21 Aprel 2022 01:24
2081
SİYASƏT
A- A+
Dünya Azərbaycanlılarının Zəfər qurultayı

Dünya Azərbaycanlılarının Zəfər qurultayı

 

Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşır. Qurultay Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçiriləcək.

Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, "Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr", "Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri" mövzularında müzakirələrin təşkili planlaşdırılır.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq.

Dünya azərbaycanlılarının mötəbər tədbirinin tarixi zəfərimizin rəmzi olan Şuşada keçirilməsi çox böyük siyasi əhəmiyyətə malik olan əlamətdar tarixi hadisə, unudulmayacaq böyük bayramdır. Ona görə də biz bu qurultayı Zəfər Qurultayı adlandırırıq.

 

Ulu Öndər Heydər Əliyevin diaspor quruculuğu fəaliyyəti

 

Diaspor quruculuğu Azərbaycanda müstəqilliyin ilk illərindən aktuallıq kəsb etməyə başlasa da, bu taleyüklü vəzifənin yerinə yetirilməsinə dövlət tərəfindən xüsusi diqqət göstərilməsi məhz Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra mümkün oldu. Hələ 1991-ci ildə Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunması barədə qərar qəbul etmiş və bu tarixi günün bütün ölkə ərazisində bayram kimi qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisi qarşısında vəsatət qaldırmışdı. Ermənistanın təcavüzü və torpaqlarımızın işğalı dövrünə təsadüf edən 1990-cı illərdə Ulu Öndər beynəlxaq ictimaiyyətin ölkəmizin problemlərinə biganəliyi fonunda soydaşlarımızın dünyadakı səsimiz ola biləcəyi gerçəyini təbliğ edərək, bu istiqamətdə atılan addımları dövlət siyasəti xəttinə çevirdi. Onun dövlət başçısı kimi bütün xarici səfər proqramlarına mütləq həmin ölkədə yaşayan Azərbaycan icması ilə görüşlər daxil edilirdi. Həmyerlilərimizlə ayrıca xoş ab-hava, isti münasibətlərə köklənmiş bütün görüşlərində onları yaşadıqları ölkəyə inteqrasiya ilə yanaşı, tarixi vətənlərini də unutmamağa, onun dərdinə biganə qalmamağa, azərbaycançılıq ideologiyası ətrafında birləşməyə çağırırdı. Məhz həmin illərdən başlayan azərbaycanlıların təşkilatlanması 2001-ci il noyabrın 9-10-da müstəqil Azərbaycanın, eləcə də bütün dünya azərbaycanlılarının həyatında tarixi hadisə kimi yaddaqalan Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi ilə davam etdi.

Ümummilli Liderin dillər əzbərinə çevrilən "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" sözləri ilə də tarixə düşən bu qurultayda Heydər Əliyev Azərbaycan diasporunun güclənməsi üçün istiqamətlər müəyyənləşdirdi və tövsiyələrini verdi. Qarşıda duran vəzifə və prioritetlər nəzərə alınaraq elə həmin qurultayda diasporla çalışan dövlət qurumunun - Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması qərara alındı, 5 iyul 2002-ci ildə isə Ulu Öndər Heydər Əliyevin müvafiq fərmanı ilə komitə yaradıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı.

Ulu Öndərin əsasını qoyduğu diaspor siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsi olaraq cənab İlham Əliyevin prezidentliyi dövründə Dünya Azərbaycanlılarının artıq dördüncü, ümumilikdə isə beşinci qurultayı keçiriləcək.

