qanlı sui-qəsd planını ifşa etdi

10:00
06 Avqust

Nikol Paşinyan yeni hökuməti regional reallıqlara uyğunlaşdırmağa çalışır

09:50
06 Avqust

Etibarlı tərəfdaş və strateji mərkəz 

09:40
06 Avqust

Azərbaycanda söz və fikir azadlığı tam təmin olunub

09:30
06 Avqust

"Qərbi Azərbaycana qayıdış zamanın və ədalətin tələbidir"

09:20
06 Avqust

Bakı ilə Roma arasında qarşılıqlı güvən artır

09:10
06 Avqust

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: sülh sazişi regionun gələcəyini necə dəyişəcək

09:00
06 Avqust

Çolpon-Ata Bəyannaməsi Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin institusional əsaslarını gücləndirəcək

08:50
06 Avqust

Azərbaycanın şərti dəyişmir:

08:40
06 Avqust

Alparslan BAYRAKTAR: "Türkiyə Azərbaycandakı enerji layihələrində iştirak etməkdə maraqlıdır"

08:30
06 Avqust

Azərbaycan önə keçir

08:20
06 Avqust

Möhkəmlənən strateji tərəfdaşlıq, dərinləşən iqtisadi inteqrasiya 

08:10
06 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!