 

Azərbaycan diasporuna dövlət qayğısı

 

Dünya Azərbaycanlılarının IVQurultayından ötən dövr ərzində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, onların ictimai-siyasi həyatda aktivliyinin təmin olunması, tarixi vətənlə əlaqələrinin genişləndirilməsi, habelə müxtəlif xalqların diaspor təşkilatları ilə effektiv əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində bir sıra tədbirlər həyata keçirmişdir. Bu sahəyə dövlətin diqqət və qayğısının bariz nümunəsi Prezident İlham Əliyevin 2018-ci il 6 iyul tarixli fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasıdır. Yarandığı gündən bu günədək Fonda 250 layihə təklifi daxil olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin fərmanından irəli gələn məsələlərin həlli istiqamətində komitənin hazırladığı "Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi Qaydası" 4 oktyabr 2020-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş və 2021-ci il yanvar ayının 1-dən qüvvəyə minmişdir. Komitə ilə rahat əlaqənin yaradıla bilinməsi məqsədilə müasir informasiya texnologiyaları tətbiq edilmiş və qurum "Elektron hökumət" portalına inteqrasiya olunmuşdur.

Diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, xaricdə yaşayan soydaşlarımızın Azərbaycan Respublikası ilə əlaqələrinin dərinləşdirilməsi sahəsində mövcud olan problemlər öyrənilmiş və pərakəndə fəaliyyətin qarşısının alınması məqsədilə bir sıra addımlar atılmışdır. Soydaşlar və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə komitədə əlaqədar qurumların nümayəndələrinin iştirakı ilə müvafiq işçi qrup yaradılmış, bu istiqamətdə xarici təcrübə öyrənilərək təkliflər hazırlanmışdır.

Xaricdə yaşayan soydaşlarımızı diaspor fəaliyyətində iştirak etməyə təşviq etmək, eləcə də xaricdə Azərbaycan həqiqətlərinin yayılması, tariximiz və mədəniyyətinin təbliği üçün böyük əmək sərf edən azərbaycanlıların mükafatlandırılması məqsədilə "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı təsis edilmiş və bu sahədə xidmətləri olan soydaşlarımız bu medalla təltif olunmuşdur.

Dünya Azərbaycanlılarının IV Qurultayında Prezident İlham Əliyevin proqram xarakterli çıxışı, tövsiyə və tapşırıqları, eləcə də Azərbaycan diaspor təşkilatlarının tələb və təklifləri nəzərə alınmaqla Strateji Yol Xəritəsi hazırlanmışdır. Xaricdə yaşayan azərbaycanlılarla, Azərbaycan icma və diaspor təşkilatları ilə koordinasiyanın optimallaşdırılması, diasporla diplomatik korpusun əməkdaşlığının sağlamlaşdırılması üçün konkret addımlar atılmışdır. Səfirlik və konsulluqlarla birgə fəaliyyətə diqqət yetirilmişdir.

           

Biz birlikdə güclüyük!

 

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən xaricdə yaşayan azərbaycanlılara göstərilən diqqət və qayğı maksimum birliyi və həmrəyliyi tövsiyə edir. Bu istiqamətdə ən effektiv işlərdən sayıla biləcək xarici ölkələrdə Azərbaycanlıların Koordinasiya Şuralarının yaradılması və Azərbaycan Evlərinin açılması olmuşdur. Hazırda dünyanın 33 ölkəsini əhatə edən və 130-dan çox diaspor təşkilatını özündə birləşdirən 14 Koordinasiya Şurasının hədəfi yerli, regional fəaliyyəti gücləndirmək və beynəlxalq təşkilatlara təsir imkanlarına malik olmaqdır.

Dünyanın 11 ölkəsində fəaliyyət göstərən 15 Azərbaycan Evi isə xaricdə milli atributumuz kimi maddi-mənəvi dəyərlərimizi təbliğ etdirməklə sosial-mədəni məkan rolunu oynayır. Buranın konsepti ümumilikdə ziyarətçilərə Azərbaycan haqqında müfəssəl fikir formalaşdırmaq və məlumat vermək üçün nəzərdə tutulmuşdur. Eyni zamanda həmin təsisatlar istənilən vaxt azərbaycanlıların pənah apardıqları doğma evi kimi bir ocağa çevrilməkdədir. Biz koronavirus pandemiyası və Rusiya-Ukrayna münaqişəsi fonunda bunun şahidi olduq.

 

Milli kimliyin və ana dilinin qorunması məsələləri

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə "Qarabağ" adlı həftəsonu Azərbaycan məktəbləri fəaliyyət göstərir. Artıq dünyanın 6 şəhərindəki "Qarabağ məktəbi"ndə 250-dən çox azərbaycanlı uşaq təhsil alır. Bunlar Kanadanın Ottava, Fransanın Nant, İsveçrənin Bern, Polşanın Varşava, İsveçin Stokholm, Böyük Britaniyanın London şəhərləridir. Məktəblər pedaqoji heyət, dərs vəsaitləri və müvafiq vəsaitlərlə təmin olunmuşdur. Xaricdə böyüyən azərbaycanlı gənc nəslin Azərbaycanla bağlı olması və ilk növbədə Azərbaycan dilini bilməsi məqsədilə oflayn, onlayn və hibrid metodlarla layihələr həyata keçirilir. Burada şagirdlərə Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan və dünya tarixi, rəsm və piano dərsləri keçirilir.

Xaricdə yaşayan 6-10 yaşlı azərbaycanlı uşaqlar üçün komitə tərəfindən hazırlanmış "Azərbaycan dili" dərsliyi Təhsil Nazirliyinin qrifi əsasında çap edilmiş və xaricdəki soydaşlarımıza göndərilmişdir. Eyni zamanda komitənin rəsmi internet saytından kitabı PDF formatda əldə etmək imkanı da yaradılmışdır.

 

Beynəlxalq sahədə əməkdaşlıq və perspektiv imkanlar

 

Komitə beynəlxalq əlaqələrin inkişafına və xarici ölkələrin təcrübəsinin öyrənilməsinə xüsusi diqqət yetirmişdir. Bu xüsusda Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq dərinləşdirilmiş, bir sıra sənədlər imzalanmış, çoxsaylı tədbirlər keçirilmişdir. Bakı şəhərində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin diaspor məsələlərinə məsul nazirlik və qurumları arasında təcrübə mübadiləsi proqramının açılışı olmuşdur. Eləcə də Almaniyanın paytaxtı Berlin şəhərində "Türkdilli Diasporların I Potensial Artırma Təlim Proqramı", ABŞ-ın Nyu York şəhərində "Türkdilli Diasporların Potensialının Təkmilləşdirilməsi üzrə Təlim Proqramı" təşkil edilmişdir.

Qardaş Türkiyə Respublikasının müvafiq qurumu ilə anlaşma memorandumu imzalanmış, Vətən müharibəsi dövründə Ermənistanın Gəncə şəhərində törətdiyi terror aktı zamanı Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Agentliyinin rəhbərinin Azərbaycana səfəri təşkil olunmuşdur. Həmçinin İsrail, Rumıniya, Macarıstan və digər ölkələrin aidiyyəti təşkilatlarında görüşlər keçirilmişdir. 

Bu yaxınlarda komitənin nümayəndə heyəti Türk Dövlətləri Təşkilatının Bursada təşkil olunan II Diaspor Forumunda iştirak etmişdir.

Diasporun rolunun gücləndiyi hazırkı şəraitdə Azərbaycan ilk dəfə olaraq bu il Qlobal Diaspor Forumunda təmsil olunmuşdur.

İnanırıq ki, Azərbaycan və Türkiyə diasporları erməni diasporunun hiyləgər planlarına qarşı prinsipiallıq göstərərək 2021-ci il iyunun 15-də dövlət başçılarımız tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin "Tərəflər müxtəlif ölkələrdə yaşayan Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, onların məruz qaldıqları ümumi problemlər qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi məqsədilə səylərini birləşdirəcəklər" bəndindən irəli gələn vəzifələrin öhdəsindən layiqincə gələcəkdir.

 

Qarabağ mitinqləri

 

Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində dünyanın aparıcı şəhərlərində Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması yolu kimi mitinqlər keçirilməsi də xüsusi yer tutur. 2019-cu ildə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Avropa İttifaqının siyasi mərkəzi olan Belçika Krallığının Brüssel şəhərində etiraz mitinqi, 22 fevral 2020-ci ildə Almaniyanın Berlin şəhərindəki tarixi Brandenburq qapıları önündə Ümumavropa Qarabağ mitinqi, 2022-ci ildə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Vaşinqtonda Ümumamerika Xocalı Mitinqi təşkil olunmuşdur.

 

Azərbaycan diasporu Tovuz döyüşlərindən sonra

 

2020-ci ilin iyul ayında Ermənistanın Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində dövlət sərhədində törətdiyi təxribat xaricdə yaşayan həmvətənlərimizin ciddi narahatlığına və etirazına səbəb olmuşdur. Dünyanın müxtəlif ölkələrində məskunlaşan azərbaycanlılar Ermənistanın dövlət sərhədində törətdiyi təxribatlara etiraz əlaməti olaraq mütəşəkkil şəkildə aksiyalara başlamış, güclü birlik və həmrəylik nümayiş etdirərək dünya dövlətlərindən və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını və Azərbaycan torpaqlarının azad edilməsini tələb etmişdir.

Xaricdə yaşayan azərbaycanlılar, eləcə də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri dünyanın aparıcı ölkələrində, BMT, ATƏT və digər beynəlxalq təşkilatların ofisləri qarşısında, dünyanın nüfuzlu media orqanlarının qarşısında icazəli aksiyalar keçirmiş, dünyanın aparıcı dövlətlərindən və nüfuzlu beynəlxalq təşkilatlarından Azərbaycan torpaqlarının işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün qəti tədbirlər görülməsi tələb edilmişdir. Ümumilikdə 26 ölkədə 25 min nəfərdən çox insanın iştirak etdiyi 71 aksiya keçirilmişdir.

Ermənilərin Polşa, Niderland, Belçika, ABŞ (Vaşinqton, Los-Anceles), Gürcüstan, Türkiyə və Ukraynada Azərbaycan səfirliklərinin qarşısında təşkil etdikləri icazəsiz aksiyalar həmvətənlərimizin, habelə Azərbaycana dost münasibət bəsləyən xalqların diasporlarının nümayəndələrinin müdafiə aksiyaları ilə fiaskoya uğramışdır. Komitə tərəfindən dünya azərbaycanlılarına müraciət edilərək təxribatlara uymamaq, bütün mübarizənin hüquqi müstəvidə, yaşadıqları ölkələrin qanunları çərçivəsində aparılması tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən, həmvətənlərimizin pozulmuş hüquqlarının yaşadıqları ölkələrin qanunları çərçivəsində və beynəlxalq hüquq normaları əsasında bərpası, eləcə də dəymiş maddi və digər zərərlərin aradan qaldırılması üçün bütün mümkün addımlar atılmışdır.

 

Azərbaycan diasporu Vətən müharibəsi dövründə

 

2020-ci il 27 sentyabr-10 noyabr tarixlərində baş vermiş 44 günlük Vətən müharibəsi xalqımızın, o cümlədən Azərbaycan diasporunun tarixində əhəmiyyətli yer tutur. Azərbaycan tarixinin qızıl səhifəsi olan böyük Zəfər ili diasporumuzun da fəaliyyətinin qızıl ili sayılmalıdır. Bu qısa zaman kəsiyi Azərbaycan diasporunun sistemli və ardıcıl fəaliyyəti ilə yadda qalmışdır. Həmin fəaliyyətə 44 günlük müharibə fonunda və faktlarla nəzər salaq.

Vətən müharibəsi dövründə xaricdəki soydaşlarımız siyasi görüşündən, düşüncəsindən, yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq, milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizə dəstək göstərmişdir. Onlar orduya, yaralı əsgərlərə, şəhid ailələrinə, cəbhəboyu ərazilərdə yaralanan, evləri dağılan dinc sakinlərə, həmçinin həlak olanların ailələrinə humanitar yadımlar göndərməklə yanaşı, haqq səsimizin dünyaya çatdırılmasında da böyük mütəşəkillik və fədakarlıq nümayiş etdirmişlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 27 sentyabr tarixli xalqa müraciətindən sonra 10 noyabr tarixinədək mütəmadi olaraq soydaşlarımıza və Azərbaycan diaspor təşkilatlarına, habelə ölkəmizə dost münasibət bəsləyən digər xalqların diasporlarına komitə tərəfindən müraciətlər ünvanlanmış, bu müraciətlərdə onlara Azərbaycanın ədalətli mövqeyinin dünyaya çatdırılmasında, yaşadıqları ölkələrin ictimaiyyətinin obyektiv məlumatlandırılmasında fəallıq göstərməli, hal-hazırda cəbhədə baş verənlərlə bağlı doğru məlumatların yayılmasında yaxından iştirak etməli olduğuna dair tövsiyələr öz əksini tapmış, işğalçı Ermənistan ordusunun Gəncə, Tərtər, Bərdə və digər cəbhədən kənar ərazilərdə mülki vətəndaşları hədəfə alması barədə məlumat verilmiş, həmvətənlərimizə erməni təxribatlarına uymamaq və ayıq-sayıq olmaq tövsiyə edilmişdir. Komitə Azərbaycan həqiqətlərini əks etdirən 55-dən çox qısa videomaterial hazırlayaraq yayımını təşkil etmişdir.

Müharibə dövründə komitənin koordinasiyası ilə 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı, beynəlxalq təşkilatlar və Azərbaycandakı icmalar müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq qurumlara 23 dildə 500-dən artıq müraciət göndərmişdir. Avropa Parlamentinin üzvlərinə 775 bəyanat çatdırılmış, müxtəlif ölkələrin 641 nəfər parlament üzvünə isə bəyanat və müraciətlər birbaşa təqdim olunmuşdur. Təkcə "Azərbaycan Diaspor Qadınları Şəbəkəsi"nin erməni əsgər analarına müraciəti elektron poçt vasitəsilə 58 dövlət başçısına, 44 beynəlxalq təşkilata və 5 minə yaxın vəzifəli şəxsə göndərilmiş, diaspor təşkilatları və üzvləri 60 ölkədə 32 dildə 535 məqalə dərc etdirmişlər.

Məhz diasporumuzun iştirakı ilə 36 xarici ölkədə 198 tədbir keçirilmiş, onların da 111-i aksiya, yürüş, avtoyürüş olmuşdur. Bu tədbirlərdə Türkiyə, İsrail, Pakistan, Ukrayna və Azərbaycanda dost digər ölkələrin diaspor nümayəndələri də iştirak etmişdir.

 

Qələbəni bizə yaşadanları YAŞAT!

 

Xaricdə yaşayan soydaşlarımız 44 günlük Vətən müharibəsi dövründə şəhid ailələri və qazilərə, Azərbaycan Diasporuna Dəstək Fondu və Silahlı Qüvvələrə Yardım Fondu vasitəsilə, eləcə də komitənin koordinasiyası ilə birbaşa yardımlar etmişlər. 2021-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsi "YAŞAT" Fonduna pul köçürmələri, qazilərimizə, şəhid və qazilərimizin ailələrinə maddi və mənəvi yardım göstərmələri üçün Azərbaycan diasporuna, ümumilikdə xaricdə yaşayan azərbaycanlılara çağırış etmişdir. Bu mühüm çağırış nəticəsində Dövlət Komitəsinin və "YAŞAT" Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə 2021-ci il 29 aprel-31 may tarixlərində Azərbaycan diasporunun yüksək fəallığı ilə müşayiət olunan "YAŞAT" Xeyriyyə Marafonu baş tutmuş, marafon 7 saata yaxın müddətdə Azərbaycan Televiziyası ilə videoyazı formatında nümayiş olunmuş və nəticələr ictimaiyyətə açıqlanmışdır. "Qələbəni bizə yaşadanları birlikdə yaşadaq" şüarı altında keçirilən marafonun məqsədi müharibədə yaralananlara və şəhidlərimizin ailələrinə dəstək üçün dünya azərbaycanlılarını, “dəmir yumruq”, ətrafında birləşdirmək olmuşdur. Xeyriyyə marafonu "YAŞAT" Fonduna 1 milyon manatdan artıq vəsaitin köçürülməsi ilə nəticələnmişdir.

 

Azərbaycanın təbliğatı istiqamətində tədbirlər

 

2021-ci ildə komitə xarici jurnalistlərin, ekspertlərin, fotoqrafların, politoloqların və tarixçilərin işğaldan azad olunmuş Azərbaycan ərazilərinə çoxsaylı səfərlərini təşkil etmişdir. Məqsəd Azərbaycan həqiqətlərinin, Ermənistanın 30 il ərzində işğal altında saxladığı torpaqlarımızda törətdiyi dağıntıların dünyaya çatdırılması olmuşdur. Qarabağa səfər edən fotoqrafların çəkdiyi əsərlərdən ibarət sərgilər Avropanın mərkəzi şəhərlərində nümayiş olunmuşdur.

Bundan başqa, komitə ötən il diaspor nümayəndələrinin Şuşaya dörd səfərini təşkil etmişdir.

Səmimiyyətlə qeyd edə bilərik ki, Azərbaycan diasporunun əsası Ulu Öndər tərəfindən qoyulmuş mənəvi birliyi son illər yüksək etimad, inamlı münasibətlər müstəvisində möhkəmlənmiş, 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ən yüksək zirvəsinə çatmışdır. İstər cənab Prezident, istərsə də Birinci vitse-prezident ordumuzun Vətən müharibəsində əldə etdiyi davamlı qələbələrlə bağlı çıxışlarında, müraciətlərində dəfələrlə Azərbaycan diasporunun, xaricdə yaşayan soydaşlarımızın da fəaliyyətini yüksək qiymətləndirmiş, onları təbrik etmişdir. Prezident İlham Əliyevin fərmanı ilə yaradılan "YAŞAT" Fondunun Himayəçilik Şurasında diasporumuzun iki nüfuzlu üzvünün təmsil olunması Azərbaycan diasporuna ali səviyyədə göstərilən etimaddır. Bütün bunlar diasporumuzun yeni mərhələdə inkişafına xüsusi stimul verir, soydaşlarımız bunu çox böyük sevinc və fərəh hissi ilə qarşılayırlar.

 

Qarşıda duran problemlər və perspektivlər

           

Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Azərbaycan dövləti kimi, xaricdəki Azərbaycan diasporu da yeni mərhələyə qədəm qoymuşdur. Təbii ki, amalımız birdir, dəyişməyib və dəyişməyəcək - Azərbaycanın regionda və dünyada daha da güclü, qüdrətli dövlətə çevrilməsi və tanıdılması, yaşadıqları ölkələrdə dövlətimizin imicinin gücləndirilməsi, xalqlar arasında dostluğun gücləndirilməsi.

Hesab edirəm ki, postmüharibə dövründə diaspor artıq yeni metod və yanaşmalar ortaya qoymalıdır. Bura ilk növbədə lobbi quruculuğu istiqamətində fəaliyyətin gücləndirilməsi, dost ölkə və xalqların, o cümlədən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor təşkilatları ilə əlaqələrin dərinləşdirilməsi, yeni texnologiyalardan istifadə etməklə diaspor hərəkatının gücləndirilməsi daxildir. Bundan başqa, uzun illərdir xaricdə çalışan azərbaycanlı alimlər, həkimlər topladıqları təcrübəni ölkəmizin inkişafına sərf etməli, vətəndəki həmkarları ilə daha çox təcrübə mübadiləsi aparmalıdırlar. Qarşımızda duran problemləri aradan qaldırmaq üçün diaspor təşkilatları arasındakı koordinasiyanı gücləndirmək, yerli cəmiyyətlərdə inteqrasiya məsələlərinə diqqət yetirmək, ictimai-siyasi inkişafa nail olmaq, xarici KİV-lə əlaqələri intensivləşdirmək, lobbiçilik fəaliyyətini gücləndirməklə dövlət və hökumət orqanlarına təsir imkanlarını artırmaq qarşımızda həllini gözləyən əsas problemlərdəndir.

Gələcək fəaliyyət proqramımızda əsas yeri milli dövlətçiliyimizin intibah dövrü - Zəfər mərhələsində Azərbaycan diasporunu Qarabağın dirçəlişi prosesinə cəlb etmək tutur. Məqsəd dünya azərbaycanlılarının, soydaşlarımızın və həmvətənlərimizin, habelə Azərbaycana dost münasibət bəsləyən diasporların nümayəndələrinin diqqət və qayğısının Qarabağın quruculuğuna yönəlməsi, müxtəlif ölkələrdə böyük biznes imkanlarına malik azərbaycanlıların bura - Ana Vətənə sərmayə qoymasıdır.

Prezident İlham Əliyevin dediyi kimi, "Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır".

 

Fuad MURADOV,

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

General: 2017-ci ildən hazırki dövrədək 6 ton 928 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb  

09:23
22 Noyabr

DSX: 2017-ci ildən indiyədək 1636 sərhəd pozucusu, 1021 rejim pozucusu saxlanılıb  

09:22
22 Noyabr

İsveç COP29 iqlim sammitində tənqidə məruz qalıb  

09:21
22 Noyabr

Rusiya Prezidenti xüsusi əməliyyat zonasındakı hadisələrlə bağlı bəyanatla çıxış edib  

09:20
22 Noyabr

BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti COP29-dan gözləntilərini açıqlayıb  

09:18
22 Noyabr

COP29-da plastik tullantıların idarə olunması ilə bağlı problemlər nəzərdən keçirilib  

09:17
22 Noyabr

Seçmə mərhələ: Azərbaycan basketbol millisi İrlandiya yığmasına məğlub olub  

09:16
22 Noyabr

"Şərq qapısı" qəzeti 103 yaşını qeyd edib

08:50
22 Noyabr

COP29 tədbirləri bəşəriyyət üçün əhəmiyyətli məsələlərin müzakirəsi ilə yadda qaldı

08:45
22 Noyabr

Erməni lobbisinin dəstəkçilərinə Azərbaycan "dərs" verdi

08:40
22 Noyabr

"Bakıda unikal fürsət"

08:35
22 Noyabr

"SOCAR Green" nümunə göstərir

08:30
22 Noyabr

COP29 elmi təfəkkürdə də yeniliklər yaradır

08:25
22 Noyabr

COP29 insan kapitalının inkişafına mühüm perspektivlər vəd edir

08:20
22 Noyabr

"Yaşıl Sumqayıt" İlham Əliyevin quruculuq missiyasının təntənəsidir

08:15
22 Noyabr

İqlim fəsadlarının sağlamlığa təsiri

08:10
22 Noyabr

"COP29-un nəcib missiyasından qürur duyuruq"

08:05
22 Noyabr

İlham Əliyevin “yaşıl missiya"sı

08:00
22 Noyabr

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında

02:10
22 Noyabr

“Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:08
22 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

02:07
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!